Kulis.az Rəna Rəsulovanın “Gecə gəzintisi” hekayəsini təqdim edir
Sürətli addımlarla yaxınlıqdakı gecə klubuna daxil oldu. Qaranlığın içində fırlanan işıqlardan gözləri qamaşdı. Bara yaxınlaşıb içki sifariş etdi. Ətrafı alıcı quş kimi seyr edəndə hənirti duydu. Həddən ziyadə boyanmış bir xanım ona gülümsəyirdi. Qadınlarda təbii gözəlliyi sevdiyi üçün ondan iyrəndi. Xanım isə heç nə olmamış kimi ona gülümsəyirdi. Tək baxışlarından hansı mənsəbə xidmət etdiyini anlamaq o qədər də çətin deyildi. Özünü tox tutmağa çalışdı. Toxluğu ilə qadına anlatmaq istədi ki, sənə ehtiyacım yoxdur. Qadın isə zəli kimi yerindən tərpənmədi. Birdən gözü paltarına sataşdı, əgər buna paltar demək olarsa. Zalımın qızı nə qədər parçayla ərsəyə gətirib paltarını? Görəsən, indi ondan bunu soruşsam, təəccüblənər? Yəqin ki, yox. Üzündəki ifadədən də bilinir ki, çoxdandır nəyəsə təəccüblənmir. Yaşını dəqiqləşdirməyə cəhd etdi. Hardasa, otuz iki-otuz beş yaşlarında olardı. Bəlkə də səhv hesablamışdı. Kamran susurdu, qadın isə gözləri ilə onu yeyirdi. Axır ki, qadın lal sükuta son qoymaq qərarına gəldi:
- Salam, bu gecə aydınlığı ilə üzünüzə işıq salıb. Tək qalmaq, ən azı, ədəbsizlikdir.
- Bəs ən çoxu?
- Ən çoxu günahdır.
Qadından təəccübünü gizlətməyib soruşdu:
- Siz günahın nə olduğunu hələ unutmamısınız? Maraqlıdır. Gecə və yad bir kişi. Bu artıq özü bir günah deyilmi?
Qadın geri çəkilmək niyyətində deyildi.
-Mən sizə nə isə təklif etmişəm?
Ona maraqla baxıb siqaret alışdırdı. Haqlıdır, vallah, yüz dəfə haqlıdır. Bəlkə, sadəcə söhbət etmək istəyirdi. Mən isə axmaqladım. Qadın masaya qoyduğu siqaretə əlini uzadanda Kamran bir qədər də təəccübləndi. Onun çevrəsində olan qadınlar siqaret çəkmirdi. Amma şəhərdə yüzlərlə, bəlkə də minlərlə siqaret çəkən qadınların olduğunu nəzərə alsaq, heç də təəccüblü iş görmürdü. Çevrilib bircə anlıq qadının siqaret çəkməsini seyr etdi. Yox, naşı deyil. Yüz ilin siqaret çəkəni kimi sümürür. Otuz beş olar. Yaşı otuz beş olar... Bu nə vaxt başlayıb çəkməyə? Yəqin ki, iyirmidən sonra. Ən azı on beş il lazımdır ki, belə ustalıqla çəksin.
Qadın onun stəkanındakı içkini bir nəfəsə içib boş stəkanı barmenə uzatdı. Kamran ona diqqətlə baxıb ürəyindəkiləri böldü:
- Mən bir dairədə yaşayıram. O çevrə şəklindədir. Onu Venn diaqramı da adlandırmaq olar.
- Ətrafda yenə kimlərsə var, amma sənin dairəndə deyillər. Onlar boşluq adlanırlar.
- Barda tanımadığı kişinin stəkanından içki içən bir xanımdan ötrü savadlısınız. Elə düşündüm ki, Venn diaqrammının nə olduğunu, hətta termenin nə olduğunu eşitməmisiniz.
Qadın ona sözünü bitirməyə imkan vermədi: -Sizcə, mən elə on yaşından bara düşmüşəm? Əlbəttə, yox. Əvvəlcə məktəbə getmişəm, sonra onu bitirmişəm. Ali məktəbə daxil olmağa cəhd etsəm də, bu uğursuzluqla nəticələnib. Sonra nələrin baş verdiyi sizin üçün maraqlı olmaya bilər. Bəlkə hara isə gedək? Bu qədər söhbət yetər.
Kamran təmkinini pozmadan onu dinlədikdən sonra cavabını vermək qərarına gəldi. -Bara düşən xanımların hamısının hekayəsi bir-birinə bənzəyir. Atalığımla yola getmədim, yox, daha yaxşı səbəb, atalığım mənə pis gözlə baxdı. Ata, anam cavan yaşında qəzada ölüblər və yaxud xəstəlik onlara imkan vermədi ki, bircəcik qızlarını istədikləri kimi böyüdə bilsinlər. Sizinki bunlardan hansıdır?
-Heç biri. Və nə olduğunu demək fikrində deyiləm.
Qadına bir anlıq baxdı. Gözlərindən cin yağırdı. Heyif, nədən bara düşdüyünü demək istəmədi. Həm də bicdir, elə danışdı ki, istər-istəməz, adamı maraq götürdü. Ali məktəbə daxil olmaq istəyirmiş, maraqlıdır. Bəlkə, soruşum hansı fakultəni seçmişdi? Soruşsam, yaxınlığımız yaranacaq. Məni tora sala bilməyəcəksən, əzizim.
Qadını yerində oturtmağın məqamı gəlmişdi.
- Mənim öz dairəm var. O dairənin içində xanımım və səkkiz yaşlı qızım da var. Dairəni özüm çəkmişəm. Və ora yad adamların girməsinə imkan vermirəm. Sağ olun. Mən bara sadəcə içki içməyə gəlmişdim.
Maşını həyətə salanda zülmət qaranlıq hər tərəfdə çoxdan lövbər salmışdı. Evin qarşısında ayaq saxlayıb təmiz havanı ciyərlərinə çəkdi. Nə düşündüsə, oturacaqda yer saldı.
- İnsanlar indi yatırlar, sadəcə mənim kimi sərgərdan itlər küçədə nə isə axtarırlar. Küçə itinə bənzəməyən birinin gecənin zülmətində burada nə işi var?
Yana qanrılıb həmsöhbətinə baxdı. Onun lapdan guruldayan səsindən qorxmadı, sadəcə diksindi. Əynində hər iki dizində cırığı olan qara, dar şalvar var idi. Şalvar köhnəlib yaman gündə olsa da, son dəbdə tikilməsi keçmiş sahibinin yüzdən yüz imkanlı və zövqlü insan olmasından xəbər verirdi. Köynək məsələsində bunu demək çətin idi. Yəqin ki, köhnə sahibi köynək kimi qoca və xəstə adam olub. Birdən gözü dırnaqlarına sataşdı, içi qapqara olmaqla bərabər, həm də it dırnağı kimi uzun idi. Süzmə əməliyyatını bitmiş hesab edirdi ki, gözü ayağındakı ketdə ilişib qaldı. Onu təəccübləndirən, bu yaşda kişinin ket geyməsi deyildi, sadəcə ketin al qırmızı rəngdə olması idi. Gözlərinə baxıb gülümsədi. Naməlum adam da ona gülümsədi. İndi söhbətə giriş etmək olar.
- Bu gün maraqlı bir gündür. İlk qarşıma çıxan cavan oğlan bu günün sülh günü olduğunu nəzərimə çatdırıb, gözləmədiyim halda məni qucaqladı. Sonra yenə birini qucaqlamaq istəyirdi ki, onu kənara itələdilər. Çox maraqlıdır, yenə kimisə qucaqlamağa cəsarəti çatacaq?
İki saat öncə isə barda küçə qadını ilə xeyli söhbət etdim. Məni təəccübləndirdi. Yəqin, Tanrı maraq dolu gecəmə sizi gətirməklə rəngarənglilik salıb. Deyək ki, sərgərdan it deyiləm, təmiz hava udmaq üçün gecənin bir aləmi burada oturmuşam. Təklikdə özüm özümlə qalıram. İçimdəki mənlə mübahisə etmək xoşuma gəlir. Sizə mane oluram?
- Yox, yox nə danışırsan. İçindəki məni susdurmağa çalış. Sükut içində bircə anlıq da olsa gecənin səsini dinlə. Gecənin gözəl və valehedici səsi var. Dinlədikcə gözəlliyin səsi özü qulaqlarına girəcək.
Əlini qulağına aparıb dinləməyə başladı. Bircə dəlim çatmırdı. Hardan gəlib yoluma çıxdı. Gecənin səsi imiş. Necə də həvəslə dinləyir. Bəlkə mən də dinləyim...Qəribədir doğrudan da səsi var. Görəsən, neçə il ömür sürdükdən sonra gecənin səsini eşidib? Bəlkə onu da bu gün məni ayıltdığı kimi bir gün kimsə ayıldıb. O gün gözləri açılıb və gecə ilə dostlaşıblar. Gecədən insanların bir çoxu qorxur. Görən gözlər gecənin zülmətində vahimə ilə rastalaşan kimi geri çəkilib evə tələsir. Belə deyil. Gecə zülmətinin vahiməsini ürəklərə salan təkcə gözlər deyil, həm də onu duyub eşidən qulaqlardır.
Naməlum adam danışmağa başladı. Səsi üzünün kobudluğu ilə tərs mütənasib idi.
- Tanrı insanları yaratdı ki, bir-birini sevsinlər. İnsan isə insanlara olan sevgisini əşyalara verdi. Axı niyə belə oldu? İnsanları sevgi üçün yaratdı, əşyaları isə yaratdı ki, insan ondan istifadə etsin. İnsan isə əşyaları sevir, insanlardan isə istifadə edir. Hər şey dəyişib. Hər birimiz dəyişmişik. Elə sən də.
Düşünürəm ki, gecənin bir aləmi küçələri gəzən bir insanın dərdi var. Yəqin ki, o dərdini zülmətə töküb onun qara rəngini bir az da qaraltmaq istəyir. Elə deyil? Hər halda, mən beləyəm, qaranlığı çox sevirəm. Bilmirəm nə dərdin var, amma sağsan və sağlamsan bunu unutma. Yəqin ki, cibində az, çox pulun da var. Bayaq bahalı maşından düşdüyünü gördüm. Əlbəttə, bu sənin maşının olmaya da bilər. Bəlkə də, hansısa bir imkanlının sürücüsüsən, amma geyimin də pis olmadığına görə lap mənim günümdə deyilsən.
Mətləbə gəldin axır ki. Deyəsən məni lap axmaq bilir. İndi üstümə hücum edib pullarımı istəyəcək. Amma quldura heç bənzəmir də. Yəqin elə bilir ki, dərddən burada oturmuşam. İndi ona başa salaram. Bu dəfə söhbətə o davam etdi.
- Mən xoşbəxtəm. Yaxşı ailəm var. Ceyran kimi gözəl qızım var. Maşın özümündür. Gördüyün kimi pulum da yerindədir. Ata-anam sağ və salamatdır. Yaxşı dostlarım var, daha nə deyim ki, tamamlansın.
Naməlum adam köksünü ötürdü.
- Kifayət edər. Xoşbəxtlik nədir? Qoca bir müdrikdən soruşanda qəribə cavab verir. Deyir, xoşbəxtlik bir atlıdır, insan isə onun arxasınca qaçan bir piyadadır. O insan səadətinə çatır ki, bu yolu getməkdən yorulmasın. Sən xoşbəxtliyinin arxasınca neçə müddət piyada qaça bilərsən?
Bomja baxıb gülümsədi.
- Sənin dediyin qoca başqa dövrdə yaşayıbmış, ona görə də bizi piyada, xoşbəxtliyi isə atlı adlandırıb. Nə gəlib gül kimi maşınlara, yüz bərk çapan atı anındaca ötər. Qayıdaq sualına, hər halda, gücüm tükənənə qədər qaçaram. İnadkar insan olduğumu nəzərə alsaq, ölənə kimi qaçaram. Mənim gözümdə isə xoşbəxtlik həm də beyin və düşüncənin aydınlığıdır. Nə vaxt beyin və düşüncə aydın olur, səncə?
Bomj boşluğa baxdığı halda fikirlərini bölüşdü.
- Heç nəyin dərdini çəkmirsənsə, beyin və düşüncən aydın olur, məncə. Əlbəttə, gecələrin kralı sualına səhv də cavab verə bilər.
Gecələrin kralı? Demək, özünü kral sayır. Əladır. Bu da deyəsən mənim kimi dəlinin biridir. Ona niyə sən-deyə müraciət etdim? Bu mənə heç bənzəmir.
-Doğru düşünürsən. İndi soruşsam ki, bu qədər ağıllı ola-ola niyə küçələrdəsən, deyəcəksən ki, bir vaxt professor olmuşam.
Bu dəfə bomj şaqqanaq çəkib güldü. Ağzında iki, üç dənə salamat dişi olardı, ya olmazdı. Qalan dişləri ya qara idi, ya da yəqin ki, yuyulmamaqdan sapsarı idi. Xeyli güləndən sonra ciddiləşdi. Uzun-uzadı Kamranın gözlərinə baxdı. Görəsən, orada nə axtarmağa çalışır?
-Yox, keçmişdə professor olmamışam. Adi ailənin uşağı olmuşam. Başıma nə gəlibsə, günahkarı kimsə deyil, elə özüməm. Mən sürət xəstəsiyəm. Hər şeyi birdən əldə etmək istədim və küçəyə atıldım. Bu cavab səni qane etdi? Həyat qədrini bilənindir, dostum. Kişinin həyatında ciddi qadın olmalıdır. Bu hər bir kişi üçün vacibdən vacibdir. Bir qadın, yalnız bircəciyi. Yerdə qalanlar isə gəldi, gedərdir. Bunu unutma.
İnsan əlində olan hər şeyə görə özünü bəxtəvər saymalıdır, çünki səndə adidən adi olanın həsrətini yüzlərlə çəkən var. Adi görmə qabiliyyətini götürək, kordan xoşbəxtliyi nədə görürsən soruşsan, sənə düşünmədən dünyanın rənglərində deyəcək. Əli, ayağı olmayanın cavabını özün yəqin ki, bildin.
İnsan onda olmayanın həsrətini çəkir, onu əldə etmək üçün əlləşir, amma əldə edə bilməyəndə sınır, qırılır, bəzən isə həyata küsür də. Qadınlar üçün xobəxtlik ana olmaqdır. Bilirsən, ilk dəfə ata olanda təəccüblü idim. Arvadım sevinirdi, mən isə göz yaşlarımı saxlaya bilmirdim. Balaca, lap balaca əlləri var idi oğlumun. Onu ovcumda gizlətdim. Bir insan əli başqasının ovcunda itə bilərmiş. O anda mənim üçün bundan böyük xoşbəxtlik yox idi. Sonra qorxdum. Qorxdum ki, kimsə onu incidər. Ovcumun içindən əlini zorla qoparar.
Bomja acıq vermək qərarına gəldi.
-Sən danışdıqca, qızım yadıma düşdü. Niyə də özümü bəxtəvər saymayım? Hər səhər evdən çıxıb işə yollanıram. Maşınıma yaxınlaşanda əl saxlayıram. Özüm özümə deyirəm, dayan, Kamran, qaldır başını və pəncərənə bax. Qızım, körpə quzum, əlləri ilə pəncərəyə toxunub mənə gülümsəyir. Yaxşı bilirəm ki, o da mənim pəncərəyə baxmağımı gözləyir. Əl edir mənə. Məni yola salır və mən xoşbəxtliyin nə olduğunu aydınlığı ilə hər gün duyub hiss edirəm. Hərdən diksinirəm, axı on il öncə heç dünyada yox idi. Mən erkən evlənmişəm. Hər kəs elə düşünürdü ki, bu bir həvəsdir, tezliklə keçib gedəcək, amma gördüyün kimi on ilə yaxındır keçib getmir.
Bomj elə bil onu dinləmirdi. Öz-özünə danışmağında idi:
-Maraqlıdır, insan xoş gününü unutmamaq üçün onu hafizəsində, yaddaşında saxlamağa çalışır. Bəs pis günü necə, unuda bilirmi? Yəqin ki, bəzilərini unudur, amma dərindən dərin olanı hafizədən silmək o qədər də asan deyil. Qocalıram və əsl qorxağa çevrilirəm. Mən ilk çətinlikdən açarımı itirdim.
Qorxu, bilirsən, nədir? Bu qaranlıqdan qorxmağına bənzəməz, dostum. Çox acılı bir hissdir. Canavara olan qorxu da onun yanında heç nədir. Ürək bərk-bərk döyünür, döyünür nədir, az qala ağzından çölə çıxsın. Səni tər basır və dilin kəlmələri unudur. Hər aydın günün qədrini bilməlidir sağlam insan.
İndi də qorxuram. Ölümdən qorxuram. Bilirsən, əlli il ömür sürəndən sonra anladım ki, insan hər zaman təkdir. İçində danışarkən onu kimsə dinləmir, amma Tanrı eşidir. Təklik nədir ki, insan üçün, Tanrı da təkdir. Düzdür, adidən adi insanı Tanrı ilə müqayisə etmək axmaqlıqdır. Əsl təklik başqa şeydir, sən ölmüsən və səni meyitxanadan götürən yoxdur. Bu əsl təklikdir. Qalan şeylər isə zamanla düzələn işlərdir.
Ən dahi insanlar belə ölümdən qorxurlar. İstəyirəm, insan kimi ölüm. İnsan kimi yaşaya bimədim, heç olmasa, insan kimi ölüm. Ən əsası isə, məni torpaqda dəfn etsinlər. Bilirəm arxamca ağlayan olmayacaq. Hər şeyi bəxtin üstünə atmaq fikrində də deyiləm. Bu gün buradayam və bu gündəyəmsə, özüm günahkaram. Torpaqda dəfn olunmaq istəyirəm. Qoy orada qurda, quşa yem olum, razıyam, amma torpaqdan yarandığım kimi sonum da ona çevrilməyim olsun.
Naməlum adama təəccüblə üsyan etdi.
-Ölənlərin çoxu elə torpaqda dəfn olunurlar da. Səni anlaya bilmədim.
Bomj boşluğa baxdığı halda dilini yalada və kəlmələri bir-bir sapa düzdü.
-Hamısı yox, hamısı heç də dəfn edilmir. Məsələn, Lenini götürək. Dahilərin dahisi idi. O boyda imperiyanı çökdürə bildi, nə qazandı? Neçə illər bir ovuc torpaq üzünə həsrət qalmışdı. Muma çevrilib muzey eksponatı deyildi? Hər kəs ona baxırdı və gorbagor olmağın nə olduğunu gözü ilə görürdü.
Yaşamaq maraqlı deyil. İnsan yaşamaq marağını itirdisə, ölməlidir. Mən ölümümü səbirsizliklə gözləyirəm, həm də qorxuram. Nə isə gecikir.
Məni üzümdən oxumağa çalış. Nə düşündüyünü çox bilmək istərdim. Yəqin düşünürsən ki, küçə sərgərdanı özü ilə Lenini müqayisə etdiyinə görə lap başını itirib. Mən bir kitabam, üzümdən oxuya bildinsə məni, aqilsən.
Bomja cavab vermədən əlini cibinə salıb portmanatını çıxardı. Əskinazların arasından iyirmilik çıxarıb ona uzatdı. Bomj əskinazı geri qaytarıb onluq istədi. Buna təəccüblənsə də, bir söz demədən bu dəfə ona onluq uzatdı. Naməlum adam pulu alan kimi uzaqlaşdı. Qəribə də olsa, gecənin səsi hələ də Kamranın qulaqlarında idi. Dibdən-dibdə olan iki nəfərin gözləriylə həyatı yenidən kəşf etmişdi.