Kulis Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin tələbəsi Çinarə Ömrayın “Adsız yazı” hekayətini təqdim edir.
Qonşu arvadları nənəmin beynini doldurmuşdu ki, yaxınlıqda yerləşən fabrikin boş otaqlarına köçün, qaçqınsız, sizə heç kim heç nə deməz. Biz bibimin birotaqlı bağ evində qalırdıq. Nənəm otağı pərdə ilə bölmüşdü. Beləcə nənəm evə gələn kimi nəsə tapmış kimi həvəslə gəlinləri məsələdən halı etdi: “Hazırlaşın, axşam hücuma keçirik”. Babam əvvəl razı olmadı: “Bir az səbr elə. Onsuz da bir-iki aya qayıdırıq”. Nənəm “Evi yeməyəcəyik ha, qayıdanda qoyub gedəcəyik” - deyib babamı bir güclə razılaşdırdı. Gecəynən köçdük həmən evə. Üç otaq idi. Döşəməsi, tavanı, pəncərələri yox idi. Quruca divar... Bizim də hərənin bir çanta paltarı, yorğan- döşəyi, üç dəmir çarpayısı və hərənin bir boşqabı vardı, vəssalam. Hə, bir də humanitar yardımlar: beş paket quru lobya, bir də yardım adyalları. Nənəm adyalları pəncərəyə tutdu. Gecəni qaldıq. Bibim elə həvəslə silib süpürürdü ki, evi. Yer torpaq olduğundan sulayırdı ki, toz qalxmasın. Nənəm quru divara xalça vurdu, üstünə Mirsədi Ağanin şəklini asıb dedi ki, bu şəkil burdadırsa, bizi bu evdən heç kim çıxarda bilməz.
Sabahı fabrikin yiyəsi gəldi, bir az söz-söhbət elədi. Babam çox utanırdı. Ora icazəsiz yığışmağımız arına gəlirdi. Amma nənəm əlində süpürgə evə elə yiyələnmişdilər ki, hara çıxırdı!
O ev bizim üçün hər şey idi: arxa, dayaq, ümid, pənah... Nənəm deyirdi, başımızın üstündə qaraltı oldu bəsimizdi, onsuz da qayıdacağıq.
Az keçməmiş babam pəncərələrdəki adyalları söküb kulyonka vurdu, yerə linolium saldıq, divarları suvadıq.
Əmim müharibədə idi. “QIRAT” qurğusu daşıyan maşın sürürdü. Bir gün evə qayıdanda nənəm çox sevinmişdi. Həmişə döyüşdə itirdiyi dostlarından danışırdı. Bir dəfə də kiməsə danışdı ki, bəs filankəsi gözümün qabağında vurdular, yazıq elə yerindəcə keçindi, başqa bir yoldaşımız məcbur onun ayaqqabısını çıxardıb geyindi yalın ayağına. Bu əhvalat məni xeyli düşündürürdü. Uşaq idim. Deyirdim, görən ölən əsgər ayaqyalın rəhmətə necə? Rəhmət haradı ki? Birdən ora gedəndə ayağına şüşə batar, neyləyər? Amma bu barədə heç kimdən heç nə soruşmurdum.
Nənəm həmişə məni özüylə çörək almağa aparırdı. O vaxt uzun çörək növbələri olurdu. Nənəmin yanında uşaq görüb növbəsiz buraxırdılar. Hər dəfə on-on beş çörək alırdıq. Babam şəhərdə ilk dəfə təqaüdün alanda bir tay un almışdı, bir kilo da alma. Kiloya dörd sarı alma girmişdi. Babam dedi ki, İran almasıdı. Birini nənəmə verdi ki, sən bunu Çinarəylə böl, ye. Qalan üç almanı də gəlinlərə verdi ki, uşaqlarla bölsünlər. Sonra keçib həyətdə oturdu. Mən dalınca çıxdım, gözünün yaşını dəsmalla sildiyini gördüm. Məni görüb gülümsədi. “Nolub, baba, sənə alma çatmadı, ona görə ağlıyırsan?”. Qəhqəhə çəkdi: “Yox, qızım, gözümə nəsə düşüb, onu çıxarırdım” dedi.
Almaları yeyəndən sonra nənəm gəlinlərə dedi ki, durun yuxa bişirək, alınma çörəklə çatdırmaq olmur. Həyətdə sac qurub yuxa saldılar. Ocağın qoxusu hər yana yayılmışdı. Pendirimiz olmazdı. Nənəm deyirdi ki, pendiri neynirsiz, şorla “Sana” yağını qarışdıranda hamısından yaxşı olur. Nənəm yağla qarışdırılmış şor bankasını da, termosu da sacın yanına qoymuşdu. Ocağın qoxusuna qonşu uşaqlar toplaşmışdı. Nənəm hərəsinə bir dürmək düzəltdi. Lap Cırtdanın nağılındakı kimi... Dürmək yeyən uşaqlardan kim topunu mənə oynamağa vermirdisə, deyirdim, nənəmin dürməyini qaytar.
Dəmir çarpayıların setkası boşalmışdı deyə babam altına iri taxtalar qoymuşdu. Bizim ailəmiz - ata-anam, qardaş-bcılarım hamısı Rusiyada idi. Mən nənəmgildə qalırdım. Buna görə əmim uşaqlarından çox mənim qayğıma qalırdılar. Dəmir çarpayının birində mən yatırdım. Çox xoşbəxt idim.
Bir dəfə hamıya qaşınma xəstəliyi düşmüşdü. Nə bəla idisə bütün şəhər tutmuşdu... Ya da bütün qaçqınlar... Bizə ağ-uzun qablarda süd rəngli dərmanlar payladılar. O vaxt mən ikinci sinifdə oxuyurdum. Öz dərmanımı dəmir çarpayının altında gizlədirdim. Ağ uzun qab idi. Üstünə "Əl vuranın əli qurusun" yazmışdım. Əmim oxuyub xeyli gülmüşdü.
Bir gün də məktəbdən evimizə bit gətirmişdim. Qalın və uzun saçlarım vardı. Nənəm başımı dizinin üstünə qoyub bitimi təmizləyərdi. Sonra dedilər ki, neftlə yusan keçər.
Həmin ərəfədə sinfimizi neft iyi bürümüşdü...
Fabrikə təzə köçdüyümüz vaxtlar idi. Oturub çörək yeyirdik. Birdən həyətə tanımadığımız adamlar girdi. Oğlanlardan birinin çiynində qara-iri nəsə vardı, qız isə əlində qara dəmir tutmuşdu. O dəmir də şunurla oğlanın çiynindəkinə bağlıydı. Handan-hana anladım ki, bu mikrafonla kameradırdır. Nənəmi, babamı danışdırdılar. Necə yaşayırsız, necə dolanırsınz? Nənəmin yanından tez qaçıb çarpayının yanında, qara suvaqlı divardakı mismardan səliqə ilə asılmış təzə məktəb yubkamı geyinib gəldim ki, kameraya qəşəng düşüm. Xaricdəki həmyaşıdlarıma göstərəcəkdilər. İlk dəfə onda işığa qamaşmışdı gözlərim.
Mən 6 yaşımdan qaçqınlıq həyatı, onun qayğıları, çatışmazlıqları məhrumiyyətləri içində böyüdüm. Amma bir dəfə də olsun özümü narahat hiss eləmədim. Elə hey xoşbəxt idim.
Nənəm gəlinlərə deyirdi ki, itirə-itirə gəlmişik: evimizi, kəndimizi, qohumlarımızı, heyvanlarımızı... Gəlin üzümüzdəki təbəssümümüzü itirməyək.