“Xoşbəxt olardım şanapipik olsam” YENİ İMZA

“Xoşbəxt olardım şanapipik olsam” YENİ İMZA
12 aprel 2016
# 12:50

Kulis gənc şair Həmid Piriyevin qısa şeirlərini təqdim edir.

qağayılardan soruşdum səni ləpədöyəndə

narın damcılar töküldü üstümə

islandım bir az

sonra damcıların dənizdə itməyinə baxdım

bir də qağayıların uçuşuna

qağayılardan soruşdum səni ləpədöyəndə

bilmədim qağayılar ağladı yoxsa yağış yağdı...

*

günəşə uçuram

Dedalın oğlu

İkar kimi

amma mən

göyərçin qanadlarıyla

*

yağış yağır

və mən

yaşamaq istəyirəm

bir dəqiqə

bircə dəqiqə də

*

dünən gecə məktub gəldi

hamının yaddan çıxartdığı evimə

zərfdə

Van Qoqun qulağı

və mən

şeir pıçıldadım o qulağa

səhər obaşdan

hələ günəş ana olmamış

*

xoşbəxtliyin rəsmini

çəkən rəssam

salam var

bütün bədbəxtlərdən

sənin

avtoportretinə

*

şanapipik olardım məmnuniyyətlə

bütün dərdlərdən öhdəliklərdən adamlıqdan azad

uçardım xoşuma gələn yerlərdə

günəş rəngli lələklərim parıldayardı günəşin altında

xoşbəxt olardım şanapipik olsam

şeir yaza bilməsəm belə

*

Qovuşa bilməzdik – mən balıq, sən quş

Mən özümdən uydurmuşdum bu eşqi

Balıq olmağını arzulayardım

Ya da mən quş ola biləydim, kaş ki...

Nə boyda olur ki, balıq sevgisi?

Uzaq başı Xəzər dənizi boyda.

Sən isə azadsan, uçursan, quşsan,

Ayrılığın ən az göyüzü boyda...

*

kağız quşlar düzəldərdik

uşaqlıqda qardaşımla

dama dama dəftər kağızından

dama dama quşlar

görəsən hansısa qanadlanıb qona bilmişdi mi

arzuladığı ağaca

*

bukinist vardı yeddinci mikrorayonda

dildən bir az pəltək

açıq havada stolun üstünə düzürdü kitabları

və yaxınlaşan müştəriyə

hansısa kitabı uzadıb

buna bax deyirdi

alma elə-belə bax

və satırdı kitabları

*

adımı cızmadım ağac gövdələrinə

sadəcə axşamüstü

prospektləri birləşdirən dar yoldakı

küknar ağacının altında dayanıb

şeir pıçıldadım

üzü küləyə

o ağac xatırlayacaq məni

kəsilən gününəcən

Balaca adamın arzusu

çıraq tapsaydım sahildən

içindən cin çıxsaydı

nə pul istəyərdim ondan

nə ev nə də başqa bir şey

çərpələng istəyərdim

uçurdub xoşbəxt olmağa

# 2801 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər