Oyuncaq silahlardan da qorxur uşaqlar

Oyuncaq silahlardan da qorxur uşaqlar
15 oktyabr 2014
# 14:21

Kulis.az gənc şair Emin Pirinin “Suriya” şeirini təqdim edir

Şeytanı daşlayır
nə qədər zəvvar
Hara yoxa çıxır
atılan daşlar?
Bəlkə uşaqların başına düşür?!

“Allah, Allah” deyib
bu daş atanlar
Kim idi axı
Bəlkə şeytan daşlayırdı Allahı.
atılan daşlardan
atılan uşaqlara
xoşbəxtlik sarayı tikmək olardı.

Sevməz şaxta babanı
burda uşaqlar.
Hədiyyəni torbasından yox,
tabutdan çıxarar.
oyuncaq yerinə
bayram gecəsi
Buxarıdan mərmi atar.

Şəriət qamçılarına
gərək yox burda.
Yer kürəsinin meridianları
hər yerdə qamçıya çevrilib
kürəyində qadınların.

Əri cəbhədə olan
hamilə gəlin
hər an
gələ biləcək
qara xəbərin qorxusundan
uşaq salır.
analar uşaq yox,
qurbanlar doğur daha.

Yeni İsalar doğulur,
daşlanır Məryəmlər.
bircə günahı varsa
ər yolunu gözləməkdi.
Asılır İsalar, -
günahı atasızlıq...

Oyuncaq silahlardan da
qorxur uşaqlar,
Birdən dili açılar.
Allah da köməyə gəlmir,
canına qorxu düşüb körpələrin
bəlkə terroristlər
əsir götürüb onu da?

Hamıdan çox uşaqları sevər
müharibələr.
Kiminin alnından ,
kiminin gözündən öpər.
Tanrı daha tez
sevdiklərini aparır deyirlər.
Allahın öpüşüdü
bəlkə elə bu güllələr?!

Dollardan boylanan,
dollarda can verən cənab
qımışıb gülürdü ciblərdə.
Axan göz yaşları,
tökülən qanlar
təzə nəfəs kimi
can verir ona.

Həyasızcasına təpiklər, -
güllələr döyməz qapını...
Anaların əlindən alıb
beşiyi özü yellər
mərmilər...
Ağlayanda qıdıqlayıb
güldürər körpələri.

Bu qızcığaz da
cuppulu barmaqlarıyla
qıdıqlayır
atasının baş daşını.

Uşaq ağlı...
Yadında belə qalıb,
bəlkə güldürə bildi atasını...

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər