Kulis.az – Əyyub Qiyasın “Canını dişinə tutub yaşayan şair” yazısını təqdim edir.
Ötən əsrin 80-ci illərinin sonunda Sumqayıtdakı “Pöhrə” ədəbi birliyi öz ab-havası ilə paytaxt yazarlarının da diqqətini çəkirdi. Bu birliyin üzvlərinin çoxu ustad Məmməd İsmayılın rəhbərlik etdiyi ədəbi birlikdə söz demək, tərif eşitmək, həsəd predmeti olmaq şərəfi qazanmışdı. Gülbala da onlardan biri idi.
Mən onu tanıyanda 40 yaşı hələ tamam olmamışdı. Üzünə baxanda bir qədər sərt, kobud görünən bu adamın içi lirik hisslərə ünvan, ürəyi sevgiyə məkan imiş sən demə.
…Nə sevib bir kimsə məni,
Nə duyub, nə başa düşüb.
Mən bir sevgi məktubuyam,
Oxunmur, göz yaşı düşüb.
Məndə hərflər pozulub,
İtib söz, qarışıb yazı.
Səni sevən Tanrı, məni
Sənə göz yaşıyla yazıb.
Gülbala Mehdi ədəbi mühitdə sözünü yazan, amma onu üzə çıxarmağa ərinən, tənbəllik edən istedadlı şairlərdən biri idi. Müşfiqi, Cəfəri dünyaya gətirən gözəl Xızıda göz açmışdı. Sonra da ömrünü mühəndis-metallurq kimi Sumqayıtdakı Kompressorlar zavoduna bağladı. Onun şeirlərində dərin lirika və ictimai-siyasi mövqe daha qabarıqdır.
Gülbala Mehdi içində yaşadığı hadisələrə biganə qala bilməyən, ötən əsrin sonlarında Azərbaycanda baş qaldıran müstəqillik uğrunda mübarizəyə haylı-küylü, patetik misralarla deyil, ağıllı və ağrılı ifadələrlə münasibət bildirirdi. O, haqq yolunda ayaqyalın yüyürən və bu yolda ağırını bütün əzaları ilə his edən adam idi.
Ay arxamca baxan adam,
Mən haqqın yolun gedirəm.
Sən ayağını geyin gəl,
Mən ayaqyalın gedirəm, – deyərək, öz mövqeyini bildirirdi.
Gülbala Mehdi dostlarını da Vətən kimi, torpaq kimi, ailə kimi çox sevirdi. O, bizim dostların çoxuna şeir ithaf etmişdi və bu şeirlərin hamısı ünvan sahibinin portret təsviri ilə yanaşı, həm də öz poetik gücü, ifadə tərzi ilə maraqlı olurdu. Mən də elə şərəflərdən birinə layiq görülmüşdüm. Gülbala bir gün mənə “ürəyindən qoru özünü, qardaş”, – dedi.
Sənin ürəyinin qapısı geniş
Girən çox,
Ürəyi odlayır çoxu.
Girənlər hamısı qapıdan girir,
Çıxanlar ürəyi çatladıb çıxır.
Boşalan yerindən ağrıyır ürək,
Ağrısı gözlərə yığılır elə.
Gözlər yaş olanda,
Gözlər dolanda,
Ürək – boşalanda sıxılır elə.
Gülbala Mehdi ədəbi mühitdə dostcanlılığı, sevgisi, mərdliyi, bir də 3-4 kitabın yaddaşına yazlan gözəl şeirləri ilə qaldı. Onu bizdən ayıran zaman faktı indi şeir dilində danışır. Bəlkə də bir şair üçün bundan gözəl danışıq dili, ifadə anlayışı ola bilməz.
Ölümlə həyat arasındakı məsafə hər kəsin taleyində quraşdırılımış yaddaş kartından asılıdır… Bir gün Gülbala Mehdinin “yaddaş kartı” doldu və o yazdığı gözəl-gözəl şeirləri bizə əmanət edib getdi. Gəlin biz də bir anlıq özümüzü o şeirlərə kökləyək.
Gülbala Mehdinin ruhuna sayğıyla,
Əyyub Qiyas.
***
Mən Yer üzündən uzaqdım,
Ünlü Tanrıya yaxındım.
Mən Yer üzünə gəlməzdim, –
Mən Yer üzünə yıxıldım.
Bir mələyin dizi üstən
Yıxıldım ota, yarpağa.
Düşüb ürəyimin üstə,
Qalmışam üzü torpağa.
Göz yaşıma baxan yoxdur,
Axır gül üzümdən mənim.
Tut qolumdan qaldır, Allah,
Götür Yer üzündən məni.
***
Mən sənə canımı verdim,
Qıymadım çöpünə, Vətən.
Mənim ürəyimə girdin,
Özgənin cibinə, Vətən.
Göydən başıma daş yağır,
Əllərim başımı tutub.
Ağzımda diş də qalmadı
Canımı dişimə tutum.
Başıma tökülən daşlar,
Bulayır qanıma məni.
Ya mənə analıq elə,
Ya qaytar anama məni.
***
Kəsildi yol da, bərə də
Qurtar görüm bu tələdən!
Güllələr çıxıb lülədən
Gen sinələrə tuş gedir.
Ya qaradan, ya ağdan keç,
Ya canından, ya haqdan keç.
Baş qorusan – papaqdan keç.
Papaq qorusan – baş gedir.
Yanan yanır öz ahında,
Tanrı susur dərgahında,
Bəlkə indi Allahın da
Göydə gözündən yaş gedir.
***
Kişilər hər gün doğulmur,
Qıymayın kişi azalsın.
Göy üzünə az daş atın –
Göyün göz yaşı azalsın.
Qoy biri başıma düşsün,
Göyün bir daşı azalsın.
Çıxım gedim bu dünyadan, –
Allahın işi azalsın.