"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..."  - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?
9 aprel 2026
# 14:30

Kulis.az Anar Oğuzun "Serializm dəstəsinin başçısı haqqında" yazısını təqdim edir.

Bahar Bəxtiyarqızının “Əlvida deməyə tələsmə” kitabı haqqında yazanda müəllifin yutubdakı çıxışlarına baxırdım.

“Əsərimi yazıram” sərlövhəli podkasta baxanda gördüm ki, bu dəstənin başçısı Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Əsərimi yazıram” layihəsinin rəhbəri, beş-altı kitab müəllifi, “Ziyadar” və “Fəxri yazar” mükafatları ilə təltif olunmuş, yazıçı Nigar Səttarzadədir.

Nigar xanım gənc müəlliflərə dəstək olur, onlara yol göstərir, yazıb-yaratmaq həvəsi verir. O, həm də bədii redaktordur. Gənc müəlliflər öz kitablarını Nigar xanıma gözüyumulu əmanət edirlər. Belə deyəndə adamda elə təsəvvür yaranır ki, Nigar xanım 50-60 yaşlarını haqlamış, görüb-götürmüş, yüksək peşəkarlığa və dərin mənəviyyata çatmış, müdrikləşmiş bir yazıçıdır. Ancaq Nigar xanım 1991-ci il təvəllüdlüdür və onun bir kitabından başqa bütün kitabları türkcədir: “Kaderimin armağanı”, “Bir ömrün masalı 1”, “Bir ömrün masalı 2”.

Kitablarını türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

Onlara hansı tövsiyələri verir? Redaktə işini necə görür?

Görəsən, 1991-ci il təvəllüdlü müəllif bu yaşda hansı mərhələyə, hansı həqiqətlərə çatıb ki, başqalarına necə yazmağın yollarını göstərir, onlara həyat və ədəbiyyat dərsləri keçir?

Nigar xanımın azərbaycanca bir kitabı var: “Axıdılmış qanın izi ilə”.

Kitabın annotasiyası belədir:

“Kimi zaman həyatı oxuyaraq, kimi zaman yaşayaraq öyrənirik. Bəs həyatı od püskürən fotoşəkillərdən öyrənməyə hazırsınız?”

Elə kitabın annotasiyasından görürük ki, müəllif Azərbaycan dilini bilmir. Amma müəllif iddia edir ki, Birinci Qarabağ müharibəsindən bədii-sənədli roman yazıb. Müəllifin iddiasına aldanıb kitabı sifariş verdim.

Kitabın ilk səhifələrində xeyli təəccübləndim. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Əsərimi yazıram” layihəsinin rəhbəri, beş-altı kitab müəllifi, “Ziyadar” və “Fəxri yazar” mükafatları ilə təltif olunmuş yazıçı Nigar Səttarzadə azərbaycanca cümlə qurmağı bacarmır. Nigar Səttarzadənin Azərbaycan dilində öz fikrini ifadə etməyə gücü çatmır. Gəlin, belə bir cümləyə baxaq:

“Qədir doktorun sözlərindən sonra bir az sakitləşdim. Sonra məni palataya apardılar. Az sonra tibb bacılarından biri mənim qoluma, sonra isə damarıma iynə vurdu. Sonra əlimə tibb bacısını çağırmaq üçün pultu verdilər”.

Dörd cümlədə beş dənə “sonra” sözü var. Şəxsən mən bu səhnəni oxuyanda özümü bir anlıq mətndə yox, taksidə hiss elədim: “100 metr sonra sola dönün, sonra isə düz gedin, sonra iynə vurun, sonra pultu götürün”.

Mən Nigar xanımın yerində olsaydım, bu cümlələrə görə xəcalət çəkərdim. Günü sabah gedib Azərbaycan dili kursuna yazılardım. Nigar xanımın yazdığı cümlələri oxuduqca düşünürdüm ki, görəsən bu adamdan nə öyrənmək olar? Düşündüm, düşündüm, düşündüm və nəhayət, bu nəticəyə gəldim ki, Nigar xanımdan yalnız bir şeyi, necə yazmamağı öyrənmək olar.

Kitabda hadisələr birinci şəxsin dilindən anekdot səviyyəsində nəql olunur. Biz kitabı oxumuruq, müəllif kitabı başdan-ayağa bizə danışır, izah edir, arada mötərizə açıb maraqlı faktlar yazır.

“Xəstəxanaya çatdırılanadək daxili və xarici qanamalardan dünyasını dəyişibmiş (20 Yanvar faciəsi zamanı dünya birliyi tərəfindən istifadəsi qadağan olunmuş, qeyri-humanist sayılan, güclü daxili parçalanma yaradan 5,45 çaplı güllələrdən istifadə olunmuşdu). Nənəmin fəryadı göylərə qalxsa da, anam bu görüntülərdən şoka düşüb. Əvvəlcə huşunu itirərək nənəmin ayaqları altında yerə yıxılıb. Yazıq nənəm bilməyib ki, kimi qucaqlasın, kimin üçün ağlasın. Morqda o qədər ölü olub ki, anamı elə oradaca yerə uzadıb ayıltmağa çalışıblar. Bir müddət sonra anam ağı və qışqırıq səslərindən qulaqbatırıcı olan morqda özünə gətirilsə də, sonrakı hərəkətlərindən məlum olub ki, təkcə naşatır spirti ilə iş aşmayacaq. Onu sanitar otağında divana uzadaraq güclü sakitləşdirici iynə vurub, sistem qoşublar.

Dəfn günü və ondan sonra da anamın gözlərindən bir damla yaş çıxmayıb. Bütün xahiş və yalvarışlara baxmayaraq, çaydan başqa heç nə içməyib. Yasa gəlmiş adamların heç biriylə danışmayıb. Elə key kimi oturub. Gözlərini məchul nöqtəyə zilləyərək heç kəsə əhəmiyyət verməyib. Hətta ağlayıb ürəyini boşaltsın deyə, nənəm onu şillələyib də. Ancaq cəhdinin boşa çıxdığını görəndə ağlaya-ağlaya ondan üzr istəyib.”

180 səhifəlik kitab bu formada, qeybət, anekdot səviyyəsində, serial estetikasında davam edir.

Müəllif bütün hadisələrə serializm pəncərəsindən baxır. Bütün səhnələri “səhnəni belə yazsam kədərli, belə yazsam dözülməz və əzablı olar” düşüncəsi ilə yazır.

“Anam iki əliylə saçlarıma tumar çəkdi. Sonra əllərini yavaş-yavaş aşağı çəkərək yanaqlarımda dayandırdı. Düz gözlərimin içinə baxaraq dedi:

- Bu gün Əlihüseyn əminin ad günüdür. Həmin o Əlihüseyn əmi ki, səni odun-alovun içindən çıxartmışdı. Onun adına halva çalmışam.

Mən də pərişan halda ona baxıb, əllərini yüngülcə tumarladım:

- Bilirəm, ana. O gün danışmışdın. Allah rəhmət eləsin.

Sonra qəhvədən bir qurtum içib soruşdum:

- Bəs nə əcəb bu gecə vaxtı çalmısan halvanı? Səhəri gözləyə bilməzdin?

Anam əvvəlcə əllərini dizləri üstünə qoydu. Sonra sifətini ovuşdurdu. Soyumaq üzrə olan qəhvəsindən bir qurtum içdi. Başını sağa-sola yellədi.”

Kitab başdan-ayağa belə süni, cansız dialoqlardan, serial estetikası ilə yazılmış səhnələrdən ibarətdir. Yəqin Nigar xanım istəyir ki, onun kitablarına serial çəksinlər.

Səhnələrin birində əsas qəhrəman Nazənin deyir: “Qədir doktor mənim qeydimə qalır, məni övladı kimi görürdü”. Beş-altı səhifə sonra Qədir həkim zəng edib onunla maraqlananda Nazənin qorxur: “Mən də milyon xəstənin biri, qohumu deyiləm, əqrəbası deyiləm, görəsən, o qoca kişi niyə maraqlanır mənimlə?”. Nazənin düşünür ki, Qədir həkimin ona gözü düşüb. Ay xanım, beş səhifə əvvəl demirdin ki, Qədir həkim məni qızı kimi, övladı kimi görür? Əgər səni qızı kimi, övladı kimi gördüyünü hiss etmisənsə, zəng edib maraqlanması normaldır da, niyə onun zəngini pis yerə yozursan? Niyə camaatın adın bədnam edirsən?

Nigar Səttarzadənin ədəbiyyatın ən primitiv qaydalarından belə xəbəri yoxdur: məntiqi əsaslandırmalar, səbəb-nəticə əlaqələri, obrazlar, struktur və s. Bütün kitabı oturub tənqid etsəm, gərək 180 səhifənin hamısını bura köçürəm. 180 səhifəlik kitabı başıaşağı tutub silkələsəm, o kitabdan heç bircə dənə də yazıçı cümləsi, yazıçı müşahidəsi, yazıçı təsviri düşməyəcək. Amma adamın üstündə Allah var, Nigar xanım serializm cərəyanına aid digər müəlliflərə baxanda serial ab-havasını daha yaxşı yaradır. Bilinir ki, Nigar xanım ciddi zəhmət çəkib, qələmdaşları boş-bekar fırlananda, Nigar xanım oturub televizorun qarşısında, durmayıb.

Səhər-axşam ATV, “Flash TV”, “Samanyolu”, “Star TV”, “Show TV”, “Kanal 7”, TRT 1 kimi kanallarda gedən bütün düşük türk seriallarına baxıb. Ancaq aşağı səviyyəli türk mahnılarına qulaq asıb, “O ses Türkiye”, “Yetenek Sizsiniz”, “Survivor” kimi verilişlərin birini də qaçırmayıb. Nəticədə “yüksək zirvəyə” çatıb. İndi də bir batalyon serialpərəst xanımı ətrafına yığıb, onlara dərs keçməklə, yol göstərməklə məşğuldur.

Serializm cərəyanına aid olan müəlliflər özlərinə kiçik dünya yaradıblar. Nə gəldi, nədən gəldi kitab yazıb buraxırlar, bir-birlərinin kitabları haqqında yağlı tərif yazıları yazırlar.

Bulvarda, "Tarqovu"da, kafelərdə və restoranlarda, evdə, parklarda ağacların, güllərin arasında videolar, şəkillər çəkdirib özlərinə klip düzəldirlər. Fonda da Tuncel Kurtizin, Haluk Bilginerin, Can Yücelin səsləndirdiyi şeirlər olur.

Özləri üçün hazırladıqları kliplərdə adətən yazı yazırlar, bulvarda quşlara dən səpirlər, “slow motion”da yeriyirlər, kafe və restoranlarda müəllifi olduqları kitabları vərəqləyib qəhvələrindən bir qurtum alırlar. Uzun-uzun fikrə gedirlər, mənalı-mənalı uzaqlara baxırlar.

Düzəltdikləri klipləri sosial şəbəkə hesablarına yerləşdirirlər. Serializm cərəyanına aid digər müəlliflər də yığışıb bu kliplərə “uğurların bol olsun, ürəyim ”, “həmişə parıldayasan, ulduzum ”, “uşşş”, “gözəlim”, “çox şirinsən axııı ”, “uğurlarınıa qürür duyuram”, “su kimisən”, “gəlir bizim yeni bestteller” tipli rəylər yazırlar.

Sonra o birilər öz kliplərini paylaşır, serializm cərəyanının üzvləri yenə də yığışıb klipin altına eyni tərzdə rəylər yazırlar:

“uğurların bol olsun, ürəyim ”, “həmişə parıldayasan, ulduzum ”, “uşşş”, “gözəlim”, “çox şirinsən axııı ”, “uğurlarınıa qürür duyuram”, “su kimisən”, “gəlir bizim yeni bestteller”.

Beləliklə, onlar özlərini dahi yazıçı, vacib adam kimi hiss edirlər. Öz kitablarından danışanda “kitabım” yox, “əsərim” deyirlər. Onlar düşünürlər ki, ciddi əsər yazıblar, ədəbiyyata böyük töhfələr veriblər.

Bu müəlliflərin kitablarını oxuyanda başa düşürsən ki, onların oxuduqları kitabların sayı bir əlin barmaqlarını keçməyib. Bir əlin barmaqları qədər oxuduqları kitablar da Büşra Yılmaz, Beyza Alkoç, Zeus Kabadayı, Ahmet Batman, Miraç Çağrı kimi bayağı adamların kitabları olub.

Serializm cərəyanının üzvləri ədəbiyyatdan o qədər uzaqdırlar ki, Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə Jorj Sand, Simona de Bovuar kimi görünür.

Nigar xanım “Kaderimin armağanı” kitabında Rafet El Romanın “Ömrümün sahibi” mahnısının sözlərini yazıb:

“Bir umut gözlediğim

Yıllardır beklediğim

Kalbimin sahibisin sen

Çırpınıyor yüreğim

Ferman buyur ölürüm

Ömrümün sahibisin sen”

Kitabda mahnının sözləri bütöv yazılsa da, köçürməyə səbrim çatmadı, oxuduqca ətim töküldü. Düşündüm ki, sizin də ətinizi tökməyim, bir bənd yazım bəsdir.

Rafet El Roman Bakıya konsert verməyə gələndə, Nigar xanım kitabını da götürüb, gedib Rafet bəylə şəkil çəkdirib.

Kitabı da Rafet bəyə hədiyyə edib. Bu şəkili görəndə başa düşdüm ki, Nigar xanımın başçılıq etdiyi müəlliflər niyə kitablarında sevdikləri müğənnilərin və mahnıların adlarını sadalayırlar.

Onlar Nigar xanımın Rafet El Romanla şəklini görüb paxıllıqdan dəli olublar, istəyiblər ki, onların da Rafet El Romanla şəkilləri olsun, onlar da öz kitablarını Rafet El Romana hədiyyə edə bilsinlər.

Nəticədə öz kitablarında sevdikləri müğənnilərin və mahnıların adlarını sadalayıblar. Bir yox, bir neçə müğənni adı sadalayıblar ki, heç olmasa, bu müğənnilərin biri ilə şəkil çəkdirə bilsinlər.

# 211 dəfə oxunub

Oxşar xəbərlər

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

17:35 8 aprel 2026
"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

15:00 8 aprel 2026
Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

14:15 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər