Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Fəridənin “Lal quşlar” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Rasim Qaraca
Fəridə istedadlı yazardır. Lakin mən kənd, xırman, kövşən mövzularında nəsr oxumaqdan yorulmuşam. Bütün ədəbiyyat tariximiz üçün kənd mövzularında təkcə Əkrəm Əylisli bəs edər. Fəridədən indi hal-hazırda yaşadığı mühitin hekayələrini gözləyirəm.
Seymur Baycan
Ətim töküldü. Arıqlamaq üçün əla vasitədir. Hekayəni oxumağa başlayanda çəkim 95 kilo idi. Oxuyub qurtaranda çəkim 90 kiloya düşmüşdü. Hekayə məni beş kilo arıqlatdı.
Mübariz Örən
Fəridənin "Lal quşlar" hekayəsi canı, nəfəsi olan hekayədir, eyni zamanda "savadlı" - usta hekayədir; kodlarla zəngindi, həm də bu kodlar kor-koranə, harda gəldi basdırılmış minalar deyil, xəritəlidir. Məryəm - bəkarət - quş (özü də Vaqa quşu) - Murad - günah - aldanış - qınaq - edam... "Xırman aşağı obada idi" - məlum məsələdir. Və bütün bu kodlar qibtəediləsi bacarıqla uydurulmuş bir rəvayətin canına hopdurulub. (Məhz bu baxımdan hekayə Ataqamın "Dişlək alma"sının dadını verir). Əslində hekayədə yekə bir günah var, amma Fəridə bu günahı bir az nağılın, bir az hansısa biz olmayan zamanların, bizdən əvvəlki adamların "boynuna qoyub" elə təmizləyir ki, oxucunun üstünə yük, ürəyinə ağrı düşmür, əksinə yüngüllük gətirir, zövq verir. Əsl yazıçı uğuru da burdadır. Bu təzə ruhlu hekayəyə görə Fəridəni təbrik edirəm, eyni zamanda dost ərkiylə iki məqamı demək istəyirəm. Birincisi: "meyit" sözü əsasən insana aiddir, məncə, quşlara cəsəd daha uyğundur. İkincisi isə... Məncə, hekayə "...O axşam Məryəmin asılmış meyiti meydanda qayıq kimi yırğalanırdı" - cümləsində bitməliydi. Ordan sonra müəllifin etdikləri öz hekayəsindəki el ağsaqqalları kimi günahkarı cəzalandırmaq cəhdidir ki, bu da, hekayənin bütövlüyünə xələl gətirir. Amma təbii, yenə özü bilən düzdü. Təbriklər!
Qəşəm Nəcəfzadə
Fəridənin hekayəsinin, quruluşu, təhkiyəsi xoşuma gəldi. Amma dili zəifdir. Hiss edirsən ki, müəllif ifadə tərzində əziyyət çəkir, bəzən dil dolaşır. Müəllifin nitqi zəngindir, dili solğundur.
Nə vaxtsa adət olmuş bu hadisə qınanılası bir hadisədir. Amma adamların hamısının belə olmağına adam inana bilmir. Kiminsə içində işıq olmalı idi. Ola bilməz ki, olmasın. Fəridənin bu işığı tapmaması mənə qəribə gəlir. Əgər ata qızının quşu öləndən və ya itəndən sonra qaranəfəs quş axtarmağa və tutmağa gedirsə, demək, o, bu dərdlə tanışdı. Ona görə də növbəti dəfə kiminsə qızının quşu yoxa çıxanda və ya öləndə həmin qapıya getməyəcəkdi, ən azından öz qızının taleyi gözünün qabağına gələcəkdi və bununla da işıq doğulacaqdı və doğulmalıdır. Fəridə xanım bu işığı niyə tutmayıb, bilmədim?
Yenə redaktə məsələsi… Ən ağrılı yerimiz… Aşağıdakı cümlələrdə bəzi sözlərin qarşısında mötərizədə yazdıqlarım daha uyarlıdır.
“Beş-altı yaşına çatandan sonra o quşa baxmaq qızın üstünə (boynuna) düşürdü və o vaxtdan sonra qız o quşu elə yerdə gizlədib saxlamalı, böyütməli idi ki, heç kim onu görməsin”.
“Gecikmək olmazdı. Gənc oğlan (gənc sifəti yerinə düşmür) onu gözləyirdi”.
“Silahı (Tüfəngi) yanında idi”.
“Allahın siçovuluna da rast gəlmədim” (Siçovul bir neçə dəfə təkrarlanır, amma yerində deyil).
“Zifaf gecəsi “üzüağ” gəlinin otağından çıxan ər bu quşun başını üzür, meyiti (Meyit sözü düz deyil, leş olmalıdır) aparıb obadakı meydanda asırdı”.
“Quşun yoxa çıxması xəbəri kəndin ağsaqqallarına gedib çatmadan öncə, qız ya bir kəndir tapır özünü damda asır, ya da atasının, qardaşının qəməsini tapıb (Tapıb sözü yerində deyil, götürüb olar) öz ürəyinə sancır, beləcə, özünü “divan”dan xilas edirdi”.
“Qoca qarılar danışırdılar ki, bir dəfə qızlardan birinin quşu qəfəsdə qəfildən ölür (Səhər oyananda görür ki, quş qəfəsdə canını tapşırıb. (Artıq birinci cümlədə bu fikir bildirilib, ikisindən biri artıqdır).
“Oğlan əlini uzadıb qızın titrək əllərini ovuclarına aldı və “inan mənə, sadəcə bir gecə, sadəcə bu axşam… (Əlini uzadıb yox, oğlan qızın titrək əllərini ovuclarına aldı)”
Hekayənin sonu gözəl bitib. Bəlkə də hekayənin işığı sonundadı. Nə olsun, artıq insanlıq ölüb. İşıq bayaq dediyim yerdə olsaydı, əla olardı. Hər halda müəllifə uğurlar!
Sevinc Elsevər
Quş söhbətini yaxşı tapıb. Düzdür, məntiqi məna yoxdur. Oxuyub deyirsən ki, nə ağılsız qövm imiş?! Bu quşun o quşa nə dəxli var? Sonra özünə cavab verirsən: guya elə bugünkü bakirəlik, yengə, nə bilim nə söhbətlərində məntiqi məna var? Yəqin 3000 il sonrakı bir yazıçı da bu günkü real söhbətləri yazanda dövrünün oxucularına məntiqsiz gələcək. Fəridə maraqlı yol tapıb, maraqlı da oxunur son hekayələri.
Cavid Zeynallı
Fərqli ovqatı, nəfəsi, havası olan hekayədir. Maraqla oxudum. Dili sadə və təmizdir, oxunaqlıdır, rəvandır. Amma sonluqla bağlı təxminlərim, gözləntilərim başqa idi. Sonluq ümumi ahəngə o qədər də bağlanmır. Paralellik, əsas əhvalata bağlantı yaratmaq istəyib və prinsipcə mənalandırmaq olur, amma... “Amma”sını müəlliflər daha yaxşı bilir. Fəridədən daha yaxşı mətnlər oxumaq istəyi ilə.
Nihat Pir
Birinci növbədə, Fəridənin bu hekayəsində də (əvvəlki “Noa qəbiləsinin qadınları”) qadın hayqırtısı və qadın üsyanının səsini eşitdim. Yəni bəlli olmayan məmləkətdə baş verən əhvalat və absurd mentalitet, əslində, Azərbaycan və Azərbaycan qadınını əks etdirir. Bu baxımdan, kifayət qədər dolğun və cəsarətli məqamlar var və mövzu, onun inkişaf meylləri, tamamilə, feminist köklüdür.
Qadının, bir növ, təklənməsi, ən dar məqamda öz ailəsi tərəfindən dışlanması halları isə tam bir həyat kadrıdır. Və bu kadr bizə çox tanışdır.
Məryəmin aldadılması fonunda isə yenə də günümüzdə dəfələrlə rast gəldiyimiz hadisələr durur. Önəmli olan burada Məryəmin (qadının) saflıq və inam motivlərinin mərkəzində durmasıdır. Ki bu da tanış haldır.
Digər tərəfdən, hekayədə cəmiyyət tərəfindən qadın və kişinin müəyyən suçlarına nəzərən ittiham məsələsində də qadının 1-0 geridə olması halı diqqət çəkir. Məsələn, qızların bakirəlik simvollarını oğurlayan oğlanlar ən pis halda məmləkətdən qovulursa, eyni müstəvidə qadınların sonu daha faciəvidir. Yeri gəlmişkən, cinsi istismara məruz qalmış qadının həmin hərəkəti törədən şəxsə ərə verilməsi də tanış haldır.
Hekayədə bir neçə bəyənmədiyim məqam var, ədalət naminə onları da deməliyəm. Hansı ki bunlar asanlıqla aradan qaldırıla bilər.
Hekayənin əvvəlində bir az boşluq var. Məsələn, kəndin iki hissədən ibarət olması fikri həmin abzasda yamaq kimi görünür. Ya onu daha yaxşı və səhih şəkildə bir neçə cümlə ilə vermək, ya da, ümumiyyətlə, verməmək olardı.
Yaxud aşağıdakı hissə məndə serial ssenarisi təəssüratı yaratdı:
“...Qadın bir qədər tərəddüd etdikdən sonra sirri açıb arvada danışır. Həmin vaxt təsadüfən qapının arxasında dayanan qonşunun on dörd yaşlı qızı bunu eşidir və qaça-qaça özünü meydana atır, qabağına çıxan hamıya sirri yayır. On beş dəqiqə çəkmir ki, kənd camaatı, ağsaqqallar, qarılar, kişilər həyətə doluşur, qızın anasını, nənəsini bağırda-bağırda yıxıb-sürüyür, otağında gizlənən qızı çəkə-çəkə meydana aparıb divan qururlar...”
Yəni bu hissədə o uşaq o qapının ağzına başqa cür gətirilməli idi, fikrimcə.
Bütövlükdə isə, Fəridədən yaxşı hekayələr gözləməyə dəyir. Bu mətn onun bariz nümunəsidir. Və Fəridə mətn nöqteyi-nəzərindən mütləq şəkildə “şəhərə gəlməlidir”.
Orxan Cuvarlı
Hekayədə həm bəyəndiyim, həm də bəyənmədiyim məqamlar oldu. Fəridə xanımdan oxuduğum ikinci hekayədir.
Müəllifin təhkiyəsinin axıcılığını bəyəndim. İndiki zaman məhdudluğunda mətn oxumaq səbir istəyir. Buna görə mətn adamı çəkib aparmalıdır. Bu mətn də apardı. Hekayənin sonları məndə qarışıq və tələsik yazılmış təəssüratı oyatdı.
Mətni texniki baxımdan uğurlu hesab edirəm. Hazırda bizim yazarların ən böyük problemi dil problemidir. Bir çox əsərdəki dialoqlar, quru təsvirlər bəsit, mündəricəsiz görünür.
Fəridə xanımın mətnlərində isə geniş yazıçı nəfəsi hiss olunur. Hərdən bir cümlə belə insanda müəllif haqqında fikir formalaşdırır. Fəridə xanımın bu və qalib olmuş hekayəsinin cümlələrində irihəcmli mətnlərə hazırlıq duyulur. Sanki bütün bu hekayələr hansısa romanın isinmə hərəkətləridir.
Şadam ki, ədəbiyyatımızda gender probleminin balanslaşdırılması baxımından daha bir istedadlı xanım imzası var.
Müəllifə uğurlar arzu edirəm!