"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?
15 noyabr 2025
# 15:00

Kulis.az Zəhra Həşimovanın "Qurban Səidin “Əli və Nino” romanında multikultural mühitdə hüquq və kimlik" yazısını təqdim edir.

“Əli və Nino” təkcə iki insanın sevgi hekayəsi deyil. Bu roman imperiya və milli kimliklərin toqquşduğu, hüququn həm formal, həm də qeyri-formal institutlarının eyni zamanda fəaliyyət göstərdiyi bir məkanda multikultural və hüquq məsələlərini daim sual altına alan bir əsərdir. Qurban Səid, hadisələri və obrazları vasitəsilə bu problemləri həm emosional, həm də intellektual səviyyədə təqdim edir. Oxucu əsərdə Qafqazın multikultural ruhunu, İslam Şərqinin mənəvi aləmi ilə Avropa hüquq düşüncəsinin kəsişdiyi bənzərsiz bir mənzərəni görür.

Müəllif, romanın hadisələr xronologiyasını imperiyanın dağılmaqda olduğu, etnik və dini sərhədlərin itib yenidən formalaşdığı bir dövrdə qurur. Belə şəraitdə hər bir insan həm fərd, həm də icma üzvü, eyni zamanda hüquqi şəxs kimi mövqelənir. Bu üç rol bəzən bir-biri ilə ziddiyyət təşkil edir, bəzən isə bir-birini tamamlayır.Əsərdə diqqəti cəlb edən əsas xüsusiyyət onun çoxsəviyyəliliyidir: eyni məkan daxilində müxtəlif etnik, dini və hüquqi ənənələr paralel şəkildə mövcuddur, bəzən isə toqquşur. Romandakı hadisələr 1910–1920-ci illərin siyasi-tarixi prosesləri fonunda baş verir. Müharibə, imperiyanın zəifləməsi və milli hərəkatlar hüquqi-əxlaqi dilemmlər yaradır.

Əsərdə gündəlik həyatın küçələrdən kəbin sənədinə, məscid ziyarətindən hərəmxanaya qədər olan səhnələrini hüququn, mədəniyyətin necə formalaşdığını göstərir. Müharibə və siyasi xaos şəraitində mülki hüquq, sahiblik, vətəndaş hüquqları tez-tez pozulur. İnsanlar belə bir zamanda dövlət qanunlarından çox, dini, etnik və ailə bağlarına sığınırlar. Bu isə multikulturalizm üçün həm təhlükə, həm də sınaq yaradır. Müxtəlif mədəniyyətlərin təmasında yaranan əməkdaşlıq, qarşılıqlı anlaşma müharibə dövründə çox vaxt düşmənçilik və şübhə ilə əvəz olunur. Romanda etnik-dini kimliklər sabit kateqoriyalar kimi təqdim olunmur, onlar əksinə, şəxsi seçimlər, dillər, geyim, kulinariya, musiqi, sevgi vasitəsilə formalaşır, bəzən də məhv olur.

Bakı şəhəri romanda bir “mədəni mərkəz” rolunu oynayır. Burada ingilis hərbi məmurları, rus ticarət dairələri, erməni tacirlər, gürcü aristokratiyası, azərbaycanlı aristokrat və kəndli təbəqələr qarşılaşır, hüquqi sfera isə bu qarşılaşmaların nəticəsində yenidən yazılır. Məsələn, müstəqil Azərbaycan Demokratik Respublikasının yaranıb süqut etməsi, daha sonra Sovet hakimiyyətinin qurulması hüququn universal və ya yerli xarakterinin dönüşünü göstərir: bir andaca qanunlar dəyişir, dövlət institutları sıfırlanır, insanlar özünütəhlükəsizlik üçün ənənəvi və şəxsi qaydalara üz tuturlar. Bu nöqteyi-nəzərdən, roman həm multikultural uzlaşma imkanlarını, həm də imperiya və milli dövlətlər arasında hüquqi boşluqların fərdlər üzərində yaratdığı zərəri açır.

Əli xan Şirvanşir obrazı mədəni inteqrasiyanın, eyni zamanda daxili parçalanmanın simvoludur. O, həm ənənəvi müsəlman ailəsinin və şərəf kodlarının daşıyıcısı, həm də Avropa təsirli təhsil almış, fərdiyyətçiliyə meylli gəncdir. Bu ikilik Əlinin davranışlarında, o cümlədən hüquqi qərarlarında daim görünür: onun üçün şəxsi seçim həm hüquqi, həm də mədəni-etik məsələdir. Əlinin qərarları sadəcə “qanun nə deyir?”dən ibarət deyil, o, ictimai şərəf, nəsil və ailə gözləntilərini də nəzərə alır. Onun daxili dialoqu, köklərə bağlılıqla Avropa prinsiplərinə tərəfdarlıq arasındakı gərginlik əsərdə millət və fərd hüququ arasındakı tarazlığı göstərir. Bu səbəbdən, Əlinin sevgi, ailə, evlilik kimi şəxsi seçimləri, ictimai status və kollektiv gözləntilərlə əlaqələndirərək hərəkətlərini həm daxildən, həm də xaricdən məhdudlaşdırır. Romanda ailə və icma səviyyəsində hüququn plüral təbiəti aydın şəkildə görünür.

Gimnaziyada, Bakı şəhərinin Avropa ilə Asiya arasında yerləşməsi barədə gedən mübahisə əsərin əsas ideoloji məsələlərindən birinə çevrilir. Professor Saninin “Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır” cümləsi coğrafi yox, mədəni və hüquqi sualdır: insanın kimliyi doğulduğu torpaqdan yox, üzərinə götürdüyü dəyərlərdən asılıdır. Əli Asiyada qalmaq istədiyini deyəndə bu yalnız emosional bağlılıq deyil, onun seçiminin arxasında hüquqi və mənəvi məsuliyyət də dayanır. Nino qaçırıldıqda , o, şəxsi qəzəbini, “şərəf” normalarını müdafiə etmək üçün zor tətbiq edir, Naxararyanı tutub öldürür.

Burada əsas sual yaranır: dövlət qurumları çökəndə və sərhədsizlik varkən fərdin ədaləti özü həyata keçirməsi nə dərəcədə haqlıdır? Əlinin bu hərəkəti həm “qəhrəmanlıq” kimi təqdim olunur, həm də oxucuya situasiyanın normalarını necə romantikləşdirə biləcəyini göstərir. Ənənəvi adətlər ilə qanunsuzluq üst-üstə düşəndə şəxsi intiqam “qanun”un yerini tutur. Onun üçün mənəviyyat, ailə bağları, ədalət və etika insan azadlığının əsasını təşkil edir. Professorun Avropa ilə Asiyanın sərhədini elmi sual kimi təqdim etməsi əslində çoxmillətli imperiyanın ideoloji dilemmasını gizlədir. Həmin sinifdəki uşaqlar hər biri öz xalqının hüquq anlayışını əks etdirir: rus üçün qanun imperiya hökmüdür, erməni üçün hüquq kilsə və millət şüuru ilə bağlıdır, müsəlman üçünsə hüquq, “haqq” “mənəvi və dini məsuliyyət”dir.

Roman boyunca Əli öz mənəvi və hüquqi kimliyini qorumağa çalışır. O, təhsilli, Qərbə açıq bir müsəlmandır; Avropa elmini mənimsəyir, amma onu inanc, milli köklərindən ayırmaq istəmir. Bu, multikultural mühitdə mədəni-hüquqi sintez axtarışının simvoludur. Əlinin otağındakı xalçalar, Firdovsi və Sədi sitatları ilə bəzədilmiş naxışlar qədim ənənə ilə Qərb elminin birgə mövcud ola biləcəyinin poetik təsviri kimi, onun ruhunun mənəvi toxumasını göstərir. Otağında fizika kitablarının yanında namaz xalçasının dayanması mədəni- hüquqi harmoniyanın görüntüsüdür.

Bir tərəfdən ənənəvi adətlər, dini qaydalar və patriarxal nizam var; digər tərəfdən isə Rus imperiyasının qanunları, Avropa dəyərlərinin təsiri və milli mətbuatın yaratdığı yeni normativ çərçivələr mövcuddur. Evlilik məsələsi ailələrin, icmaların, millətlərin münasibətinin mikroskopik ifadəsinə çevrilir. Qarşılıqlı etimadsızlıq, fərqli hüquqi mədəniyyətlər, məsələn, xristian və müsəlman ailə ənənələrinin evlilik, miras, nəslin adı kimi məsələlərdəki fərqləri, əsərin narativ gərginliyini yaradır.

Müəllif multikulturalizmi yalnız tolerantlıq bəyanatı kimi yox, mədəni mübadilənin mərkəzində duran bir proses kimi təqdim edir. Bakı kimi kozmopolit şəhər burada hüquqi plüralizm üçün əlverişli mühit yaradır: fərqli xalqlar, dillər və dinlər qonşu olaraq qanunlar, adətlər, statuslarla davamlı təmasda olur. Romanda multikulturalizm həm də qaçılmaz gündəmdir. Hadisələrin gedişində insanlar bir-birinin dünyagörüşünü görür, bəzi elementləri mənimsəyir, bəzilərini rədd edir. Bu mənimsəmə hüquqi nəticələr doğurur: müxtəlif icmaların nikah, miras, şəxsi davranışa münasibəti fərqli olduğundan, qlobal və yerli hüququn uzlaşdırılmasına ehtiyac yaranır.

Əsərin qiymətli tərəflərindən biri də budur ki, o, yalnız “mədəni münaqişə”ni göstərmir, həm də bu münaqişələrin necə həll edilməyə çalışıldığını, hansı kompromislərin qəbul və ya rədd olunduğunu, bunların insanlara necə təsir etdiyini işıqlandırır. Əsər qadınların iki fərqli hüquqi-ictimai mövqeyini göstərir. Bir tərəfdən Nino kimi nisbətən sərbəst, qərb tərzi hüquqi subyektlər var, digər tərəfdən isə ənənəvi ailə strukturları içində məhdudlaşmış qadınlar — Zeynəb tipli obrazlar. Bu iki obraz qarşı-qarşıya gələndə qadın subyektliyinin iki ayrı strategiyası ortaya çıxır.

Zeynəb ənənəvi məkanın qayda və gözləntilərinə bağlıdır. O, uşaq verə bilməmək kimi bioloji-sosial problemin həllini adətlər, dini ritualar vasitəsilə axtarır, ümidini məhz bu mühitin verdiyi normativ resurslara bağlayır. Onun hüquqi-ictimai zəifliyi məhz olduğu məkanla, oradakı resurslara və onlara çıxış imkanının məhdudluğu ilə bağlıdır. Nino isə fərdi seçimlərə, Avropa təsirinə daha yaxın, hüquqi-sosial subyektliyə aktiv yanaşan obrazdır. O, mədəni-iqtisadi kapital sayəsində geniş seçim imkanları qazanır, lakin bu onu tam sığortalı etmir. Müxtəlif məhəllələrdə Ninonun xristian mənsubiyyəti və qərb adətləri təhlükə kimi qəbul edilə bilər. Nino həm Avropa qadını arxetipinə məxsus atributları daşıyır, həm də Qafqaz kontekstində qadının hüquqi-ictimai mövqeyinin limitlərini göstərən mədəniyyətlərarası bir körpü kimi çıxış edir.

Romanda Nino və Zeynəb stereotipik “tərəflər” deyillər: hər ikisində ənənəyə bağlı və onu yenidən formalaşdırmağa çalışan elementlər var. Ninonun nitqi, davranışı, bədən dili qərbli qadın obrazını xatırladır, amma onun kimliyində milli və ailəvi köklər, şəxsi arzular, hüquqi məhdudiyyətlər də yer alır. O, yalnız məhəbbət obyekti olmaqla yanaşı, seçim edən, layihə qura bilən, fəaliyyət göstərən subyektdir. Ninonun azadlıq nümayişləri — geyim, səyahət, danışıq və s. təkcə estetika deyil, eyni zamanda gender, vətəndaşlıq hüquqları ilə bağlı səssiz, lakin güclü iddialardır. O, görünməmək haqqına qarşı çıxaraq görünmək haqqını tələb edərək bunun üçün özünü risqə atır. Bu cür hərəkətlər cəmiyyətdəki görünməyən hüquqi boşluqları üzə çıxardaraq fərdin hansı hallarda məhrumiyyətə məruz qala biləcəyini göstərir.

Ninonun Dağıstandakı sərbəst təcrübəsi ilə saraydakı məhdudiyyətlər arasındakı kontrast onun zaman-məkan asılılığını göstərir: fərdin dəyərləri yeni məkanlara daxil olduqda qəbul və ya rədd olunma ilə üzləşir. Romanda Nino həm üsyançı, həm də qurban rolunu oynayır. Bəzən ictimai qınağa, bəzən isə ədalətin müdafiəsinə ehtiyac doğurur. Əsərdə əsas dilemmlərdən biri fərdi azadlıqla kollektiv öhdəliklər arasındakı tarazlığın necə qurulmasıdır. Hər bir obraz hüquqi subyekt kimi qərarlar verir və bu qərarlar onların cəmiyyət qarşısındakı mövqeyini dəyişdirir. Əlinin ailə mədəniyyəti ilə ziddiyət təşkil edən seçimləri onun hüquqi və sosial məsuliyyətini artırır. Nino isə öz davranışları ilə həm patriarxal, həm də dövlət qanunlarına meydan oxuyan nümunəyə çevrilir.

Məsuliyyət və nəticələr baxımından əsər humanist-praktik hüquq dərsi rolunu oynayır: məhəbbətin idealları hüquqi reallıqlarla dəstəklənmədən davam edə bilməz. Müharibə və tarixi sarsıntılar fərdlərin hüquqi subyektivliyini daha da dəyişkən edir. Dövlətin gücü, titul, ünvanların itirilməsi, sürgün kimi cəzalar insanların həyatını ani, radikal şəkildə yenidən müəyyənləşdirə bilir. Nino ilə bağlı dialoqlarda görünən çarın reaksiyası, sürgün riski, dini dönüşün doğura biləcəyi ictimai qəzəb kimi qorxular, bu dramatik hüquqi narahatlıqların fərdi əksidir. Belə şəraitdə nikah qərarı yalnız şəxsi müqavilə olmur; o, eyni zamanda milli və dini məna da daşıyan ictimai-hüquqi bir qərara çevrilir.

Ninonun “öz etiqadımı saxlayacağam” deməsi rəsmi sənədlərin (kəbin sənədi, möhür, şahid imzası və s.) məzmununu, məna daşıma qabiliyyətini sual altına qoyur: sənəd formal tanıma verə bilər, lakin vicdan və şəxsi azadlığı kağız tam bərpa etmir. Onun yeni soyadının “Şirvanşir” yazılması hüquqi assimilyasiyanın simvoludur. Soyadın dəyişdirilməsi rəsmi inteqrasiyanı ifadə etsə də, həm məna itkisini, həm də yeni hüquqi statusun gətirdiyi ciddi nəticələri özündə saxlayır. Müharibə fonunda bu “məhkəmə” daha sərt olur, çünki siyasi hakimiyyətlərin qaydaları tez-tez dəyişir, hüquqi sabitlik zəifləyir. Belə vəziyyətdə fərdin hüquqi mövqeyi böyük qeyri-müəyyənliklə üzləşir: vətəndaşlıq, mülkiyyət və ailə statusu bir anda yenidən müəyyən edilə bilər. Bu baxımdan, roman həm tarixi sənəd, həm də bədii metaforadır. Tarixi sənəd kimi o müəyyən dövrün sosial strukturlarını, etno-dini münasibətlərini və hüquqi qeyri-müəyyənliklərini əks etdirir; bədii metafora kimi isə daha ümumbəşəri suallar doğur: kimlik necə formalaşır, sevgi nə qədər dözə bilər, fərdin azadlığı nə vaxt kollektiv marağın qurbanına çevrilir? Bu suallar yalnız 1910–1920-ci illərə aid deyil — əsərin qoyduğu problemlər hər dövrdə aktual qalır.

Əsərin fərdi obrazları vasitəsilə hüququn necə təcəssüm etdiyini aydın görmək mümkündür. Naxararyan siyasətçilərə və imperiyaya qarşı realist yanaşma nümayiş etdirir: o, hüququ resursların, statusun, rahatlığın qorunması ilə eyniləşdirir. Kilsə əmlakı müsadirə olunsa belə, o, dövlətin təmin etdiyi qaydanı şəxsi həyat tərzini itirməmək üçün əsas vasitə sayır. Belə mövqe müstəmləkə nizamının hüquqi reallığını göstərir, qanun dağıdıcı, yenidən paylayıcı mexanizm kimi çıxış edir. Qoçu və stansiyadakı köçərilərin baxışı fərqlidir: onlar üçün hüquq uzaq, əlçatmaz və ya funksiyasızdır; onların şikayətləri dövlət qurumlarına deyil, “İran qılıncı” kimi qorxu və mifologiyaya yönəlir.

Bu, çoxmədəni cəmiyyətlərdə hüquqa çıxışın müxtəlif yollarla həyata keçirildiyini göstərir. Naxararyan və onunla hərəkət edən diaspor kapitalı romanın həm iqtisadi, həm də hüquqi əsaslarını möhkəmləndirir. Onun qızıl külçələrini xaricə aparması yalnız təhlükəsizlik məqsədi daşımır, sədaqət və kimliyin pula çevrilməsini xarakterizə edir. Kapitalın ölkədən çıxması yeni sərhədlər yaradır: “biz” və “onlar” anlayışları artıq pul, hərəkət azadlığı ilə müəyyənləşir. Bu isə çoxmədəni mühit üçün təhlükəlidir, çünki etnik və dini qruplar arasında inamın itməsi hüquqi sabitliyi bərpa etməyi daha da çətinləşdirir.

Seyid Mustafanın Keyxosrov haqqında nəql etdiyi rəvayət hüquqi-ideoloji arqument kimi təqdim edilir. Keyxosrovun gürcü qızı ilə nikahı və onun şəkilinin sikkələrə vurulması əmri siyasi hakimiyyətin qərarvermə sahəsinə dair nümunə kimi şərh olunur. Seyidin demək istədiyi budur ki, qanunlar həm dünyəvi, həm də dini tarixdə elastik şəkildə tətbiq olunub, müxtəlif dövrlərdə hökmdarların şəxsi seçimləri hüquqi ölçüləri formalaşdıra bilib.Bu vəziyyətin hüquqi-mədəni nəticəsi odur ki, adət və qanun bir-birinə bağlıdır, hakimiyyətin dilə gətirdiyi “qanun” tez-tez siyasi iradənin ifadəsinə çevrilir. Əsərdə qadın həm qənimət, siyasi simvol, həm də hüquqi obyekt kimi göstərilir, onun nikah, mülkiyyət və nəsil məsələlərindəki statusu həm dini, həm də mədəni hüquq çərçivəsində müzakirə olunur. Seyidin “onun oğlu əlbəttə şiə olmalıdır” ifadəsi valideynlərin dini mənsubiyyətinin uşağın hüquqi-mənəvi təyinatına necə təsir etdiyini göstərir. Bu isə hüquqi pluralizmin, ailə hüququnun və cəmiyyətin normalarının qarşılıqlı əlaqəsini açır.

Obrazlararası müqayisə romanda mənəvi-funksional baxımdan ən faydalı üsuldur. Əli ilə atası arasındakı uçurum modernist–fatalist qarşıdurmasını göstərir; atanın dünyagörüşü ənənə və dövlətə bağlıdırsa, Əli fərdi seçimlərə, müasirliyə meyllidir. Əli ilə Nino arasındakı münasibət isə mədəni sintez və parçalanmanın modelidir. Onların birgə qərarı, uşaqlarına “Tamara” adı vermələri simvolik məna daşıyır: bu ad həm xristian, həm müsəlman mühitində qəbul edilərək gələcək nəsillərin mədəni sərhədləri aşan birləşdirici kimliyinə işarə edir. Əlinin atası obrazı patriarxal düşüncə və dövlətin simvolu kimi təqdim olunur.

O, oğluna daim “ölkənin ehtiyacı var” deyərək şəxsi həyatı və xoşbəxtliyi vətən, millət naminə qurban verməyi tələb edir. Bu yanaşma əsərdə hüququn başqa bir formasını: mənəvi, ailəvi qanunları təmsil edir: fərdi xoşbəxtlik dövlətə və ailəyə xidmətə tabe olmalıdır. Əli ilə əminin qarşı-qarşıya gəlməsi yalnız nəsillərin və dəyərlərin toqquşması yox, hüququn iki fərqli legitimləşmə forması arasındakı toqquşmadır. Əmi ənənəvi və rəsmi səlahiyyətləri təmsil edir: titul, mülkiyyət, çoxarvadlılıq, dini göstərişlər, ictimai nümayişlər onun “qanuni” mövqeyini müəyyən edir. Onun üçün qanun, gündəlik həyatda yaşananlardır. məsələn, arvadların eyni qaydada saxlanılması formal ədalət iddiası olsa da, Əminin Zeynəbə olan xüsusi münasibəti göstərir ki, bu qayda kağız üzərində qalır.

Əli isə daha mürəkkəb bir mövqedədir. O, ənənədən gəlir, amma modern hüquq və fərdi agentlik anlayışına da yaxınlaşır. Şirvanşir, səlahiyyətə malik olmaq istəyir, amma onun imkanları icmanın qınağı, patriarxal şərəf kodları və siyasi qeyri-müəyyənliklə məhdudlaşır. O, hüququ sosial performans vasitəsilə yaşayır, kişilik, şərəf, qəhrəmanlıq kimi normativlər ona cəmiyyətin icazəsini verir və ya ondan məhrum edir. Zeynal ağa ilə qubernatorun ailəsi arasında iqtisadi-mədəni kapital fərqi diqqət çəkir: qubernator ailəsinin estetik və yazılı mədəniyyət üstünlüyü var, Zeynal ağanın isə praktik, maddi gücü. Bu paralellər göstərir ki, hər personaj fərqli hüquq mənbəyinin daşıyıcısıdır. Bəziləri rəsmi qanunu, bəziləri ənənəni, bəziləri isə iqtisadi gücü və sosial legitimliyi təmsil edir. Romanın əsas suallarından biri budur: multikultural cəmiyyətdə ədalət necə təmin edilə bilər?

Qurban Səid bu suala sadə cavab vermir. O, fərqliliklərin qarşılıqlı qorunmasının, rəsmi institutların dayanıqlığının və fərdi hüquqların müdafiəsi üçün institusional əsasların vacibliyini birgəyaşayış üçün anlayış, qarşılıqlı səylər lazımlığını göstərir. Bu iki mənbə bəzən uzlaşır, bəzən toqquşur; nəticədə Əli, Nino, Zeynal ağa və digər obrazlar bu toqquşmanın daşıyıcılarına çevrilirlər. Onların konfliktləri oxucuya başqa bir sual da verir: fərqli mədəniyyətlər və hüquq sistemləri bir arada yaşaya bilərmi? Roman həmçinin multikulturalizmin real siyasi və zorakı tərəflərinə diqqət çəkir. Musa Nağının narahatlığı, ruslarla türk və ermənilər arasındakı münaqişələr, Bolşevik işğalı göstərir ki, şəxsi səviyyədə münasibətlər mümkün olsa da, dövlət siyasətləri və hərbi qüvvələr bu əlaqələri dağıda bilər. Beləliklə, əsər tarixi bir vitrin xassəsidir: mövcud multikultural tarazlığın nə qədər həssas olduğunu göstərir.

Oxucu üçün ən vacib dərs budur: hüquq yalnız kitab səhifələrində məhdudlaşan bir konstruktsiya deyil. O, insanların gündəlik davranışlarında, sosial rollarda, tarixdən gələn hekayələrdə və sarsılmış sədaqətlərdə yaşayır. Romana bu prizmadan baxmaq həm hüquqşünaslara, həm də mədəniyyətşünaslara zəngin material verir: hər obraz, hər mübahisə, hər səhnə hüququn necə formalaşdığını, necə yenidən yazıldığını göstərir. Əsər multikultural məkanlarda kimlik və hüququn qarşılıqlı təsirini açır, beləliklə yalnız iki fərdin deyil, iki hüquqi-mədəni sistemin imtahanı olur. Qurban Səid göstərir ki, nə Qərb qanunu, nə də Şərq ənənəsi təkbaşına insanı azad və xoşbəxt edə bilməz, həqiqi azadlıq yalnız qarşılıqlı hörmət, mədəni anlaşma, vicdanın qanunla vəhdət təşkil etdiyi bir cəmiyyətdə mümkündür.

# 208 dəfə oxunub

Oxşar xəbərlər

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər