Şairlərin vena kəsmək azadlığı

Şairlərin vena kəsmək azadlığı
22 iyun 2011
# 16:26
(esse)

adam öz adını unudur bəzən
bir səhər güzgüyə baxıb görür ki
gözləri qan çəkib güzgüdəki adamın

güzgüdəki adam çıx güzgüdən
çıxmasan güzgünü sındıraram mən
amma inanma sözümə
gücüm çatmaz bu güzgüyə
gücüm çatsa da əl qaldırmaram

güzgüdəki adam bağışla məni
çap etdirə bilmədim yazdığım şeirləri
axar suya gümüş aya danışdım
sənin gizli sirlərini
satmadım satılmadım
bir də satılmaq üçünmü söylə
öz özünə oxunan dualar
boş ver böylədi böylə


özüm də bilmədən aldatdım səni
bağışla vaxtsız qocaltdım səni
sənin tənində yaşayıram mən
güzgüdəki adam kimsən nəçisən


İntibah dövrü rəssamlarının əsərlərində tez-tez güzgü obrazına rast gəlinir. Güzgü və ya ayna varlığın, ədəbiyyatın, fani dünyanın və insan taleyinin rəmzi mənasında təsvir olunur. Güzgü obrazı, ayna metaforası mənim aləmimdə çox önəmli nəsnədir.

Güzgü real dünyayla irreal dünyanın sınırıdı. Bəzən sənətkar bir güzgüdən çıxıb başqa bir güzgüyə girir. Yəni zaman və məkan dışında səyahət edir, röyalarin gərçəklərə dönən yerində güzgülərin sirrinə varır.

Poeziyada gördüyümüz güzgülər fiziki mənasıyla bahəm həm də metafiziki obrazlardı. Poeziya mənim sehrli aynamdı.

***

Təsəvvür edin ki, məşhur bir rəssamın gözəl bir tablosunu parça-parça doğrayırsınız, sonra bu parçalardan birini tamaşaçıya göstərirsiniz, rəssamdan isə öz fırçasından çıxmış əsərin fraqmenti vasitəsi ilə tablonu izah etməsini istəyirsiniz.

İndi mən də belə bir vəziyyətdəyəm...

***

Bu dünya bir aynadı, hər gələn baxar. Bu dünya həm də sınaq, sınıq aynadı.

..İçəri şəhərin əyri-üyrü, darısqal küçələri, yastı dam evlər, pəncərələri...

İçəri şəhərin əyri-üyrü, darısqal küçələri ilə iyirmi beş il bundan öncə bir adam harasa tələsirdi. İçəri şəhərdə yağış yağırdı.

Adam bir pəncərə altından keçirdi, pəncərə ayna idi. Pəncərə aynada bəyaz bir mələk vardı. Mələk onunçün açmışdı pəncərəni, amma fələk yuxuda gəzən adamlar kimi gözləri bağlı gəzirdi onu pəncərənin altından.

Qara sevdalı adam başını qaldırıb yaz yağışına pəncərə açan bəyaz mələyi görmədi. Adam o yaz yağışında başını qaldırıb o pəncərəni, o pəncərədə gülümsəyən bəyaz mələyi görsəydi bəlkə tamam başqa bir tale, tamam fərqli bir ömür yaşayardı.

İndi o adamın ömründə tutulacaq bir budaq qalmayıb. Mən içəri şəhərdə o yağışla axşamı unutmamışam. Görəsən hələ dəmi İçəri şəhərdə, o yaz axşamına, o daş döşənmiş küçəyə yağış yağır...

Bu axşam həmən küçədən orta yaşlı, çalsaqqallı bir şair keçir. Şairin qaməti əyilib, gözləri zəif görür, təbəssümündə dəyişib, o vaxtdan tez qocalıb. Birdən-birə bir pəncərə açılır, yeddi yaşlı bir uşaq pəncərədən baxır. Yolçu ayaq saxlayır. Uşaq qərib yolçuya, yad adama, yad adamsa uşağa baxıb gülümsəyir. Sanki təbəssümləri ilə bir-birini ovsunlayırlar.

Adam uşağın çiyinlərində bir cüt qanad yeri olduğunu aydınca görür. Pəncərəni açan qanadlı uşaq da, küçədən keçən qərib yolçu da mənəm...

***
Şairlərin güzgüləri sındırmaq, özünü pəncərədən atmaq, venasını kəsmək şansları var.

***

Uşaqlığımızda axşamlar güzgüyə baxmaq bizə yasaq edilmişdi. Axşamlar, şər qarışanda güzgüdən yan durardıq. Analar bizi güzgülərdən qoruyardılar. Bəzən aynaya baxmaq mənim içimdə qəribə bir xof oyanır hara getsəm, harda olsam içimdə o xofun havası var. Bu mistik bir xofdur. Yevgeni Boqatın fikirincə, italyan intibahı Fransiz Assiyskinin mistik həyəcanlarından başlayır. Boqat yazır: “İntibah mistisizmi “Yaradıcılığı ilə həyatı bütün təzadları və yönləri ilə maddiləşdirməyə çalışan Leonardo da Vinçinin yaradıcılığı ilə tamamlanır. Hissdə, duyğuda Fransizə nəsib olan Leonardoya nəsib olmadı”.

Güzgülər mistik dünyamızın bariz rəmzidir. Çağdaş sənətkarları bioqrafiyası ilə tanış olan faciə qəhrəmanının faciəvi tənhalığını görməmək mümkün deyil. Güzgü incə bir qüssəylə süslənmiş bir metaforadır, incə qüssə əvəzinə ilahi melanxoliya desəydim, fikrimi daha dolğun, daha dəqiq ifadə etmiş olardım. Güzgü obrazı ilə poeziya arasında tam bir metafizik sistem mövcuddur.

Mən güzgünün içində yaşayıram, sən güzgünün dışındasan”.

***

Məndən güzgüyə qədər olan məsafə reallıqdır. Güzgünün dışı fani, güzgünün içi isə virtual dünyadır, mistikadır.

...Bir evdə adam öləndə güzgülərin üstünü örtərlər. Əski inanclara görə, guya ölünün bədənindən çıxmış ruh adamın güzgüdə görünən əksini çəkib aparar bilər, ölmüş adamın ruhunun güzgüdəki adamın əksini çəkib aparması isə o adamın öləcəyi anlamında qavranılır. Güzgü işıqla qaranlıq, xeyirlə şər, həyatla ölüm arasında bir pərdədir.


göz ala bildikcə göy üzü
tanrı güzgüsüdür çəkir bizi
baxıram tanrı güzgüsünə
baxıram ruhumun rəsmini göstərir mənə


Uzaq gənclik günlərində yazdığım başqa bir şeirdən misralar:

bilməzdik son bahar imiş
onun üçün bu bahar molbertdə bir ağ kətan qalıb
ondan bizə yadigar
bir sehrli güzgüdür bu sonuncu ağ kətan
gözlərini yumub baxsan
sən onu görəcəksən
qara saçları uzun
qara gözləri hüznlü məhzun
barmaqları köhnə fırçalar kimi
yalanmış deyilən sağlıqlar dostlar
qara örpək salın dostlar
bu sonuncu ağ kətanın üstünə

...Yadımdadır, rəhmətlik nənəm güzgüyə baxanda salavat çevirərdi. Güzgüyə baxanda salavat çəkmənin nə olduğunu, əlbəttə, anlamırdım, amma nədənsə bu mənə xoş gəlirdi, bir uşaq marağıyla namaz qılan nənəmi izləyirdim, ona xoş gəlmək üçün güzgüyə baxanda salavat çevirirdim. Hanı hanı o gözəl günlər, hanı?

...Mömin müsəlman canamaza güzgü qoyur namaz qurtarandan sonra o, salavat çevirir. Canamaza qoyulmuş güzgüyə çevrilmiş salavat əslində Peyğəmbərin camalına çevrilmiş salavatdır. Hədislərdən birində Allahın rəsulu özünü güzgü adlandırıb...

Uzun illər öncə abstrakt rəssamlıqdan ətkilənirdim. Abstrakt rəssamların ətkisiylə abstrakt şeirlər yazmaq amacındaydım. Moderin rəssamlıq olanaqları ilə şeir olanaqları bir-birindən təsirləndiyimi söyləsəm heç də orijnal görünməyəcəyimi bilirəm.

Bu qənaətə gəldim ki, gerçək sənət abstrakt deyil, reallıqla irrealığın arasında yaşayır. İndi xatırlaya bilmədiyim bir müəllif deyir ki, poeziya real gerçəkliyin nə imitasiyası nə də şərhidir. Poeziya daha yüksək dərəcədə bir gərçəklikdir. Güzgü abstrakt obraz deyil, güzgü gerçəklikdir. Göz yaddaşın naminə təsviri sənət elementlərindən, plastik sənət özəlliklərindən bol-bol faydalandım. Sürrealist rəssamlıqda tam bir metafizik sistem mövcuddur və bu sistem abstrakt sistem deyil. Mənim taleyimə şair ömrü yaşamaq düşüb.

Meyxana güzgüsündə
əski sevdalar canlanır
meyxanə güzgüsündə
meyxanə güzgüsündə əski xatirələrinə baxır
başı bəlalı bir qərib yolçu
şərab dolu qədəhi ovcunda sıxır sıxır
sıxır sıxır və qədəh sınıb kəsir əlini
qan içindədi qəribin ovcu
qan içindədi çaxır
meyxana güzgüsündən
ceyran gözlü bir gözəl baxır
kiprikləri arasından damla damla yaş axır

“Paradi” kafesində ispan musiqisi köhnə ispan şərabı kimi başımı dumanlandırır. Pəncərə çərçivəsində urbaniet bir mənzərə. Dumanlı başımda əski xatirələr canlanır. İspan musiqisinə qulaq asa-asa gizli eşq macəraları yaşayan aşiqlər haqqında düşünürəm.

Cibimdə 25 dollar ümid var.

Röyalarla gerçəklər arasındayam.

Musiqidənmi, şərabdanmı, qara sevdadanmı sərxoşam, bilmirəm. Meyxana güzgüsündə ceyran gözlü qadın birdən-birə qeyb olur. Onun yerində ispan rəssamı Fransisko Qoyyanın “Çılpaq maxa” tablosu peyda olur. Fransisko Qoyya haqqında bir neçə kəlmə-gəncliyində dəliqanlı Fransisko monastırdan rahibə qaçırmışdı, amma tamam başqa bir qadınla evləndi. Və üçüncü bir qadını hersoginya Albanı dəlicəsinə sevdi. Fələyin bütün tuzaqlarına rəğmən Qoyya xoşbəxt idi sanıram. O, bir rəssamın xoşbəxt ola biləcəyi qədər xoşbəxt olub.

Mən bir ömür boyu metafizik güzgülərdə səadət aramışam. Güzgülərdə səadət aramaq hədər-səadət nəsib olmur şair doğulanlara...

***

Şairlərin bir güzgünün içindən çıxıb başqa bir güzgüyə girmək, güzgüləri sındırmaq, özlərini pəncərədən atmaq, venasını kəsmək şansları var.


Adil MİRSEYİD
# 1387 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #