Kulis.az tanınmış şair Dilsuzun yeni şeirlərini təqdim edir
NƏ BİLƏSƏN...
Dişləyəndə ağrıyırmı alma?
Çiçək də məst olurmu
insan ətrindən?
Su buz olmaq istəyir, yoxsa buxar?
Dəniz də islanırmı
yağışlı havalarda?
Londonda,
Santyaqoda,
Seulda
birdirmi ana bətninin ekologiyası?
Niyə günəş dəyirmi,
pəncərələrimiz dördküncdür?
Ağac, yamyaşıl ağac
ağzı ovxarlı baltadan çox qorxur,
yoxsa quraqlıqdan?
Heyvanların da
ərəbi, yəhudisi, hindlisi varmı?
Cənnət yaxındadı, ya cəhənnəm?
O dünyada da
ermənilərlə qonşu olacağıq?
Şuşadan da uzaq yer varmı kainatda?
Nə biləsən...
BÖYÜK İNSANIN ÖLÜMÜ
İsmayıl bəy Qaspıralının əziz xatirəsinə
Gün günortadan əyildi.
Bütün evlərimizdən
qaldırdıq tabutunu,
Bütün qəbirstanlıqlarımızda
dəfn etdik səni.
Yerin behişt olsun.
Qəbrin nurla dolsun.
Amin.
DUA
Dənizin ortasında
parça-parça olmuş bir qayığam -
Duz yandırır yaralarımı...
Saman çöpünə çatmır əlim,
Uzaqlarda,
lap uzaqlarda
qəfil ümid kimi
peyda olmuş bir gəmi
birdən-birə dəyişir səmtini –
Üz tutur qüruba doğru...
Budur, axıb qurtardı günəşin qanı.
Göydənmi endi,
dalğaların arasındanmı çıxdı
kaftar gecə?
Vurnuxur ətrafımda
qismətini axtaran bir köpəkbalığı
Və heç nə gəlmir ağlıma
şəhadət kəlməsindən-
duadan savayı...
***
Qorqud dədə
üstəgəl
Molla Nəsrəddin
üstəgəl
Məhəmməd Füzuli
üstəgəl
Mirzə Fətəli Axundzadə
üstəgəl
Həsənbəy Zərdabi
üstəgəl
Mirzə Ələkbər Sabir
üstəgəl
Cəlil Məmmədquluzadə
üstəgəl
Üzeyir bəy Hacıbəyli
üstəgəl
Səttar Bəhlulzadə...
Səttar Bəhlulzadə...
Səttar Bəhlulzadə...
İlahi, biz niyə belə azıq?
YA MƏNƏ BELƏ GƏLDI?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər:
Nazim Hikmət,
Abidin Dino,
bir də İbrahim Balaban...
Ya mənə belə gəldi?
Gül səbətlərinin,
uşaq arabalarının
və göy qübbəsindən sallanan
yelləncək iplərinin arasında
heyrətlə baxırdılar İstanbula...
İstanbul da İstanbuldu ha! -
köksündə – ürək yerinə mavi dəniz,
boynunda – şərf yerinə
allı-güllü yaz mövsümü...
Ya mənə belə gəldi?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər:
birinin əlində
infarktdan dəlik-deşik olmuş ürək,
birinin əlində
qaranlığı dəlmək üçün
günəşdən düzəltdiyi külüng,
birinin də əlində
boyası qurumuş fırça...
Torpaq çanaqlarda
günəşin şəfəqlərini içə-içə
türkü oxuyurdular:
“Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq –
Necə çıxar qaranlıqlar aydınlığa...”
Ya mənə belə gəldi?
İndicə burada –
Gülhanə parkında,
şabalıd ağaclarının altında idilər...
Yox oldular...
Deyəsən, ömrün o üzünə keçdilər...
Ya mənə belə gəldi?..
ÇADIR ŞƏHƏRCİYİNDƏN REPORTAJ
Yusif Səmədoğlunun əziz xatirəsinə
Axşam namazından sonra
böyrü-başı dəlik-deşik bir çadırda
bir qarı köks dolusu bir ah çəkdi!
“Yer üzündə yerimiz yox,
Göy üzündə göyümüz yox,
Gücümüz yox, heyimiz yox...
Səni dağılasan, dünya!”
Bu ahdan
çatladı göy qübbəsi –
Sapı qırılmış
təsbeh dənələritək
dağıldı ulduzlar,
Ay – namnazik yemiş dilimi
qopub düşdü yerə...
Qurudu irmaqlar.
Yandı, kül oldu dağlar.
Nə göy üzündə göy qaldı,
Nə yer üzündə yer...
Ora bax... Ora bax...
Bu vurhavurda
başını götürüb,
şeytan buludların arasıyla
harasa qaçır Allah...
HAQQ QAPISI
Əynimizin buzdan kürkü -
Nə yamanmış tanrı görkü...
Görən bu dən nə dəndi ki, -
Əkən əkər, biçən biçməz.
Budaqlara qonan quşdu,
Sinəsi gülləyə tuşdu...
Baş açmıram bu nə işdi –
Atan atar, uçan uçmaz.
Dünya bağlı bir qəfəsdi,
Çırpınırıq... Yox, əbəsdi.
Son taqətdi, son nəfəsdi –
Qovan qovar, qaçan qaçmaz.
Bilinmir axşamla səhər,
Bilinmir sevinclə kədər,
Bilinmir şərbətlə zəhər –
Tökən tökər, içən içməz.
Göy üzü göy buludludu,
Yer üzü məxmər otludu.
Dünya beləmi dadlıdı –
Doğan doğar, köçən köçməz.
Günlər quştək qanadlıdı.
Hərə bir cür ümidlidi...
Haqq qapısı kilidlidi –
Döyən döyər, açan açmaz.
BİZİM ƏSGƏR
(Mahnı mətni)
Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun əziz xatirəsinə
Xor: Yaşa, yaşa, sən yaşa, vətən,
Yaşa, yaşa, min yaşa, vətən.
Ana: Buludtək dolaram, laylay,
Çiçəktək solaram, laylay.
Vətənə qurban olanın
Qurbanı olaram, laylay.
Mələklər: Sən cənnətə xoş gəldin,
Şan-şöhrətə xoş gəldin,
Qibləgaha xoş gəldin,
Səcdəgaha xoş gəldin -
Qarabağa xoş gəldin!
Müğənni: Şəhidlər ocağına –
Azərbaycan torpağına
xoş gəldin!
Xor: Cəsur ərlərə eşq olsun!
Cəngavərlərə eşq olsun!
Müğənni: Bizim əsgər igid olur, mərd olur,
Düşmən görsə, qəzəblənir, sərt olur.
Qurd oğludu – döyüşlərdə qurd olur,
Fikri-zikri, tək amalı yurd olur.
Ana: Sarı zəmi biçildimi,
Soyuq sular içildimi,
Səbrimiz tükəndi, daşdı,
Düşmən səddi keçildimi?
Müğənni: Vətən eşqi qüvvət oldu qoluna,
Əldə silah – çıxdın zəfər yoluna.
Arxanca minlər, milyonlar gələcək,
Neçə-neçə qəhrəmanlar gələcək.
Ana: Toplar-tüfənglər dinsin,
Dağlar-daşlar ərisin.
Şir ürəkli igidlər
Düşmən üstə yerisin!
Müğənni: Bir budaq da vətəndi,
Bir yarpaq da vətəndi,
Bir bulaq da vətəndi, -
Heç nə bədniyyətə qalmasın,
Qisas qiyamətə qalmasın.
Xor: Yaşa-yaşa, sən yaşa, vətən,
Yaşa-yaşa, min yaşa, vətən.
CƏNUBDAN ƏSƏN YAZ
Cənubdan əsən yaz
Bu dünyanın
dağından, düzündən keçir,
çopur üzündən keçir...
Gözün aydın, dünya!
Çiçək çiçəklə sevişir,
Böcək böcəklə sevişir,
Quşun quşa qaynayır qanı,
Daşın daşa qaynayır qanı...
Cənubdan əsən yaz
Yuyur, bu dünyanın pasını yuyur,
Dərdini, qəmini, yasını yuyur...
Yarpaq işığında, gül işığında,
Durna işığında, su işığında
On doqquz yaşına girir qovaqlar,
Söyüdlərin hörükləri topuqlarını döyür.
Gözün aydın, Tuqay meşələri!
Gəlin oldu ağacların –
İnnən belə qarımazsan,
İnnən belə qurumazsan.
Cənubdan əsən yaz
Araz olur – lillənir,
Kəpəz olur – güllənir...
Gözün aydın, Murov dağı,
Əriyib qurtardı qarın.
Qaldı
mənim içimdəki ağrı-acı...
Cənubdan əsən yaz,
Mənim əkdiyim ağaca da qon!
Sal üstünə yarpaq-yarpaq ağırlığını,
Sal üstünə çiçək-çiçək ağırlığını...
Bu əriyə nə olub?
Bu ağacı kim güldürüb?
Bu gilas bu qədər gözlə nəyə baxır?
Cənubdan əsən yaz
Yurduma çırpır qanadlarını,
Ürəyimə çırpır qanadlarını,
Şerimə çırpır qanadlarını...