Abort olunsam, daha xoşbəxt idim

Abort olunsam, daha xoşbəxt idim
12 noyabr 2019
# 10:30

Tək Azərbaycanda deyil, dünyanın xeyli ölkəsində “abort günahdır” düşüncəsi yaşamaqdadır. Bu zehniyyəti doğuran bir çox səbəblər var.

“Youtube”da abort prosesinin istər canlı olaraq çəkilmiş, istərsə də 3D animasiya çarxları mövcuddur. Hamiləliyin hər ayına uyğun körpənin hansı inkişaf mərhələsində olması, mikroskopik planda orqanların necə doğranaraq çıxarılması çox qorxulu, tükürpədici görünə bilər.

Amma...

Dünyanın inkişaf etmiş ölkələrində abort haqqında qanuna nəzər yetirsək, təəccüblənərik. Tutalım, dünyanın ən proqressiv, həyat şərtləri yüksək ölkəsi Kanadada qadınların aborta getməsinə hüquqi qadağa yoxdur. Hamiləliyin istənilən ayında ana xəstəxanaya müraciət edə və heç bir çətinlik çəkmədən bətnindəki uşağı aldıra bilər. Məsələnin ən önəmli tərəfi budur ki, məhz ananın qəbul etdiyi bu qərara nəinki kənarın, hətta atanın belə müdaxiləsi qadağandır. Qanunda çox sadə izah var-ana belə istəyir!

Ana belə istəyirsə, qanun onun tərəfindən çıxış edəcək, anaya haqq verəcək.

İngiltərədə abort haqqı hamiləliyin 24-cü həftəsinə kimi məqbuldur. Bu müddətdə sonra uşağa hər hansı cərrahi müdaxilə qanunla qadağandır. Avropa ölkələrindən İrlandiya, Maltada isə aborta qarşı sərt qadağalar var. Təəssüfləndirici haldır.

Örnək ola biləcək ölkələr azlıq təşkil edir.

İstisnalar olsa da, muqayisədə Avropa Birliyi qadın haqları, bu sahədəki təşkilatlanma, sivil toplum və sosial proseslər məsələsində daha üst səviyyədədir.

Buna baxmayaraq, məsələn, İtaliyada müəyyən müddət ərzində abort hüququ tanınan qadınlar dövlət xəstəxanalarında həkimlər tərəfindən ciddi psixoloji təzyiqə məruz qalır. Həkimlər hamiləlik prosesini bilərəkdən uzada bilir və sair.

Azərbaycanda, deyilənə görə, ana bətnindəki döl müxtəlif sosial səbəblərə görə 12-22 həftə aralığında cərrahi müdaxilə ilə abort edilə bilər. Və deyilənə görə Azərbaycanda, abortun qadağası haqqında heç bir hüquqi sənəd, konsepsiya yoxdur. Bizim demoqrafik planımız stabil və standart nizamdadır.

Dövlət abortu qadağan etmirsə, bəs cəmiyyət içərisində aborta bu münasibət hardan qaynaqlanır? Niyə bir ananın uşaq sahibi olmağa hələ hazır olmamasını dilə gətirməyə imkanı, haqqı, hüququ çatmır?

Abort hüququ bir qadının öz fizioloji, psixoloji sağlamlığı və bədəni üzərindəki hakimiyyətidir. Bir ana heç bir kəsdən, heç bir səbəbdən asılı olmayaraq hələ dünyaya göz açmamış, hələ bətndə olan övladını bu vəhşi, azğın, pozğun dünyaya gətirmək istəməməkdə azaddır. Hamiləliyin neçənci ayında olur, olsun, fərqi yoxdur.

Hamiləliyin ilkin çağında qadının hüquqlarının tanınması, sonrakı mərhələdə bu hüququn onun əlindən alınması absurddur. Prinsipcə ana bətninə düşmüş dölün özü də canlıdır. Sonradan o canlının inkişaf etməsi məsələnin məğzini dəyişməməlidir.

Azərbaycanda abort etmək istəyən qadınlara qarşı ciddi psixoloji və sosial təzyiqlər var. "Qorunardın!", "Diqqətli olardın, çək cəzanı!", "Beş dəqiqəlik həzzə qurban getmək olmaz!" və sair və ilaxır kimi danabaş münasibətlərlə qarşı-qarşıya qalan qadın, elə hiss edir ki, sanki, proses birtərəfli olub, uşaq öz-özünə yaranıb. Kişi adlı şəxs bir müddətlik qeyb aləminə çəkilir.

Yaşadığımız cəmiyyətin dəyərləri, düşüncəsi, zehniyyəti patriarxallığa o qədər xitab edir ki, doqquz övlad dünyaya gətirən ana cahil, beyinsiz hesab olunanda, ata qəhrəmana çevrilir, kişilik mücəssəməsi kimi təqdim olunur.

İlleqal və ya leqal yolla doğulacağından, yaranmasından asılı olmayaraq, ananın o uşağı sağlam böyüdə biləcək mühiti, psixoloji və fiziki durumu, maddi təminatı yoxdursa, doğum aktını yaşaması ən yaxşı halda ağılsızlıqdır. "Uşağın ruzisini Allah verir" isə səfsəfədir. Və çox təəssüf ki, Azərbaycan cəmiyyətində insanlar istənməyən, plansız yaranan uşaqları məhz bu səfsəfənin təlqin etdiyi prinsiplə buraxırlar qorxulu həyatın ağuşuna. Guya, səni bir bətndə ölməkdən azad etdik, həyat daha gözəldir. Sürün və öl!

Abortdan keçən qadına "qatil" deyən zehniyyət çürükdür.

Bətnindəykən bu həyatda yaşaya bilməyəcəyini müəyyən edib körpəsini "öldürən" qadın qəhrəmandır. Dövlət o qadına qayğı göstərməlidir ki, o, cəmiyyətə yaralı, ağrılı uşaq gətirməkdən, ölkəni daha artıq bir işsizdən, savadsızdan, tutalım, barbardan, yararsız fərddən xilas edib.

Az iş deyil ki!

Həyatda olan, yaşayan körpələrimizi mentalitetin kif qoxulu dəyərləri hansı səviyyədə qoruyur, məlum məsələdir. Gözünün qarşısında anası öldürülən körpə daha məsumdur, yoxsa, bətndə heç bir iyrəncliyə şahid olmamış balaca?

Sanki bütün yaşayan, var olan uşaqların maksimal yaşayışı var, indi insanlar hələ dünyaya gəlməmiş abort edilənlərin dərdini çəkir.

Bir qadının 9 ay bir canlını öz bədənində gəzdirmək istəməməsi cinayət deyil. Bütün sosial, psixoloji, fiziki, maddi məsələləri yerində olub yenə də imtina etməsi, bunu istəməməsi onun haqqıdır. Bətn onundur, bətndəki proseslər ona aiddir. O ağrılar, psixoloji hallar ona aiddir. Körpənin yaranmasında iştirak edən kişinin bu məşəqqətli zaman dönəmindən uzaq başı, xəbəri ola bilər.

Ordan-burdan oxuyar, eşidər. Amma o hissləri yaşaya bilməz deyə, qadının qərarlarına qarışmağa haqqı yoxdur. Ondan getmiş bir miqdar maye kütləsinin sorğusunu apara bilməz, bu öhdəliyi ona heç kim verməyib.

Məsələn, düşünürəm ki, anam məni abort etsə, ona sonsuza kimi minnətdar olardım. Məni bu çirkin həyata tulladığına görə onu bütün günü qınamaqla məşğulam. Arada olur, lap əlimin işini yerə qoyub saatlarla öz-özümə anamın qarasına deyinirəm.

Abort olunsam, indi daha xoşbəxt idim!

# 8327 dəfə oxunub

Müəllifin son yazıları

# # #