Niyə ölmürsən, ay sülək! – Bircənin Romanı

 Niyə ölmürsən, ay sülək! – Bircənin Romanı
7 iyun 2019
# 08:58

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir

əvvəli burada

Mayda kəndimizə bir fəlakət də üz verdi – camaatın barındığı kəllədəgöz su arxını erməni qurutdu. Neçə para kənd qaldı ortalıqdakı şoran artezianın umuduna. İşığı saatla verirdilər; işıq yanan kimi camaat artezianın suyuyla mal-qarasını, toyuq-cücəsini, itini-pişiyini sulayırdı, qab-qacağını doldurub evlərə daşıyırdı. Di gəl, o suyla çimmək, paltar yumaq olmurdu. Onsuz da kasıb olan kənd əhlini satın su almaq əldən salırdı. Qonşumuz Yetərgil paltarlarını çimdikləri suyla yuyurdular, sonra da şoran artezianın qabağındakı daşlara döyə-döyə əyin-başlarını birtəhər təmizə çıxarırdılar.

Atam üçtonluq su çəni almışdı, ayda iki dəfə su maşını gəlib çəni içməli suyla doldururdu. Hamımız çiməndən sonra kirli paltarlarımızı yığıb gedirdim Səməndərgilə, orda yuyub qurudub ütüləyirdim, səhəri Rüfət gəlib məni evimizə qaytarırdı.

Cavid idmanda yaxşı nəticələr göstərirdi, arabir yarışlara qatılıb mükafatlar, fəxri fərmanlar qazanırdı. Onun uğurları Rüfətdən ötrü toy-bayram olurdu, Cavid yarışa çıxdığı günlərdə dayısı kəndin uşaqlarını “Qazel”ə doldurub ona azarkeşlik eləməyə aparırdı. Kənddə olanda Lalə də onların təntənəsinə qoşulurdu. Bir dəfə Cavidlə Rüfət rayondan gələnəcən bacım atamın darvazamıza yaxdığı göy rənglə ağ vərəqlərə şüarlar yazıb küçəmizdən asmışdı. Evə dönəndə o plakatları görən Cavid həyəcandan titrəyirdi...

Məktəb tətilə bağlanıb oğlum doqquzuncu sinfə keçəndə Kamil qardaşlarımı yığıb məsləhət-məşvərət elədi:

- Biz onsuz da bu uşaqdan idmanşı, ya musiqiçi düzəldəsi deyilik. Bütün məşğələləri dayandırıb onun təhsilinin üstündə durmalıyıq.

Pedaqoji məsələlərdə Kamildən tam beli bağlı olan Aqil dedi:

- Nə məsləhət görürsən onu da eləyək.

Kamil Bakıda neçə il qabaq açılmış türk məktəbini isnad verdi. Öz oğlunu da dördüncü sinifdən sonra aparıb o məktəbin Mingəçevirdəki filialına qoymuşdu.

- Onların qurduğu sistem çox xoşuma gəlir. Düzdü, təhsil haqqı yüksəkdi, ancaq hamımız birləşsək Cavidi orda oxuda bilərik.

Doğrusu, təklif mənim ürəyimcə olmadı.

- Yox, mən uşağımdan ayrı qala bilmərəm, - dedim, - gedər başına bir iş gələr. Həm də orda uşaq oxutmağa bir ətək pul lazımdı.

Atam da mən deyəni dedi:

- Ayda bir dəfə uşağı evə buraxacaqlar. Çöl-bayır görməyib, tanımadığı yer... El bizə gülər, elə bilərlər bir qarın yeməyə qıymadıq.

Mən o məktəbi sovetin internatı kimi təsəvvür eləyirdim. Aqil dəridən-qabıqdan çıxıb atamla məni yola gətirməyə çalışırdı:

- Nə internat, orda imkanlı adamların uşaqları oxuyur. Sənin uşağının ayrıca otağı, yanında tərbiyəçisi olacaq. Ən yaxşı müəllimlərdən dərs alacaq, hər həftə bir rayona ekskursiyaya gedəcək.

Nə danışırdılarsa başıma batmırdı. Elə bilirdim uşağımı əlimdən alıb türk məktəbinə qoyandan sonra məni də birinə verib evdən genidəcəklər...

***

Aqil təhsil haqqını öz boynuna götürdü. Kamil mənim yalvar-yaxarıma məhəl qoymadan bir ay sərasər Cavidi imtahanlara hazırladı. Uşaq özü də o məktəbdə oxumağa həvəsliydi, dayısının tapşırıqlarına canla-başla əməl eləyirdi.

İmtahan günü qəsdən Cavidi oyatmadım – istəyirdim yatıb qalsın, gedib imtahana çatmasın. Obaşdan darvazamız döyüləndə özümü vurdum yatmışlığa. Kamil mənim niyyətimdən duyuq düşmüşdü – hasardan aşıb evə şığıdı, Cavidi yerindən hop götürüb geyindirdi, dan üzü uşağı qabağına qatıb yola düşdü.

İki kilometr piyada yol yeriyib Mingəçevirə gedən avtobusa çatmalıydılar. Kamilin sənədləri qaydasında olmadığından uzaq yerə maşın sürə bilmirdi. Sonralar Cavid danışırdı ki, dayım şeir deyə-deyə nəfəs dərmədən iri addımlarla yeriyirdi, mən də onun dalınca qaçırdım... Arada yorulub geri qalan uşağa dayısı “İndi hünər vaxtı, qeyrət dəmidi, Sən də əsirgəmə kömək əlini” deyib onu irəli səsləyirmiş. Bu iki misranı Kamil yol boyu o qədər təkrarlayıb ki, Cavidin yaddaşına ömürlük həkk olunub.

Onlar gedəndən sonra yenə quluzuma düşdüm, gözüm saatda qaldı. Allaha yalvarırdım Cavid yaxşı nəticə göstərməsin. Həyətimizdəki çardağın altında oturub balalarına yem daşıyan qaranquşlara baxa-baxa köks ötürürdüm. Mənim bir qaranquş qədər də azadlığım yoxuydu – balaları qaranquşdan, mən də balamdan asılıydım.

Diləyim hasil olmadı, Cavid imtahanı uğurla verib liseyə götürüldü. Qardaşlarım sevincdən uçurdular, atam-anamla mən yasa batmışdıq. Səməndər elə hey məni dilə tuturdu:

- Gün gələcək, sən bu qərarı verdiyimizə görə bizə min dəfə sağol deyəcəksən. Uşağın orda çox yaxşı yetişəcək. Məktəbimiz sən görən deyil, erməni gecə-gündüz başımıza od yağdırır, hər dəqiqəsi ölüm-itimdi. Cavidin tay-tuşu çöllərdə qoyun-quzu otarır. Burda qalsa uşağın axırı yaxşı olmayacaq. Baxarıq, pis olarsa geri qaytararıq.

Ağlayırdım, Səməndərin üzünə qayıdırdım:

- Dörd para kəndin uşağını Kamillə sən hazırlayıb ali məktəblərə göndərmisiz, indi mənim bir balamı niyə qırağa kürüdünüz?

Səməndər məni qucaqlayıb saçımdan öpürdü:

- Ay sənin balana qurban olum, bax mən onu tarixdən, Kamil də riyaziyyatdan hazırladıq, bəs qalanları? Bir güllə yaz olmaz, orda sənin uşağın hərtərəfli dəyişəcək, biz ora gil veririk, onlar o gildən adam düzəldib bizə qaytaracaqlar...

***

Yayı yola verdik, sentyabrın 5-də Səməndərlə Kamil Cavidi götürüb Mingəçevirə getdilər. Buna qədər Hakim avqustda gəlib uşağı Bakıya aparmışdı, Aqillə birləşib ona çoxlu pal-paltar, çanta, kitab-dəftər almışdılar.

Cavid gedəndən sonra evimiz bombolomboş qaldı. Əlim-qolum qırılıb yanıma düşdü, qədəmlərim yer tutmadı. Səhərdən axşamacan Cavidlə dilləşən gəlin də mənə qoşulub ağlayırdı:

- Vallah uşaqlarımı incitsə də, cavabımı qaytarsa da Cavidin getməyini istəmirdim.

Gəlindən gözləmədiyim bu yanımcıllıq kədərimin səbbini bir az alırdı. Deyirdim qoy getsin, qoy bir az çətinlik görsün, bu körpələrin də qulağı dincəlsin – kitabına, dəftərinə əl vuranda Rüfətin balalarının ətini yeyirdi.

İlk on günü havalı dolandım, evdə əlimi ağdan-qaraya vurmadım, heç yemək də bişirmədim. Halımı belə görən atam:

- Bu qız bizi acından qıracaq, - deyirdi, - biz cəhənnəmə, heç olmasa get üzünü yu.

Kişi atmaca-zarafatla aranı yumşaldıb eynimi açmaq istəyirdi. Bir axşam atam sevincək yanıma gəlib telefonunu mənə uzatdı:

- Ay Bircə, gör kim zəng eləyib!

Əlim bərkdə olduğundan kişi telefonu qulağıma söykədi, doğma bir nəfəs qulağımdan canıma axdı:

- Ay Bircə, ay ana, mənəm ey, Cavid!..

Dostum, onun dilindən qopan ana sözü tükümdən dırnağımacan bütün hüceyrələrimə dəyə-dəyə canımdan cərəyan kimi axdı. Bu neçə gündə ölüşgəyib sallanmış qulaqlarım qızarıb qonça kimi açıldı. İndiyəcən atamın, qardaşlarımın yanında Cavidi qucaqlayıb öpməmişdim, ona nəvazış göstərməmişdim; indi mənlə burun-buruna dayanmış atamı gözüm görmədi. Elə bağırdım, səsim balama telefonsuz da çatardı:

- Can Bircə, can ana, səsinə qurban olum, boyum boyda balam (nənəm bizi sevib əzizləyəndə belə deyərdi).

Hönkürtüm uşağın nə dediyini anışdırmağa qoymadı. Danışdım ağladım, onsuz dözə bilmədiyimi dedim. Cavid məni dinməzcə dinləyib dilləndi:


- Ana, ağlama, yaxşıyam. Hərdən gecələr mən də ağlayıram. Dayıma denən gələndə səni də gətirsin. Vaxtım bitir, daha danışa bilmərəm, - deyib telefonu qapatdı.

Əllərim xamırlı özümü atdım Kamilgilə:

- Cavid mənə ana dedi, - deyib sarıldım qardaşıma.

Kamil ucadan güldü:

- Yetər demədi ki? (acığı tutanda Cavid məni pəltək qonşumuzun adıyla çağırırdı).

- Yox, gah Bircə dedi, gah ana dedi.

***

İyirmi günün tamamında Kamil məni Cavidin görüşünə apardı. Çoxlu şirin piroq, peraşki bişirdim, Cavidin xoşladığı konfetlərdən alıb yükümü tutdum.

Uşağımın qaldığı yeri, oxuduğu məktəbi görəndən sonra dinclik tapdım. Cavid gözəl müəllimlər, tərbiyəçilər əlinə düşmüşdü. Ən çox da televizor olmadığına sevindim. Uşaqlar günortayacan məktəbdə oxuyur, günorta iki saat yatır, sonra qaldıqları evə gedib dərslərini hazırlayırdılar. Cavidin iki tərbiyəçisi vardı, gündüzlər onun dərsləriylə məşğul olur, gecələr də növbəylə yanında qalırdılar.

Evdən uzaq düşmək onu çox dəyişmişdi – o hökmran, ərkəsöyün uşaqdan əsər-əlamət qalmamışdı. Məni görcək üstümə atılıb boynuma sarıldı, gözlərindəki yaşı elə ordaca geri axıtdı:

- Daha sənə Bircə deməyəcəm, - dedi, - kim anasını sevmirsə, müəllimlər də onu sevmirlər.

Balamı qucaqlayıb içimə çəkdim:

- Ürəyin necə istəyir, elə də de. Müəllimlərindən qorxub ana deyirsənsə heç demə, yenə adımı de.

Cavid udquna-udquna üzümə baxıb:

- Yox, heç kimdən qorxmuram, - dedi, - mən də burdakı uşaqlar kimi anama ana demək istəyirəm. Gecələr hamı anasından danışanda mən də səndən danışmaq istəyirəm. Bura gəldiyimə həm sevinirəm, həm də pis oluram...

Kamil biz ana-balanı baş-başa buraxıb özü bir daldaya çəkilmişdi. Cavid danışırdı, mən onun şəkil kimi surətinə, balaca burnuna, zil qara tellərinə baxmaqdan doymurdum. Göz qabağında balamı tez-tez qucaqlamağa utanırdım, həm də qorxurdum uşağımın gimnazist sığalı pozula.

Bacı-qardaş axşamacan Cavidin yanında qaldıq, yatdığı yerə baxdıq, müəllimləri, sinif yoldaşlarıyla tanış olduq. Sağollaşıb qayıdanda uşaq boynumu qucaqlayıb gözüyaşlı anasına görüb-götürmüş adam kimi təskinlik verməyə başladı:

- Bircə (dili ana deməyə hələ öyrəşməmişdi), sən pis olma, mən orda avara qalmışdım. Sinif yoldaşlarımın hamısı qoyuna-quzuya, əkinə-biçinə gedirdi. Kəndin ortalığında futbol oynamağa uşaq tapmırdım, qoca kişilərlə domino çırpırdım. İndi burda mənim o qədər dostum, yoldaşım var ki! Dərsimi həvəslə oxuyuram, doyunca futbol oynayıram...

Cavid məni evə arxayın salıb göndərdi. Yol boyu mən ağladım, Kamil danışdı:

- Yadında nənəm nə deyirdi – axsaq eşşəklə karvana qoşulmaq olmaz, otursan yoldaşdan qalacaqsan, yatdın evin yıxıldı. Sənin uşağın belə gözəl müəllimlərin əlinə düşüb. Onlar sənin xammalından sənə əla bir məhsul verəcəklər, uşağını hərtərəfli yetişdirəcəklər. Sən böyük şəhərə ağıllı bir uşaqla qədəm qoyacaqsan. Görürsən, səndən ayrıldığı heç bir ay deyil, üstünə qaçır, sənə ana deyir. Bir də gələndə uşağını heç tanımayacaqsan...

***

Cavidin yerini-yurdunu görəndən rahatlıq tapmışdım. Hər işi əlucu, hər söhbəti dilucu yola verirdim. Balam yanımda yoxuydu deyə evdəkilər mənə bir köynək yad gəlirdi. Əvvəlki kimi saatlarla mətbəxdə qalmırdım, kimin ağzı nə istəyirdisə tezcə ütələyib süfrəyə düzürdüm, evin təmizliyinə də elə can yandırmırdım. Öynələri ötüşdürüb özümü verirdim kitabların arasına, anamın başı qarışanda isə qaçırdım xəstə bacıların yanına. Qızlar yenə də aclıqla dərdlərinə çarə qılmağa çalışırdılar.

Rüfətin yarımçıq qızı hara getsəm yapışırdı ətəyimdən. Bir dəfə onu da özümlə xəstə bacıların yanına apardım. Çömçəni mikrofon kimi ağzına dirəyib onlara şeir söylədi, mahnı oxudu, oynadı. Sonra üzünü qızların anasına tutub:

- Ay nənə, mən yoruldum ey, - dedi, - sizdə konfet, şokolad yoxdu, verin yeyim də.

Aytac belə deyəndə qızların ağlar üzü güldü, bir ağızdan analarına:

- Dur bu qəşəng qıza bir süfrə aç, - dedilər, - gör Bircə ona necə dərs keçib.

Həmin gün bacıları öpə-öpə Aytac yedizdirdi. Sonra yeməli şeylərdən torbasına yığıb əlimdən tutdu. Biz pilləkəni düşəndə dərdli ana ağlaya-ağlaya boynuma sarıldı:

- Bircə, qadan alım, amandı bizi unutma, arada Aytacı götür gəl, - dedi. – Balalarım gözüm baxa-baxa özlərini öldürürlər. Sizin hesabınıza gör nə qədər yemək yedilər.

Aytac ağzımı açmağa imkan vermədi:

- Yolu tanımışam, nənə, gələcəyik...

Anam bizi siyirməqılınc qarşıladı:

- Özün getdiyin bəs olmadı, bu uşağı da dadandırdın ora? Xəbərin var, Cavid gedəndən əlini ağdan-qaraya vurmursan? Qabağımıza bir az it yalı bişirib atıb orda-burda gizlənirsən.

Yenə ildırımını şaqqıldatdı, dolusunu yağdırdı, içindəkiləri boşaldıb xurd düşdü.

- Budu sənə deyirəm, bir də toyuğu, hinduşkanı kəsib bu evdə qazan assan səni el içində tüncar eləyəcəm.

Boynuma almadım:

- Onu hardan çıxartdın? Mən toyuq-cücə kəsməmişəm.

Söz ağzımdan çıxmamış Aytac özünü yetirdi:

- Mama, sən cücələri tutan kimi babam mənlə gizlənpaç oynayır. Ağacın dalında gizlənmişdim, gördüm sən cücə kəsirsən. Babam dedi ki, bax nənənə demə haa.

Uşağa acıqlandım:

- Bəs niyə dedin?

- Babam mənə sok almadı, mən də ona görə dedim.

O gündən toyuq-cücə bişirəsi olanda atamı çağırırdım. Atam beçələri anamın gözünün qabağında kəsə-kəsə deyirdi:

- Ətin yeyilməz, dərin geyilməz. Zəhər dilindən ilan çalsın, ay mərdimazar...

Bir günorta Aytac qəfil yoxa çıxdı. Baxmadığımız dalda, getmədiyimiz yer, soraqlamadığımız qapı qalmadı – uşağı gördüm deyən olmadı. Anam hamını buraxıb yapışdı mənim yaxamdan:

- Atasını göndərdin oğlunun dalınca (Rüfət o gün Cavidə dəyməyə getmişdi), niyə uşağına baxmadın? Allah bilir, bəlkə də əsgərlərin qanıq itləri uşağı parçaladı.

Heç yerə gümanım gəlmirdi. Musa əminin oğlanları kəndi ayaq-baş gəzib qan-tər içində kor-peşman geri qayıtdılar. Bağın başındakı dərin tualetin yanına gedib-qayıtmaqdan atamın dili böyrünə düşmüşdü. Başına-gözünə döyən anam üstümə bir də şığıdı:

- Dernəyin dağılsın, paltar yuyan qolların qurusun, niyə baxmadın uşağa? Onun başına bir iş gəlsə özünü ölmüş bil!

Anamın təhnizlərindən başımı götürüb darvazaya sarı getdim. Doqqazdan çıxıb bəlkə neçə mininci kərə sağa-sola bir də baxındım: ortalığa burulan yolun ağzına bir konfet kağızı düşmüşdü. O konfeti Aytaca mən vermişdim.

Kağızı götürüb irəli getdim. Ortalıqdakı arteziana çatanda yerdən bir konfet kağızı da tapdım. Uşaq yüz faiz bu səmtə getmişdi!

Üçüncü kağızı tapanda beynim işıqlandı, yüyrək özümü xəstə qızların evinə saldım. Aytac üstünə uzandığı çarpayının taxtası kimi qurumuş Validənin saçlarını darayırdı. Qızlar məni görəndə güldülər:

- Bayaqdan gözümüz qalıb pilləkəndə, bilirdik gələcəksən. Anamız mətbəxdə qonağına yemək hazırlayır.

Bacıları öpüb tüyüncək geri qayıtdım. Atam, anam, əmim oğlu Məhər, bir-iki də qız-gəlin Rüfətin arvadının başına yığılmışdılar. Atam gülə-gülə gəldiyimi görəndə:

- Şad xəbər gətirənə oxşayırsan, - dedi.

Anamın üzünə baxanda Aytacı özümlə gətirmədiyimə peşman oldum. Qısıq səslə:

- Xəstə bacıların yanındaymış, - dedim.

Söz ağzımdan sızmamış arvad coşdu:

- Özü gedib nacağını o nağaraxanaya sancdığı bəs deyil, körpəni də dadandırdı ora. Niyə ölmürsən, ay sülək! Nə yaxşı tifili əsgər maşını basdalamayıb. Bütün günü burnunun suyunu axıdırsan o xəstələrin qapısında. Get bu dəqiqə uşağı götür gəl!

Məhər dartıb anamı içəri saldı, gülə-gülə onu qucaqlayıb:

- Qadan alım, gəl mənə bir mürəbbəli çay ver, - dedi, - bu yazığın yaxasını burax, cavan gəlini qıçına bağlayıb çatlatmısan ey. Zalım qızı, getdiyi yer tək oradı, onu da burnundan tökürsən.

O gündən anam Aytacı özünə qırxaçarla bağladı.

ardı var

# 6483 dəfə oxunub

Müəllifin son yazıları

# # #