Balama gəlinlik geyindirə bilmədim, kəfən geyindirdim – Bircənin Romanı

Balama gəlinlik geyindirə bilmədim, kəfən geyindirdim – Bircənin Romanı
31 may 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir

əvvəli burada

Qış gəlhagəldə anama daha böyük müsibət üz verdi – dayımın böyük qızı Qələm xalamın ərinin bilmirəm neçənci cüməsində rəhmətə getdi.

Məndən üç yaş böyük dayıqızı yasa gedib-gəldiyimiz həftələrdə mənlə isinişmişdi, nəyə görəsə mənə mehir salmışdı. Hərdən məni daldaya çəkib bacılarından qeybət qırırdı, vaxtında ərə getmədiyinə görə özünü danlayırdı. Bacıları tez-tez ona pinə eləyirdilər, bəxtlərinin bağlanmasının günahını onun boynuna yıxırdılar. Onu evdə çıxdaş eləmişdilər, balta batmayan qarağac kötüyünə bənzədib dindirib-söylətmirdilər.

O vaxtacan evimizin yerini bilməyən Qələm atası öləndən sonra bizə iki dəfə gəlmişdi. Onun mənlə dostlaşmağı anamın ürəyincəydi, biz oturan kimi arvad evdə olandan daşıyıb tökürdü süfrəyə, him-cimlə məni yeməyə çağırırdı ki, mənə baxıb qardaşı qızı da doyunca yesin.

Son gəlişində anam elə onun yanındaca mənə dedi:

- Dur paltarlarından bir yaxşısını Qələmə geyindir. Atam oxuyan Quran haqqı Aqil gələndə deyəcəm sənə ondan da yaxşısını alsın.

Dayıqızını apardım üst evimizə, geyim-kecimdən nəyim vardısa tökdüm ortalığa. Qız əyninə oturan paltarlardan birini utana-utana götürdü. Alt paltarından tutmuş coraba, şərfəcən olanımdan Qələmə pay qoydum, üstəlik çantalarımdan birini də verdim. Anam həmin çantanın içinə pul qoyub Qələmin qolundan asdı. Dayım qızıyla dostlaşandan sonra arvad mənə əməllicə mehribanlıq göstərirdi.

Xalamgillə dayımgil qonşuydular. Qələm geyinib-kecinib xalamgilə yasa keçmək istəyəndə iki evin arasındakı bala qapının ağzındaca yıxılıb ölmüşdü.

Qələmin öldüyünü bizə Bakıdan Lalə zəng vurub dedi. Şəhərdəki dayıma telefonla xəbər vermişdilər, onun da arvadı yığıb bacımı məlumatlandırmışdı.

Mən dayımgilə çatanda qapı-baca adamla doluydu. İndi mənim heç anama da yazığım gəlmirdi, tək Minə bibini düşünürdüm. Yazıq arvadın gözəl yanaqlarında salamat yer qalmamışdı, qalın uzun saçlarını yolub cavan balasının sinəsinə tökmüşdü. Bir yandan dekabrın sazağı, bir yandan da gənc qızın ölümü hamını büzüşdürüb yazıqlaşdırmışdı.

Minə bibi meyidi bir gecə saxlamaq istəyirdi. Atam onun sözünə baxmadı, Məhəri göndərib atasının yanında qıza qəbir qazdırdı. Meyit yuyata götürüləndə nə illah elədilərsə Minə bibini qızdan qopara bilmədilər. Böyük bacısı, Telli mama da qoşuldular Minə bibiyə. Anam məni bir dəstə arvadın içindən haylayıb dedi:

- Mən girə bilmirəm, sən get heç olmasa suyunu tök.

Səməndərlə Kamil anamın dediklərini eşitdilər. Səməndər bir mənə, bir də yerə baxanda bildim ki, olmaz deyir. Kamil əməliyyatdan təzə çıxmışdı, böyrəyinin birini götürmüşdülər; əynini qalın geyinib adam arasında güclə dayanmışdı, dəfnin bitməyini gözləyirdi ki, evinə getsin. Anamın tapşırığını eşidəndən sonra Kamil kişilərdən aralanıb məni yanına çağırdı:

- Eymənirsənsə getmə, amma getməsən də anamın dilindən qurtara bilməyəcəyik.

Onun soyuq əllərindən tutub dedim:

- Narahat olma, gedirəm, özüm də qorxub eləmirəm.

Yuyata doğru yönələndə Telli mamayla qarşılaşdım. Bibim üzümə elə baxırdı, anamdan qorxmasaydı məni sinəmdən vurub geri itələyərdi. Onun baxışından yayınıb içəri girdim. Qələmi buz kimi dəmir masanın üstünə uzatmışdılar. Minə bibi haray çəkə-çəkə balasını soyundururdu:

Bala, bala bal dadar,

Bala ana aldadar.

Şirini şirin olar,

Acısı da bal dadar.

Arvad qaltanlı səsiylə bayatı çağıra-çağıra mən verdiyim paltarları sıyırıb Qələmin əynindən çıxarıb yuyatın ayağındakı çalaya tökürdü. Paltarlarımı belə görəndə elə bildim mən də ölmüşəm, əl atıb budumdan bir çimdik qopardım. Çimdiyin ağrısı başıma vuranda ayıldım. Qələmin gözəl əndamı, qara saçları, yad nəfəs görməmiş bakirə bədəni dəmir masanın üstündə əbədi rahatlığına qovuşmuşdu. Ona baxdıqca üşüyürdüm, şaqqıldayan çənəmi kilidləyə bilmirdim. Sanırdım dəmir masanın soyuğu mənim kürəklərimi buzladır. Minə bibi əlləriylə Qələmin döşlərini örtə-örtə mənə yalvarırdı:

- Bircə, qadan alım, çıx eşiyə, bura sənin meydanın deyil, əlində körpə uşağın var.

Balası ölmüş ananın dərdinin qabağından qaça bilmədim, ayaqlarımı yerə bərk dirəyib birtəhər duruş gətirdim. Telli mamanın yanıma qoyduğu vedrədən quyruqlunu suyla doldurub irəli durdum. Minə bibi havalı gözlərini üzümə dikib dedi:

- Di onda tök suyu.

Suyu abgərdənə doldurub Qələmin harasına gəldi səpələyirdim. Minə bibi xam sabunu toysuz balasının canına çəkdikcə yolunub yarı tağı kəsilmiş saçları üzünün cırıq yerlərinə dağılıb onu qorxulu bir məxluqa bənzədirdi:

Şalım qara boyandı,

Ucu yerə dayandı.

Gözün tökülsün, fələk,

El səsimə oyandı.

Hər dəfə yuyatdan çıxıb ocağın üstündəki mis qazandan su götürdükcə Səməndərlə Kamil baxışlarıyla canıma od vururdular, onlara sarı baxmamağa çalışıb özümü tox tuturdum. Suyu qaynar eləyirdim, elə bilirdim sərin su Qələmi üşüdər. Hər dəfəsində Minə bibinin bacısı məni soyuq su dalınca göndərirdi.

Toran qovuşana yaxın əmim oğlu Səfər kişilərdən aralanıb içəridəkilərə səsləndi:

- Ay mama, bir az tez olun, şər qarışır.

Minə bibi prosesi qəsdən ləngidirdi, bacısı suyu təpəboy tökdükcə deyirdi:

- Qüsulladım, götürək kəfənləyək.

Onda Minə bibi balasını bir də sabunlayıb məni su dalınca göndərirdi. Handan-hana Telli mama bayıra çıxıb yoğunbilək gəlinlərdən bir neçəsini içəri çağırdı, meyidi dərdli ananın əlindən zorla aldırıb kəfənin üstünə uzatdı. Qadınlar nazik söyüd çubuğunu Qələmin sağ qolunun altına qoyub qalın pambığı onun gözəl üzünə çəkməyə başlayanda mən Minə bibini qucaqlayıb bərk-bərk özümə sıxdım:

- Sən Allah baxma, bir az toxta, - dedim.

Elə bilərdin Minə bibinin kürəyində tonqal qalayıblar, arvadın canının odu sinəmi pörşələyirdi. Qollarımın arasında bir az halsız dayanıb birdən dəli kimi ayağa qalxdı – mən ta uşaqlığımdan həmişə onu Ərəbzəngiyə oxşadardım.

- Ay Bircə, balama gəlinlik geyindirə bilmədim, qoy heç olmasa kəfənini geyindirim, - deyib dəli bir nərə çəkdi.

Əllərini üzünə atıb qanı qurumamış yanaqlarını yenidən soydu, qanını balasının kəfəninə damcılatdı. Bacısı gördü ki, dərdli anaya güc gələmmirik, onu meyitdən bir az aralı yaş torpağın üstünə yıxdı, özü də sinəsinə çöküb:

- Telli, nə gözünü döyürsən, kəfən al qana boyandı, - dedi, - bacım yazıq balasını beyman elədi, bükün Qələmin canını ağa. Bircə, sən də qaç uşaqları çağır tabutu gətirsinlər.

Minə bibi özü kimi cantaraq bacısının altında bağırırdı. Biz tələm-tələsik, necə gəldi meyidi ağa büküb bayırda gözləyən əmim oğlanlarına verdik. Atam qapıdakı zinziləni görüb kəndin mollasına dedi:

- Cənazə namazını qəbiristanlıqda qılarsan.

Qələmin meyidi tabuta qoyulanda özündən kiçik iki bacısı, xalası, anası yapışdılar cənazədən. Camaat nə illah elədisə onları tabutdan qoparammadı – yaxına duranın harasına gəldi vururdular. Səməndər məni yun adyala büküb irəli durmağa qoymurdu:

- Yaxın getmə, səni itələyərlər, başın-gözün yarılar.

Qardaşıma qısılıb dedim:

- Ataları öləndən Qələmi dindirmirdilər, indi bu vay-nöysənin nə mənası var?

Əmim oğlu Səfər yalvarıb qızları yola gətirə bilməyəndə üzünü kişilərin durduğu səmtə tutub Rüfəti çağırdı. Rüfət adamları yarıb irəli gəldi, dəmir barmaqlarını dayım qızlarının biləklərinə dolayıb onları qırağa sürüdü. Kamil də Minə bibini qucaqlayanda qohum-əqrəba meyidi yerdən götürüb qaçmağa başladı. Minə bibi Kamilin qollarının arasından qanrılıb:

- Mənim yaylığımı başıma atın, - dedi, - balam məni bədnam elədi.

Eygili vaxt yazıq arvad qardaşlarımın yanında bərkdən danışmazdı, yaşmağını ağzından salmazdı. Yaylığı dərdli ananın başına örtdüm, üzünü balası gedən səmtə tutub fəryad qopardı:

Çağırıram, ağam, gəl!

Ölməmişəm, sağam, gəl!

Boynumda qəm zənciri,

Yolunda dustağam, gəl!

Dekabrın sazağında, çisəngi yağışın altında Qələmi Kamilin maşınının işığında dəfn elədilər.

***

Qələmin ölümündən sonra anam dəyişib başqalaşdı, onsuz da gülməyən üzü qalxana döndü. Evdə hamımız küsülü kimi gəzirdik, danışmağa qorxurduq. Televizora, radioya yaxın gedə bilmirdik. Bir gün anam bayırda olanda atam Cavidə televizoru açdırdı. Anam səsə içəri şığıyanda kişi bircə kəlmə:

- Zülcanah (qoşaqanad deməkdi, imamlarımızdan birinin bu adda atı olub) gəlir, söndür, - deyə bildi.

Sonra atam yorğanı başına çəkib üzünü divara çevirdi. Anam televizoru söndürüb yorğanı onun üstündən götürdü:

- Mənim əzizlərim dal-daban gedib, sən də onların şadyanalığını eləyirsən?

Atam gözüylə Cavidi göstərib dedi:

- Az, insafın olsun, uşaq nə qanır, qoy gününü keçirsin. Mənim qardaşım öləndə özüm gəlib açmadımmı o töhmət qutusunu?

- Sənin qardaşın Hitlerlə eşşəkbeli oynamışdı, ölən vaxtıydı.

Atam dilini dinc qoymadı:

- Neylək, səninki gülü burnunda getdi, gəl vur məni öldür.

Anam yenə kişiyə cocudu:

- Həə, gəl onda “İydəli gəlin” (keçmişdə toylarımızda oğlanların, qızların qarşı-qarşıya durub deyişə-deyişə oynadıqları rəqs növü) oynayaq. Səni qınamıram ey, siz kişilərin toxumu belədi. Sən ol Cin İsmayıl, mən də Validə, - deyib qapını guppultuyla çırpıb çıxdı.

Anamın atamı tay tutduğu Cin İsmayıl da kim ola, deyim. Müharibə başlandığı il Kamilin dərs dediyi səkkizinci sinif uşaqlarından üç yeniyetmə şəhid oldu. Kamil onların xatirəsinə “Şəhid partalar” adlı şeir də yazmışdı. Həlak olmuş üç uşaqdan biri də həmin o Cin İsmayılın oğlu Əfranıydı. Ermənilərin atdığı “Qrad” mərmisi yazıq Əfranın düz başına düşmüşdü.

Uşağın üçü gecəsi İsmayıl eləməyib tənbəllik bədbəxt ananın yatağına sürünür. Ərinin niyyətini anlayan dərdli qadın yarası qaysaqlanmamış yanaqlarını yenidən soyub qoyur yerə...

İsmayıla “Cin” loğazını nənəm vermişdi. Ucaboy, donbagöz İsmayıl devikə-devikə yeriyər, danışdıqca gözləri çalasında fırfıra kimi fırlanardı. Nənəm deyərdi ki, İsmayıl uşaq olanda onu cin tutub, sözünə baxmayanda cin onu boğub buraxıb.

Kəndin cavanlarına biədəb həcvlər yazardı. Rüfət bir dəfə İsmayılı içirdib qoltuğundakı şeir dəftərini oğurlamışdı, ona-buna yazdıqlarına öz adını əlavə eləyib iri plakatlara köçürüb kənd çayxanasının divarından asmışdı. Həcvlərin altından imzanı belə qoymuşdu: Danagöz Sərkis.

İsmayıl o plakatlardan birini götürüb bizə gəlmişdi, atama gileylənib:

- Heç olmasa imza yerinə erməni adı yazmayaydı, - demişdi.

Atam da bu əməlinə görə Rüfəti xeyli danlamışdı. Onu da deyim ki, Danagöz Sərkis qonşu kənddə yaşayan pinəçi erməniydi...

***

Qışı birtəhər yola verdik. Ölənlərin torpağı soyuduqca anamın dərdi qızışırdı. Gündüzlər o, evdən çıxan kimi növbəylə güdükçü durub televizoru açırdılar – atam xəbərlərə baxırdı, Cavid futbola. Axşamlar ev tapşırıqlarını yazıb bitirəndən sonra Cavid mənim uzunburun, əyriayaq karikaturalarımı çəkib asırdı televizorun ekranından. Atam da qoşulurdu ona:

- Ağzı xoşuma gəlmədi... Burnu çox balaca çıxıb... Topal barmağı görünmür...

Qardaşlarım nə illah elədilərsə anamı kənddən qoparıb apara bilmədilər. Onun dərd çəkməyi nənəmin, Telli mamanın, Minə bibinin dərdlənməyinə bənzəməzdi. Bu saydıqlarım günün istənilən vədəsində əllərində iş görə-görə bayatı çağırıb səslə ağlayıb rahatlıq tapırdılar. Anam dərdini gizlədirdi. Doluxsunanda özünü bağın dərinliyinə verib səssizcə ağlayır, sonra üzünə bolluca su vurub yanımıza qayıdırdı. Heç kimdən mərhəmət ummurdu, Aqil, Hakim zəng eləyəndə danışmırdı, eləcə durub ağzımıza baxırdı. Biz danışıb telefonu bağlayan kimi xəbər alırdı:

- Aqil məni soruşdu?

Bir dəfə necə oldusa atam qayıtdı ki:

- Yox, səni soruşmadı.

Anam poralmış üzümüzə baxdı, qalxıb yenə adəti üzrə qazanı qazana, qapağı vedrəyə vura-vura bizdən aralaşdı. Aqil kəndə gələnə qədər heç kimi saya salmadı, qulağına söykədiyimiz telefonu üstümüzə atdı, xəttin o başında yalvaran balasına səsini eşitdirmədi.

Buna bənzər pəstahanı Aqil əsgərlikdə olanda nənəm də çıxarmışdı. Qardaşım məktublarını çox maraqlı, romantik tərzdə yazırdı, hamılıqca bir yerə toplaşıb o namələri əsər kimi oxuyurduq. Adətən konverti Kamil açırdı, şam süfrəsinin başında xüsusi intonasiya ilə oxuyurdu. Məktubun sonlarında Aqil ev adamlarının hamısını adbaad soruşurdu. Bir dəfə necə olmuşdusa nənəmizi yaddan çıxarmışdı. Sakitcə oturub dinşəyən nənəm məktub bitən kimi durub bayıra çıxdı, üç gün arvadı süfrə qırağına gətirə bilmədik. Qəlyanını sümürdü, arabir gözünün suyunu qıyqacına silib dedi:

- Gedin yeməyinizi yeyin, daha mənim yaşamağımın xeyri yoxdu.

Nənəmi belə görəndə Səməndər Aqilə bir namə yazıb olanları anlatdı, sürətli poçtla məktubu yola saldı. Bir həftə sonra Aqildən cavab məktubu gəldi. Kamil nənəmin qənşərində oturub Aqilin uzaq Sibirdən göndərdiyi kağızı pafosla oxumağa başladı: “Məlikməmmədin yediyi almalardan mənə yedizdirən, divləri öldürməkdə köməyim olan, İsgəndərin sirrini açan qarğıdan tütək düzəldən, dəyirmanda köməksiz qalmış Daşdəmirə mənlə çörək aparan, mənim uçan xalçam, Simurq quşum nənəmə qardaşlarının əbədi uyuduğu, ruhlarının səsini eşitdiyim soyuq Sibir ellərindən salamlar olsun...”

Sürgün qardaşlarının bu şəkildə xatırlanması nənəmi yumşaltdı. Qəlyanını damağına qoyub məktubu sonacan dinlədi. Məktub bitəndə gözünün yaşını qara yelənli yaylığına sildi, qəlyanından bir udum alıb dedi:

- Sizin tapşırığınızla yazılıb.

Dünyanın hər üzünü görmüş nənəm bizdən diqqətdən başqa heç nə ummazdı. Qardaşlarımın təhsil alması yolunda atam qədər o da əziyyət çəkmişdi...

***

Novruz gələndə anam məni aş dəmləməyə də qoymadı. Axır çərşənbədə bir qazan tər halva çaldırıb qonum-qonşuya paylatdı. Anamın qorxusundan heç birimiz cınqırımızı çıxarmadıq. Səməndərin gətirdiyi şirniyyatdan oğrun-oğrun yeyib bir-birimizlə gizlicə bayramlaşdıq.

ardı var

# 5961 dəfə oxunub

Oxşar xəbərlər

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
Füzuli və müasir ədəbiyyat

Füzuli və müasir ədəbiyyat

15:00 10 noyabr 2024
#
#
# # #