Dilənçi özünsən! – Bircənin Romanı

Dilənçi özünsən! – Bircənin Romanı
27 sentyabr 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Gecəni istidən yata bilmədim, kondisionerli otağı Cavid zəbt eləmişdi. Bir yandan da səhərəcən şütüyən maşınların səsi, sabahkı günün həyəcanı məni çimir çalmağa qoymadı.

Saat yeddi tamamda Lalə hamını ayağa qaldırdı. Cavidi mətbəxdə yedizdirib axşamdan ütülədiyi paltarlarını yanına yığdı. Anar dizimin dibində büzüşüb əsnəyirdi. Cavid şərtini axşamdan kəsmişdi:

- Anar getməyəcək, o mənim qabağıma çıxsa xeyir tapmayacam.

Oğlum bu sözü o qədər qırmızı dedi, mat qaldım, heç xalasının qəlbinə dəyməkdən də çəkinmədi. Rəhmətlik Musa əminin kiçik oğlu Ziya haqqında tez-tez dediyi bir söz yadıma düşdü: “Bu gədə ilan qırxan, siçan satandı” deyirdi. Mənasını anlamadığım o sözlər bir zaman mənə qəribə gəlirdi. İndi Cavid Anarın üzünə elə qızaranda ürəyimdə dediyim sözü elə dedim hamı eşitdi:

- İlanqırxan!

Lalə Cavidi qədimi Quranın altından keçirib üç dəfə dua oxudu, sonra qapını açıb bizi eşiyə ötürdü:

- Sizi deyə-gülə gözləyirik.

Cavid irəlidə, mən geridə çıxdıq binanın arxasındakı geniş küçəyə. Küçələr hələ seyrəklik idi. Taksi saxlatdıq, oturmaq istəyəndə Cavid üzümə baxdı:

- Qələm götürdün?

O istidə sümüklərim üşüdü.

- Yox.

- Bəs qələmsiz neyləyəcəm?

- Onu sən bilməliydin.

Maşını buraxdıq. Cavid metroya sarı götürüldü, hansı köşkə yan aldısa hamısını bağlı gördü. Küçə süpürən yaşlı, arıq arvaddan soruşdum:

- Xala, hardan qələm ala bilərik?

- Xalan qurban, - dedi, - bu dükanlar hamısı saat səkkizdə açılır.

Saata baxdım, səkkizə hələ yarım saat qalırdı. Cavid büzüşmüşdü.

- Dayın iki gündü sənə qələm al demirdimi, indi neyləyək?

- Gedək xalamgildən götürək.

- Yoldan qayıtmağın düşər-düşməzi olar.

- Düşər-düşməz vaxtı deyil, sən də nənəm kimi danışma.

- Bə sən niyə danışdın, Anarı qoymadın gələ?

- Anar günün altında neçə saat nə təhər duracaq?

- Mənə həyan olardı.

Keyiyib qalmışdım yolun ortasında. Cavid dönüb məni özündən qabağa itələdi.

- Yeri, yeri gedək xalamdan alıb qayıdaq.

Yastı bosonojkamın dabanı qaldı Cavidin ayağının altında, üzüstə yerə sərildim. Dizlərimin gözü, əllərimin içi sıyrıldı. Oğlum məni dikəldəndə ayaqqabımın bir tayı məndən aralı düşdü, baxdım bir yanı qopub, geyiləsi deyil. Cavid yalın ayağıma, qanamış dizlərimə baxıb peşman oldu:

- Ana, qadan alım, dillənmə, gəl qayıdaq xalagilə.

Onun səhlənkarlığından başımıza gələni böyütmədim, ayaqyalın yanına düşüb qayıtdım Laləgilə. Bacım qapını üzümüzə açıb bizi görəndə əllərini dizlərinə çırpdı:

- Oy, Allah, özün saxla, niyə qayıtdınız?

Cavid heç kimin üzünə baxmadı, sivişib hardansa bir cüt qələm tapıb qapının ağzını kəsdirdi. İndi də mənim ayağım başımıza oyun açdı, Lalənin yay tuflilərindən hansını geydimsə laxlayıb ayağımdan çıxdı. Bacım saata baxıb nərə çəkdi:

- Evin tikilsin, sonalamaq vaxtı deyil, birini gey çıx evdən.

Lalə məndən kiçik olsa da ayaqları, nənəm demiş, vəl tayı kimiydi. Ortalığa tökdüyü ayaqqabılardan birini ayağıma pəçitləyib qaçdım Cavidin dalınca.

Taksidə telefonuma zəng gəldi. Nömrə tanış deyildi, ekrana bir də baxıb xəbərçi cihazı atdım ətəyimə. Cavab vermədiyimi görəndə Cavid əl atıb telefonu ətəyimdən götürdü, düyməni basıb qulağına tutdu, bir az dinşəyib özümə qaytardı. Telefonu qulağıma yaxınlaşdırdım – cavan qız səsiydi:

- Bibi, salam, necəsən? Mənəm ey, Cəlalədi.

- Cəlalə kimdi?

- Bəstinin qızı.

Duruxdum. Səhərin gözü açılmamış bu hardan tapmışdı nömrəmi, nədən ötrü zəng vurmuşdu?

- Bu gün Cavidin imtahanıdı, anam dedi zəng eləyim xəbər bilim.

- Nə faraş yadına düşdük ananın?

Qız susdu. Mən onu görəndə yenicə gimrikləşirdi, Caviddən dörd yaş böyük idi. Nə illah elədimsə qızın indiki şəklini xəyalımda canlandıra bilmədim. Bir az da Cavidin acığına ona kobud cavab verdim:

- Anana de narahat olmasın, bir də mənə zəng vurmayın.

Telefonu qapadan kimi peşman oldum, cavan qıza belə qanacaqsız cavab verdiyimə görə çox utandım. Elə burdaca deyim ki, o zəngdən sonra o gün-bu gün o evdən bizi axtaran olmadı.

***

İmtahan götürüləsi məktəbin qarşısındakı insan selini görəndə gözüm qaraldı, başım gicəldi. Valideynlər, abituriyentlər üç cərgə düzülmüşdülər. Hansı cərgəyə yan aldıqsa gün başımıza şaxıdı. Qorxurdum Cavidi gün vura, bildikləri də yadından çıxa.

İmtahan saat on birdə başlanacaqdı. Sıraların birində növbə tutub gözləməyə başladıq. Cavid gah məni özündən qabağa buraxır, gah dartıb arxaya keçirirdi. Ayağımdakı ləxşək ayaqqabılar artıq öz işini görməyə başlamışdı. Məktəbin qarşısındakı meydançada ağız deyəni qulaq eşitmirdi – kimi uşağını dönə-dönə təlimatlandırır, kimi əlindəki tikəni övladının ağzına dürtüşdürür, kimi də balasından tualet istəyib-istəmədiyini soruşurdu. Cərgələrin böyrüylə gəzişən polislər bəzi valideynlərlə xosunlaşıb onları qabağa buraxırdılar.

Biz ana-bala susurduq, arada baxışlarımız toqquşurdu. Özümü cəmləyib uşağıma yarar bir söz deyəmmirdim. Qorxum bircə şaxıyan gündən idi. Bir az irəli durub kölgəmi Cavidin üstünə salmaq istəyəndə üzümə qanlı-qanlı baxdı:

- Düz dayan, mən uşaq deyiləm.

Sıramız girişə doğru ləng irəliləyirdi. Naqolay yay tuflisinin içində ayağımı bir az qabağa verirdim – barmaqlarım sızıldayırdı, geri çəkirdim – topuqlarım döyənək olurdu. Caviddən çəkinməsəydim ayaqlarımı soyunub quru yerdə oturardım.

Məndən irəli dayanmış baldırları üfürülü kök qadın arada polislə himləşdi, sonra qızının əlindən tutub cərgədən çıxdı, bir az qabağa gedəndə hamı deyinib söyməyə başladı:

- Peysərə baxın, cibləri də boynu kimi yoğunladı...

- Pul alıb istədiyini qabağa buraxır...

- Bu qədər adamdan utanmırlar, arvadı kişisindən betər...

Hərə polisə, qadına bir latayır dedi, heç biri də deyilənləri vecinə almadı, camaatı yarıb lap irəli getdilər. Bir ara mənim də ürəyimdən keçdi polisə yaxınlaşıb cibinə pul basım, uşağımı bu işgəncədən qurtarım. Ürəyimdən keçəni Cavid gözümdən oxudu:

- Birdən eləyərsən ha, inan çıxıb gedərəm. Mən heç kimin haqqına girməyəcəm, növbəm çatanda keçəcəm içəri.

Baxışımla onu arxayın saldım. Hakimi, Laləni gətirmədiyimə görə ürəyimdə özümü min yol qınadım.

Qədəm-qədəm qabağa gedirdik, birdən Cavid qəfil sıradan qırağa sıçradı. Elə bildim yorulub, məni burda qoyub harasa qaçacaq, heç imtahana da girməyəcək. Başımı onun getdiyi səmtə uzatdım, elə o dəm oğluma sarı uzanıqlı başıma yekə bir daş düşdü: Cavidin burnundan qan açılmışdı!

Adamları yarıb ona doğru yüyürdüm. Qan Cavidin burnunun hər iki deşiyindən şora verirdi. Dəsmalımla onun burnunu sıxdım, ancaq dəsmal çox balacaydı, bir anda qana bələnib işə yaramadı.

Cərgələrdən qadın səsləri gəlirdi:

- Ay bala, qalın şey verin burnuna tutsun, üzünə su vurun...

Suyummu vardı? Əynimdə də bir yubka, bir qoftadan başqa heç nəyim yoxuydu.

Bayaqkı polis yaxınlaşdı:

- Bəlkə “Təcili yardım” çağıraq?

- Hə, çağırın, - dedim, - tez çağırın!

Cavid irəli uzatdığı başını qovzayıb mənə çəmkirdi:

- Gəlib məni aparacaqlar xəstəxanaya, bəs imtahan nolacaq?

- Ay balam, nə imtahan, qan aparır ey səni!

- Ana, çığır-bağır salma, indi kəsəcək. Sən deyildin neçə ildi bu günü gözləyən?

Onu dartıb yolka ağacının kölgəsinə apardım. Kimsə mənə bir şüşə buzlu su uzatdı; sudan azırqı Cavidin əlinə tökdüm, qalanını boynunun ardına qoydum. Bir kişinin verdiyi benzin qoxuyan kirli məhrəba dadımıza çatdı; uşağın əlinin, burnunun qanını o dəsmalla sildim.

Bayaqdan telefonuma gələn zənglərin heç birinə cavab verməmişdim. İndi gözümdə hər şey kölgəsində oturduğumuz küknarın dibindəki qum dənələri kimiydi. O bir şüşə sudan, bir də kirli dəsmaldan artıq kimsədən bir yardım görmədik. Dar dəkədə hamıdan çox Hakim yadıma düşürdü. Telefonu varaqlayıb onun nömrəsini tapdım:

- Hardasan?

- Burda, məktəbin qabağında. Siz hardasız, niyə telefona cavab vermirsən?

Bir anda elə bil qürbətdən vətənə qayıtdım.

- Cavidin burnundan qan açılıb, - dedim, - su, cuna tap özünü bizə yetir.

Şadlığımdan dəli kimi gülməyə başladım – qardaşım gəlmişdisə artıq mən tək deyildim, min nəfər idim!

Telefonla yerimizi Hakimə isnad verdim. Az keçmiş qardaş qanadlarını üstümüzə gərdi, Cavidin solğun bənizinə, ürkək gözlərinə baxıb dedi:

- Qorxma, hələ imtahanın başlanmasına bir saat var.

Gətirdiyi soyuq suyla uşağın əl-üzünü yudu, cunanı iri parçalara bölüb burnuna sıxdı. Bayaqdan baxışlarıyla bizi məngirləmiş polisi çağırıb cibinə pul basdı, qulağına da nəsə deyib bizi xeyli aralıda saxladığı maşınına sarı apardı. Maşının kondisionerini yandırdı, Cavidi oturacağa yayxandırıb yenə aptekə qaçdı:

- Gözləyin, bir dərman da alıb gəlirəm.

Hakim əlində dolu şprislə qayıtdı. O gələnəcən Cavidin qanı səngimişdi.

- Aç görüm, ə, yanbızını, Anarın ahı tutub ey səni, - deyib ürəkdən güldü.

Bacı-qardaş nə illah elədiksə Cavid yanını açmadı ki, iynəni vuraq.

- Olmaz, - dedi, - hər yanda adam qaynaşır, ayıbdı.

Hakim qolundakı saata baxıb göyərdi:

- Ə, sənə deyirəm aç götünü, vaxta az qalıb. Heç olmasa Səməndərin, Kamilin əziyyətini yerə vurma.

Dərman dolu şprisi ovcuma basıb əl atdı Cavidin kəmərinə:

- Götünün qulağını bəri uzat, - deyib yenə şirin-şirin güldü.

Aptekdə spirtə buladığı pambığı Cavidin belindən bir az aşağısına sürtüb iynəni ətinə yeritdi:

- Vəssalam, - dedi, - imtahandan çıxanacan qan-zad olmayacaq.

Sonra Cavidin əl-üzünü soyuq suyla yenə yudu, maşının yükəyindən bir köhnə qofta tapıb gətirdi, qana bulaşmış köynəyi oğlumun əynindən sıyırıb çıxardı, əvəzində qolları xlor ləkəli əzik-üzük pambıq maykanı geyindirib bizi yenidən qabağına qatdı. Cavid bir əynindəki kəmçənə qoftaya, bir mənə baxdı, mandıxıb yerində durdu. Dayısı əlini onun kürəyinə vurub dedi:

- Ay sənə qurban olum, nişana getmirsən, qız bəyənməyə getmirsən, Kamil dayın demiş, indi hünər vaxtı, qeyrət dəmidi. Bayaq Faiq müəllim zəng vurmuşdu, dedim Cavidin burnundan qan açılıb, kişi bircə dəfə “vay, dədəm, vay” deyib telefonu söndürdü. Qoftanı burax, o kişiləri gözünün qabağına gətir. Gəlin, gəlin, polislə danışmışam, səni sivişdirib içəri salacaq.

Cavid yenə dediyini dedi:

- Mən heç kimin haqqına girməyəcəm, növbəmi gözləyəcəm.

Qardaşım qışqırdı:

- Ay müsəlman, haqq yeri deyil ey, sürtük zəmanəsidi. Bizi it yerinə qoymursan qoyma, barı üç ildi üstündə əsən müəllimlərinin əməyini itirmə.

- Elə müəllimlərim mənə deyiblər ki, öz xeyrin üçün heç kimin haqqını tapdalama.

- Tək bu gün, bircə bu gün babalını qoy mənim boynuma, tapdala o haqqı.

Deyişə-deyişə gəlib tanış polisi tapdıq, qapının düz ağzında dayandıq. Hakim Cavidin yarasına basdığı cunanı götürüb burnuna diqqətlə baxdı – qan tam dayanmamışdı, cuna az-az bulaşırdı. Qoltuğundakı topadan iri bir parça kəsib Cavidə verdi, oğlumun vəsiqəsini qapıçıya uzatdı. Bizdən geridəkilər səs-küy salanda polis Cavidin biləyindən tutub içəri dartdı. Hakim onun arxasınca qışqırdı:

- Cunanı burnuna sıx, gün düşən tərəfdə oturma, qanın gücürgəsə hər şeyi yarımçıq qoy çıx gəl.

Son cümləni Cavid bəlkə də eşitmədi. Balam qapı arxasında görünməz olanda elə bildim onu uzaq bir səfərə, qaranlıq dünyaya, özgə planetə yola salmışam.

***

Gün beynimi əritmişdi, qaynaşan adamların səsi başımın içini köstəbək torpağı eşən kimi eşirdi, damağımdakı qan dadı ürəyimi bulandırırdı. Növbəni pozduğumuza görə arvadlar qarğışı təpəmizə dolu kimi yağdırırdılar. Hövsələsiz Hakimi tanıyammırdım, qarğıyanların hamısına gülə-gülə cavab verirdi.

Halımı yaman görən qardaşım məni arvadlardan aralayıb hüştürüngü gedə-gedə dedi:

- Mısmırığını niyə sallamısan, nənəmiz demirdi ki, qarğışlı baş bərk olar? Uşağı sağ-salamat içəri saldıq, burnunun qanı da dayandı. Bir azdan o qapıdan bir tələbə çıxacaq.

- Birdən yenə burnu qanasa, həyəcandan yaza bilməsə, yazdıqlarını kodlaşdıra bilməsə?..

- Ay dəli, bu üç ildə gör müəllimləri onu neçə dəfə imtahana çəkiblər, o dediyin kodlaşdırmanı neçə dəfə məşq elətdiriblər. Cavid o qədər əfəl olacaq ki, dörd yüz bal da yığa bilməyəcək?

- Az yığsa pulluya düşəcək axı.

- Düşsün də, nəyin dərdini çəkirsən?

- Qardaşlarım yazıq deyillər, indən belə beş il də təhsil haqqı ödəsinlər?

- Beş biz, bir qardaş da atamız, canımız çıxar ödəyərik, sən bunun dərdini çəkmə. Gəl səni aparım qoyum Laləgilə, iki saatlıq vacib işim var, onu aşırım, Cavid çıxana yaxın qayıdarıq.

İndi də mən qardaşıma göyərdim:

- Dəlisən, birdən uşağın halı pisləşər, yarımçıq çıxar, üstündə bir qəpik pulu yox, yola nabələd. Sən get, mən burda gözləyəcəm.

Hakim məni keçəl bir küknarın dibində qoyub getdi, elə yerdə ki, Cavidin çıxası olduğu qapını aydınca görüm.

- Burdan tərpənmə, telefonunu əlindən qoyma, zənglərə səbirlə cavab ver, ay tələbə anası...

***

Lalənin patavaları kıtılımı vurmuşdu, onları soyunub altıma qoyub küknarın dibində büzüşdüm; bir gözümlə qapıya baxır, o biri gözümlə ağlayırdım. İçimi qaramat bürümüşdü, heç nə, heç kim yadıma düşmürdü. Özümü ha kiritmək istəyirdimsə olmurdu, məni döyüb ağladanın adını tapa bilmirdim.

Birdən Ağabəy həkim yadıma düşdü – indi mənim dərmanım onun şirin ləhcəsi ola bilərdi. Yığdım, nömrəsinə zəng çatmadı. Elə yaxşı oldu – düşündüm – ağladığıma görə məni yuyub sərəcəkdi. Gözlərim qapıda əllərimlə küknarın dibindəki isti qumu qarışdırırdım, yan-yörədəki adamları eynimə almadan səslə ağlayırdım.

İmtahan başlanmışdı. Bölgələrdən gələnlər özləriylə hər ehtiyatlarını gətirmişdilər, maşınların kapotu üstündə süfrə açmışdılar, süfrələrə çay-çörək düzmüşdülər. Hər valideynin yanında azı bir qohumu, doğması vardı, tək olan bircə mən idim. Hərdən elə hala düşürdüm, yanımdakılar gözümə görünmürdü, paralel dünyalar haqda oxuduqlarım beynimdə canlanırdı. Arabir məni də süfrəyə çağıran olurdu. Aclıq mənə kar eləmirdi, ancaq damağımdakı qan dadını yuyub aparmaq üçün su istəyirdim. Qulağım belə-belə sözlər çalırdı:

- Yazığın heç kimi yoxdu deyəsən, bir dürmək də ona verin, savabdı.

Az sonra qadınlardan biri mənə yaxınlaşdı, bir gözü ovcumdakı qumda, bir gözü ağlayan gözlərimdə:

- Ay bacı, al bir qismət də sən ye, - dedi. - Ağlama, bəlkə bir dərdin var, de biz də bilək.

Gəlinin baxışlarının tuşuyla mən də öz ovcuma baxdım: qumla dolu əlimdə ağ, yumru, bərk şeylər də vardı. Gəlin ovcuma baxıb çimçəşdi, mən sakitcə dedim:

- Çox sağ olun, iştahım yoxdu, zəhmət çəkməyin.

Qadın dediyimə bənd imiş, məndən aralanıb yanındakıların qulağına nəsə xısıldadı. Arvadlı-kişili hamısı üzümə baxdı, hansınınsa ağzından bircə kəlmə düşdü:

- Yazıq.

Bu söz sinəmdən dəyib kürəyimdən çıxdı. Axı mənim yazıqlanmağa haqqım yoxuydu. Səməndərin öyüdü qulağımda partladı: “Qoy sənə arsız desinlər, yazıq deməsinlər, yazıq oldunsa ayaq altında tapdanacaqsan”. Ovcuma baxdım: qumun içindən tapdığım ağ, bərk şeylər daş deyildi. Bir az da diqqətlə baxanda öyüdüm – ovcumdakı quruyub bərkimiş it peyiniydi. Əllərimi çırpıb yan-yörəmə baxındım, belə məlum oldu ki, oturduğum yer itlərin tualetiymiş.

Yerimdən qalxıb ayaqqabıları əlimə aldım, isti qumun üstüylə yeriyib peyinlikdən aralandım, elə günün altındaca durub gözlərimi qapıya zillədim. Əllərimdən iyrənirdim deyə telefonuma gələn zənglərə cavab vermirdim. Giriş qapısında polislərdən savayı heç kimi görməyəndə xeyli toxtadım. Saçları çalağan çardağına oxşayan bir qadın mənə yaxınlaşıb ovcuma üç dənə şax manatlıq basdı:

- Sən Allah dua elə uşağım yaxşı yazsın.

Bir çirkli ovcuma, bir də manatlıqlara baxıb duruxdum, qadın üzümə gülümsəyib enli yubkasının altında titrəyən yançaqlarını gövşədə-gövşədə məndən aralandı. İndi də qalın qaşları sallanıb gözlərinə girən, almacıq sümüklərini zil qara tük basmış zağarqarın bir kişi gülə-gülə özünü yetirib manatlıqların üstünə bir qırmızı beşlik qoydu, yaladığı yarımçıq dondurmanı mənə uzadıb südlü bığını yağlı əliylə silə-silə dedi:

- Ala bunu da sümür.

İstədim güləm, güləmmədim. Çantam çiynimdə, pul ovcumda, yarımçıq dondurma əlimdə məni öyümək tutdu, mədəm boşuydu deyə qusa bilmədim. Paçasını gen qoya-qoya gedən kişinin dalınca düşəndə hər tərəfdən adamlar üstümə axışdılar. Çatan-çatan ovcuma pul basırdı. Başıma nə gəldiyini anışdıra bilmirdim. Arvadlardan biri:

- Al bu pulu, nömrəni də mənə ver, qızım yaxşı bal toplasa sənə bir cüt qəşəng bosonojka alacam, - deyəndə ayıldım.

Ovcumdakı pulları dondurma qarışıq qumluğa atdım.

- Başınız xarabdı, - qışqırdım, - siz niyə mənə pul verirsiz?

Başı çalağan çardağına oxşayan hamıdan qabaq dilləndi:

- Ta dilənçilər də qudurub ey, bəs nə verək, - deyib əlini boynundakı yoğun qızıl zəncirə uzatdı, - bəlkə bunu açım verim sənə? Yığdığını götür, balalarımıza da dua elə, aralaş burdan.

Murdarlanmış əllərimlə üzümə tökülən saçlarımı geri yığmağa məcbur oldum, gözümün yaşını silib dedim:

- Dilənçi özünsən, mən də sənin kimi bir anayam.

Yalın ayaqlarımla topa pulun üstündən keçdim, əzilmiş dondurmadan sağ ayağıma ləzzətli bir sərinlik yayıldı. Kişili-qadınlı bir dəstə adam gah mənə, gah da yerdəki südlü, qumlu pullara baxdı. Aralandığımı görcək hamısı birdən pulun üstünə cumdu:

- Beşlik mənimdi, mən on manat vermişdim, manatlıqlara dəyməyin...

Onların pul üstündə didişməsinə baxıb bir xeyli güldüm. Çıxışda durmuş polislərə tərəf getdim, məni görəndə üstümə şığıdılar; bəlkə onlar da suluqlamış yalın ayaqlarıma baxıb məni dilənçi bildilər.

- Ay arvad, - biri dedi, - get aralıda dayan.

Ha baxdım tanış polisi görə bilmədim. Gün bir az da qalxmışdı, binanın kölgəsi giriş qapısının artırmasına çəkilmişdi. Ora-bura devikdimsə də əlimə-üzümə vurmağa su tapmadım. Aralanıb gedib su almağa da qorxurdum, elə bilirdim qapını gözdən qoysam Cavidi itirə bilərəm.

Binanın kölgə düşən bir küncündə domuşub gözümü eygili vaxtda quş kimi uçan, indi ayaqlarından kündə sallanmış zamanın yoluna dikdim. İstinin çıxardığı tərlə həyəcan təri kürəklərimdən qoşa çay kimi axırdı. Cavid qapıda görünmədikcə işin yaxşı bitəcəyinə umudum artırdı...

ardı var

# 6698 dəfə oxunub

Müəllifin son yazıları

# # #