Qadına süpürgəni göstərib deyiblər ki... – BİRCƏNİN ROMANI

Qadına süpürgəni göstərib deyiblər ki... – BİRCƏNİN ROMANI
14 aprel 2017
# 16:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Beləcə, yolunu-səmtini, sağını-solunu bilmədiyim, adamlarını tanımadığım bir kənddə yiyəsiz, kimsəsiz, həyansız qaldım. Kədər, qüssə başımdan elə basdı ki, belim büküldü. Tək qalmaq qorxusu uşaqlıqdan gözümü qırmışdı. Evcik-evcik oynayanda ən yaxşı kuklalarımı qonşumuzun qızına verirdim ki, məndən aralanmasın, gedib ayrı qızlara qoşulmasın. Məktəbə gedəndə ən yaxşı qələmlərimi, karandaşlarımı sinif yoldaşlarıma verirdim ki, mənlə dost olsunlar. İndi də mənə bağışlanmış bu qədər qır-qızılı, zinəti-sərvəti məni başa düşən birinin ətəyinə tökməyə razıydım, təki mənə həmdəm olsun, sirdaş olsun. Amma kimə - bilmirdim. Taleyimlə barışmağa çalışırdım, o da alınmırdı.

Üçgünlüyün səhəri heç kimə məhəl qoymadan geyinib bayıra çıxdım. İşsiz-gücsüz dörd divar arasında oturmaqdan artıq bezmişdim. Mən həyətə düşəndə ev adamları hərə çəkilib öz işinin-gücünün dalınca getmişdi – qaynanam doğum evində mamaçalıq eləyirdi, Emindən balaca subay qaynım kənd məktəbində müəllim işləyirdi, Emin özü də hardaydısa gözə dəymirdi. Evdə bir qaynatam qalmışdı, bir mən. Toy evi də necə olar – hər yan dağınıq, tökünük, bulaşıq qablar, qablarda donub qalmış yeməklər...

Qollarımı çırmayıb başladım ev-eşiyi yığışdırmağa. Çirkli paltarları sıyırıb həyətdə qalaqladım, sonra bulaşıq qabları yumağa başladım.

Gün əyilənə evləri çiçək kimi təmizlədim. Qaynatamın qızıl əlləri vardı, onun sayəsində həyət gülüstana dönmüşdü, quş iliyi, can dərmanı istəsən, tapılardı o həyətdə - hər cür göy-göyərti, hər növ ağac, gül-çiçək, ayrıca sitrus bağı... Dirrikdən bir qucaq göyərti yığıb, çox xoşladığım göylü şorba bişirdim - düşündüm toy evidi, neçə gündü hamı ət yeyir. Özümün bişirib gətirdiyim mürəbbələrdən, tutduğum turşulardan açıb iştahlı bir süfrə bəzədim.

Qaynanam işdən qayıdanda evi tanımadı, təkbaşıma bir gündə bu qədər iş gördüyümə inana bilmədi. İlk dəfə sifətindəki sərt pərdəni atıb üzümə gülümsədi. Sonra hamı bir-bir süfrədə yerini tutdu. Mən ayaq üstə içəri-çölə girib-çıxıb qaynatama, qaynanama, qaynıma qulluq eləyirdim. Emin üzümə baxmırdı, hiss olunurdu ki, bu evdə mənə rəğbət rüşeymlərinin yaranması onun ürəyincə deyil.

Qaynatam bəlkə də nəzakət xatirinə şorbamı çox bəyəndi. Qaynanam dərhal qayıtdı:

- Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. Hansı yeməyə bu qədər yağ töksən, dadlanar.

Mən qızardım. Qaynatam qaynanamı sərt baxışlarla süzdü. Beləcə, mənim bu evdə ilk aşpazlığım iflasa uğradı, anladım ki, yağı qənaətlə işlətməliyəm.

***

Artıq ər evinə gəlişimin beşinci günü başlanırdı. Səhər hamı evdən çəkiləndən sonra Emin düz burnumun ucunda dayandı:

- İndi sənin məqsədin nədi?

- Heç nə, - deyib məzlum-məzlum susdum.

- Get yaxşı-yaxşı fikirləş. Burdan o yana yolun yoxdu. Bir az da belə davam eləsə, mən başqa addımlar atacam.

- Hansı addımı atırsan at, - dedim.

Üzümü çevirib gedəndə hər iki əliylə biləklərimdən tutub məni divara dirədi, diqqətlə gözlərimin içinə baxdı. O məni silkələyəndə gözlərim onun uzanmış dırnaqlarına sataşdı, qollarımı buraxan kimi gedib cehizlərimin içindən kiçik dırnaq qayçısını götürüb düz Eminin üstünə yeridim. O, mənim niyyətimi anlamadığından çaşıb qaldı, bir anlıq bilmədi necə davransın. Mən qorxa-qorxa:

- Əlini mənə ver, - dedim.

- Əlimi neynirsən?

Dillənmədim, altına bir stul çəkib oturtdum. Sonra özüm də Eminlə burun-buruna dayanıb başladım onun əl dırnaqlarını tutmağa. Arada başımı qaldıranda onun baxışlarının sinəmə qonduğunu görürdüm, bu, bir az da xoşuma gəlirdi.

Onun dırnaqlarını kəsib hamarlayanacan səsini çıxarmadı. Sonda əllərini yaş dəsmalla silib kremləyəndə mənə nə desə yaxşıdı:

- Sən niyə bu qədər yaltaqsan?!..

Yer-göy başıma fırlandı. Əslində mən təşəkkür-filan gözləmirdim, ancaq belə reaksiya verəcəyi də ağlıma gəlməzdi.

- Mən atamın, qardaşlarımın da dırnaqlarını həmişə təmizləmişəm, - dedim.

O da:

- Mən sənin nə atanam, nə də qardaşın, - deyib üzümə baxmadan pilləkənləri düşüb getdi, gedə-gedə çevrilib bir ultimatum da verdi: - Atamla, qardaşlarımla bir kəlmə də danışmayasan!

Nədən belə dediyini anlamadım, ancaq dil altında da qalmadım:

- Niyə axı?

- Mən belə istəyirəm! - deyib iti addımlarla maşına sarı getdi, sürüb həyətdən çıxdı.

Düşündüm yəqin təzə gəlinəm deyə pərdələnməyimi, yaşmanmağımı məsləhət bilir. Demə, bu adam məni öz doğmalarına qısqanırmış...

***

Yenə ev işləriylə başımı qatmağa başladım: yudum, yığışdırdım, ütülədim. Bu evdə qız-qadın səliqəsindən savayı hər şey vardı. Yaşlı qaynanam xəstəxanada çalışırdı deyə evin işinə əl atmağa gücü-həvəsi qalmırdı. Mənim təmizkarlığımı, səliqə-sahmanımı evdəkilər çox bəyənmişdilər, bu da mənə bir balaca dinclik gətirirdi. Başımı iş-güclə qatmasaydım, günüm necə keçərdi, bilmirəm.

Günortadan sonra qaynanam işlədiyi xəstəxananın təcili yardım maşınıyla evə gəldi. Yanında bir cavan xanım da vardı. Mən əlüstü çay süfrəsi hazırladım. Qonaq gözlərini məndən ayırmırdı, üzümə elə xoş təbəssümlə baxırdı, deyərdin bəs yaxın qohumumdu. Çay içiləndən sonra qaynanam başının işarəsiylə məni arxa otağa çağırdı, gözlərimin içinə baxa-baxa dedi:

- Bu, mənim həkim yoldaşımdı, gətirmişəm səni yoxlasın.

Onu təəccüblə süzüb dilləndim:

- Axı mən yaxşıyam, heç yerim ağrımır.

Elə bil məni eşitmədi:

- Eybi yox, elə-belə baxıb gedəcək.

Çaşqın-çaşqın otağıma keçib gözlədim. Uşaqlıqdan həkim əlinə o qədər düşmüşdüm ki, iynə-dərmandan qorxum yoxuydu. Mənə maraqlı gələn bu idi ki, qaynanam nə səbəbdən belə əl-ayağa düşüb, nə əcəb belə qayğıkeşlik eləyir.

Üz-gözündən təbəssüm yağan xanım əlinə əlcək geyə-geyə otağıma girdi:

- Heç nədən qorxma, yavaşca səni yoxlayacam görək nə məsələdi, niyə sən gəlin ola bilmirsən...

Qadın belə deyən kimi sifətim pörtüb allandı, başımın ortasında nəlbəki boyda bir dairə buza döndü. Mən neyləyəcəyimi bilmədən durub gözlərimi döyürdüm. Qaynanam divanın üstünə bir güllü mələfə sərdi, üzümə yox, divara baxa-baxa:

- Gəl uzan bura, - dedi.

Yenə bir şey anlamadım. Başımın ortası elə bil buz bağlamışdı, yanaqlarımsa təndir kimi yanırdı. Mən həkim xanıma ürkək-ürkək baxa-baxa əlacsız-əlacsız soruşdum:

- İndi mən neyləməliyəm?

O, dillənməyə macal tapmamış qaynanam hökmünü verdi:

- Kalqotkanı soyun, uzan!

Mən yenə yazıq-yazıq həkimin üzünə baxdım:

- Heç olmasa qaynanam bayıra çıxsın...

Qaynanam bu səfər də qonaqdan qabağa düşdü:

- Utanma, nə olacaq, mən də həkiməm.

Onda mən məsələni qəti qoydum, həkim xanıma üz tutub:

- Qaynanam çıxmasa, soyunmayacam, - dedim.

Arvad könülsüz-könülsüz otaqdan çıxdı. Mən qolları qırılıb yanına düşmüş kimi asta-asta soyunmağa başladım. Bir az əlacsızlıqdan, bir az kimsəsizlikdən, bir az da həyadan məni dəli bir ağlamaq tutmuşdu.

Soyunub uzandım, qollarımı gözlərimin üstündə çarpazladım. Çox utanırdım. Nənəm deyərdi qızın üzündə üç həya pərdəsi olur – biri ilk aybaşısı olanda, biri zifaf gecəsi, biri də ilk doğuşda yırtılır. Nənəm deyən düzüydüsə, hələ mənim üzümdə iki həya pərdəsi vardı. Göyçək həkim xanım ağlamayım deyə mənə yalvarırdı. Başımı qatmaq üçün çılpaq ayaqlarıma baxıb qayıtdı:

- Sənin nə qəşəng budların var!

Bir dəfə xəstəxanada əməliyyat qabağı mənə narkoz verən anestezioloq da belə demişdi. Ancaq indi tərifdən-komplimentdən zövq alası halda deyildim, istəyirdim həkim neyləyəcəksə tez eləsin, canım bu töhmətdən qurtarsın. Gözlərimi qapayıb həyəcanla gözləyirdim. Birdən sərt bir şeyin ayaqlarımın arasından göbəyimə doğru irəlilədiyini hiss elədim, mənə elə gəldi nəsə vəhşi bir məxluq daxili orqanlarıma ağız atdı. Bərk qışqırdım. Həkim xanım elə mənim qışqırmağıma bənd imiş, tez əlini geri çəkdi:

- Qalx geyin, hər şey qaydasındadı.

Mən yenə əllərimlə gözlərimi qapadım. Həkim əyilib üzümdən öpdü, səsə içəri girən qaynanama “get rahat ol” dedi, sonra birlikdə bayıra çıxdılar. Gecəyə qədər uzandığım yerdə sərili qaldım: demək, mənim qız olduğuma qaynanamın şübhəsi varmış!

Axşam qaynanam neçə yol məni eşiyə çağırdısa, otağımdan çıxmadım. İndi qayğıya, sevgiyə əvvəlkindən də çox ehtiyac duyurdum. İstəyirdim Emin məni başa düşsün, kiçicik bir nəvaziş göstərsin mənə, bircə dəfə soruşsun ki, necəsən, nə hallısan, bəlkə ürəyin nəsə istəyir... Heç olmasa mənlə – nədən olur olsun – bir söhbət eləsin. Xırdaca bir nəvaziş bu yad yerdə məni çox tez dəyişərdi. Bilmirdim gözübağlı verildiyim bu adama hardan, necə yaxınlaşım. Onu dindirməyə, ona qılıqlanmağa qorxurdum; qorxurdum yenə kobud bir söz deyib məni iyrəndirə, ya da alçalda.

***

Artıq toyumuzdan altı gün ötmüşdü. Bu müddətdə iki dəfə mənə dəyməyə gələn bibim ikisində də kor-peşman geri qayıtmışdı. Bizlə bir həyətdə yaşayan böyük qaynım Yaqubun arvadı Maral da mənə yaxın gəlmirdi. Hərdənbir qaynatam, bir də qaynımın balaca uşaqları mənlə kəlmə kəsirdilər.

Yenə hamı evdən çəkilmişdi. Bütün ev işlərini görəndən sonra ertədən axşam süfrəsini də hazırlamışdım. O günlər əlim boşalan kimi xatirə dəftərlərimi, köhnə şəkilləri töküb başımı qatırdım. Xəstəxana divarları arasında yatdığım uzun həftələr, aylar boyu özümə qəribə məktublar yazardım. Təkcə özümə yox, göydə Aya, yerdə suya, dibçəkdə gülə xitabən yazdığım məktublar da vardı. Yenə o məktubları, xatirə yazılarını qarşıma düzüb oturmuşdum. İçimə necə dalmışdımsa, Eminin gəldiyindən xəbərim olmamışdı. O, içəri girəndə mən oğurluq üstündə tutulmuş kimi başladım dəftərləri, məktubları gizlətməyə.

Emin elə bil məni oğurluqda da yox, ən qatı cinayət başında yaxalamışdı. Bir anda nəyim vardısa, dartıb hamısını əlimdən aldı. Üzümə nifrətlə baxa-baxa dəftərləri vərəqləməyə, məktubları gözdən keçirməyə başladı. O, özümə, Aya, suya, gülə-çiçəyə yazdığım məktubları mənə ünvanlanmış sevgi məktubları kimi anladı. Məsələn, Aya yazdığım məktub belə başlanırdı: “Əzizim Ay, bu gün 20 gün oldu ki, mən bu xəstəxana divarları arasındayam...” Burasını oxuyanda Emin bağıra-bağıra məndən Ayın kimliyini soruşmağa başladı, az qaldı vurub məni öldürsün. Mən bu adamı başa salmağın mümkün olmadığını anladığıma görə susmağı üstün tutdum. O isə göyərə-göyərə sübuta yetirməyə çalışırdı ki, bunlar hamısı sevgi məktublarıdı. Naçar qaldım: bilmirdim adama necə isbat eləyim ki, bu yazılar uzun zaman xəstəliklə, ölümlə əlbəyaxa olmuş bir qızın ürək döyüntüləridi.

Sonra o mənim əlyazmalarımı qucağına yığıb bayıra çıxdı. Pilləkənlə cəld aşağı düşüb xatirə dəftərlərimi, məktublarımı həyətin ortasında qalaqladı. Kağızdan bir təpəcik düzəldib kibriti o təpənin ortasına çəkdi. Bunu görcək mən pilləkənləri iki-iki düşüb yanan dəftərlərimi qurtarmaq üçün özümü alova sarı atdım. İçində bir insan yanan tonqalın istisi üzümü vurmamış Emin məni qomarlayıb, endiyim pilləkənin başına atdı. Nə qədər yalvardımsa, ona əsər eləmədi. Dəftərlərim, məktublarım gözümün qabağında od alıb yanırdı. Bu duyğusuz insan mənim neçə illik dünyama od vurmuşdu, o tonqalda mənim neçə illik yaşantılarım, yiyəsiz ruhum yanırdı. Handan-hana mən yalvarışların mənasız olduğunu anlayıb öz otağıma qayıtdım. Üzü üstə çarpayıya yıxıldım.

Deməyəsən eltim Maral həyətdəki mərəkəni öz evinin pəncərəsindən izləyirmiş. Az keçmiş o, mənim dalımca içəri girdi:

- Gərək sən o dəftərləri özün yandıraydın, heç bura gətirməyəydin, - dedi, - Emini də belə yaralamayaydın.

Bu avam, savadsız, amma şeytana papış tikən qadın da yandırılan kağızları sevgi məktubları bilmişdi. Mən bərəlmiş gözlərimi onun sifətinə zilləyəndə gəlin üzümə şinədi:

- Nədi, bəlkə düz demirəm?!

Onda mən anladım ki, hansı cəhənnəmə düşmüşəm. Elə bilirdim ərə getməkdə ən azından bir uduşum var – heç olmasa anamdan, qardaşlarımdan canım qurtarar, qulağım bir az dinc olar. İndisə başa düşdüm ki, çox, çox yanılmışam, cəhənnəmin qapıları üzümə taybatay açılıb.

Evdəkilərdən heç kəs tutduğu əmələ görə Eminə bir turş kəlmə demədi. O axşam mənim boğazımdan su da keçmədi, elə paltarlı-palazlı otağımızın lap aşağısına qoyulmuş divana sərildim. Emin içəri girəndə ayağa durmadım. Nənəmin bir məsəli yadıma düşmüşdü: bir qadına süpürgəni göstərib deyiblər ki, bu, sənin ərindi, qadın da həmən gündən o süpürgəyə baş əyib. Bir zaman nənəm o məsəli çəkəndə ürəkdən gülmüşdüm. İndi elə bilirdim həmin qadın mənəm – məni süpürgəyə ərə veriblər.

O gecə Emin də mənə yaxın gəlmədi, yıxılıb yatdı. Dünən qaynanamın məni həkimə yoxlatması, bu gün də bunun mənim can dəftərlərimi yandırması sinəmə çalın-çarpaz dağ çəkmişdi. Yolu tanısaydım, bir dəqiqə götür-qoy eləmədən gecəylə qaçıb evimizə gedərdim.

Gecə yarıdan keçənə qədər gözümə yuxu gəlmədi. Yenə donuq müqəvvaya, duyğusuz leşə, iradəsiz meyidə döndüm. Məni bu evdə dinc ömrün, işıqlı həyatın gözləmədiyinə bir daha əmin oldum. Eminin vahiməli xorultusu ər evində bir ömür çalınası matəm marşı kimi gecə boyu məni müşayiət elədi.

ardı var

# 1350 dəfə oxunub

Müəllifin son yazıları

# # #