Daha dözə bilmirəm – Bircənin Romanı

Daha dözə bilmirəm – Bircənin Romanı
20 sentyabr 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Az keçmiş Kinikor atamla Anarı da düşmən elədi. Gözdən yayınan kimi qoca-xartdaq tısbağa özünü verirdi atamın saldığı dirriyə, yediyini yeyirdi, yemədiyini qarnıyla əzib torpağa suvayırdı. Atam Kinikoru ağzı enli çalovuşun içinə alıb atırdı bağdan çölə. Tappıltıyla yerə çırpılan tısbağa Anarın balaca dünyasını alt-üst eləyirdi:

- Ə, baba (onun atamla bu tərzdə danışmağı kişiyə ləzzət verirdi), - deyirdi, - sən nə təhər babasan? Sən ta baba deyilsən ey, Cavidin tayısan. Mən gün axşamacan sənin işini görürəm, inəyini sulayıram, peyinini daşıyıram, itinə yal çalıram, sən mənim bircə tısbağama bu boyda həyətdə yer tapmırsan?

Anara qoşulub mən də bir zaman oynatdığım tısbağalardan, kim bilir, hansınınsa balası, nəvəsi (ya bəlkə özü?!) olan qoca tısbağanı qorğanırdım, kölgəlikdə fağıra yer düzəldirdim. Anar onu mənə tapşırıb kəndin uşaqlarıyla oynamağa getcək atamla Cavid qoca tısbağanı qaralayırdılar. Atam:

- Ver onu bura, - deyirdi, - aparıb atacam erməni tərəfə.

- Vermərəm, uşaq gəlib tapmaz, havalanar.

- Bunun azı on yaşı var, bu gün-sabah öləcək.

- Qoy ölsün, uşağın da gözü yığılsın.

Atam kiriməmiş Cavid özünü atırdı ortalığa:

- İndi o bu qapıda ölsə nolacaq, kim onun leşini sürüyüb atacaq?

O, belə-belə ucuz bəhanələr gətirəndə məni gülmək tuturdu:

- Bu qapıda ölsə onu kamali-ədəblə dəfn eləyəcəm.

- Harda?

- Hər gün gəlib çəpərdən sənə gül atan, məktub göndərən qızın durduğu yerdə.

- Anarı da başdaşı qoyarsan.

- Anarı niyə qoyuram, o qədər daş olasılar var ki!

Tısbağanın evimizdə əməlli-başlı ikitirəlik yaratdığını görən Səməndər handan-hana işə qarışası oldu, atamı Cavidə yaxın yerdə yaxalayıb üzünü bozartdı:

- Burda oturma – dədəmindi, orda oturma – nənəmindi. Xalxın uşağını rahat evindən çağırıb gətirmisiz bura, sonra da salmısız gözümçıxdıya. O tısbağa onun oyuncağıdı, uşağın oyuncağına dəyməyin. Kəndin üstünə güllə yağır, od ələnir, bəs bu uşaq hara getsin, nəylə başını qatsın?

- O tısbağa bağı-bostanı xaraba qoyub.

- Ay dədə, biz o uşağı hansı zülümlə böyütmüşük, Lalə nələr çəkib onun üstündə! Yazıq bacımız Anara qədər neçə balasını gömdü torpağa. Sən deyildin onun yüyrüyünün başında ağlaya-ağlaya Allaha yalvaran? Beş addım o yanda düşmən canımızı güdür, qanımıza susayır, sən də burda bir tısbağayla savaşa çıxmısan.

Səməndər atamın halovuşunu alandan sonra azca aralıda başını kitabın üstünə əymiş Cavidi ona isnad verib dedim:

- Tək atamız deyil ey, bu evdə hamı Anarı qaralayıb, elə eləyiblər ta Lalə də uşaqdan bezib.

Səməndər dediyimi göydə tutdu:

- Hə də, xanım qıran qabın səsi çıxmaz. Uşağı xahiş-minnətlə atasından alıb gətirirsiz, sonra da gün vermirsiz.

Cavid mənə göz süzdürüb donquldandı:

- Babam məndən çox ona qurban kəsib. Elə haqq olur babama, düz üç il bu boyda kişi öz danışığını yadırğayıb Anar kimi danışdı, indi bir tısbağa ağsaqqal kişidən hörmətli olub.

Davanın üstünə Kamil də gəlib çıxdı. Qardaşlarım kürək-kürəyə verib atama, dolayısıyla da Cavidə elə toy tutdular, Kinikora bir də dəyib dolaşan olmadı.

***

İmtahana bir həftə qalanda Kamil Cavidin bütün testlərini, kitablarını qatlayıb qırağa qoydu:

- Yeməklə doymayan yalamaqla doymaz. Bizimki bura qədər idi, qalx geyin gedirik gəzməyə.

Caviddən başqa öz oğlunu, Anarı, Aqilin kəndə dincəlməyə gəlmiş kiçik oğlunu, Hakimin o biri nənəsigildə qalan böyük oğlunu, üstəlik əmim oğlu Ziyanın iki oğlunu, bir də yenicə başını başlara qoşan balaca Ququnu götürüb qonşu rayondakı duzlu suya apardı. Orda Kamil uşaqları doyunca yedirdib-içirdib çimizdirəndən sonra şad-şalayın geri qaytardı. Atam nəvələrini belə sevincək görəndə üzünü Cavidə tutub şövqlə dedi:

- Mən neyləyim? Ürəyindən nə keçir de.

Rüfət qoymadı uşaq ağzını aça:

- Babası, sən də o çəpərdən boylanan qızı evimizə gəlin gətir, yaxşı bir toy elə.

Cavid pörtüb qızardı, atam uğunub getdi:

- Hələ tez deyilmi, qoy görək imtahanı necə verəcək, neçə bal, nə qədər bəhməz yığacaq.

- Elə bil verib imtahanı, sən də bir hərəkət elə. Demirsən Cavid mənim balaca oğlumdu?

Atamla Rüfətin təkbətək debatına heç kim qarışmazdı:

- Ac toyuq yuxusunda darı görər, aşna, deyəsən Cavidin adına mağar qurub özün də evlənmək istəyirsən ha!

- Məni həkətə qatma, babasan, sən də nəsə boyun olmalısan.

- Olum da. Mən ona Səməndərə elədiyim toydan eləyib Kamilə gətirdiyim gəlindən gətirəcəm, Aqilə aldığım evdən, Hakimə aldığım maşından alacam, üstündə də bir arvad.

- Amandı məni demə, məni bu uşağın haqq-hesabına qatma, - Rüfət dad-həzər elədi.

- Niyə, səninki onlarınkından da uzun olmadımı?

- Oldu, oldu, o qədər uzun oldu, ucu gəlib ağzımdan çıxdı.

Atam cuşa gəlmişdi:

- Səməndərin toyunun səsi bütün rayona yayılmadımı? Yayıldı! Yaqub Məmmədov üç gün üç gecə bu qapıda zəngulə vurmadımı? Vurdu! Bax o toyun birini də Cavidə çaldıracam.

Qardaşlarım atamın sözünə söykək verdilər. Səməndər:

- O toyun bir gününü mən eləyəcəm, - dedi, - oğlum yoxdu, Cavid mənə oğul əvəzidi, öz qapımda ona bir gün toy çaldıracam.

Rüfət:

- Bir günü də mənlikdi, - dedi, - qara zurnanı bu qapıda çığırdıb erməniləri pərən-pərən salacam.

Söhbəti aralıdan dinşəyən Lalə özünü qardaşlarının arasına atdı:

- Xınayaxdısını da mən öz evimdə eləyəcəm, o bəhanəylə toy çaldırıb pul yığacam.

Qızarıb-bozaran, utandığından səsini çıxarmayan Cavidə baxıb dedim:

- Mən də bir gün ona şəhər toyu eləyəcəm, duvaqqapmasını da ayrıca bir gün toy kimi yola verəcəm.

Rüfət üzünü Cavidə tutub:

- Qardaş, vallah mənə belə şeylər boyun olsalar Harvarda, Oksforda girərəm, - dedi. - İndi dillən görək sən nə deyirsən? Biz heç, bu iki kişinin (Səməndərlə Kamili göstərdi) əməyinə qıyma.

Cavid başını qaldırmadan mısmırıqlı, acıqlı dedi:

- Arxayın olun, neçə bal lazımsa yığıb sizi sevindirəcəm.

Eşidənlər bir ağızdan “inşallah” söyləyəndə Anar balaca qollarını göyə qaldırıb uca səslə Cavidi qarğıdı:

- Allah qoysa kəsiləcəksən, səndən tələbə-zad olan deyil.

Hamı gülüşdü. Cavid Anarın üstünə atılanda özümü qabağa verdim. Baxışlarımız toqquşdu, oğlum məni düşmən kimi gözüylə sancıb dodağının altında hədələdi:

- Bu kirpinin acığına o imtahana girməyəcəm, baxarsan.

Onun qırımından gerçəkcə üşəndim – tərsliyinə bələdiydim, dediyini eləyəcəyindən qorxurdum. Ürəyimdən keçənləri gözlərimdən oxuyan Kamil:

- Cavid, sənə qurban olum, çörəyindən küsən öz qarnını ac qoyar, - dedi. - Anar körpədi, qanmır, onu bil ki, xalan səni balalarından çox istəyir. Bizi düşünmə, əziyyətimizi elqovan püfəsi kimi üfür getsin, bəs ananı neyləyək?

- Anam məni yox, Anarı düşünür həmişə.

- Anarı da anan böyüdüb, onu da səncən sevir. Kini-küdurəti qəlbindən tulla getsin, başını ayazıt, neçə ildi sənin yolunda külxançılıq eləyən ananı düşün. Əziyyətini bu balaca (bizdən aralı taxta səvərmiş Anarı göstərdi) dəmbərçəyə qurban vermə. Dərgahın qapısı açıq olanda kasıbı yuxu tutar deyərlər. İndi sən də baxtını yuxuya vermə.

Cavid ağzındakıları boşaltsın deyə onlardan aralandım. Məhləmizin balaca doqqazının dalında sımıdıb dayı-balanı dinşədim. Oğlum gülə-gülə deyirdi:

- Dayı, narahat olma, mən o imtahandan üzüağ çıxacam.

Bunları eşidəndə ürəyim şiddətlə döyünməyə başladı. Gizləndiyim yerdən çıxıb var-yoxunu uduzmuş qumarbaz kimi taxtın üstündə üzüqoylu uzanmış Anarın yanına çökdüm.

***

İmtahana iki gün qalmış Lalə balalarıyla, mən Cavidlə yığışıb Bakıya gəldik. Yola düşməmiş Anar qoca tısbağanı Telli mamanın ətəyinə qoydu:

- Cavid imtahandan iki alan kimi kəndə qayıdacağıq, Telli nənə, - dedi, - mən gələnəcən Kinikora sən baxarsan.

Bibim qoca tısbağanı ehmalca ətəyindən yerə düşürdü:

- Ay bunun köçü köndələn getsin, mən bunu harda saxlayım axı?

- Telli nənə, sən baxmasan babam onu öldürəcək, - Anar dedi, - söz verirəm, sənə Bakıdan saqqız alacam.

Telli mama şaqqanaq çəkib Anarı bağrına basdı:

- Hə, saqqızın xətrinə baxaram. Bəs gecələr hara qoyum bunu?

- Gecə də elə yanına qoyarsan.

Atam girəvəni əldən qaçırmadı:

- Bacı, gör neçə ildi kişisiz yatırsan, apar Kinikoru özünə kişi qayır.

Hamı gözü yaşarınca güləndə bibim qoca tısbağanı o üz-bu üzə çevirirdi:

- Nə bilirsiz kişidi, bəlkə elə bu da mənim kimi neçə ilin duludu.

- Narahat olma, ay Telli, kişidi.

- İpək canım dul oldu, eşşəklərə çul oldu, - deyib bibim qoca tısbağanı köhnə bir heybəyə saldı.

***

Bakıya çatan günün səhəri qardaşlarımın tapşırığıyla Cavidi şəhərin görməli yerlərində gəzdirdik, istədiklərini aldıq. Günorta Lalənin əri uşaqları başına yığıb Cavidin adına qonaqlıq verdi. Axşamı Hakim hamımızı yığıb restorana apardı. Cavid yenə balacalara göz verib işıq vermədi, süfrədə şıltaqlıq eləyən, tanımadığı adamlara qoşulub oynayan Anarın gözünün suyunu axıtdı, mənim him-cimlərimi vecinə də almadı. Biz onu danladıqca Cavid bir az da üstünə qoyurdu:

- Buna bax, tanımadığı kefli kişilərlə oynayır, indi ayaq altında qalacaq.

Onlar süfrədəki nemətlərdən yeyib qızıb didişdikcə biz iki bacı da öz ətimizi yeyirdik. Evə gecəyarı qayıtdıq. Hakim Cavidə son tapşırıqlarını verib qapıdan çıxdı:

- Sabah ananla gedin imtahan verəcəyin məktəbi tapın, yolu yadınızda saxlayın. İmtahana rahat paltar geyin, yaxşı yazan qələm al.

Cavid dayısının tapşırıqlarını dinləyib özünü sərin otağa verdi, qapını bağlayıb yanına heç kimi buraxmadı.

Gecənin bir yarısı Anar yatağında danışmağa başladı:

- Xala, bu gecə nağıl söyləmə.

Lalə uşağın ağzından vurdu:

- Yat, bütün günü nağılı siz danışmısız, xalanın nağıllıq halı var?

- Xala, bax söz vermisən ha, Cavid yaxşı bal yığsa onu döyəcəksən.

- Anar, sözümüz sözdü, yaxşı bal toplasa onu mal kimi budayacam, neçə ilin acığını onun qabırğalarından çıxacam. Sənin gözün baxa-baxa onu yeddiləyəcəm.

Sərin otağın qapısı açıldı, Cavid əlindəki şirəni dümləyə-dümləyə otaqdan çıxdı:

- Dədən Muncuğu yeddilədiyi kimi?

Dediklərimi oğlumun eşitdiyini görəndə qızardım:

- Hə, bax elə.

- Mən dana-zadam məni yeddiləyəsən? Yanında köpən o düdüyü yeddilə.

Dostum, bizim eldə adətdi, köpmüş heyvanı yeddiləyərlər – köhnə kişi papağını birinci yerə, sonra köpən heyvanın qarnına vurub deyərlər:

Köpün papağa dolsun,

Başın sadağa olsun.

Dərdini bura-bura

Köpməcəni tök bura.

Beləcə, papağı yeddi dəfə yerə, ordan da götürüb heyvanın qarnına vurarlar. Bu da olar yeddiləmə.

Cavid xırda yastığı qapıb Anarın üzünə sıxdı:

- İştahına Kinikorun dolması, imtahandan çıxan kimi topanızı mən yeddiləyəcəm.

***

Səhər ana-bala bir taksiyə oturub Cavidin imtahan verəsi olduğu orta məktəbi tapdıq. Yol boyu dinib-danışmadıq, arada baxışlarımız dilləşib-deyişirdi. Qayıdanda Cavid telefon dükanına girdi, ən bahalı telefonlardan birini götürüb üstümə yeridi:

- Mən bundan istəyirəm.

- İmtahandan sonra alarıq.

- Elə bil imtahandan sonradı.

- Üstümdə o qədər pul yoxdu.

- Məndən ötrü verilən bir elə pulu neylədin?

- Sənə videokamera aldım, “Polaroid” şəkilçəkən aldım.

- Babam qara inəyi satıb kameranın pulunu vermədi?

- İnəyin pulunun üstünə mən nə qədər qoydum, bilmədin?

- Mən heç nə bilmirəm, telefonu al, vəssalam.

Gördüm mən dirəşdikcə o da dirəşir, başladım yumşalmağa:

- Qadan alım, sabah imtahanını ver, nəticəni öyrənək, sonra telefonu məndən istə.

Cavid hamı eşidə-eşidə deyinməyə başladı:

- Sən hələ də mənə inanmırsan, elə bilirsən kəsiləcəm.

- Mən sənə inanıram, güvənirəm.

Yaltaqlanmağın faydası yoxuydu – mən onu dartıb eşiyə çıxarırdım, o məni sürüyüb içəri salırdı. Bir yandan inad göstərirdim, o biri yandan Kamilin tapşırığı qulağımda səslənirdi: “Cavid nə desə əməl elə, uşağı yorma, imtahana qədər onun çaldığıyla oyna”.

Sonda pedaqoq qardaşımın öyüdü inadıma üstün gəldi, pulqabımı çantamdan çıxarıb Cavidin ovcuna qoydum:

- Gör burdakı pullar yetərsə istədiyini al.

O, cüzdanımı eşib içindəki pulları gözüylə saydı, sonra əskinasları bürmələyib yerinə dürtdü, qolumdan tutub məni bayıra fırıldatdı. Cavid xeyli qabaqda iti yerişlə irəliləyir, mən küçədə adamlara dəyə-dəyə onun dalınca yüyürürdüm.

Bacımgilin qapısından girər-girməz Lalə dedi:

- Səməndər zəng vurmuşdu, tapşırdı axşam sərini o məktəbə yenə dəysinlər.

Cavid itə döndü:

- Niyə, ikinci dəfə gedəndə nolasıdı?

- Yolu lap yaxşı tanıyarıq.

- Nəyə lazım? Getdik, gördük, tanıdıq, ta mən gedəsi deyiləm, - deyib özünü hamama təpdi.

Yenə dünya məndən ötrü dar quyuya döndü. Divana çöküb aciz-aciz hönkürdüm. Lalə əlini ağzıma verdi:

- Kiri, amandı Cavid eşitməsin!

- Daha dözə bilmirəm, mən nə deyirəmsə bu qansız onun tərsinə gedir.

- Bu gecəni də döz görək başımıza nə gəlir. Kamil demədi uşağın yanında bədbin olmayın?

- O boyda uşaq olar?

Cavid yaxalanıb çıxanacan bacım məni toxtatdı, di gəl, Anar yenə dilini yuvasında saxlamadı:

- Ay yekə (anamın sözüydü), bəs deyirdin çiçəklik anaların ayaqqabılarının altındadı? İndi noldu xalamı ağladırsan?

Cavid üzümə zəndlə baxıb boynundakı dəsmalı Anarın başına atdı:

- Dümbələk, çiçəklik qaldı kənddə, sən yuxa qulağı sulama.

Gördüm deyişmə bir az da uzansa bunlar yenə tutaşacaqlar, Anarı götürüb düşdüm həyətə. Cavidin işləkləri məni elə bezdirmişdi, sabahkı günü qarşılamağa da həvəsim qalmamışdı. İllərlə gözlədiyim, işığına gəldiyim vədənin yetişməsi məni sevindirmək yerinə quluzuma salmışdı. İndi böyük şəhərin tünlüyündə bir dalda yer tapıb dolub-daşan gözlərimi sağmaq istəyirdim.

Köhnə dərdlərin yurdunda yeni dərdlər cücərirdi: tutalım oğlum ali məktəbə girdi, ana-bala yığışıb köçdük Bakıya, bəs sonra? Biz burda necə dolanacaqdıq, bütün günümüz beləmi keçəcəkdi? Bu qarışıq şəhərdə, tanımadığım adamların arasında ətəyimdə Cavid boyda od-alov necə yaşayacaqdım? Bunları düşündükcə dabanıma tüpürüb kəndə qaçmaq istəyirdim. Yenə arzuma çatmağa bir qədəm qalmış fələk sevincimi qursağımda qoymuşdu, umuduma zəhər qatmışdı.

Oturduğum skamyadan qalxıb illərdi ayılmayan sərxoş kimi valaylana-valaylana bacımgilin evindən aralandım. Anar qolumdan sallaşıb yanımca sürünürdü:

- Xala, ay xala, hara gedirsən?

- Sən qayıt evə, anan nigaran qalar.

- Bilir sənin yanındayam, qalmaz.

Nə qədər dil tökdümsə uşaq məndən əl çəkmədi.

- Xala, gəl gedək o kirpinin məktəbinə baxaq qayıdaq.

Anarın sözü məni ayıltdı, indi evə dönməməyin ən yaxşı variantı bu olardı. Tərs kimi uşaq ev paltarında yanıma düşmüşdü, ayağındakı başmaqlar da köhnəydi.

- Burda gözləyirəm, - dedim, - get əynini dəyiş gəl.

- Xala, evə qalxsam atam məni buraxmayacaq, gəl elə belə gedək.

Az irəli Cavidlə gedib qayıtdığım yolu Anarla bir də getdim. İki marşrut dəyişdik, məktəbin həyətində veyillənib geri döndük. Bacımgilin evinin tinində avtobusdan enəndə Anar tutduğu əlimi böyrünə qısıb dedi:

- Xala, bax, Cavid də biz düşən avtobusdan düşdü.

Uşaq göstərdiyi səmtə çöndüm: oğlum xeyli aralıda durub bizə baxırdı...

ardı var

# 7165 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #