Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) - Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T. İsmayılov küçəsi, ev 26-da anadan olub.
Astara rayon Məhkəməsinin 15 oktyabr 1996-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Səbayel rayon Məhkəməsinin 04 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.
2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.
2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə Rövşən barəsində olan həmin cinayət işi təzələnib.
Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01 iyul 2002-ci il tarixdə axtarış elan olunub.
2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda Elçin Yevlaxskinin qətlə yetirilməsini bəzi antirövşənçilər Canıyevin üstünə yaxıb ləkələməyə girişsələr də, kələkləri baş tutmadı. Bu qətllə əlaqədar olaraq Canıyevi 2004-cü ilin dekabrında Moskvada saxladılar. Rövşən alibilərini ortaya qoyaraq bulanmış sudan quru çıxdı.
2006-cı ildə Kutaisi klanının Moskvada keçirdiyi sxodka iştirakçıları MUR əməkdaşları tərəfindən saxlanılanda Rövşən də Petrovka-38-ə gətirildi.
Həmin vaxt Lənkəranski beynəlxalq axtarışda olsa da, saxta sənədlər sayəsində həbsdən yaxa qurtara bildi.
Ukrayna MCMİ-nin məlumatına görə, Rövşən Canıyev xəfiyyələr tərəfindən üç dəfə bu ölkədə saxlanılıb.
2008-ci ilin soyuq fevralında Rövşən özəl mehmanxanalardan birində dincələrkən qapı döyülmədən açılır və otağa beş-altı nəfər soxulur və Rövşəni milis bölməsinə aparırlar. Elə həmin gün Şevçenko rayon məhkəməsi Canıyevə 40 sutkalıq həbs cəzası kəsir. Rövşənin xilası üçün Ukraynanın ən savadlı vəkilləri işə girişirlər.
3 dekabr 2009-cu ildə Ukrayna DİN-nin MCMİ əməkdaşları Kiyevdə yenidən Rövşən Canıyevi saxlayırlar və Qolosevki rayon məhkəməsi onu 40 sutka müddətinə dəmir barmaqlıqlar arxasına göndərir. On gün sonra isə Lənkəranskini Azərbaycana ekstradisiya edirlər.
2010-cu ilin sentyabrının əvvəllərində Rövşənin yaxın tərəfdaşlarından biri - Vaqif Tukanov qətlə yetirilir. Olaydan iki həftə sonra, yəni ayın 16-da Moskvada Aslan Usoyana sui-qəsd təşkil olunur. Hadisədən bir gün əvvəl Ukrayna hüquq-mühafizə orqanları Kiyevdə Rövşəni saxlayaraq KPZ-yə oturtmuşdular. “Praym Kraym”-ın yayımladığı xəbərə görə, Canıyev Moskva - Kiyev qatarından düşərkən perronda əməliyyatçılar tərəfindən “gül-çiçəklə” qarşılanmışdı.
2012-ci ilin iyununda Dubayda dincələn Rövşənə sui-qəsd təşkil olundu. Üç bıçaq yarası ilə ağır vəziyyətdə olan Canıyevi reanimasiyaya çatdırdılar.
Sabirabadlı Hikmət və Masallı Mamedin ölümlərindən sonra Moskvada bir neçə tanınmış avtoritetin qətli Rövşəni dərindən təhlillər aparmaq zorunda qoydu. Azərbaycanlı oğruları hiss olunacaq dərəcədə sıxışdıraraq nüfuz dairələrindən uzaqlaşdırmaq istəyirdilər.
Məhkəmə zalında ata qisası
Rövşən Canıyevin atası Rafiq Canıyev milis əməkdaşı idi. Dayısı da daxili işlər şöbəsində işləyirdi.
Rövşənin 17 yaşı olarkən atası kriminal aləmdə tanınan bir avtoritet – Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə Quliyevin məhkəməsi zamanı müttəhim son sözünü söyləyərkən məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin bütün qohum əqrəbasını – nəslini məhv edəcəyini bildirəndə, Rövşən ayağa qalxıb cibindən çıxardığı tapança ilə müttəhimə dörd dəfə atəş açaraq qisas alır.
21 yaşlı Rövşənin məhkəməsi zamanı prokuror onun əməlini 12 illik həbs cəzası ilə qiymətləndirsə də, hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarır.
İki il günə-gün oturduqdan sonra azadlığa çıxan Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət eləmişdi. O, qanuni oğruların saldıqları cığıra qədəm qoymuşdu.
Nardaranlı Mirseymur Abdullayev deyirdi:
“Qanuni oğru güclü şəxsiyyət, xarizmatik liderdir və onun hər addımı kriminal aləmin gözü qabağındadır. Rövşəndə bu məziyyətlərin hamısı var”.
"Göydə Allah, yerdə Oğru; Əqidə - müqəddəs; Qanunlar ali"
Bu əqidəni qəbul edən Rövşən onun ana xəttini araşdıranda belə qənaətə gəldi: İdeya əbədiləşdirilməyə layiq olan anlayış, hərəkət və mübarizə yoludur. Bir sözlə, buna Həyat demək olar. Yəqin eşitmisiniz ki, bu əqidəyə qulluq edən adamlar tez-tez "bizim həyat" ifadəsini (Naş mir) işlədirlər. Deməli, oğrular "bizim həyat" deyəndə elə ideyanı, onun müəyyən elədiyi davranış və yaşamı nəzərdə tuturlar. Həmin bu konteksdən çıxış etsək, Rövşənin kimliyi bu cür müəyyənləşər: anlayışı, hərəkəti və mübarizliyi ilə həyatı əbədiləşdirilməyə layiq görülən şəxs. Əqidə və oğrunun bir-birindən qətiyyən ayrılmayan anlayışlar olduğunu qəbul etsək, bu həyatın ən əsas məqsədini dərk etmiş olarıq.
Rövşənin deyimindən:
“Həyatın məqsədi əbədiləşməkdirsə, deməli, insan ən ümdə vəzifə kimi öz əqidəsini kamilləşdirməlidir”.
İdeya, yol və məqsəd məlum olduqda, bu ideyaya qulluq edən, bu yolu gedən və bu məqsədə can atan insanların meydana gəlməsi zəruriliyi yaranır. Oğru olmaq üçün insan barədə iki qərar verilməlidir. Bu qərarlardan biri şəxsi olur. Yəni, hər bir şəxs özü barədə daxili qərar çıxarır. Rövşən “cinayət aləminə, “naş mir”ə qədəm qoyduğu ilk gündən şəxsi qərarını vermişdi. Heç nahaqdan deyildi ki, Mirseymur onu “vrajdyonnıy vor” (anadan oğru doğulan), Sabirabadlı Hikmət isə “Kristal” adlandırırdı.
İkinci qərar isə şəxsiyyətlərin onun barəsində çıxardığı qərardır. Mirseymur və Hikmətdən savayı Rövşən barəsində onu əvvəllər həmişə öz yetirməsi kimi təqdim edən Ded Xasan da tərifnamələr söyləməkdən çəkinmirdi: “Lənkəranski Rövşən oğru Olimpinə doğru gedən pilləkəni iki-iki, üç-üç qalxır”- demişdi. Aralarında böyük yaş fərqi olmasına baxmayaraq, Yaponçik, Tariel Oniani və başqa klassik zakonniklər Rövşəni ilk görüşdən sora özləri ilə eyni müstəvidə dayanan oğru kimi qəbul edir, - kurs qoymaqla Lənkəranski özü barədə çıxarılan müsbət qərara iddialı olduğunu birbaşa göstərir, - deyirdilər.
Rövşən barəsində Novxanılı Əliqardaş da ürək sözlərini gizlətmirdi. Əliqardaş oğrular tərəfindən taclanmasa da, ümumin fikrinə əsasən oğru sayılırdı.
Milli Parkdakı atəş səsləri
26 iyun 2000-ci ildə Bakının Milli parkında atəş səsləri eşidildi. Az sonra televiziya xəbərlərində Rövşən Canıyevin Azərbaycanda böyük avtoritet sahibi Kəramət Məmmədovu güllə ilə ağır yaraladığı barədə xəbərlər səsləndi...
Ardı var...