Oğru dünyası: Qızını zorlayan atanın etirafları

Oğru dünyası: Qızını zorlayan atanın etirafları
28 dekabr 2013
# 08:30

DOSYE:

Ağakərim Zeynalabdin oğlu Babayev – “Krasavçik”.

1935-ci ildə Bakıda anadan olub.

İlk məhkumluğunu 1961-ci ildə Stalin rayon xalq məhkəməsinin hökmü ilə ( möhtəkirlik) çəkib.

1964-cü ildə yenidən barmaqlıqlar arasına düşüb. Oktyabr rayon Xalq Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.

1984-cü ildə 9 il islah olunacağı barədə qərarı Nəsimi rayon Xalq Məhkəməsində elan ediblər.

1990-cı ildə Krasavçiki yenidən tutublar. Bu dəfə 1 il 6 ay islah olunacağını eşidib.

Üst-üstə 18 il qazamatda oturan Ağakərim cəza müddətlərinin əksəriyyətini balıq alverinə görə alıb.

KUBİNKA

- Sovetlər dönəmində Bakının lap mərkəzində yaşayan soyuqqanlı, ətrafda baş verənlərə biganə Kubinka sakinlərinin əksəriyyəti defisit mal alveri ilə məşğul olurdular.

- On dörd-on beş yaşımdan bazarda fırlanır, yaxşı da kuş vururdum. Balıq alverinə girişmişdim – osetrina, beluqa, qırmızı-qara ikra...!!! Allahın dənizi, Allahın bəndəsi... Bütün dünyada dənizdən balıq ovu kasıb zümrənin acından ölməməsi üçün stimul olub. Mən də xoruz banında şirin yuxudan durub gəlirdim bazara, Maştağadan, Nardarandan, Coratdan... olan qohum-əqrəba gətirdikləri balıq məmulatlarını Keçəl Ağasəlimin kafesinə təhvil verərək gedirdilər. Xırıd eləmək mənim vəzifəm idi. Səhər tezdən beluqa-osetranın kilosunu bircə manata satırdıq. Günortadan sonraya qalan balığı tələbələrə, kasıb-kusuba ikiqat ucuz verirdik. Hər gün iki vedrə kürü də satılırdı. Müştərilərimin əksəriyyəti sistem işçiləri, zavmaqlar, taksimatornının şoferləri - o vaxt vodilalar günə yeddi-səkkiz çervona pul demirdilər - və artist-müğənnilər idilər. Yaxşıca qazanırdım ... və hamısını gözəlçələrə xərcləyirdim. Aşnalarımın əksəriyyəti armyaşkalar, ruslar, xoxluşkalar, kazaşkalardı. Bir də görərdim ardımca İttifaqın müxtəlif yerlərindən Bakıya gəliblər. İki-üç gün gəzdirərdim şəhərimizdə, plyajlara aparardım. Hamısı Xəzərə vurulardı. Sonra biletlərini alardım obratnı. Tutulandan sonra ardımca qazamata gələnlər də olurdu.

25 yaşımda, yəni 1960-cı ildə daimi müştərim olan kapitan Rasım məni əlimdəki qara kürü dolu vedrə ilə birlikdə göy zolaqlı “Qaz -69”- a oturdub: “gedək, orada bizim əməkdaşlara satarsan”, – deyərək birbaşa qorotdelə gətirdi. Əvvəl elə bildim zarafat eyləyir... Amma məni rəisin kabinetinə gətirəndə işlərin fəna olduğunu anladım. Otaqda altı-yeddi nəfər iri ulduzlu, zərli poqonlu zabitlər əyləşmişdi. Rəisin kreslosunda isə Daxili İşlər Naziri general Baraşkov oturmuşdu. Polkovnik Teymur Bünyadov, Xəlil Məmmədov, Baxış Mehdiyev və daha bir-iki yüksək rütbəli milis zabitləri... Əlimdəki kürü vedrəsini qapıdan sallanan pərdənin arxasına qoyub kamali-ehtiramla:

- Salam, hər vaxtuvuz xeyirli olsun, - dedim...

Gülüşdülər...

... 1961-ci ildə 6-cı kolonda balanda yeyir, bit əzirdim. Mənimlə bahəm Sanka Zver – Zığlı Cabir, Çil Ənvər, Nardaranlı Mirsəməd, Məşədi Səfər oğlu Cavanşir, TT Nəriman və sair lotular, cayıllar, mujiklər srok sarıyırdılar.

Qa­za­mat­da min cür si­fət gö­rmüşəm: "zi­bil­lər" - "qır­mı­zı­lar"dan tut­muş - "vor za­kon"la­ra­dək.

Qa­za­mat­da is­tər pro­fes­sor ol, is­tər adi fəh­lə, is­tər jur­na­list, is­tər­sə də kol­xoz­nik ha­mı bir­dir - "tü­rem­şik"!

TÖVBƏ EDƏCƏYƏM...

- Allaha inanırsınızmı? Başa düşürsünüzmü ki, Allahın qadağan etdiyi əməllərlə məşğul olmusunuz?

- Allaha lap uşaqlığımdan inanıram. Əvvəllər, məscidə də gedərdim. Həmişə qazandığımın yarısını kasıblara, əlillərə, yetimlərə xərcləmişəm - pul, yemək, pal-paltar verərdim.

- Elə hesab edirsiniz ki, Allah-Təala sizin verdiyiniz nəzirləri qəbul edir? Axı onları haram yolla qazanırdınız.

- Məncə, qəbul edir. Axı həmişə müftəxor varlılardan, rüşvətxorlardan oğurlamış, özüm kimi fırıldaqçıları aldatmışam. Əgər hansısa bir kasıbı incitsəydim, Allah cəzamı verərdi. Düzdür, Allahın bir çox buyurduqlarının əksinə getmişəm. Qazamatdan çıxan kimi Göy Məscidə yollanıb tövbə etmiş, Allahdan bütün günahlarımdan keçməyi diləmişəm. Mənim ümumiyyətlə, bağışlanmağa böyük ümidim var. Özümü həmişə Detoçkin zənn etmişəm. Başqalarına bu yolla addımlamağı məsləhət görmürəm. Qəzavü-qədər, tale dəmir barmaqlıqların arxasında birlikdə yaşamağa məhkum olan insanların azadlıqda keçən həyatlarını da bir-birindən çox fərqləndirməyib.

Mənim zəmanəmin uşaqlarının əksəriyyətinin "qaranlıq dünya" ilə ilk tanışlıqları 12-13 yaşlarına təsadüf edirdi. Səkkiz-on yaşlarında cinayət aləminə pənah aparanlar da istisna deyildi. Demək olar ki, həmişə səbəb eyni olurdu: ehtiyac, bir tikə çörək qayğısı. Çoxları bunu Allahın işi, alın yazısı hesab etsələr də, taleyin hökmünə boyun əyməyən, qara yazılmış bəxtlərinə üsyan edənlər də tapılırdı. Amma nəticə heç vaxt dəyişmir: dəmir barmaqlıqların arxasına uzanan yol həmişə əzab-əziyyətli, məşəqqətli olur.

Araşdırmalarım bir həqiqəti çılpaqlığı ilə üzə çıxardı: heç kəsin cinayətkar doğulmadığı fani dünyada insanın formalaşmasında əsas rolu mühit oynayır.

- Sizin mastınız hansıdır?

- Mujik, zolotoyundan!

- Düşərgədə aşağı mastdan olanlar da vardımı?

- Kolonun kontingentinin 10-12 faizini “yer göstərilənlər”, yəni üzdəniraqlar, çortlar, cındırlar, kozyollar təşkil edirdi...

Fikrimizi yekunlaşdırsaq, deməliyik ki, cinayət dünyasında cəmi səkkiz mast mövcuddur. Səkkizguşəli ulduz bu aləmin ən mühüm simvolu olduğundan əqidədəki çox şey həmin bu səkkiz rəqəmiylə əlaqədardır. Açıq xətlə göstərilən mastların nümayəndələri düşdükləri hər mühitdə, istər dustaqlıq, qazamat olsun, istərsə də lager, zon olsun, mütləq öz yerlərini tapırlar. Qalan dörd masta isə yer göstərilir.

Həmin o birinci dörd mast elitar sayılır. Bunlar Oğru, Aferist, Oğlan və Kişi mastlarıdır, özləri öz yerlərini tapırlar.

Antivor, Suka, Qreben və Aktivist mastlarına isə içəridə yer göstərilir. Cinayət aləminin sirlərinə, hikmətinə və reallıqlarına bələd olmayan çoxları bu mastların hamısını Aktivistə bərabər tuturlar. Bu qətiyyən düz deyil. Hərəsinin öz adı var və adının tələbləri çərçivəsində davranış, hərəkət edirlər. Elə “qreben”, yəni üzdəniraq var ki, ona suka deyərsən, cavab qaytarar. Çünki heç kəs bir əməldən ötrü iki cəza almamalıdır. Üzdəniraq da yalnız konkret bir hərəkətinin müqabilində ona verilən adı daşıyır. Ona başqa, əlavə bir ad vermək üçün isə gərək həm əsas ola, həm də hüquq.

Həmin bu dörd mast içəriyə girəndə yer iddiası eləyə bilməzlər, onlara yer göstərilir. Amma bu dörd mastın da içərisində hər birinin öz çəkisi var. Aktivist ömründə özünü üzdəniraqla bir saymaz. Üzdəniraq isə özünü sukayla tən tutmaz. Antivor bunların heç birini ümumiyyətlə bəyənmir, mənəm-mənəmlikdə iddialı olur. Odur ki, onların birini o biriylə qarışıq salmaq qətiyyən olmaz.

"ÜZDƏNİRAQLAR"

Zonların ən alçaq kastası üzdəniraqlar sayılır. Bu kastaya passiv homoseksualistlər, cinsi cinayətlər üstündə məhkum olunmuşlar və zonların özündə təcavüzə məruz qalmış şəxslər daxil edilir. Üzdəniraqlara "petux", "marqaritka", "vaflyor" da deyilir, onlara barakda dəqiq yer ayrılır. Adətən, qapı ağzında olan bu yeri "petuşinıy uqol" adlandırırlar. Kamera şəraitində isə onların yeri ya paraşanın yanında, ya da naraların altında olur. Bəzən hətta üzdəniraqları özlərindən pərdə ilə ayıran qalan dustaqlar onlarla hər hansı bir təmasa girməyə bu yolla mane olurlar. Onların yeri yeməkxanalarda da tamamilə ayrıdır. Əgər adi zek üzdəniraqlarla bir mizin arxasında çörək yesə, əvvəlki hörmətini itirmiş sayılır.

Cəza müəssisəsinə gələn təcrübəli cinayətkar ən əvvəl üzdəniraqların harda yerləşdiyini müəyyənləşdirməlidir ki, səhvə yol verməsin. Bu aşağı kastanın nümayəndələri adətən özlərinin zahiri görünüşləri ilə də qalan dustaqlardan fərqlənirlər. Onların üst-başı kirli olur. Bunun səbəbi isə odur ki, üzdəniraqlara qalan dustaqlarla bir yerdə yuyunmağa icazə verilmir, onlar üçün adi gigiyena qaydalarına riayət etmək həlli müşkül problemə çevrilir. Bilməmiş olmazsınız... Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Zorlama") ilə bura düşənləri sakit buraxmırlar, elə kameradaca "korlayıb", severin (ayaqyolunun) yanında yerləşdirirlər.

Çox nadir hallarda müttəhimə inanırlar.

Mən Sanka Zverin köməyi sayəsində DOK-da narmirovşik vəzifəsini icra edirdim. Orada işlərin ən çətinlərini aşağı kastaya gördürürdülər. Aşağı kastaya tapşırıqların əksəriyyətini mən verirdim…

Bolodyanın etirafı

Toxunulmazlardan biri bədbəxtliyi barədə bunları söyləyirdi: “Yuxuma da girməzdi ki, nə vaxtsa alçaq hərəkət edəcək, doğmaca qızımın namusunu ləkələyəcəyəm. İçki ağlımı başımdan elə çıxarmışdı ki, onun çığırtılarına, yalvarışlarına məhəl qoymamışdım. Ayılanda baş vermiş faciə məni dəhşətə gətirdi. Nə edəcəkdim? Bundan sonra həyat yoldaşımın, qızımın üzünə necə baxacaqdım? Eşidən-bilən məni barmaqla göstərəcək, "baxın, qızını zorlayan ata budur" deyəcəkdilər. Bu cür yaşamaqdansa ölmək yaxşı idi. Özümə qəsd etmək qərarına gəlib bıçağı götürdüm. Onu ürəyimə tuşlayıb vurmaq istəyəndə qızımın çığırtısını eşitdim:

- Ata, dayan! Özünü öldürmə! Anama demərəm, heç kəs bilməz.

İndiyə qədər onun: "Ata, söz ver ki, bir daha içməyəcəksən" deməsi qulaqlarımda səslənir. Bir anda sevimli atadanda alçaq bir məxluqa çevrilmiş, həyatın dibinə yuvarlanmışdım.

Necə də mehriban ailə idik... Varım-dövlətim, imkanım - hər şeyim vardı.”

Bu da etiraf idi - "üzdənirağ"ın etirafı... Volodya ( “Valya” ) özü də dərk edirdi ki, bu gecikmiş etirafdır. Hər dəfə bu mövzuya toxunanda çirkaba, tullantıya, murdar bir məxluqa çevrilməsinin səbəbini belə açıqlayardı: “Mənim evimi narkotik maddələrə aludəçiliyim yıxdı. Elə bir ailədə böyümüşdüm ki, nə vaxtsa bu günə düşməyim kimsənin ağlına gəlməzdi. Evi yıxılsın mənə ilk dəfə anaşa çəkdirənin! Atam zavod rəhbərlərindən bir idi, anamsa texnikumda müəllim. Ailənin yeganə övladı olduğumdan valideynlərim nazımla oynayırdılar. Tay-tuşlarımdan heç birinin maşını yox idi, mənimsə 2106 markalı "Jiquli"m vardı. Cibim pulla dolu olardı. Yeyib-içir, günümü gözəl qızlarla keçirərdim. İlk dəfə qadınla yatağa girəndə 15 yaşım təzəcə tamam olmuşdu. Sonra ikinci, üçüncü qadın... Böyüdükcə qadınların sayı artırdı. Bütün bunlara baxmayaraq, dərslərimlə məşğul olmağa vaxt tapırdım və müəllimlərim tərəfindən tənbeh olunmayım deyə, pis oxumurdum. Orta məktəbi bitirəndə bir qadına "ilişmişdim". İnstituta girmək barədə düşünmürdüm. Bir gün pozğun həyat keçirdiyim barədə atama məlumat çatdırdılar. Atam zəhmli kişiydi, amma mənə təpinmirdi, buna anam imkan vermirdi.

Axşamlar gec gəlirdim evə. Günlərin birində səhərə yaxın qayıtdım. Atam oturub məni gözləyirdi. İçəri keçən kimi atam pıçıltı ilə:

- Gəl otur, sənə sözüm var, - dedi.

Dinməzcə göstərdiyi yerdə əyləşdim. Gözləyirdim ki, tufan qaldıracaq, dişinin dibindən çıxanı deyəcək. Əksinə oldu. Atam mənimlə çox mülayim danışdı:

- Oğul, bu cür həyatdan bezməmisən? Bəs deyilmi, boş-boş gəzdiyin. Adım-sanım, dost-tanış, qohum-əqraba arasında hörmətim var. Mənə yaraşarmı ki, gözümün ağı-qarası bir oğlum haqqında xoşagəlməz sözlər eşidim? Nataşa kimdir ki, gedib onun evində qalırsan? Qadın istəyirsənsə, halal süd əmmiş qızla evləndirək səni. Qayıt pis yoldan, hələ gec deyil...

Başımı aşağı salıb dinmirdim. Atamın düz danışdığını bütün varlığımla dərk edirdim.

- Bağışla, ata! Səhvimi düzədərəm, - dedim.

Bir ay ərzində məni evləndirdilər. Qız yaxşı ailə tərbiyəsi görmüşdü, mehriban dolanırdıq. Əgər sonuncu dəfə evində qaldığım Natali olmasaydı... O, məndən qisas almaq qərarına gəlmişdi. Hadisələrdə iştirak etməsə də, sonradan öyrənə bildim ki, hər şey o qadının quraşdırmasıdır. Əvvəlcə dostlarım məni bağa apardılar. İçki məclisi, gözəl-gözəl xanımlar, qumar stolu - ağlımı başımdan aldılar. Bu səhnələr dəfələrlə təkrar olunurdu. Necə oldusa, əyləndiyim qız mənə papiros çəkməyi təklif etdi. Bildirdi ki, "doldurulub". Etiraz etmək istədim. Lakin bacarmadım. Qızın mənə dediyi sözlər yumşaltdı məni:

- Mən qızlığımla çəkirəm, kayf tuturam. Sən kişi ola-ola qorxursan?

Papirosu çəkib elə xumarlandım ki, elə bil Gülüstani-İrəmə düşmüşdüm... Alışdım anaşaya... Sonra keçirdi məni iynəyə... Nə biləydim ki, bununla özümü sağalmaz xəstəliyə düçar edirəm. Yavaş-yavaş dönüb oldum narkoman. Bir gün belə iynəsiz dura bilmirdim. Qumar da oynayırdım. Tədricən nəyim vardı, qoydum narkotik maddələrə və qumara. Valideynlərim dərddən çərlədilər. Onlara məxsus nə vardısa - ev, maşın, mebel, atamın böyük kitabxanasınacan - hamısını satdım. Otuz yaşın içində olsam da, qoca kişiyə oxşayırdım. Qızım 11 yaşına çatmışdı. Təkcə arvadım işləyirdi, maaşının çoxunu əlindən alırdım.

Günlərin birində maldan vurub qumara oturdum. Yaşadığım mənzili də qoydum qumara. Və uduzdum... Evə qayıdırdım... Qumar "dost"larım yol pulu vermişdilər mənə. İki papirosluq anaşa alıb doldurdum. Birini çəkdim. Dumanlı başımı daha da dumanlandırdım. Günortaya yaxın evə çatdım (gecəni səhərə qədər qumar məclisində olmuşdum), qızım məktəbdən yenicə qayıtmışdı. Anası isə işdə idi. İkinci papirosu da çəkdim. Sonra heç nə xatırlamıram...

İstintaq təcridxanasında elə ilk gündəcə zorakılığa məruz qaldım. Məni "petux"laşdırandan sonra "toxunulmaz" statusu ilə birlikdə severin (ayaqyolunun) yanında oturmaq "hüququ" qazandım. Narkomaniyanın axırı yoxdur. İmkanım olsaydı, televiziyaya, radioya çıxar, oradan çığırardım:

- Narkotik maddələr bəladır, əsrin bəlası! Narkotikaya meyl göstərənin aqibəti mənim kimi olur. Dayanın!!!

Mənim kimilərini zonlarda bağışlamırlar, gündə yüz dəfə ölüb-dirilməsinə şərait yaradır, "petux" damğasını üstündə gəzdirməyə məcbur edirlər...

# 17870 dəfə oxunub

Müəllifin son yazıları

# # #