Çeçen mafiyası haqda söhbətimiz oğru dünyasında “İngilis prinsi” adlandırılan zakonnik Sultan Daudov barədə olacaq.
Cinayət aləminin ranqlarının daim dəyişdiyi cədvəldə Sultanın öz yeri vardı. Bircə şeyi söyləmək kifayət edər: baxmayaraq ki, bu etnik qrup cinayət aləmində ümumən qəbul olunmuş oğru ənənələrini tanımırdı, Dautov İttifaq dağılanda çeçenlər arasında yeganə vorzakon idi. Çeçenlər konservativ olub, bütün ömürləri boyunca öz ağsaqqallarına hörmətlə yanaşırlar.
Sultan dörd dəfə ittiham olunmuşdu. İlk - üçillik həbs cəzasını 1972-ci ildə Qroznıda almışdı. Ümumilikdə həyatının on dörd ilini Sultan tikanlı məftillərin arxasında keçirib... Onu tanıyan əməliyyatçılardan birinin söylədiklərinə görə, Sultan adi adam deyildi. Tanınmış çeçen nəslindən olan Daudovun (bəzi məlumatlara görə, onun atası Çeçenistanda partiya funksionerlərindən biri idi) istənilən hadisəyə öz baxışı olub, əksər məhbuslardan intellektual səviyyəsinə görə yüksəkdə dururdu. O, fəlsəfi fikirlər söyləməyi, məsləhətlər verməyi sevirdi. Onun ətrafındakıların söylədiklərinə görə, Sultanın verdiyi məsləhətlər heç vaxt zərərli olmurdu.
...Səhər iş vaxtı başlayan kimi (təxminən 9-40 radələrində) Balaşixi rayon mərkəzi xəstəxanasına odlu silahla yaralanmış bir nəfər gətirirlər.
Sağ budundan güllə yarası almış bu şəxs çeçen Osmayev olur. Bir balaca özünə gələn Osmayev Razin küçəsində, "Rosinter" firmasının yanında yaralandığını bildirir. Üstündən bir saat keçdikdən sonra elə oradan güllə yarası almış daha bir nəfər - yerli sakin Marina B.-ni gətirirlər.
Hadisə yerinə gedən əməliyyat qrupu bir qədər də geciksəydi, yəqin ki, cinayətin üstünü açmaq mümkün olmayacaqdı. Sürətlə uzaqlaşan "09"-da "Rosinter" firmasının administratoru Aparin və heç yerdə işləməyən iki Balaşixi sakini Titov və Ryadinski aradan çıxmağa çalışırdılar. Lakin əməliyyatçıların çevikliyi nəticəsində onlar yaxalanırlar və oturacağın altından "TT" tapançası və iki patron darağı tapılır. Daraqların birində üç, digərində isə yeddi patron vardı. Bir-iki dəqiqədən sonra güllələrin kimə atıldığı məlum olur. Maşının yük yerinə vorzakon Sultan Daudovla sıx əlaqəsi olan ölümcül yaralanmış Deryabin atılmışdı. Onu təcili mərkəzi xəstəxanaya çatdırsalar da, bir saatdan sonra o, elə reanimasiya şöbəsində dünyasını dəyişir.
Lakin hələ bu, əsas hadisə deyildi. Həmin ərazinin meşə massivinə yaxın hissəsi axtarıldıqda Novaya kəndinin yaxınlığından daha bir meyit tapılır. Cins kostyum geyinmiş kişinin cəsədi yolkənarı su arxına atılmış və üstü qarla örtülmüşdü. Boynunun ardına dəyən güllədən həlak olmuş otuz səkkiz yaşlı bu şəxs Sultan ayamalı çeçen zakonniki Daudov idi. Deməli, məsələ adi razborka deyildi.
“Kakadu”da Sultanı necə qarşılayırdılar?
Daudovun vaxtını keçirmək üçün ən sevimli yeri restoran və Moskvadakı saysız - hesabsız fransızsayağı striptiz gecələri təşkil edilən kafe-pritonlar idi.
“Kakadu” restoranında onu xüsusi melodiyası olan mahnı ilə qarşılayırdılar.
Mənası təxminən belədir:
Çeçen boş yerə gülməz,
Çeçen xəyanət bilməz.
Çeçen polad kimidir,
Sınar, amma əyilməz.
Çeçen mərddir sözünə,
Güvənir tək özünə.
Çeçen satmaz yoldaşın,
Güllə sıxsan gözünə.
Çeçen igiddir, mərddir,
Torpaq çəkilməz dərddir.
Nə etsin ki, tək qalıb,
Sağı-solu namərddir.
Çeçen keçər qanından,
Övladından, canından.
Amma üzün çevirməz,
Doğma xanimanından.
O, tez-tez kazinolara gedir, qumar oynayırdısa da, qadın düşkünü deyildi. Yeganə bağlantısı balaşixalı Natalya Basilyevna ilə idi. Hara getməsindən asılı olmayaraq, "Miledi" adlandırdığı Natalkanı da özü ilə aparardı. Daudov köhnə vorlara mənsub olduğundan, nadir hallarda bahalı kostyumlar geyinərdi. Halbuki onun sahibi olduğu mehmanxanasında iki nəfər Fransada xüsusi kurs keçmiş modelyer dərzi çalışır, özünü daha baha qiymətə satmaq üçün yaxşı geyinməyə can atan “toyuqlar”a ən yeni dəbdə paltarlar tikirdilər. Dəbdə olan istənilən geyimi almağa vəsaiti vardı. Çox vaxt o, bratva arasında adi cins kostyumda və etibarlı cangüdəni Deryabinin müşayiəti ilə görünərdi. İstənilən konflikti sülh yolu ilə yoluna qoymaq bacarığı olduğundan onu tez-tez silahlı toqquşmaya çevrilə biləcək razborkalara dəvət edirdilər.
Qumarda əli gətirirdi. Bir dəfə həmin vaxtlar Moskvada ən böyük nüfuz sahibi sayılan, Yaponçikin sağ əli kimi tanınan Otari Kvantrişvilinin qardaşı, qumar stolu arxasında şuler, blef ustası kimi ad çıxarmış Amiranla konflikti olmuşdu. Böyük Kvantrişvilinin kart gizlətdiyini üzə çıxaran Sultan bankdakı fişkaları yığışdıraraq Natalyası ilə sakitcə kazinonu tərk etmişdi.
Ancaq bütün insanların zəif cəhəti olduğu kimi Sultanın da bir zəif damarı vardı: o, narkotik düşkünü idi. Ciddi şəkildə iynəyə oturmuş Daudov valideynləri duyuq düşməsin deyə ailəsini gənc yaşlarından tərk eləmişdi. Həbsxanalar, peresılkalar dəyişən Sultanı Rusiya sentrovoylarından ( mərkəzi xəstəxana) birində gürcü oğruları vorzakon tituluna layiq görmüşdülər.
“Rosinter”də qətl
Həmin gün, 1994-cü ilin martında Sultan Deryabinin müşayiəti ilə Krım avtoriteti və qruplaşmanın lideri Başmakovla görüşmək üçün Simferopola uçmalıydı. Lakin elə maşın yerindən tərpənən kimi Sultan yolüstü "Rosinter"ə baş çəkmək istədiyini bildirir. Ofisə ilk daxil olan Deryabin olur, Daudov isə sürücü Osmayevə tapşırıq verdiyindən bir an ləngiyir. O, binaya daxil olan kimi atəş açılır. Bəzi məlumatlara görə, Sultanın üstündə obşakın valyutasının bir hissəsi olubmuş.
Onun qətli ilə bağlı bir neçə versiya mövcuddur. Birinci versiya - Balaşixidə Sultanla qonşuluqda yaşayan avtoritet Frolun qətli idi. Frolun Sultanla münasibətləri elə də mehriban deyildi. Lakin düşmənçilik də etmirdilər, odur ki, Frolun döyüşçüləri vendetta ilə məşğul olmaq fikrində olmayıblar. Ancaq o da var ki, cinayət aləmi adamları arasında qafqazlının düşməni yetərincəydi. Əksər oğrular çeçenləri sevmir, onları bespredelşik hesab edirdilər. Silahlı konfliktlər həmişə baş verir, döyüşçülər oğru etiketinin yazılmamış qanunlarını və razılaşmalarını pozurlar. Məhz buna görə paytaxt zakonnikləri çeçenlərin sxodkalarda səsə malik olmalarını istəmirdilər. Sultan isə, əksinə, milli maraqlara riayət etməyə çalışırdı.
Daudov oğru sxodkasında iki dəfə çeçen Mayerbeki "koronovat" etmək istəsə də, hər dəfə "ali yığıncaq" ona etiraz edir. Ona iradını bildirənlərdən biri də mərhum Qlobus idi. Onun fikrincə, Sultan layiq olmayan gənc cinayətkarları imenovat edir. Onun sözündə haradasa həqiqət vardı, belə ki, Daudovun "koronovat" elədiyi Puşkin ləqəbli oğru şpana, naməlum adamlar tərəfindən qətlə yetirilmişdi. Əsl avtoritet üçün bu, yolverilməz haldır.
Sultanın Yaponçikin "krestniki" Vitya Kalina ilə də münasibətləri gərgin idi. Kalina çeçen haqda dilindən təhqiramiz söz qaçırmışdı (onu meymun adlandırmışdı). Daudovun bunu cavabsız qoymayacağı haqda bəyan elədiyi sözlər Kalinaya çatdıqdan sonra o bir necə dostunu ( unların arasında Sabirabadlı Hikmət də vardı) Sultanın həmin vaxt oturduğu Serpuxov SİZO-suna gələrək dediyi ifadəyə görə hamının yanında üzr istəmiş və bununla da konflikt sovuşmuşdu.
Sultanın Serpuxov istintaq təcridxanasındakı həyatında xüsusi söhbət açmaq lazımdır. İstənilən düzgün vorzakon üçün türmə - doğma evdir. Serpuxov SİZO-suna gəldikdə isə Daudov mənzilindənsə özünü “bombey”də ( bütün şəraiti olan kamera) daha rahat hiss edirdi. Olduqca geniş və təmiz kamerada oturan Sultan xlebniklərini, qonşularını şəxsi istəyinə görə seçir, SİZO-nun ərazisində könlündən keçən qədər gəzə bilirdi. O, Qrişa Solomatin və digər inanılmış şəxslərlə videoda boyevik və intim filmlərə baxmağı xoşlayır, tez-tez kef məclisləri düzəldirdi ki, orada türmənin qadın kontingentindən də iştirak edən olurdu. Məhbəs həyatı Sultanın mütəmadi qadın nəvazişlərindən bəhrələnməsinə mane olmurdu. Hətta Serpuxov təcridxanasındakı günlərdən yadigar kimi o, Solomatin, Tiqryonok və digər avtoritetlərlə birlikdə belə gecələrdə "poloroid"lə şəkil də çəkdirmişdi.
Serpuxovda qonaqları da olurdu Sultanın. Moskva zakonnikləri, çeçen cəmiyyətinin liderləri, yerli qruplaşmalarını bossları Karpov və Abramkin tez-tez onun əhvalı ilə maraqlanırdılar. Azadlığa çıxdıqdan sonra Sultana baş çəkənlərin arasında Balaşixi hüquq-mühafizə orqanının yüksək çinli əməkdaşlarından da vardı…
...Sultanın qətlindən sonra onun yaxın dostu, Lyuberetski avtoriteti Avilin həyatına sui-qəsd edilir. O, mənzilindən itini gəzdirmək üçün çıxdıqda killer gülləsinə tuş gəlir. Lakin ölümdən birtəhər yaxa qurtarır və ağır vəziyyətdə xəstəxanaya gətirilir.
Bu olaylarla 1989-cu ildə "Starıy zamok" restoranında baş verən insidentin bir əlaqəsi olduğu haqda versiya ortaya çıxır. O vaxt Sultan Avillə restoranda şam edərkən qonşu masada əyləşən qafqazlılar səs-küy salmağa başlayırlar. Sultan onlara yaxınlaşıb, özünü təqdim etdikdən sonra bir balaca sakitləşmələrini xahiş edir. Lakin içki başlarına vurmuş çılğın dağ oğulları vorzakona bir-iki yağlı söyüş söyürlər. Əlbəttə ki, dava düşür və Daudovun başı əzilməklə bahəm iki qabırğası da sındırılır. Növbəti gün Avil restorana gələrək dostunun qisasını alır: barmeni və qafqazlılardan birini gülləylə vurur. Sultanla Avilin gülləbaran edilməsilə həmin hadisə arasında bir əlaqə var idimi? Bəlkə də yox, çünki o hadisədən çox vaxt keçmişdi. Odur ki, səbəbi elə də uzaqdan axtarmaq lazım deyildi. Milis əsassız olmayaraq hesab edir ki, "Rosinter"dəki atışma slavyan və Qafqaz oğruları arasındakı köhnə düşmənçiliyin nəticəsidi. Bununla əlaqədar konkret adlar da çəkilirdi, xüsusilə də, Şurik Zaxar və Raspisnoyun adı daha ucadan hallanırdı.
Zaxar Balaşixidə Sultanla qonşuluqda yaşayırdı. Onların maraqları tez-tez çarpazlaşır, kəsişirdi. Hər iki zakonnikin bir-birinə qarşı antipatiyası vardı. Atalar demişkən, iki qoçun başı bir qazanda qaynamaz... Bundan başqa, Zaxar da, dostu Andrey İsayev-Raspisnoy da “dağlardan enib” Moskvada kök salmış və liderliyə iddialı olan qarayambızlıya qarşı nifrətlərini gizlətmirdilər. Bu versiya əsaslıydımı? Bu suala yüz faizli dəqiqliklə cavab vermək mümkün deyil. Sonradan, demək olar ki, yarım ildən sonra Sultanın qətlində şübhəli bilinən şəxslər Stavropolda qarət üstündə yaxalandılar. Cinayətin motivinə heç kim varmadı və rəsmi versiyalara əsasən bir o məlum oldu ki, cinayət qərəzli xarakter daşıyıb.
Kral öldü, yaşasın kral – Hüseyn Slepoy
Sultanı, onun özünə layiq təmtəraqla Qroznıda dəfn etdilər. Adlı-sanlı oğru ilə vidalaşmağa tək kriminal liderlər deyil, həm də ağsaqqallar da yığışmışdı. Yeri gəlmişkən, deyilənlərə görə, Daudov Rusiya parlamentinin keçmiş spikeri Ruslan Xasbulatovla eyni teypdəndir. Ancaq təəssüflər olsun ki, Sultanın hətta torpağa basdırılmış cənazəsi də rahat yata bilməyib. Çeçenistandakı döyüşlər zamanı onun qəbrinin üstünə də artilleriya mərmisi düşüb və artıq qəbrin yerini belə axtarıb tapmaq mümkün deyil.
Zaxarsa əvvəlcə Sultana görə ondan qisas alınacağından qorxaraq bir müddət gizlənmişdi. Zaxarın ehtiyatlanması əsassız deyildi. Çeçenlər onu və Raspisnoyu Sultanın qətlində günahkar bilirdilər. Bundan əlavə, əməliyyatçılar çeçen döyüşçülərindən Zaxarla Raspisnoyun fotoşəkilini müsadirə etmişdilər. Həmin şəkilləri qafqazlılara tapşırıqla vermişdilər: bu şəxslər çeçen xalqının düşmənləridir. Ancaq məlum olduğu kimi, heç kim qisas almadı. Əvəzində Balaşixidə Sultanın yerinə başqa çeçen vorzakonu, Hüseyn Slepoy gəldi. Onun ləqəbinin fiziki çatışmazlığı ilə heç bir əlaqəsi yox idi - Hüseynin görmə qabiliyyəti tam qaydasındaydı. Yaşı da çox deyildi ki, gözünün tutulmaq təhlükəsi olsun. Hüseyn Sultandan on yaş kiçik olub, elə onunla qonşu mənzildə yaşayır və dostluq edirdi. Sultan kimi o da köhnə oğru qanunları ilə yaşayır, təmtəraq ardınca qaçmır, cins kostyumda gəzir və narkotik maddələri sevir.
Gəncliyi ona Balaşixinin smotryaşisi olmaqda maneçilik törətmir. O, bratvanın avtoritetini qazanıb, Zaxarı, Paşa Sirulu, gürcü vorlarını tanıyır. Hüseyni cinayət aləminin patriarxı mərhum Vasya Buzulutskiylə birlikdə məhz elə qafqazlılar "koronovat" ediblər. Deyilənlərə görə, Hüseynə xüsusi hörməti olan Buzulutski "koronovannı" həmkarları haqda bildiyi bütün kompromatları gənc çeçenə verib. Bütün bu bilgilər Hüseyn Slepoya görəsən nə vaxtacan gərək olacaq?