Unutmuşdu haçan qalxıb göylərə - Azər Abdullanın Füzuliyə həsr etdiyi poema

Unutmuşdu haçan qalxıb göylərə - <span style="color:red;">Azər Abdullanın Füzuliyə həsr etdiyi poema
22 aprel 2017
# 16:00

Kulis.az yazıçı-şair Azər Abdullanın Məhəmməd Füzuliyə həsr etdiyi “Havalı sular, sevdalı sular” poemasını təqdim edir.

Ən qədim, ən sonsuz bir yoldu

Yorulmaz, gecə də, gündüz də axar.

Nəşəli, qüssəli, sevdalı sular

Gah yerlə yüyürər, gah göyə qalxar.

Unutmuşdu haçan qalxıb göylərə

Günəşə baxırdı, gülümsünürdü,

Üzürdü göy üzündə qayğısız

ağappaq, bəmbəyaz

pəmbə buludlar.

Darıxdı, darıxdı Yerdən ötürü,

tökdü qaşqabağını, düydü alnını

döndü birdən oldu

qara buludlar.

Dolmuşdular,

ağlamaq istəyirdilər zarı-zarı

boşaldılar, qopdular

üz tutdular sevgili Yerə sarı.

İncitəkin,

daş-qaştəkin

səpələnib töküldülər

dağa-daşa, yar-yamaca

colma-cocuq damcılar.

Bacı kimı, qardaş kimi,

dosttəkin, tanıştəkin

əl-ələ tutuşdular,

cığırla bölük-bölük,

selovla dəstə-dəstə,

dərəylə qoşun-qoşun

tələsik, qaranəfəs

qoşulub axırdılar.

Hirsini, hikkəsini

tökməyə, dağıtmağa

bir suçlu arayırdı,

torpağı, ağaşları,

çınqılları, daşları

yoğururdu, əzirdi,

bir günahkar gəzirdi.

Yamacı yalayır,

dağı sökürdü,

özünü çırpırdı kötüyə, daşa,

itirmişdi yolunu,

itirmişdi başını,

lillənmişdi, bulanmışdı,

qan tutmuşdu gözünü,

başılovlu pələsənk

atdı qaydan özünü,

bir az da azğınlaşdı,

dönüb quduz sel oldu,

qatdı qabağına bərəni, bəndi,

uçurtdu körpünü,

süpürüb apardı qədim bir kəndi,

doldurdu ləbələb dərin dərəni,

qəfildən aldı, apardı,

itirdi sellər Saranı...

***

Çatanda arana yoruldu sellər,

Uzandı, yayıldı, sərildi sular,

ayıldı düzlərdə, şoranlıqlarda,

sevgiylə yaladı dəvətikanını,

canına yayıldı mehriban sular

ürəyi od tutub yanan yovşanın,

qara yoncanın,

soluxmuş, qarsımış

otun-əncərin...

Əl-ələ tutuşan qol-qola girən

havalı sular, sevdalı sular...

***

Axdılar, axdılar gecəbəgündüz,

yoruldular yenə çay olmağından,

yığışıb bir yerə dəniz oldular.

Dincəldilər,

arındılar lilindən, çamurundan,

duruldular,

üzü nurlu,

par-par yanan ayna kimi

bir mələyə döndülər.

Gecələr ulduzlar,

bədirlənmiş Ay,

gündüzlər mavi Göy,

Günəşlə birgə

güzgüləndilər.

Yoruldular uyumaqdan,

dincəlməkdən,

bezdilər durğunluqdan,

diksindilər, titrədilər,

tərpəndilər ləpə-ləpə,

böyüdülər, ucaldılar,

qabardılar təpə-təpə,

böyüdülər, böyüdülər,

dalğalar dağa döndü,

bəyaz-bəyaz saçaqlandı,

telləndi.

Qovuşdu dəniz dənizə,

ləngərləndi, çalxalandı,

yelləndi,

çevrildi, okean oldu,

oynatdı yeri yerinnən...

***

Bu sular hardan gəlir,

tələsir hara gedir,

yerin təkinə axır,

göyün üzünə qalxır.

Yeriyən, nəfəs alan,

hər yerdə, hər canda su,

dövr edən hər qanda su,

köklərdə, gövdələrdə,

yarpaqlarda, dalda su,

cəhənnəmdə, cənnətdə,

zəhərdə su, balda su...

***

Axdı sular yoruldu,

bezəndə su şəklindən

çevrildi bulud oldu,

çevrildi dolu oldu,

dənizlər buza döndü,

qorunmaqçün şaxtadan,

ağaclara, otlara

bəmbəyaz yorğan oldu.

Yerdə ağ atlı sular,

Göydə qanadlı sular,

min arzulu, sevdalı,

havalı, muradlı sular.

****

Milyon-milyon illərdi

fırtına diliylə, tufan diliylə,

ildırım diliylə, gurşad diliylə,

leysanlar, daşqınlar, sellər diliylə,

işığı, paklığı, bərəkətiylə

eyhamla, him-cimlə, anladır sular,

Yersə anlamır, Yersə eşitmir...

***

Milyon illərdi yumaq istəyir

Yerin hikkəsini, Yerin pasını,

Yerin ləkəsini, yol azmasını,

Yerin suçlarını, Yerin hisini.

Qucaraq sevgiylə,

çay qollarıyla,

okean sinəsiylə bağrına basıb

ucaltmaq istəyir Yeri göylərə.

Yerin günahının ağırlığından

qaldıra bilmir, ucalda bilmir.

Oğulu, uşağı, əzizi bilib

eybini, suçunu

ört-basdır etmək-

gizlətmək üçün

ağlaya-ağlaya,

həm də hikkəylə

mehriban, dost-doğma,

bu simsar

yetmiş yeddi su

bir gün yenə də

basacaq, örtəcək

bu Yer üzünü.

Sular, havalı sular,

Sular, sevdalı sular

Sular Yerin aşiqi,

Sular, Göyün aşiqi...

2009

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #