Məşhur rejissor: “İstənilən homofobda homoseksuallıq var”

Məşhur rejissor: “İstənilən homofobda homoseksuallıq var”
12 sentyabr 2014
# 11:13

71-ci Venesiya kinofestivalının baş mükafatı olan “Qızıl şir”i Roy Anderssonun “Göyərçin insan həyatı haqda düşünərək budağa qondu” filmi qazanıb.

Kulis.az kinoşünas Anton Dolinin rejissor Roy Anderssonla müsahibəsini təqdim edir.

- Sizin “Göyərçin insan həyatı haqda düşünərək budağa qondu” filminiz “İkinci mərtəbədən olan mahnı” və “Ey, sən, yaşayan” filmi ilə başlayan trilogiyanın tamamıdırmı? Bu filmlərə ardıcıllığı pozaraq baxmaq olarmı?

- Kim necə istəyir elə də baxsın. Hətta “Göyərçin...”lə də başlaya bilərsiniz. Burada əvvəlki filmlərim üçün düşündüyüm səhnələrdən istifadə etmişəm. Mən özümə sadiqəm, qəhrəmanlarımı əvvəlki kimi profildən yox, anfasdan çəkirəm. Həmişə deyirlər ki, ömrüm boyu bir böyük filmi çəkirəm.

Digər tərəfdən bir düzən vacibdir, axı trilogiyanın növbəti hissəsi özündən əvvəlkinin davamıdır. Amma bu barədə məlumatlı olmaq vacib deyil. Filmlər arasında fərq aşkardır. Məsələn, burada film demək olar ki, happy end-lə bitir. Trilogiyanın birinci hissəsində dünyanın axırı haqqında danışılır, ikincidə şəhərin üstündə bombardmançılar uçur, üçüncüdə isə adamlar tramvay dayanacağında dayanıblar: “Bir çərşənbə daha yetişdi”. Deməli yenə də yaşamaq olar!...

Mən anlaya bilmirəm, niyə adamlar məni pessimist adlandırırlar? Hamı deyir ki, mən bədbin filmlər çəkirəm. Bədbin olmağa çalışmıram, əksinə. Sadəcə olaraq, insan özü üçün ən dəhşətli gələcəyi təsəvvür etməlidir ki, realda bundan qaça bilsin. Yoxsa Qoyya özünün “Müharibənin fəlakətləri” seriyasını çəkib, insanlığın yaxınlaşdığı dəhşəti göstərməzdi. Bu olsa-olsa mümkün ola bilən gələcəkdir və mən ondan qaçmağın mümkünlüyünü düşünürəm.

Mənim filmlərim xəbərdarlıqdır. Özüm həyatda optimist adamam. Bəşəriyyətin çox gözəl potensialı var, bizim sağ qalmağa gücümüz var. Düzdür, bu sözləri mənim personajlarımın çoxu istifadə eləmir, amma nə olsun? Onların bəziləri çox zəifdirlər, çünki daha böyük işlər görmək bacarıqlarını hiss etməyiblər. Mən də onlara bu filmlərlə kömək etməyə ümid edirəm. Kiminsə bizi ruhlandırmasının bizə ziyanı yoxdur. Xüsusən indi, planetin ən böhranlı situasiyalarında – Yaxın Şərqdə, Filippində, uzaq Sibirdə... məsələn... mən çox ümid edirəm ki, Ukraynadakı vəziyyət elə də ciddi və təhlükəli deyil.

- Niyə belə düşünürsünüz ki?

- Rusiya və Ukrayna arasında dini nifrət yoxdur. Bu bizi ümidləndirir. Yadınızdadırsa, SSRİ dağılanda bu kifayət qədər sülhlə baş verdi, demək olar ki, qansız-qadasız. O saat Qərbi Avropa ölkələri Baltikyanı ölkələrə silah göndərdilər. Kifayət qədər aqressiv davranışdır, sizə elə gəlmir? Təbiidir ki, Rusiya bu aqressiyanı özünə qarşı qəbul edib və müdafiə etməyə başlayıb. İstəyirəm ki, aqressiya hər tərəfdən yığışdırılsın. Mən inanıram ki, tezliklə bu baş verəcək.

- Filminizdə sözügedən başqa bir böhran iqtisadi böhrandır. Sizin iki qəhrəmanınız vampir dişləri və rezin maska alveri ilə məşğul olan uğursuz ticarətçilərdir.

- Bu metaforadır və siz onu düz oxumusunuz. Bizim lazımsız predmetlər alıb-satmaqla dolanmaq istəməyimiz gülməlidir. Onların vəziyyətinin ümidsizliyini göstərmək üçün başqa yol tapmadım. Onlar öz situasiyaları ilə alçalaraq barışıblar. Çox güman ki, onların tale qarşısında belə susqun, melanxolik itaətkarlığında skandinaviyalıya xas nəsə var.

- Sizin filminiz sırf İsveçə xasdır, bununla belə Skandinaviyadan uzaqda yerləşən mədəni hadisələrə göndərişlər edirsiniz: Servantes və Breygel, Otto Diks və Bekket, Steynbek, Lorel və Xardi...

- Mən yalnız İsveç və isveçlilər haqda çəkmək istəməzdim, amma bilirsiniz, özündən qaçmaq olmur. Səmimi etiraf edirəm, tez-tez bir istedadlı adamın ən parlaq ifadəsi sırf milli xarakter daşıyır, paradoksal olsa da məhz bu da onları universal edir. Elə Lerel və Xardini götürək, onların haradan olduqlarını ayırd etmək mümkündürmü? Və bu vacibdirmi? Mənim qəhrəmanlarım kimi onlar sosial nərdivanın ən aşağı pilləsində dayanıblar, həmişə azca yuxarı qalxmaq istəyirlər, amma hər dəfə də uğursuzluğa dözməli olurlar.

Mən uşaqlıqdan, 6 yaşımdan bu filmlərlə böyümüşəm. Necə kədərli və necə gülməli filmlər idi! Hələ onda başa düşdüm ki, bunlar bir medalın iki üzüdür. Biz hamımız bir-birimizə çox oxşayırıq, afrikalılarla isveçlilər arasındakı fərq elə böyük deyil. Biz uşaqlarımızı eyni şəkildə uşaq böyüdür, eyni şəkildə kədər və sevinc hiss edirik...

- Amma filminizdəki personajlar belə demir. Ya qaradərili qulları diri-diri yandırır, ya da meymuna işgəncə verirlər.

- Hə, amma nahaq yerə...

- Siz meymuna bunu necə etdiniz? Elektrodları az qala beyninə qoşublar, baxmaq olmur...

- Meymuna görə narahat olmayın, onlar həqiqi deyil, o robotdur. Bahalı robot.

- Sizin filminizin ən təsirli bir hissəsi “Homo sapiens” adlanır. Necə düşünürsünüz, niyə müasir insan bu təyindən uzaqdır?

- Pyer Burdyenin tələbəsi olmuş məşhur fransız sosioloqu Loik Vakan uzun müddət ABŞ-da universitetdə işləyib. Parisə qayıdanda ondan soruşublar ki, onun ən güclü təəssüratı nədir? O cavab verib: “Sağlam və aydın düşüncəyə qarşı geniş təcavüz”. Bu günümüzün ciddi problemidir. Mən sağlam düşüncəyə inamı qaytarmaq istəyirəm.

- Siz mükəmməlçi formalizm səviyyəsində olan filmlərinizdə bunu necə ifadə edirsiz?

- Mənə Matissin əsas prinsipi təsir edib: vacib olmayan hər şeyi filmdən yığışdırmaq vacibdir ki, ən vaciblər qalsın. Hər şeyi artıq olanlardan təmizləməyə, mənanı, dialoqları qatılaşdırmağa məni Bekketin “Qodonun həsrətində” pyesi ruhlandırdı.

- Hansı səhnə ən çətini idi?

- XII Karlın və onun ordusunun müasir bir barda peyda olması.

- Kütləvi səhnə böyük idi?

- Mənim üçün böyük idi. Ekranda o, daha böyük görünür. Bunu necə elədim, onu deməyəcəyəm.

- Bəs niyə başqa bir monarx yox, məhz XII Karl?

- İveçlilər üçün o, konservatorların və sağçıların simvoludur, az qala homofobiyanın təcəssümüdür. Mən onunla bir az oynamaq istədim. Razılaşarsınız ki, istənilən homofobda gizli bir homoseksuallıq var. Məsələn, Karl qadınlara nifrət edirdi, amma onun çoxlu gənc, cazibədar adyutantları var idi. Bu, özü şübhəli bir məqamdır. Mənim üçün bu, problem deyil, amma özünüz fikirləşin.

- Karlınız çox təsirli alınmışdı, xüsusən Poltava məğlubiyyətindən sonra.

- Təşəkkür edirəm, mən elə buna can atırdım.

- Məğlubiyyət və ölüm filmin əsas leytmotivləridir. Onlar hətta “Ölümlə üç görüş”dən başlayır. O saat orta əsrlərdə hər ikinci İsveç kilsəsində təsvir olunan ölüm rəqsləri yada düşür.

- Ölümün banallığı haqda düşünmək xoşuma gəlir. Bəlkə də mən öz ölüm qorxumu bununla qovmağa çalışıram. Biz çox komik şəkildə praqmatikik, ölümsə bizim planlarımızı istənilən bir saniyədə qıra bilər. Elə bir az qabaq adam özünə pivə və krevet aldı, amma indi döşəməyə uzanıb və nəfəs almır. Kassirsə soruşur ki, kim pulsuz krevet və pivə istəyir. Bu səhnə şəxsi xatirəmdir. Mən tez-tez bərə ilə Danimarkadan İsveçə üzürdüm, bu bərədə oxşar hadisələr tez-tez olurdu, mən bufetdə əzabla növbə gözləyirdim. Gözümün qabağında kimsə ölməmişdi, amma mən alıcının dözməyib yıxıldığını təsəvvür edirdim. Gündəlik həyat da məni incəsənət kimi ilhamlandıra bilir.

- Amma “Göyərçin...”də tək ölüm yox, sevgi də var- gənc cütlük çimərlikdə qucaqlaşaraq uzanıblar. Bununla sizin 1970-ci ildə çəkdiyiniz debüt xatırlanır: “Sevgi haqda İsveç hekayəsi”. Siz bundan sonra o mövzuya toxunmadınız...

- Mən bu səhnə ilə fəxr edirəm. Biz ona faciəvi bir epizoddan sonra keçirik. O epizodda XII Karlın müharibədən sonra getdiyi barda qadınlar öz həlak olmuş ərlərinə ağlayırlar, barmensə qab silə-silə onlara Poltavadan sonra çox qadının taxmalı olduğu dul qadın örtüyündən danışır. Bu sözlər Bertold Brextin şerindəndir, bu şer məni heyrətə gətirmişdi: əsgər öləndən sonra arvadına qalanlar haqda idi. Bəzən fransız ipəyi, bəzən dul qadın örtüyü.

- Brextdən sitatlar gətirirsiniz, yadımıza sizin solçu radikallığınız yada düşür. Bu radikalizm gəncliyinizdə kino məktəbinin mentorlarından olan İnqmar Berqmanla aranızdakı konfliktə səbəb olmuşdu, elə deyil?

- Onda biz tələbələr hamımız Vyetnam müharibəsi əleyhinə aksiyalarda iştirak edirdik. Berqman kino məktəbinin rəhbəri idi. O, şəxsən məni çağırdı və soruşdu ki, niyə mən məktəbin avadanlığını bu sarsaq manifestləri çəkməyə aparıram? Hətta dedi: “Sən heç vaxt əsl kino çəkməyəcəksən!” Amma o mənə əməlli başlı mane ola bilmədi. Mən onda inqilaba inanırdım. Bir də, bilirsiniz nə var? Mən elə indi də inqilaba inanıram. İnqilab cəmiyyətə vacibdir. Rus, Fransız inqilabı, 1968-ci il inqilabı... Onların hər biri dünyanı yaxşıya doğru dəyişdi.

# 1931 dəfə oxunub

Müəllifin son yazıları

# # #