Kulis.az Ağa Cəfərlinin Sərdar Aminin "Su sərgisi" romanı haqqında yazısını təqdim edir.
Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də yaradılışın su ilə bağlı olması bir neçə ayədə xüsusi olaraq vurğulanır. Müqəddəs kitabda elmi dəlillər olduğunu sübut etmək cəhdi göstərənlər bu ayələri tez-tez misal çəkirlər. Ancaq “Quran”a qədərki bir çox mötəbər mənbədə də bu kontekstdə hökmlər və yaxud ehtimallar vardı. Məsələn, monoteist dinlərin ilk kitabı sayılan Tövratda yazılıb: “Yer quruluşsuz və boş idi, dərin suların üzərində qaranlıq hökm sürürdü; Allahın ruhu suların üzərində hərəkət edirdi”.
Fəlsəfənin banisi sayılan, qədim Yunanıstanda Milet məktəbinin qurucusu Fales də hesab edirdi ki, bəşəriyyətin mənbəyi su ilə bağlıdır, hər şey suyun əsasında yaranıb, hər şeyin əsasında su durur. Türklərin “Yaradılış dastanı”ında da bir vaxtlar yalnız Qara Xan və suyun olduğu deyilir. Onu da bilirik ki, orqanizmin üçdə iki hissəsi sudan ibarətdir. Su universal həlledicidir, orqanizmdə bütün kimyəvi reaksiyalar su mühitində gedir. Beyində olan ən əsas maddə, ən əsas molekul da, təbii ki, sudur. Sərdar Aminin “qarşımdakı ağappaq sudan çəkilmiş xəfif pərdə dünyanın ən gözəl sərhədi kimi içimə rahatlıq səpirdi. Əlisilahlı ölüm bir ömür məni axtarsaydı da, buralara gəlib çıxa bilməzdi”, - cümlələri də sanki su həqiqətlərini, su iddia və deyimlərini qüvvətləndirmək üçün yazılıb.
***
Sərdar Aminin “Su sərgisi” romanı yaddaşımızı təzələmək istəyir, şüuraltına xitab etməyə cəhd göstərir. Müəllif bizi ilk olana - təbiətin qoynuna, təbiətlə həmahəngliyə səsləyir. İstər-istəməz təbiətlə müqəddəs təmasımız yada düşür. Bu təmas bizi təmizləməli, yeniləməli, gücləndirməlidir. Nitsşenin qəhrəmanı uzun yol gedən yüklü dəvə idi, o aslana çevrildi, əjdaha ilə mübarizədə qalib gəldi, sonda isə uşağa, saflığa, paklığa döndü. Sərdarın da qəhrəmanı bizi o paklığa dəvət edir, o saflığa ucaltmaq istəyir.
***
Müasir fəlsəfənin banisi Rene Dekart öz varlığından belə şübhə edirdi. Yuxunun gerçək, gerçəyin yuxu ola biləcəyini deyirdi. Doğrudan da bu an yaşayıb-yaşamadığımıza şübhə ilə yanaşırdı. Hətta iddia edirdi ki, bədxah bir cin gerçəklik, var-yox məqamında onu aldada bilər. Çünki Allah ədalətlidir, adamın içinə bu qədər şübhə toxumu səpməklə onu girinc qoymaz. “Düşünürəm, demək ki varam” qənaəti də belə ortaya çıxmışdı. Filosof varlığının sübutu kimi düşünməyini göstərirdi, yəni, bu şeylər ağlıma gəlirsə, şübhə edə bilirəmsə, varlıq-yoxluq barəsində ehtimallar irəli sürə bilirəmsə, deməli varam. Var olmayan bütün bunları necə düşünəcək ki?
“Su sərgisi” romanında biz qəhrəmanın yuxu ilə gerçəklik, varlıqla yoxluq arasında girinc qaldığını görürük. Və bu qəhrəman “indi varmı?”, “keçmiş nədir, gələcək nədir?”, “xəyal nədir?”, “ayrı cür xəyal qurmaq mümkündürmü?”, “xatırlamaq nədir?” sualları ilə yadımıza bir çox filosoflarla yanaşı, həm də Dekartı salır. Və Nəsiminin bir misrası ilə adamı bir azca da təsirə salır: “Aldanma anın halına, andan həzər eylə”. Dekartın Nəsimi ilə səsləşdiyi məhz romanının bu hissəsini oxuyanda ağlıma gəldi.
***
Romandakı əsas qəhrəmanlardan birinin adı Sonadır. Sona sevgilisindən hamilədir, amma sevgilisinin erməni olduğundan ona nifrət edir, iyrənir, intihar etmək istəyir. Onu isə bu addımdan ağır xəstəlikdən əziyyət çəkən, ölümünə çox az qalmış Bahadır çəkindirir. Adları heç şübhəsiz xatırladınız: Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini ola bilməz ki, unudasınız. Sərdar Bahadır və Sonanı yenidən canlandırmaqla Nərimanovun ruhunu ehtiramla yad edir. Bahadır və Sonanı isə qovuşdurur. Bundan sonra Sonanın ermənidən olan oğluna atalığı Bahadır edəcək. Romanı, yaxud bu yazını oxuyan bəzi insanların qəzəbə qucaq açdığını təsəvvür edə bilirəm. Amma müəllifin kifayət qədər sadə, amma böyük məntiqini də başa düşməyə çalışıram. Dini məntiqə qalanda biz hamımız Adəm övladlarıyıq. Bizi mənəvi qatdan maddi qata endirən, beləliklə də, ölümlü həyatı seçən Adəmin. Bir az da bərilərə gəlsək, hamımız İbrahimin övladlarıyıq. Hər halda “Quran”da yazılanlardan belə məntiqi nəticə hasil olur.
Lap bəri tərəflərə fırlansaq, yeri gələndə hamımız qafqazlıyıq. Yəqin ki, beynində məhz bu bəşəri məqamları saf-çürük edən Bahadır erməninin belindən gələn uşağa atalıq etməkdə problem görmür. Həm də “İncil”də də deyilmişdi axı: düşmənlərinizi sevin. Bu qərarı verməsində Bahadırın sözün bütün mənalarında sağalmasının mühüm rolu var. Bu barədə bir az sonra söhbət açacağıq. İndilikdə isə onu deyim ki, Sona həm də mənim yadıma Elizabeti saldı, Moppasanın gonbulunu. Əfraf mühit, yəni fransızlar gonbulu işğalçı almanla yatmağa məcbur etmişdilər ki, alman onlara dəyməsin, onların ipini buraxsın. Gonbul almanla yatandan sonra isə xilas olmuş fransızlar onu əxlaqsız münasibət göstərdilər. Gonbulun kiminləsə yatmasının motivi xilaskarlıqdır. Sona fahişə deyil, onun anası, bacısı fahişədir. Sona isə ancaq yazığı gələn kişilərlə yatır, heç bir təmənna güdmədən. Sonanın davranışlarında da bir xilaskarlıq var: o da yazığı gəldiyi kişiləri xoşbəxt və bəlkə də xilas edir. Ziqmund Froyda görə, həyata keçirə bilmədiyimiz, ört-basdır etdiyimiz cinsi istəklər bizi böyük bəlalara düçar edir. Bu baxımdan Sonanın yazığı gəldiyi kişiləri cinsi aktla xilas etməsi fikri o qədər də məntiqsiz görünmür. Dahi alman filosofu İmmanuel Kantın yanaşmasına görə, təmənnalı davranış əxlaqlı sayıla bilməz, əxlaqlı davranış təmənnasızlıqdır. Misalçün, çörək satan adam qazanc məqsədilə çörəyin keyfiyyətində, kəmiyyətində aldatmırsa, bu, əxlaqlı davranış deyil. Əxlaqlı davranış təmənna güdmədən haram qatmadan çörək satmaqdır. Bu mənada Sona əxlaqsız yox, əxlaqlıdır. Bahadır da, əxlaqsız yox, əxlaqlı qızla evlənir, Kanta görə... Eyni məntiqlə Bahadırın da əməllərinə çox rahatlıqla haqq qazandıra bilərik.
Sona anasından, bacısından danışanda əsərimizin kişi qəhrəmanı da Tolstoyun “Serji ata”sını yandırır. Serji ata nəfs və mübarizənin simvollarından biridir. Sona danışdıqca, nəfsin qələbəsini ağlaya-ağlaya nəql etdikcə, sanki Serji atanın içi yanır, yanır, yanır, külə dönür. Kantın əxlaq fəlsəfəsi ilə davam etsək. Bir müsəlman niyə namaz qılır? Allahdan, cəhənnəm əzabından qorxduğu üçünmü, Allahı sevdiyi, cənnətə dərin inam bəslədiyi üçünmü? “Qurani Kərim”də Allahdan və cəhənnəm əzabından qorxmağımız dəfələrlə məsləhət görülür. Demək ki, “Quran” müsəlmanları qorxuya görə namaz qılmağa səsləyir və Kanta görə, bu doğru və yaxşı yanaşma deyil. Bir müsəlman sevdiyinə görə namaz qılırsa, o ayrı. İnama dərin hörmətimizi bildirərik. Sərdarı bax, bu məsələlər narahat edir və təbii olaraq sual verir ki, görən niyə müsəlmanlar bir-birini qanına qəltan edir, fikirlərinə də dayaq kimi “Quran”a söykənirlər. Və bu hissələri oxuyanda mənim ağlıma yenə eyni suallar gəlir. Terrorçular Allah və cəhənnəm qorxusuna görəmi “kafirlər”i öldürür, yoxsa Allahı sevdikləri üçünmü? Qarışıq mövzu olsa da, ağlıma gələn ilk cavab bu olur: Allah sevən şəxs kimisə öldürməz. “Tövrat”ın və “İncil”in əmrlərindən biri də budur: öldürməyin. “Öldürməyin”, həm da “yaşadın” deməkdir, Allahını sevən şəxs də Bahadır kimi öldürməz, yaşadar.
***
Bahadır əslində qəhrəmanın öz adı deyil e. Deməli, yazının əvvəlində demişdim, əsərin qəhrəmanı ağır xəstədir. O, bacısının məsləhəti ilə təbii müalicə üsullarına üstünlük verən bir nəfərin yanına gedir. Biz burda bir buddist rahib prototipini görürük.
Bizim “buddist rahib”lə qarşılaşacağımızın anonsu zatən əvvəldən də verilmişdi: “Səni agah edirəm, indi elə bilirsən ki, Hindistandasan, ancaq bura Hindistan deyil, ayrı yerdir”. Burada Hindistanın adının çəkilməyi nəyinsə müjdəçisi idi, biz bu müjdəni “buddist rahib”i görəndə anlayırıq. “Rahib” təbiətlə iç-içədir, o təbiətin, təbiət onun bir parçasıdır. Bahadır adını da ona bu “rahib” verir. Onu həm ölümün cəngindən almaqla, həm də ona Bahadır adı verməklə onun gələcək həyat yolunu müəyyənləşdirir, Sonanı qucağına atır.
Ay qəhrəman, Bahadır gül kimi addır da, niyə xoşun gəlmir? Bəlkə əvvəlki həyatında doğrudan da Bahadır olmusan, ya da bahadır. “Buddist rahib”dən çox biləssən?
“Rahib”in şairlərdən, şeirdən xoşu gəlmir. Bilmirəm, Sərdar bu məqamı nəzərdə tutub, yoxsa yox, amma bu söhbət yadıma “Quran”dakı “Şüəra” surəsini saldı. Necə deyilmişdi: “O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər”.
***
Sərdarın kitabında suallar qarşısında aciz qalan peyğəmbər də var. Bahadır deyir ki, peyğəmbər meracdan sonra o keyfi hiss edib, amma anlada bilməyib, o məşəqqəti duyub, göstərə bilməyib. Bu o qədər dərin, həssas, əhəmiyyətli mövzudur ki... Yalan olmasın, bu söhbətdən cildlərlə kitablar çıxar. Amma Sərdar da dərinə gedə bilməyib bu mövzuda. Getmək potensialının olduğunu bilirəm, amma hər halda, Nəsimi imkan verməyib, kəsib qabağını və bəyan edib ki, kəs səsini və əbsəm ol, şərhü-bəyana sığmazam.
***
Psixoanalizin banisi Ziqmund Froyd xəstələrini əvvəlcə hipnoz vasitəsilə müalicə edirdi. Sonra bu müalicədən imtina etdi. O, xəstələrinə deyirdi ki, ixtiyari bir hadisə haqqında danışın, nə istəsəniz, nədən istəsəniz. Froyda görə, etmək istədiyimiz, edə bilmədiyimiz davranışlar sayəsində şüuraltımıza xeyli “zir-zibil” yığışır, sonra bu “zir-zibil” bizi dərdə salır. Xəstələrini söhbətə çəkməklə doktor həmin “natəmiz” yerləri təmizləmək cəhdi göstərirdi. “Rahib” də müalicəsinin məhz belə yekunlaşdırır, Bahadıra əziyyət verən hadisənin etirafına nail olur. Etiraf xilas məqamına xitab edir. Dərd Bahadırı böyüdür. Lap Ramiz Rövşənin dediyi kimi, səni dərd böyüdəcək. Nitsşenin dediyi kimi, öldürmürsə, gücləndirir. Nitsşe bunu tam da bu məqam üçün demişdi.
Rahib həm də süpürgə düzəldəndir. O, bu süpürgəni camaata paylayır. Camaat bu süpürgə ilə zibilini təmizləyir. Əslində, bu süpürgə simvolikdir, rahib insanların şüuraltındakı zir-zibili təmizləməklə məşğuldur.
***
Romanda bir uşaq var. Suriyada bığ yerini atəşin yandırdığı, güllənin dağıtdığı bu uşaq Qubada işgəncə ilə tısbağa öldürür. Düzdür, onu tısbağa öldürmək həddinə gətirənlər böyüklərdir. Amma bəlkə də, o uşaq Qubada işgəncə ilə tısbağa öldürdüyünə görə Suriyada işgəncəyə məruz qalır? Allahın işidir də, nə bilmək olar?
***
Sərdarın mətnində Tanrı ilə təbiət birdir. Tanrını təbiətsiz, təbiəti Tanrısız görmək mümkün deyil. Bahadır da Tanrı ilə, təbiətlə birdir, ya da onların bir parçasıdır, onlarla bir olmağa can atır. “Rahib”ə və Bahadıra görə, xəstəliyimizin səbəbi təbiətdən, demək ki, həm də Tanrıdan ayrı düşməyimizdir. Xilas ora, yaradılışa, yaradana qayıtmaqdır. Xilasımız həm içimizdə, həm də çölümüzdədir.
***
Sərdar “Su sərgisi” romanında bir çox mətnlərə, yazıçılara, filosoflara göndərmələr edir, insanın min illik suallarına öz boyunda cavab verməyə çalışır. Elə məhz buna görə də, mən bu mətni intellektual roman adlandırmaq təşəbbüsü göstərərdim. “Su sərgisi” azca yuxarıda sadaladığım səbəblərə görə panteist mətndir. Ay da, yadımdan çıxdı yuxarıda yazım: Sona həm də Sonyaya oxşayır e. “Cinayət və cəzanın” Sonyası... Sonya da xilas idi. Əmələ görə yox, niyyətə görə qiymətləndirsək, Sonya da günahsız idi.
***
“Tövrat”da necə yazılmışdı: “İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək, Allah kimi olacaqsınız”. Əslində, bütün məsələ Adəmin Allahın sirrini bilməsində idi. Adəm bu sirri öyrəndiyinə görə, ən ağır cəzaya layiq görüldü: göydən yerə çırpıldı. Sərdarın rahibi də “yasaq meyvə”dən dadmamağı məsləhət görür, məktuba baxsa öləcəkdi. Bahadır Adəmin yolunu getmir, məktubu çaya tolazlayır. Çayda məktub daşa dəyir, bunun nəticəsində müəyyən yazıları oxuya bilsək də, məktubun sirri tam açılmır. Elə bil Sərdar Bahadırın da, oxucuların da taleyindən narahat qalaraq sirri açılmağa qoymur. Axır sirr açılsa, ölüm olacaqdı. Bəlkə də ilan düz deyir: Allah kimi olacaqsınız. Müəllifin istinad etdiyi panteizmdə də belə deyilmi: təbiətlə qovuşanda sən də Allah kimi olursan, çünki təbiət də, insan da onun bir parçasıdır, təbiət də, insan da ona qovuşmalıdır, bu zaman Tanrı da, təbiət də, insan da bütöv olacaq. Spinozanın Tanrı təsəvvürü təxminən belə idi. Enşteyn rəhmətlik də deyirdi ki, mən Spinozanın Tanrısına inanıram.
***
Atalar üçdən deyib, biz də “panteist” Nəsimidən bir dənə də deyib bitirək:
Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam.