Tofiq abi

Tofiq abi
26 fevral 2014
# 12:39

AYB-də tənqidçi Vaqif Yusifli ilə söhbətə yenicə başlamışdıq ki, Elçin Hüseynbəyli genələ-genələ içəri girib dedi:

- Tofiq ölüb... Tofiq Abdin...

Məni Tofiq abinin ölümündən çox Elçin Hüseynbəylinin soyuqluğu yandırdı...

Əlimi telefona atıb uşaqlara xəbər etmək istəyirdim ki, yenə Elçin Hüseynbəylinin səsi gəldi:

- Sizin saytda var bu xəbər...

Və bir də məni o təəccübləndirdi ki, söhbətdən sonra Vaqif Yusifli dəfnə yox, Yazıçılar Birliyindəki mənasız bir tədbirə getdi.

***

O bizlə tay-tuş olmasa da özünü belə aparırdı, dostumuz idi. Daha çox cavanlarla oturub-durmasını isə ölümdən qorxmağı ilə izah edirdi.

***

Belə başa düşürəm ki, ölüm insana şah damarından yaxındır.

***

Tofiq abi bir dəfə redaksiyamıza xeyli qutab alıb gətirmişdi. Əslində qeyri-adi bir iş deyil, amma nə vaxt ondan söz düşsə dadı damağımızda qalmış o qutabları mütləq xatırlayırıq.

***

Tofiq abidən müsahibə götürürdük. Sonda maraqlı müsahibəyə görə təşəkkür elədi və hərəmizə bir qutu “Dirol” saqqızı verdi. Bu saqqızları əvvəlcədən bizə hədiyyə vermək üçün almışdı.

***

Tofiq abi diqqətli adam idi. Babat bir yazı olanda mütləq zəng edər, fikirlərini bildirər, iradlarını deyərdi. Və bu söhbət bəzən uzanır, bir saat da çəkirdi. Yazan adamlar bilir ki, bunun özü də hədiyyədir, çox böyük hədiyyə...

***

Tofiq abinin mənə verdiyi iki hədiyyədən danışmasam yaxşı düşməz. İki kitab hədiyyə etmişdi mənə: Kafkanın seçilmiş əsərlərini və Azər Abdullanın “Qəmərlidən keçən qatar” kitabını... Onların kitab şkafımda xüsusi yeri var.

***

Kitabxanasını kiməsə hədiyyə etmək istəyirdi, amma deyəsən ADAM tapa bilmədi.

***

Görüşlərinizi təxirə salmayın, dünyanın işini bilmək olmur, sonra mənim kimi təəssüf sizi çox yoracaq.

***

Abi, ölümdən çox qorxurdun. Amma gördün ki, çətin bir şey deyilmiş. Xəstəlik-filandan əziyyət çəkmədin, ürəyin dayandı və öldün... Ağrısız-acısız, heç kimə möhtac qalmadan və bəlkə də heç qorxmağa macal tapmadan.

# 2957 dəfə oxunub

Müəllifin son yazıları

# # #