Xətrimə dəyirsən, qohum! – Elçin Hüseynbəylinin ROMANINDAN PARÇA

Kulis.Az Yazıçı Elçin Hüseynbəylinin böyük mütəfəkkir və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi “Yenə iki od arasında” romanından növbəti parçanı təqdim edir.

 

Yenə iki od arasında

 

(Səkkizinci qarabağnamə)

 

roman

 

Böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusf Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla...

 

 

Yusif Vəzirin izi ilə

 

əvvəli burda

 

...Moskva - Nijni Novqorod qatarından səhər tezdən düşdüm. Payız bu tərəflərə qış donunda gəlmişdi. Vağzalda tək-tük adam vardı. Alaqaranlığıydı. Perron sürüşkən idi. Çox erkən olduğundan hələ buranın qar və buzunu təmizləməyə imkan tapmamışdılar. Təbiətə belə münasibət rus xarakterinə yad idi...

 

Təxminən on il əvvəl buralara gəldiyimi xatırladım: Dostoyevski adına teatr festivalına. Onda da Moskvadan bura səfər etmişdik. Aktyorlarla birgə. Kömür tininin bürüdüyü vağzal mənə əsgərlik illərimi xatırlatdı. Vağzallar qəribə yerdi. Bir dəfə demişəm, bir də deyim ki, vağzallar xoşbəxtliyin tapıldığı və itirildiyi yerdir. Bəlkə xoşbəxtlik sözü əvəzinə, sevgi sözü işlədək...

 

Nəsə...

 

Narın-narın qar yağırdı. Bəyazlıq adama ilkinliyi xatırladırdı. Soyuq və təmiz hava...Lap Sibirdəki kimi...Gənclik (əsgərlik) illərimin məkanı...

 

Stansiyanın yığcam gözləmə zalına keçdim. İşıqlanana kimi burda gözləmək lazımıydı. Sərnişinlərdən bəziləri skamyalarda uzanıb yatmışdılar. İçəridən spirt qoxusu gəlirdi. Yatanlardan biri gah xoruldayır, gah da sayıqlayırdı. Başımı skamyaya söykənib, huşa getdim,  spirt iyi illər öncəki səfəri gözlərim önündə canlandırdı.

 

- Mən özümə pivə alacam. - Hələ Moskvadaykən aktyorlara dedim, - sizə də alım? Hələ bəlkə bir araq da. Yoldu. Səhərə çox var. Deyib-gülərik...

 

Aktyorlar hamısı bir ağızdan “yox” cavabı verdilər.

 

- Neynək, -gülə-gülə dedim, -amma sonra istəmiyin.

 

- İstiyərik e...qorxuruq ki, boğazımız tutular. Sabahdan tamaşa oynamalıyıq...

 

İçmək istəmirdilər, amma içdilər...

 

Elə ki, pivənin ağzı açıldı, arağın cazibədar qoxusu içməyi sevən aktyorların burun pərlərini qıcıqlandırdı, yalmandılar və mənə şərik çıxdılar. Mən də işimi ehtiyatlı tutmuşdum, bilirdim ki, aktyor tayfası içkidən imtina eləməz. Bir şüşə əvəzinə, iki şüşə araq almışdım. Ona görə də hər şey ürəyimizcə oldu, hamıya çatdı...

 

***

 

...İşıqlananda çölə çıxdım. Yenə də həmin məkan. Kömür tini, hay-küylü dəmiryol vağzalı... Narın qar... Sakitlik... Soyuqdan büzüşən taksi sürücüləri və buğlana-buğlana mənə tərəf gələn uşaqlıq dostum...

 

Düz tapdınız,  məni uşaqlıq dostum Elmir qarşıladı. Onun nazik və uzun siluetini aralıdan gördüm.

 

Xoş-beş-on beşdən sonra:

 

- Qarda gəzməklə aran sazdı, bilirəm, -Elmir dedi, - şəhərə beş-on dəqiqəlik yoldu. Yorulmamısansa, piyada yürüyək, ona qədər də kafelər açılsın. Saat səkkizdə hazırdılar. Borşlarını da axşamdan bişiriblər. Burda solyanka və borş dəbdədi. Paxmeli açmağa yaxşı kömək edir.

 

- Bir söz demirəm, amma borş qalsın sonraya.

 

- Üç saat neyniyəjiyik? – sırf Qarabağ ləhcəsində dedi.

 

- Razıyam, ancaq araqsız.

 

- Araqsız ləzzəti yoxdu, amma iş işdi. Razıyam.

 

- Arağı sonra. Günortadan sonra, təbii, əgər işlərimiz düz gətirsə içərik, -dedim.

 

- Düz gətirmiyib neyniyəjək, qohum...

 

Dostumun ən çox sevdiyi ifadə “qohum”du.

 

***

 

...Rusiya Federasiyası  Cəzaçəkmələr üzrə Baş İdarəsinin yerli şöbəsi Artelnaya küçəsi 1 a-da yerləşirdi: Daxili İşlər Nazirliyinin yerli şöbəsinin tərkibində.

 

Sürüşkən küçələrlə yürüyürdük. Hava işıqlanmışdı. Tək-tük rastlaşdığımız adamlar papaqlarını başlarına basıb harasa tələsirdilər. Ağızlarından çıxan buxardan şaxtanın dərəcəsini də müəyyən eləmək olardı. Onlara baxa-baxa gödəkcəmə bərk-bərk bürünürdüm, amma şaxta Elmirin vecinə deyildi, sırıqlısının qabağı açıq idi və zağar qarnını irəli verə-verə yeriyirdi...

 

Mən açıq-aşkar nostalji hissləri keçirirdim. Keçmişləri yada salırdım. Əsgərliyim və tələbəliyim bu ölkədə keçmişdi. Çox şey mənə tanış idi: adamlar, onların yeriş-duruşu,  oxşar küçələr...

 

Bir dəstə uşaq bellərində və əllərində çanta məktəbə gedirdi. Onlar hərdən dayanıb bir-birilərinə qar topu atırdılar. Üç qız bir oğlanın üstünə düşmüşdü. Sonra qızlar çantalarını yerə qoyub oğlanın üstünə cumdular. Onu qara basmaq istədilər. Oğlan nə qədər müqavimət göstərsə də alınmadı və rəfiqələri onu pələng antilopu yıxan kimi aşırdılar...Bizdə isə başqa cür idi. Oğlanlar hamısı yığışıb ən üzüyola qızın üstünə düşür, öz məharətlərini göstərir və bunu qələbəyə yozurdular.

 

Mağaza və idarələrin fasadlarından asılmış lövhələr də köhnəydi, sanki sovetlər burdan getməmişdilər, ya da buna imkan tapmamışdılar. Ucsuz-bucaqsız Rusiya yeniləşməyə çətinlik çəkirdi: “Xleb” (çörək), “Moloçnıye produktı” (süd məhsulları),  “Ovoşnoy” (meyvə-tərəvəz) və s.

 

- Yəqin buranın bazarında da alver edənlər əsasən azərbaycanlılardı, - deyə soruşdum. Sanki böyük bir kəşf eləmişdim.

 

Elmir:

 

- Xətrimə dəyirsən, qohum, onlarsız bazar olar. Kəndçilərimiz bazarların yaraşığıdı, - dedi və qımışdı.

 

Bir az aralıda ağ mərmərdən olan postamentin üstündə dahi proletar rəhbəri Vladimir Ulyanovun məğrur heykəli ucalırdı. Onun ayaqları altına qırmızı qərənfillər düzülmüşdü.

 

- Buralar, sanki dəyişməyib, - dedim. Leninin heykəli də yerində durur. Üstünə əklillər də qoyublar, - dedim, - amma doğum və ölüm gününü xatırlamıram...Əklil qoyublarsa, yəqin bir səbəb var..

 

- Ürəyini sıxma, qohum, burda səbəbsiz də heykəl önünə güllər qoyurlar: Lenindən xəbəri omayan, təzə evlənən cavanlar, yubileyini qeyd edən qocalar... Kasıb şəhərdi, amma hər şeyləri var: araqları da, salaları da... - Dostum belə dedi və güldü...

Mən də ona qoşuldum. Bəzən səbəbsiz də gülmək lazımdır.

 

***

 

Mən tələsirdim.  Əlacım olsaydı,  qaçardım. Ona görə də donmuş səkilərlə sürüşə-sürüşə gedirdim.  Elmir bu tələskənliyimi görüb qolumdan dartdı:

 

- Hara tələsirsən!? – dedi, - bizi ora  saat 10-dan tez buraxmayacaqlar. Hələ işə gələlər, yerlərində oturalar, növbətçilər dəyişə. Ona görə də bəlkə...

 

Dostumun nəyə işarə elədiyini göydə tutdum. Ona görə də sözünü yarımçıq kəsməli oldum:

 

- Qəti olmaz, -dedim, -mən bura işə gəlmişəm. Yaxşısı budur,  mənə şəhərin maraqlı yerlərini göstər. Arağı sonra, işlər qurtarandan sonra içərik. Bayaq dedim, axı...

 

O, naəlaclıqla başını buladı. Yəni “tərssən ki, tərs...”

 

Elmirin təklifilə yolumuzu köhnə Kremlin yanından saldıq. Onun qarşısındakı körpüyə çıxıb ucu-bucağı görünməyən Volqa çayına baxdıq. Tarix kitablarından bilirdim ki, buralarda -  Volqanın sahilində şıdırğı alver gedirmiş. Təkcə Rusiya vilayətlərindən yox, həm də yurd dışından bura gəmilər gəlirmiş.  Buğda, araq, dəri alveri o zamanlar dəbdə olub.

Çaydan əsən külək bizi üşütdüyündən körpüdə bir-iki şəkil çəkdirəndən sonra geri qayıtdıq. “Slavyan” adlı bazardan keçdik. Bir qarın çörəyə işləyən rus “babaları” və bir arağa dədələrini də satmağa hazır olan “mujiklər” soyuqdan dona-dona piştaxtaların üstünə suvenirlər düzürdülər. Onlar əsasən  şəhər sənətkarlarının əl işləriydi. Hər halda, özləri belə dedilər. Mən Novqorodun görməli yerlərini əks etdirən bir neçə xırda suvenir və açar üçün brelok aldım.

 

Bazarlıq edəndən sonra yenidən küçəyə çıxdıq. Bir neçə kilsədən ibarət Müqəddəs Sofiya soborunun yanından keçdik. Elə buradaca Aleksandr Nevskiyə və adlı-sanlı rus knyazlarının şərəfinə ucaldılmış abidənin önündə şəkil çəkdirdik və qarla sürüşə-sürüşə bizə lazım olan idarənin yanına gəldik.

 

Cəzaçəkmələr İdarəsində məktubu bizdən qabaq almışdılar. Ona görə də gəlişimizin məqsədini növbətçiyə deyəndə anladı. Süründürməçilik eləmədi. Başındakı papağı düzəldə-düzəldə:

 

- Xəbərimiz var, Anatoli Yuryeviç bizə tapşırıb ki, qonaqlarımız olacaq, - dedi və arxasınca da xəbər aldı: - Bakıdansınız?

 

- Mən hə, bu isə yox, dedim, - sizin zemlyakdır (yerlinizdir).

 

- Amma bizlərə oxşamır...

 

- Heç bizə də oxşamır, - dedim və güldüm.

 

Növbətçi zarafatı başa düşdü və gülümsündü.

 

Rusiyada bu cür milislərə az rast gələrsən. “Qarabaşları” görəndə, adətən, üz-gözlərini turşudurlar.

 

Elmir məni içəri salandan sonra borşunu içməyə getdi, mənsə rəisin yanına.

Məni əvvəlcə şöbə rəisinin məxfi əməliyyatlar üzrə müavini qarşıladı, məqsədimizi biləndən sonra, selektorun düyməsini basıb, hansısa Saşanı çağırdı və tapşırdı ki, yalnız “dozvolennıy”  (icazəsi mümükün olan) materiallara baxmaq üçün şərait yaratsın.

 

Mənə də elə bu lazım idi.

 

Binanın alt qatına endik. Arxiv eşələməkdən beli donqarlaşmış nəzarətçi qadın - Yevdokiya Prokosyevna sənədlərimə baxandan, rəisin göstərişilə tanış olandan, gümüşü saçlarını qıyğacının altına keçirəndən sonra dedi ki, qədim arxivlər zirzəmidəydi, indi onları başqa şöbəyə keçiriblər – bərpa şöbəsinə.

 

Qadın nimdaş stolun arxasında oturmuşdu, stolun üstündə ondan da nimdaş jurnallar vardı: “Kosmopolitan”, “Liza” və s. O, yarımçıq çayından bir qurtum alandan sonra mənə də oturmağı təklif elədi, amma mən imtina etdim.

 

- Ayaq üstə də pis deyil, -dedim, - oturmaqdan yorulmuşam.

 

- Elə mən də, - deyə qocaman arxiv işçisi gülümsünərək dedi.

 

Yevdokiya, qısaca olaraq Yeva xanım söhbətinə davam elədi:

 

- Əvvəllər ora  girmək mümkün deyildi, çünki siçovullar arxiv nədi, adamı da yeyirdilər. Sənədlərin çoxu rütubətdən və siçovulların əlindən zay olmuşdular. Ən çox da siçovulların. Onları görməyə gözüm yoxdu. Kağızları, sanki dişlərini təmizləmək üçün cırıb-tökürlər.

 

Mənim də siçovullardan zəhləm gedirdi, amma bu məsələdə adamların etinasızlığı məni daha çox qızışdırdı:

 

- Necə yəni!? -dedim,  bir az da əsəbiləşən kimi oldum, - tarixə və adamlara hörmət eləmək lazımdı.

 

- Məyər siçovullar hörmət başa düşür!? Buranı bağlayırsan, ordan deşik açırlar. Ona görə də yuxarı çıxarmışıq, amma qarmaqarışıqlıqdı, hələ inisiallar (baş hərflər) üzrə cərgələməyə imkanımız olmayıb. Raboçaya sila malo (İşçi qüvvəmiz azdı).

 

- Mən öhdəsindən gələrəm, -dedim, -vaxtım çoxdu.

 

Zirzəmidən gətirilən sənədlər iri bir zala səpələnmişdi. Divarlar boyu rəflərdə və arakəsmələrdə qoyulsalar da, burda it yiyəsini tanımazdı. Amma adamın bəxti gətirəndə gətirir...

 

Otaq istiydi. Hərarət çöldəkiylə müqayisədə tərs-mütənasib idi.

 

- Heç olmasa, hərarətə fikir verin, -deyə Yevdakiya Prokosyevnaya üzümü tutdum. – Bu şəraitdə sənədlər hamısı xarab olar.

 

- Onsuz da xarab olublar. Kimə lazımdı onlar. Lazım olanları seçib aparıblar...

 

Qadının gözlərinə baxdım: orda həqiqətlə məyusluq bir-birinə qarışmışdı. Bu, əsl peşəkarlara xas olan xüsusiyyətdi: ürəyi yanır, amma nəsə eləmək iqtidarında deyil. Sistemdə uzun müddət işləyən bu cür adamlar əslində acıdil olmalıydılar. Hər halda, mən onları belə təsəvvür edirdim. Amma bu qadın onlardan deyildi. Bəlkə yaşlaşdıqca dişinin zəhəri getmişdi, ya elə dörd divar arasında qalmaqdan yumşalmışdı, ünsiyyətə ehtiyacı vardı.

 

Yalnız sənədlərlə əlləşən tənha adam istənilən bir kəsin gəlişinə sevinərdi. Kim bilir...

 

Yevdakiya Prokosyevnanın mənim bu düşüncələrimdən onsuz da xəbəri yoxuydu, ona görə də öz işindəydi:

 

- Elə bilirsiniz, bütün bunları görmək mənə asandı. Mən peşəkaram axı. İstəyirəm ki, bütün bu sənədlər sona qədər qorunsun (v tselosnosti i soxrannosti). Ömrümü bu arxivə vermişəm və sənədləri bu cür baxımsız və atımsız görmək mənə ağır gəlir...

 

- Başa düşürəm, - dedim, - indi zəmanə də dəyişib. Bəlkə sənədlərin üzünü çıxarıb, kompüterə köçürələr.

 

- Siz deyən, milıy çelovek (sevimli insan) həyata keçirilir, amma belə az maaşla heç kim işləmək istəmir. Görmürsən, heç kim yoxdu?..

 

- Anlayıram, - deyə mızıldandım.

 

- Siz o tərəfə baxın, sənədləri inisiallar üzrə seçməyə başlayıblar, hələ ötən ildən. Bəlkə axtardığınız adamın sənədləri ordadır. Yəqin babanızdı?

 

- Hə, babamdı, -dedim, - sadəcə soyadımız fərqlidi...

 

Bu zaman hardansa iri bir siçovul çıxdı və güllə kimi yanımızdan ötdü.

 

- Buna bax e! - deyə Yeva xanım sürütməsini çıxarıb onun dalınca qolazladı.

 

- Görürsünüz də, burda da bizdən əl çəkmirlər, elə bil bu sənədləri onlar doğublar, - dedi və pərtliyini ört-basdır eləmək üçün gülümsündü. –Bu şəhər siçovullar şəhəridi. Ən iri siçovullar isə burdadı. Çox qədimnən bizə miras qalıblar. Hələ Yekaterina vaxtından. Bu arxiv idarəsi çariça Yekaterinanın at tövləsinin yerində tikilib. O, atları sevirdi axı, -dedi və bic-bic gülümsündü.

 

Yeva xanım İkinci Yekaterinanın at sövdasını və sevgisini nəzərdə tuturdu. Şaiyələrə görə o, atın altında qalaraq ölmüşdü.

 

- Xəbərim var, -deyirəm və axtarışa davam edirəm.

 

- Bilirsiniz əslində o, necə ölüb?

 

- Belə də, ucunnan, qulağınnan...

 

- Onun nəşini bir neçə yerdə görüblər: kimisə yataqda, kimisi dəhlizdəki divanda, bəzilərisə burda, atlarla birgə...

 

“Bu qadın özü də arxivə çevrilib” – deyə ürəyimdə fikirləşirəm, - “amma canlı arxivə...”

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017