Ər oğlanı arvadı ilə sevişdirir, çini rahib danışır, məktəbli baş nazir olur

Ər oğlanı arvadı ilə sevişdirir, çini rahib danışır, məktəbli baş nazir olur
31 iyul 2013
# 10:41

Ər oğlanı arvadı ilə sevişdirir, çini rahib danışır, məktəbli baş nazir olur

Sevda SULTANOVA

Son bir neşə ayda daha çox məhdud auditoriyada tanınan rejissorların filmlərini izləyirəm. Tanış olduqlarım arasında fərqli kino dilinə, estetikasına, dünyaya baxışına görə yalnız iki rejissor mənim üçün yenilik oldu: hollandiyalı Aleks van Varmerdam və amerikalı Hel Hartli.

Bu yazımda Varmerdamdan danışacam.

Varmerdam minimalistdir, məhdud, qapalı məkanlarda işləyir.

Bir qayda olaraq hadisələri farsa çevirir, personajları, danışdığı əhvalatlar ekssentrik, tragizmi ironikdir, filmlərində qara yumor boldur.

Onun filmlərində Hollandiyanın spesifikliyi, özünəməxsusluğunu görmək çətindir.

Filmlərindəki hadisələr sanki dünyadan qopmuş, Tanrının unutduğu hansısa naməlum məkanlarda baş verir.

Varmerdamın hekayətlərində bizim qavradığımız anlamda normal adam, normal vəziyyət yoxdur. Onun yozumundakı əcaib atmosfer elə “normallıq” deməkdi: məsələn, məktəbli uşaq özünü Konqonun baş naziri Patris Lumumba kimi görür, çinidən hazırlanmış rahib dil açıb danışır, qeybətcil qadınlar gecə-gündüz qonşu xəstə qadının pəncərəsi önündə dayanıb onu izləyir, nə vaxt öləcəyini gözləyirlər (“Şimallılar”), ər gənc oğlanı kök, yöndəmsiz arvadı ilə sevişməyə məcbur edir (“Grimm”), qadın öz ailəsi ilə onun qulluqçusu olmaları üçün müqavilə bağlayır (“Emma Blankın son günləri”), 31 yaşlı kişi uzun illərdir ki, asosial həyat tərzi sürür (Avel).

Postmodern həvəskarlarını mütləq “Ofisiant” filminə baxmağa dəvət edirəm. Filmdə yazıçının qəhrəmanları onun evinə gələrək mübahisəyə girişirlər: biri xəstə arvad, digəri qatil olmaq istəmədiyini deyir. Finalda yazıçı qəhrəmanından bezib onu qəzaya uğradır.

Varmerdamın maraqlı əsərlərindən biri “Grimm”dir. Grimm qardaşlarının “Hensel və Gretel” nağılının motivləri əsasında ekranlaşdırılan filmdə rejissor bir qəhrəmanına Yakob Grimmin adını verib. O, hadisələri müasir dövrə gətirir.

Meşədə azan bacı və qardaş film boyu onları qurbana çevirmək istəyən müxtəlif insanlarla rastlaşır.

Yeri gəlmişkən, film radikal montajına, montaj qaydalarını pozduğuna görə dərs vəsaiti kimi kino məktəblərində istifadə olunur.

“Emma Blankın son günləri” rejissorun ən absurd filmlərindəndir. Bütün ailə üzvləri ilə müqavilə bağlayaraq öz şərtlərini diqtə edən qadın onlara mirasından pay verəcəyini söz verir: qızı qulluqçu, bacısı aşbaz, qardaşı it rolunu oynayır. Vəziyyət emosional partlayışa çatır və sonluq faciə ilə bitir.

“Don” qadın donu ətrafında müxtəlif insan talelərindən tragikomik kollaj yaradır.



Ümumiyyətlə, Varmerdam böyük mesajlar iddiasında deyil. O, hər şeydən əvvəl gündəlik həyat fonunda ruhunu itirən, laqeyd insanın portretini cızır.

Burjuaziyaya, diskriminasiyaya ironiya edən, absurd elementləri olan, mübaliğəli sosial hekayətlər çəkir.

O, obrazlarının “mən”inin yox, məhz alt şüuruunun təsvirini verir, gizlinləri ilə amansızca “oynayır”.

Bu səbəbən də bəzən mənə elə gəlir ki, ekranın o üzündəki hadisələr rejissorun nəzarətindən çıxaraq əvvəlcədən planlaşdırılmayan istiqamətə gedir.

Varmerdamın kinogüzgüsündə hamı özündən nəsə görə bilər.

Rejissor deyir: Bir qayda olaraq birinci səhnəni çəkməkdən başlayıram, sinopsisi əvvəldən yazmıram. Filmlərimə konkret məna verməyə çalışmıram. Məni həmişə o cəzb edir ki, tamaşaçı özü filmin nə haqda olmasını müəyyənləşdirsin”.

Varmerdam filmlərinin əksəriyyətində özü də oynayır, ssenarilərini də özü yazır. O, eyni zamanda bəstəkardır.

Varmerdamın filmlərinə baxmaq ona görə lazımdır ki, o, hekayətləri, obrazları, kino dili ilə sərbəst, qaydaları gözləmədən, cəsarətli davranır.

Onun insana, vəziyyətə kino baxışı, minimal ifadə vasitələri az büdcəylə işləməyə məcbur olan rejissorların yaradıcı axtarışlarına komək edə biləcək dərslikdir.

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #