Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı
Müşfiq XAN çağdaş ədəbiyyatımızda öz əsərləri ilə nə qədər sevilsə də, dostları, tələbələri, kollektivi, oxucuları onun detektiv janrındakı əsərlərini nə qədər tərifləsələr də, yalnız detektivin axtarışlarına həsr edilən əsərləri sevmədiyimdən mən bir dost kimi bir o qədər də tənqid etmişəm. Hətta bir dəfə acıqlanıb dedi: “Ədəbiyyatçı deyilsən, bəyənmirsənsə, yazılı şəkildə tənqid elə, işimizi bilək.”
Açığı indiyə qədər dostum Müşifq XANın əsərləri haqqında geniş bir yazı yazmamağımın iki səbəbi var: biri bəyənmədiyim əsər haqqında nəsə yazmağın tərəfdarı olmamağım, ikincisi isə dostun yaradıcılığı haqqında yazacağın məqalənin cəmiyyətin birmənalı qəbul etməməsi. Bizim ellərin "qonşu qızı öpülmüş olar" kimi müdrik bir məsəli fikrimi ifadə etmək üçün yararlı məsəldir məncə.
Amma Müşfiq XANın son əsəri olan "Qatil üçün nekroloq" romanı haqqında fikrimi bildirməyim həm XANın qələmənin püxtələşməyinə (və ya mənim zövqümə uyğun yazmasına görədir bəlkə də), həm bu romanın nəşrinin Müşfiq XANın doğum gününə düşməyindən doğan məsələdir. 19 iyul Müşfiq müəllimin, əziz dostumun, müəllim məsləkdaşımın, vətəndaş yazıçının, istedadlı gəncin doğum günüdür. Həmişə qeyri-adiliyi ilə fərqlənən Müşfiq müəllim bu dəfə də bizim üçün adi, amma əslində adiliyin özündə olan qeyri-adi hərəkəti ilə fərqləndi. Doğum günlərində onun telefonunu da söndürüb səssizliyə çəkilməsi, öz dünyaya gəlişinin səbəblərini özüylə söhbətlərində araşdırması onu biz dostlardan fərqləndirirdi.
Bu dəfə isə öz romanını özünə hədiyyə edərək onu sevənləri ətrafına yığdı və sözü ilə özünü təbrik etdi. Bəlkə də, cəmiyyətimizdə bu istedadlı gənci çox adam tanımır. Amma onu izləmək, onu tanımaq gənclərə bir nümunə olacağına əminəm. Müşfiq XAN (İmzası ilə də fərəqlənir. Bu təxəllüsün açılışı "Xalqım Azərbaycan Naminə"dir.) İxtisasca bioloqdur. Öz ixtisasını mükəmməl bilməsi onun AMEA-nın aspirantı olmasına qədər gətirib çıxarmış, ixtisasına dair abituriyentlər üçün 10-dan çox metodik vəsait yazmışdır. Gənc müəllimlər və məktəblilər üçün yazdığı 400 səhifəlik "Biologiya 6-11" metodik vəsaiti bu sahənin fundamental əsərlərindədir. Biologiyanın kimya ilə qardaş fənn olmasından irəli gəlir ki, Müşfiq XAN uzun illər kimya fənnindən dərs demiş kimyadan metodik vəsaitlər hazırlamışdır.
Yaradıcılıq isə onun üçün çox önəmlidir. Qarşısına qoyduğu məqsədi yerinə yetirmək üçün saatlarla çalışar, yoruldum deməz. Hərdən gecənin gec saatlarında mənə gələn ("Bəy, bu romanın da belin sındırdım", "Bəy, hər şey hazırdı, narahat olma") mesajları bunu deməyimə əsas verir. Əminəm ki, detektiv janrında Azərbaycan ədəbiyyatının ən yaxşılarından olmağa, oxucularını daim sevindirməyə ciddi cəhdlə çalışan Müşfiq XAN artıq özünü ədəbiyyatda tapmağı bacarıb.
"Sonuncu hədiyyə" əsərinin təqdimatında pafoslu səslənsə də, Müşfiq XANı aysberqə bənzətmişdim. Açığı mən bu aysberqi çoxdan görmüşəm. Amma oxucuların bunu görməsi üçün ciddi zamana ehtiyac var. Çünki o universal bir adamdır. Bunu onunla birgə işlədiyimiz Fənlərin Dostluğu Olimpiadasında görmüşəm. Adam bütün fənlərə bələddir. Kimya, fizika, riyaziyyat, coğrafiya kimi fənləri orta məktəb səviyyəsində mükəmməl bilir. Bundan əlavə o lirik fikirləri və səmimi baxışları ilə insan duyğularını, ürəyini, ruhunu oxşamağı bacarır. Dili nə qədər acı olsa da, ürəyi bir o qədər də yuxa, məhəbbəti bir o qədər şirin olan bu gənc yazıçı dostum mükəmməl bir fantaziyaya sahibdir.
Söhbətlərimizdə dəfələrlə onu qınayıram ki, qardaş, sən kimyanı, biologiyanı bu qədər yaxşı bildiyin halda, niyə elmi-fantastik əsərlərə müraciət etmirsən? Cavabı isə bu olur ki, bildiklərimi yox, quraşdırdıqlarımı, özüm yaratdıqlarımı yazmaq istəyirəm. Bir yazıçıya da xas olan ən böyük xoşbəxtlik təxəyyülünün sərhədsiz olmasıdır. Əsərlərinin kompozisiyası, süjeti, məntiqi onun fərasətindən xəbər verir. Amma Müşfiq XAN heç vaxt özünü yazmır. Çünki o təkrarı o qədər sevmir. Təkrarsız olmağı bacarmaq isə böyük iradədən, cəsarətdən, fədakarlıqdan irəli gəlir.
Bir az da sözünü özü ilə təbrik edən yazıçının əsərindən danışaq!
XANın əsərini oxudum, həm də bir-neçə saata. Çünki başladığım andan əsər məni alıb apardı. "Qatil üçün nekroloq" romanı ədəbiyyatımız üçün yeni bir üslubda, yeni janrda yazılsa da, məncə Müşfiq XANın yaradıcılığında yeni bir başlanğıc nöqtəsidir. Çünki bu əsərdə müəllif ənənəvi detektiv oyunlarını kənara qoymasa da, maraqlı süjet, gərəkli ideya, düşündürücü personajlar seçib. Bu əsərdə Müşfiq XANın gənc bir yazar kimi artıq dilinin cilalanaraq rəvanlaşdığının şahidi oluruq. Sadə bir dillə yazılmasına baxmayaraq, səmimi duyğuları tərənnüm edən ifadələr, aforizm formalı cümlələr susuz bir adamın sudan aldığı ləzzətə bərabərdir.
Əgər bir əsər kitabı bitirdiyin anda bitirsə, demək ki, ölümə məhkumdur. Əsərin maraqlı obrazı şair Əhmədin dili ilə desək: “Yaxşı ki, varsan deyəcəkdim, onda fərqinə vardım – çoxdan yox imiş.” Bəli, bir bədii əsərin yaşama hüququ qazanması o zaman olur ki, o əsər oxucunun ruhunu oxşasın, ürəyindən keçənləri orda görsün və ya görmək istədiklərini orda tapsın. Bu baxımdan, Müşfiq XANın "Qatil üçün nekroloq" əsəri mənim üçün bu dediklərimə cavab verən bir əsər oldu. Əsər bir ideya daşımırsa, cəmiyyətə bir mesaj vermirsə, mövzu aktual deyilsə, o sadəcə zəif bir qığılcımı xatırladır demək. Müşfiq XANın bundan əvvəl yazdığı "Sonuncu hədiyyə" və "Ünvansız sevgi" kimi romanları klassik xəfiyyə üslubunda və daha çox şou xarakterli əsərlər olduğunu hiss etdirirdi. Bu, əsər isə nəinki Müşfiq XAN yaradıcılığında, o cümlədən də Azərbaycan detektiv janrında bir partlayışdır. Yanlış xatırlamıramsa, ədəbiyyatımızda silsilə qətllər törədən qatilə həsr edilmiş elə bir əsər yoxdur, qatilin kimliyini öncədən oxucuya bəlli edib, onun hüquq-mühafizə orqanları ilə oyununu təsvir edən tərsinə detektiv janrında da əsər yazılmayıb.
Ola bilsin ki, Azərbaycan detektiv janrının əsas sütunu Çingiz Abdullayevin bu tip əsəri olsun, lakin özündə böyük bir ideya daşıyan və cəmiyyətə "eybəcərliklər eybəcərlikdən törəyir" mesajını verməyə çalışan bir əsərin məhz detektiv janrında yazılmasına inanmıram. Azərbaycan detektiv məktəbi daha çox Konan Doylun klassik detektiv metodunda yazılmışdır. Həsən Seyidbəylinin, Çingiz Abdullayevin, Elxan Elatlının özünəməxsusluqları ədəbiyyatımıza yeni rəng qatsa da, bu əsərdə isə, müəllif detektiv çalardan mahircəsinə istifadə edib əsl ədəbiyyat nümunəsi yaratmışdır. Bunlar Müşfiq XANın axtarışlarının nəticəsidir. Bu ondan xəbər verir ki, müəllif peşəsinin ustad olmaq üçün dünya ədəbiyyatını izləyir, araşdırır. Yaxşı mənada "Qatil üçün nekroloq" əsəri süjet baxımından Jon Verdonun "Ağlında bir rəqəm tut" romanını xatırladır. Baş qəhrəman Zahid Oxtəkin hər dəfə törətdiyi qətllərdən sonra psixi sarsıntılarının nəticəsi olan mesajlar buraxır. Hüquq-mühafizə orqanlarının şübhələrini yayındıraraq öz əməllərini rahatlıqla həyata keçirir, iyrənc bəşəriyyətin intiqamını bəşərdən iyrəncəsinə alır. Sovet dövrünün hərbi sahəsində iz buraxan özbaşınalıqlarını tənqid hədəfinə tutan müəllif obrazın "ədalət məhkəməsini" Zahidin sarsıntıları üzərində qurur. Hərbi hissədə əsgər olarkən hələ dünyagörüşü formalaşmamış bir gəncin başına gətirilənlər, onun alçaldılması Zahidi bir ömür boyu qisas hissi ilə yaşamağa sövq edir. Əsər boyu oxucuya da psixoloji təsir edən qatilin "Bəsidir Qafar, yazıqdı, yazıqdı, bəsidir, yazıqdı!” cümləsi sanki əlimizdən tutub obrazın öz faciəsini göstərməyə sürükləyir. Oxucu sürükləndikcə nifrətin belində çırpınır və sonda bir anlıq bir insan olaraq eyni cinsdən olduğun bəşər övladının əməllərinə utanır və əl-qolun sınıb yanına düşür.
Günay adlı qızlarla cinsi yaxınlıqdan sonra onları vəhşicəsinə öldürməsi bir komandirin əsgərə olan münasibətindən doğur. Və sonda Zahid komandirin sevgilisi olmuş Günaya olan sevgi və nifrətini bütün Günaylardan almağa başlayır. Əsər boyu oxucunun gözündə nifrətəlayiq bir obraz kimi inkişaf etdirilsə də, müəllif sonda bu vəhşi obraza qarşı oxucuda mərhəmət hissi yaratmağı bacarır. Əsərin son bir neçə cümləsi bu hissi oxucuda yaratmağı bacarır: "İndicə ölüm xəbərini aldığı amansız qatil, Bəşirlinin nəzərində on səkkiz yaşı yenicə tamam olmuş sütül, köməksiz və əzilmiş sıravi Azərbaycan əsgəri idi. Bir az əvvəl oxuduğu məktubun təsirindən çıxa bilməmişdi. İndi polkovnik keçmiş əsgərin ölümünə kədərlənəcəyini, yoxsa qatilin öldürülməsinə görə sevinəcəyini müəyyən edə bilmirdi..."
Müşfiq XANın əvvəlki əsərlərindən fərqli olaraq bu əsərdə keçmiş polkovnik, detektiv Tomar Bəşirlinin rolu az hiss olunur. Bu da müəllifin obrazı ilə obrazlaşması prinsipindən vaz keçməsi deməkdir. Çünki Müşfiq XAN bir çox əsərlərinin qəhrəmanı olan mayor Qüdrətovu elə bir sevgi ilə yaradırdı ki, sanki obrazına valeh olmuşdu. Hətta real söhbətlərində də onun təəssübünü belə çəkirdi. Lakin bu əsərdə Tomar Bəşirlinin rolu demək olar ki, şişirdilmədən, pafosdan uzaq yaradılmışdır. Şair Əhməd obrazı hardasa müəllifin prototipidir deyə bilərik. Onun şairanəliyi, sərbəst düşüncə sahibi olması, bəşəri problemlərə satirik üslubda göstərdiyi münasibət diqqət çəkir.
Əhməd dostu olmuş qatil – Zahid haqqında sorğuya çəkilən zaman, müstəntiqin sakit-sakit onu dinləməsi zamanı: “Yoldaş müstəntiq, deyirəm, sənin dilində bilməyən bir fağır, həm də kar adam ola. Oturub onunla yavanlıqsız yıxılana qədər içəsən. Sonra da qoyasan qarşına bütün dərdlərini danışasan ona", – deyir. Bu bir cümləlik fikir bir insanın mənəvi boşluğundan, dərdlərini eşitmək, dinləmək gücündə olmayan bəşəriyyətə üsyanı idi. Hər bir insan dərdini bölüşə biləcək birini axtarır həmişə. Cəmiyyət üçün təhlükəyə çevrilmiş Zahid, Əhməd üçün ən yaxşı həmdəm idi. Onun şeirlərini oxuyar, münasibətini bildirərdi həmişə. Sanki müstəntiqi ələ salaraq deyir: – Adam var ki, it balasıdır, amma ona küçük demirlər. Adam var öz qələtini eləyir, adam da var başqasının. Digər bir məqamda isə Müstəntiqin: – Ailəsi, qohumu-əqrabası harda qalır? – sualına belə cavab verir: – Onun heç kimi yoxdu. Tənhadı mənim kimi. Tənhalıq qəliz məsələdi. Qəliz qərarları isə həmişə sadə insanlar verir, yoldaş müstəntiq.
Bu fikirlərlə müdrik kimi təqdim edilən şair sanki müstəntiqə qatilin elə də professional olmamasından xəbər verir. Sadəliyin özünün belə qəliz olduğunu vurğulayır. Müəllif bütün Şərq ədəbiyyatında işlənən "şair" priyomunu detektiv janrında mükəmməl formada təqdim edir. Bütün şairlərin daima daxilində tənhalıq hissi keçirməsinə eyham vurur. Bu tənhalıq Hüseyn Cavidin Xəyyamının, Cəlilin İsgəndərinin tənhalığı idi. Əhmədlə Zahidin bir dialoqu bu baxımdan çox maraqlıdır:
“– Kədəri neynirsən şair? Varsa, bir qurtum sevinc süz, ciyərim yanır.
Cavab Əhmədin xoşuna gəldi. Qolunu dostunun boynuna aşırdı:
– Hamı eyni gündə kədərlənib, eyni gündə sevinsəydi insanlar bir-birini daha yaxşı anlayardılar, şair. Elə deyilmi?
– Özünə həsrət qalan insanlar var şair. Sən də gör nəyi qoyub, nədən danışırsan."
Bu ifadələrdən də görünür ki, qatil intellektual səviyyəsi yüksək olan bir obrazdır. Təsadüfi deyil ki, o özünü sevgililərinə şair kimi tanıdırdı.
Əsərin ən vacib məqamlarından biri qatilin qurbanlarının sosial mənşəyidir. Düzdür, qatil üçün Günay adlı qızların sosial mənşəyi önəmli deyil. Lakin görünür müəllif üçün bu çox önəmlidir. Həm də çox. Çünki qatilin girovuna düşən qızları müəllif bu cür təqdim edir:
1. Günay Əhmədova – satanistlərə qoşulduğu ehtimal olunur.
2. Günay İbrahimova –“İBDA-C” adlanan təşkilatın üzvü, PKK ilə bağlılığı var.
3. Günay Əliyeva – orta məktəbin on birinci sinif şagirdi.
Gördüyümüz kimi, müəllif bəlaya düçar olan qızların hər üçünün də məişətdəki problemli həyat tərzlərini qabartmağa çalışmışdır. Əgər onların düzgün həyat tərzi olsa idi, deməli, onları daha sağlam həyat qarşılaya bilərdi. Bu gün bütün sosioloqların gəldiyi qənaət budur ki, ailə sağlam olarsa, övladlar da sağlam ruhda, sağlam mühitdə böyüyə bilər. Halbuki Günayların hər üçünün də problemi darmadağın olmuş ailədən gəlir.
Düzdür, Günay Əhmədova saf sevginin qurbanı olmuşdur. Lakin onun onu dinləyən və dərdinə şərik ola biləcək ailəsi olsa idi, o zaman həyatı tamam başqa cür ola bilərdi. Atanın bivec olması oğlunun da, qızının da bədbəxtliyə düçar olmasına gətirib çıxardı. Və ya digər Günay İbrahimovanın bu gün Şərqi bürüyən terrorizmin təsiri altına düşməsi, Türkiyədəki ictimai-siyasi mühitin ona da təsir etməsi, PKK liderlərinə təklif edilməsi insanlığın faciəsidir ki, müəllif bunu bizə Günayın timsalında göstərməyə çalışır. Bu motivə Orxan Fikrətoğlunun "Tək" romanında da rast gəlirik. "Tək" romanı da dini qruplaşmaların, dini fanatizmin törətdiyi bəlalara həsr edilib. Üçüncü Günay isə məktəbli ola-ola siqaretə, narkomaniyaya qurşanmış və Zahidin qurbanına çevrilmişdir. Ata-ana qayğısı olmazsa, var-dövlət bir insanı tərbiyələndirə bilməz. Bu gün Günayların özünü intihara qalxması, mənfur qruplaşmalara qoşulması ailələrimizin ən böyük əziyyət çəkdiyi məsələdir. Əgər Zahidin qurbanı olmasa idi belə, nə vaxtsa o da Günay İbrahimovanın taleyi ilə qarşılaşacaqdır ki, bu da cəmiyyətimiz üçün qəbul edilən hal deyil. Bu baxımdan müəllifin detektiv çalardan istifadə edərək ciddi bir ədəbiyyat nümunəsi yaratmasını bir oxucu kimi, bir ədəbiyyatçı kimi, bir dost kimi əlbəttə ki, çox bəyəndim. Bu, motiv gəncliyə, ailələrə səslənişdir. Övladlarına sahib çıxmaları üçün onlara göstərilən gerçəklikdir.
Əsərin kompozisiyası, müasirliyi, sujeti, gözlənilməzliyi və ədəbi mətni ürək açandır.
P.S. Hər şey yaxşıdı, intahası... Yazının bundan sonrası doğum günün tərkib hissəsinə aid deyil...
Lakin "Qatil üçün nekroloq" romanının bir bədii əsər kimi nə qədər ürəkaçan tərəfləri olsa da, problemlərdən xali deyil. Belə ki, əsərdəki bəzi ifadələr və fikirlər sanki müəllifin əsərə bəzək vurmaq xatirinə edilən müdaxiləsidir. Məsələn, müəllif klassik üslubdan istifadə edərək bəzən hadisələrə modernistcəsinə şərh verir. Lakin bu şərhlər oxucuda əsərə qarşı bir ikrah hissi yarada bilər: "Bu yerdə Əhməd üçün dərindən bir köks ötürüb “yazıq şair”, “fağır şair”, “talesiz şair” kimi sözlərlə təsəlli eləmək savab iş olardı." Və ya "Amma bu da mümkündü ki, güclü fantaziyalı oxucuların başqa nəsə uydurma əlavələri olsun. Məsələn, Günay vaxt itirmədən onun köynəyini cırıq-cırıq edib əynindən çıxarır." Gərək ki, müəllif bu cür yersiz müdaxilələrdən yayına və oxucunun qərar verməyinə və necə düşünəcəyinə müdaxilə etməyə idi. Bu cür yenilik oxucuya “yenilik xatirinə edilən yenilik” kimi görünür.
Əsərin bütün bölmələri aforizmlərlə başlayır. Bəzən isə bu aforizmlər sanki bütün bölmələrdə aforizm olsun deyə yerləşdirilib, bizcə buna ehtiyac yox idi. Bir aforizmdə isə müəllif sanki oxucuya səndən daha savadlıyam deməyə cəhd edir: "Memento mori! Memento te hominem esse! Respice post te, hominem te esse memento! Öləcəyini xatırla! Sadəcə bir insan olduğunu xatırla! Arxana bax, sadəcə bir insansan, xatırla!" Məncə bu aforizmin orijinalına heç bir ehtiyac yox idi. Burda adamın ağlına gələn ilk odur ki, bu xarici dildəki aforizm nəyə lazım idi?
Bir məqamda isə müəllif obrazın ürəyindən keçənləri yazmağa çalışıb, bu da primitiv bir priyomdur və səviyyəni aşağı salır:
“"Ayka Namazqılanka” adlı istifadəçi ismarış qutusuna yazmışdı: “Aşqım, sənə kəntdən motal pendiri göndərirəm. Azdı, yemə, bax məni xatırla. Çok özləmişəm balamı. Yetim, feyzdə qızdarnan çattaşma ha iki-üç günə gələjəm! Nəsə eşidib bilsəm özünü ölmüş bil! Öpdümmm birtanəmi!”"
Əvvəlki əsərlərə nisbətən bu romanda müəllifin dilinin cilalandığını qeyd etmişdim. Lakin müəllifin yerli-yersiz işlətdiyi “indilərdə” sözü sanki mükəmməl bir ahəngi məhv edir. Ya müəllif bu sözün anlamını bilmir, ya da özünün daşlaşmış yanlış leksikonunun bəhrəsdir.
P.P.S. Bir zamanlar demişdim ki, mən bədii əsəri üç halda oxuyuram: birincisi dostlarımın, tanışlarımın əsəridir deyə, ikincisi elmi fəaliyyətimlə əlaqədar, üçüncüsü öz zövqümə görə seçib oxuyuram. Bu dəfə "Qatil üçün nekroloq" romanını dostumun əsəri olduğu üçün oxusam da, seçib oxuduğum əsərlər siyahısına yazdım.