Bizi Çeçenistan olmağa qoymayanlar

Bizi Çeçenistan olmağa qoymayanlar
25 may 2018
# 10:56

Əvvəllər Cümhuriyyətin anlamını, ADR-in əhəmiyyətini lazımı qədər dərk edə bilmirdim. Sanki mənimlə ADR anlayışı arasında qalın bir sədd vardı.

Hərdən ürəyimdə sürəkli baş qaldıran, amma dilimə gətirmədiyim, şüuraxını kimi içimdən gəlib keçən suallarım yaradıb bu səddi:

Onsuz azman Rusiyanın qarşısında tap gətirmək mümkün olmayacaqdı, nə deyə 23 ay hakimiyyətdə olmusunuz?

Bu əziyyətə dəyərdimi?

Bilmirdinizmi ki, əvvəl-axır Rusiya gəlib buraları istila edəcək?

Tarixə bir qədər nəzər yetirəndə görürsən ki, həqiqətən 100 il əvvəl yaranan ADR dövlətinin taleyi buz üstündə qalanmış ocaq kimi olub; buz əriyəcək, od sönəcəkdi!

Təsəvvür edin, ölkəndən kənarda dövlətinin müstəqilliyini elan edib paytaxt təyin edirsən, paytaxtın da düşmən işğalındadır, başqa bir dövlətin ordusu gəlib sənin paytaxtını düşməndən azad edir. Və sən zar-zor hakimiyyəti qurursan, bu dəfə də ingilislər göz verib, işıq vermir: iclas keçirilməyən günlərdə parlament binasının üstündə Azərbaycan bayrağının dalğalanması qadağan edilir və sair.

Belə bir şəraitdə yaranan müstəqil dövlət nə qədər mümkün idisə təxminən elə o qədər də duruş gətirdi və 23 ay sonra süquta uğradıldı.

Bu kimi səbəblərə görə ADR-in varlığı haqqında fikirlərim qəti deyildi. Səməd Mənsurun təbirincə desək, bir qədər “rəng” kimi görünürdü. Yəni, dövlətin adı olub, özü olmayıb.

ADR-in mahiyyətini, onun 23 aylıq fəaliyyətinin tarixi əhəmiyyəti mənə bu yaxında, bir sıra tarixi faktlarla tanışlıqdan sonra aydın oldu və aramızdakı sədd birdən-birə buxarlandı. Mən ADR-in varlığının hər bir azərbaycanlı üçün əhəmiyyətini təkcə ağlımla yox, bütün hüceyrələrimlə anladım.

O zaman ADR-in biz azərbaycanlılar üçün tarixi əhəmiyyəti nə idi?

Azərbaycan Cümhuriyyətinin mövcudluğu bu ərazilərin bolşeviklər tərəfindən işğalından sonra SSRİ-nin tərkibinə müttəfiq respublika kimi girməyimizə hüquqi əsas verdi.

1918-1920-ci illərdə bu torpaqlarda müstəqil dövlət yaradılmasaydı çox güman ki, buralar sadəcə quberniya kimi Rusiyanın tərkibinə daxil ediləcəkdi. Bu isə o demək idi ki, 1991-ci ildə SSRİ dağılanda müstəqilliyi elan etməyə hüquqi əsasımız olmayacaqdı.

1918-ci ildə müstəqilliyi dadmasaydıq 1991-ci ildə Rusiya bizə tərkibindən çıxıb müstəqil olmağa imkan verməzdi, uzağı Çeçenistan kimi bir neçə il mübarizə aparıb sonra durumumuzla barışmağa məcbur olacaqdıq.

Digər tərəfdən əgər ümumi Azərbaycan anlayışından söhbət gedirsə bizim torpaqların əsas hissəsi – 65 faizi - cənubda, Arazın o tayındadır. Dediyim faiz nisbəti 1918-ci ilin göstəricilərinə görədir, mövcud sərhədlər çərçivəndə götürdükdə daha az olacaq. Tarixi Azərbaycan ərazisini insan bədəninə bənzətsək, görərik ki, onun çox hissəsi Arazdan cənuba düşür. Və tarixin təlatümlü dövründə Azərbaycanın əsas hissəsinin qalıb, onun kiçik bir hissəsinin, əlinin, qolunun – Arazdan şimalda olan torpaqların silkinib özünü müstəqil elan etməsi “heç nədən yaranmaq” kimi ilahi bir aktdır.

Bu eyni zamanda Azərbaycan adının bir dövlət kimi yaşadılması demək idi.

Çünki başqa dövlətlərin tarixlərinə baxsaq varislik prinsipinin mövcudluğunu görərik; SSRİ hər nə qədər inkar etməyə çalışsa da Çar Rusiyasının varisi idi, Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının, İran İslam Respublikası Fars İmperiyasının, Avstriya Avstriya-Macarıstanın, Almaniya Prussiya İmperiyasının varisidir. Dövlətlərin adları, idarəetmə formaları dəyişsə də əsas dövlətçilik ənənəsi yerində qalır və yeni yaranan quruluş özündən əvvəlki tarixə varislik etməyə davam edir.

Keçmişə nəzər yetirəndə görürük ki, Arazın şimalı tarixən Səfəvilərin və bu torpaqlarda törəyən digər dövlətlərin ucqar hissəsi olub. Təbriz şəhərinin Səfəvilərin paytaxtı olmasını və başqa faktları ələ alsaq məlum olacaq ki, Cənubi Azərbaycan daha çox dominant olub, şimal əsasən provinsiya rolunda çıxış edib. Əgər məntiqlə götürəsi olsaq, tarixdə müstəqil Azərbaycan adlı dövlət yaranmalı idisə bu Cənubda yaranmalıydı. Bu zaman dünya dövlətlərini Azərbaycanın varlığına inandırmaq, varislik prinsipinə əsasən onun da müstəqil olmaq haqqının mövcudluğunu sübut etmək daha asan başa gələrdi, nəinki şimal hissədə müstəqilliyə cəhd etmək. Tarixdən bildiyimiz kimi o vaxt cənubda belə şərait yox idi.

Amma bu kimi mürəkkəb bir şəraitdə Rəsulzadələrin, Xoyskilərin, Topçubaşovların öz çiyinlərinə tarixi yük götürüb bu ərazilərdə müstəqil dövlət yaratmaq istəyi (məlumdur ki, o dövrdə bir qisim heç müstəqillik tələb etmirdi, Rusiyanın tərkibində muxtariyyətlə qane idilər) Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrildi. Sözümün əvvəlində dediyim kimi baxmayaraq ki, müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin taleyi tükdən asılı idi və 1920-ci ilin 14 yanvarında Versal Sülh Konfransında dünya tərəfindən tanınandan sonra cəmi üç ay yaşadı, bununla belə tarixdə misilsiz iş görüldü.

Məhz həmin 23 aya görədir ki, biz Sovet dövründə də SSRİ-nin tərkibində müttəfiq respublika kimi qala bildik.

Məhz həmin 23 aya görədir ki, biz 27 ildir müstəqilik.

Məhz o 23 aya görədir ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanır.

# 1887 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #