“Özünü pis hiss edirsənsə, ye!”

“Özünü pis hiss edirsənsə, ye!”
4 noyabr 2014
# 16:08

“İnsanlar o qədər əşya düşünüb ki, indi onlara nəzarəti itiriblər. Məsələn, bu külqabıya baxın, o yaxşı qalıb. Amma onun minlərlə modelini düzəltmək nəyə lazımdır?” J.L.Qodar

- Bunu mütləq alacam.

Xırda güllü göy köynəyi zənbilə atıram. Sonra gözümə rəngli şarf dəyir. Onu da düşünmədən asılqandan götürürəm. Qırmızı jaket varımdı, amma bu tonda olan qırmızı yoxdur, alım, ya almayım?

Yox, stop. Ona kimi sayıram. Beynimə “soyuqqanlı ol” komandası verirəm. İstehlak nəfsimə nəzarət etməyə çalışıram.

...Həmişə oniomaniya xəstəliyinə tutulmaqdan, istehlak cəmiyyətinin detalı olmaqdan çəkinmişəm. Oniomaniya yunan sözüdür, mənası alış-verişə dəlicəsinə düşkünlükdür. Tibbi termin kimi ilk dəfə XIX əsrin sonunda alman psixiatrı Emil Krepelin tərəfindən təklif olunub.

Bu psixoloji təzahürün əlamətləri aşağıdakılardır:

mağazaları konkret nə istədiyini bilmədən gəzmək,

bütün məhsullara baxmaq, dəb jurnallarına aludə,

əmtəəni səbəbsiz almaq, alınan məhsulun daimi müzakirəsi və s.

Uzun illərdir ki, qərb filosofları, sosioloqları istehlak problemini araşdırır.

“İstehlak cəmiyyəti” sözünü elmə gətirən fransız postmodernist filosofu, sosioloqu Jan Bodriyar

eyni adlı “İstehlak cəmiyyəti” kitabında məsələni detallara kimi ən müxtəlif aspektlərdən təhlil edir. Onun fikrincə, istehlak cəmiyyəti özünü aldatma cəmiyyətidir. Və bu cəmiyyətdə həqiqi hisslər, mədəniyyət mümkün deyil. Çünki belə cəmiyyətdə bolluq əslində maskalanmış defisitin nəticəsində yaranır. Bu isə müasir dünyanın sağ qalmaq uğrunda qanunudur. Yəni istehlak, bolluq üçün yoxsulluq, müharibə, müstəmləkəçilik zərurəti ortaya çıxır və bunların əsas məqsədi istehsalın artması üçün sonsuz məqsədlərin yaradılmasıdır.

O, daha sonra tələblərin məhsullarla birlikdə istehsal edildiyini, məhsul seçiminin əsasında sosial fərqə cəhdin dayandığını yazır. Filosof əmindir ki, belə fərqlərin dəstəklənməsi müasir sivilizasiyanın mövcudluğunun şərtidir və sosial təminat, “xoşbəxtlik” istehlak cəmiyyətinin imperativi olaraq qalır. Bu isə fərdi qənaətcilliyə həvəsləndirmir.

Bodriyara görə istehlak cəmiyyəti bədən kultunu tətbiq etməklə təkcə dünyanı, insanı fetişləşdirmir, eyni zamanda onu öz bədəni ilə manipulyasiyaya məcbur edir. Moda jurnalları və estetik tibb bədəndən istifadə edir, seksuallıq onların müəyyənləşdirdiyi standartlara sıxışdırılır və kommersiyalaşdıraraq istehsalın elementinə çevrilir.

Britaniya sosioloqu Con Kerrol da “Müasir qərb sosiologiyası məna axtarışında” kitabında maraqlı məqamlara toxunur.

“Cəmiyyətin ruhu elan edir: özünü pis hiss edirsənsə, ye!” ...İstehlak refleksi melanxolikdir, bu xəstəlik nəticəsində insan boşluq, yekrənglik hiss edir, onda enerji gətirən müxtəlif, rəngarəng əşyalara ehtiyac yaranır. Beləliklə, istehlakçılıq psixi pozğunluğun - depressiyanın sosial analoqudur”.

Başqa bir britaniyalı sosioloq Ziqmunt Bauman isə istehlak nəfsinə hakim ola bilməyən insanı- daima hərəkətə məhkum edilmiş insan tipi kimi xarakterizə edir.

Qısası, sosioloqların gəldiyi nəticə odur ki, istehlak müstəmləkəçiliyin yeni formasıdır, o, insanı əsir edir,

istehlaka yönəlik insan inkişafdan qalır,

istehlak cəmiyyəti üçüncü dünya ölkələrinə əlavə xammal kimi baxır və s.

Hərçənd, sosioloqların, filosofların ağıllı-ağıllı təhlillərinin, fikirlərinin sıravi oxucuya təsir edəcəyinə əmin deyiləm. Ona görə yazımı Könül Dərya Qasımovanın bir neçə ay öncə facebookda istehlakla bağlı paylaşdığı maraqlı və təsirli mətni ilə bitirirəm.

“On doqquz yaşım olanda, uzun illər sürən maddi və mənəvi problemlərdən sonra maaşlı işim vardı. Dördüncü və ya beşinci maaşımı alıb sevinclə evə qayıdırdım. “20 yanvar” metrosunun keçidində gözüm bir çantaya sataşdı . Lap mən sevən ot yaşılı və çox böyük! Qiyməti uyğun idi, amma çantam cırılmadan təzəsini almağa cəsarətim çatmırdı. Tərəddüdüm satıcını endirimə məcbur eləmişdi. Qiymət çox uyğun idi, maaş zərfimi açıb, içərisindən məbləği çıxarmışdım da. Sonra birdən cərəyan vurmuş kimi dik atıldım, pulu əlimdə sıxıb ordan qaçaraq uzaqlaşdım. Həmişə keçidin çıxışında dayanan kədərli ağ saç qadını tapdım, pulu onun əlinə sıxışdırıb, üzüyuxarı, 2-ci Alatavaya doğru qaçmağa başladım...Yalan deməyim, indi evdə 10-dan çox çanta var (və keçən yay özümə ot yaşılı böyük birini də almışam) və onlarla geyim. Utanırammı bundan? Utanıram. Zaman-zaman amma yenə də alıram lazımsız şeyləri. Səbəb yəqin travmadır, başqa sözlə, görməmişlik. Bəzən tam alacağım anda yenə çanta ritualı təkrarlanır, bəzən isə, alandan sonra peşmançılıq. Amma səmimi deyim, üzərimdə durmadan işləyirəm. Xüsusən, kiminsə xəstəliyi-filan barədə eşidəndə. Son günlər, Vuqar və Nərminə dəstək kampaniyaları fonunda bu məsələ aktivləşib məndə. Tuncay və Banuçiçəklə də paylaşmışam bunu və sözləşmişik ki, bu uşaqlara yardım üçün gündəlik bəzi şeylərə qənaət edək. Uzun bir siyahı da hazırlamışıq. İstəyirəm onlar da iştirak elədiklərinin fərqində olsunlar. İndi bütün bunları yazıb başınızı niyə ağrıdıram? İstərdim ki, bunu oxuyacaq dostlarım, rəfiqələrim, bizə qoşulsun, növbəti sırğalarını, t-shirtlərini, çantalarını almazdan əvvəl bir anlıq düşünsünlər. Bəlkə lazımsız geyimdən, yağlı, sizi kökəldib yaman günə qoyan desertdən, gün ərzində bir kofedən, siqaret çəkənlər bir neçə siqaretdən qənaət edib həmin pulla Vüqara və Nərminə yardım kampaniyasına qoşulasız, hə? Bir də kürk almağı düşünən rəfiqələrimə səslənirəm, özünüzə qışda sizi isti saxlayacaq və yup yumşaq və yüngül gödəkçələr ("duti") alın, kürk pulunun qalanını da uşaqlar üçün göndərin. Həm heyvanların diri-diri soyulmasında iştirak etməmiş olarsız, həm də kiminsə həyatını xilas edərsiz”.

# 2855 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #