Universitetin 2-ci kursunda oxuyanda psixiatriyaya olan həvəsim məni tibb qardaşı kimi işləmək üçün ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gətirib çıxardı. 2006-cı ildə həmin qəsəbəyə gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Müşahidə etdiyim bir məsələni sizlərlə paylaşmaq istəyirəm. Deməli həmin avtobusda gedənlərdən əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.
Psixiatriya 100 illik keçmişə sahib gənc elm sahələrindəndir. Son 30 ildə diaqnostik kriterilərin daha da dəqiqləşməsi ilə ciddi inkişaf sahəsinə qədəm qoydu...
Ruhi xəstələrin “dəli”, onların müalicəsi ilə məşğul olan həkimlərin isə “dəli həkimi” adlandırılması həmin cəmiyyətdə insanların bu mütəxəssislərə az müraciət etməsinə səbəb olur. Avropa və Amerikada bu problem demək olar ki, tam həll olunsa da ölkəmizdə bu sahədəki dəyişiklik son 5 ildə nəzərə çarpır. Dövlət Statistika Komitəsinə verdiyim sorğuya cavab olaraq bildirdilər ki, 2013-cü ilin əvvəlinə olan məlumata görə Azərbaycanda psixiatrların sayı 343 nəfərdir. Təxminən 260.000 əhaliyə 1 həkim-psixiatr xidmət edir.
Əhali arasında ağır ruhi xəstəlik hesab olunan şizofreniya və digər psixotik pozuntular bizim müalicə etdiyimiz xəstəliklərin təxminən 5 faizini əhatə edir. Digər 95 faiz isə panik atak, obssesiv-kompulsiv pozuntu, həyəcan pozuntusu, fobiya və depressiya kimi xəstəliklər tutur. Məsələnin maraqlı tərəfi ondadır ki, pasientlərdə bu xəstəliklər zamanı əsəb və gərginliklə bərabər ürək çırpınması, boğulma, baş ağrısı, tərləmə, baş gicəllənmə kimi şikayətlər də olduğu üçün psixiatrdan daha çox terapevtlərə, nevropatoloqlara və digər sahə həkimlərə müraciət edirlər. Onlar da öz növbələrində psixiatra yönəltmək əvəzinə “narahat olmayın heç nəyiniz yoxdur, hər şey özünüzdən asılıdır” tipli məsləhətlər verərək pasientin sonralar həkim-həkim dolaşmağına şərait yaradırlar. Pasientlər isə falçı, molla, ekstrasens qəbulunu getməyi psixiatr müayinəsindən daha faydalı hesab edərək hər vəchlə bundan qaçmağa çalışırlar. Səbəbləri üçün qısa bir araşdırma aparsaq yenidən “psixiatra müaricət etsəm camaat nə deyər? ” düşüncəsinin hələ də hakim olduqunu görəcəyik.Dəfələrlə eyni problemə görə Türkiyə və İranda psixiatra rahat müraicət etdikləri halda ölkəmizdə bunu etməkdən çəkindiklərinin şahidi olmuşuq.
Bütün xəstəliklər zamanı həmin sahənin peşəkarına müraciət hər zaman faydalı olur. Ətrafın nə deyəcəyindən, nə düşünəcəyindən asılı olmayaraq ruhi və somatik sağlamlığınız naminə bu sahədəki düşüncələrinizdə inqilab edin.