Öləcəyini  bildiyi gün...

Öləcəyini  bildiyi gün...
6 may 2014
# 11:05

Ramilə Qurbanlı yazır...

Elə şəxsiyyətlər var onlar haqqında yazmaq üçün gərək heç olmasa onların dörddə biri qədər olasan ki, qələminin iqtidarı vəsfinə çatsın. Ona görə də belə şəxsiyyətlərdən yazanda yalnız xırda xatirələrlə kifayətlənmək lazımdır.

Belə böyük insanlardan biri idi, rejissor Vaqif İbrahimoğlu.

Mətbuata gəlişimin tarixi o qədər də uzun deyildi. Gənc jurnalist idim, indi-indi əlaqələr qurur, ünsiyyət yaradırdım. Bir gün rəhmətlik Həsənağa Turabova zəng elədim, görüşüb çalışdığım “7 Gün” qəzeti üçün müsahibə almaq istəyirdim. Rəhmətlik, jurnalist olduğumu bilən kimi məni acılayıb dəstəyi asdı. Elə bil dəstəyi başıma vurdu-o qədər təhqir olunmuş hiss etdim özümü. Elə həmin emosiya ilə kompüter arxasına keçib xalq artisti, sənətkar mədəniyyətsizliyi (ruhundan üzr istəyirəm bu ifadəyə görə) barədə yazı yazmağa başladım.

Yadımda deyil yazının hansı hissəsində idim, uşaqlar dedilər ki, baş redaktor-Emin Eminbəyli səni çağırır. Otağa girəndə gördüm teatrşünas İlham Rəhimli əyləşib. O vaxt İlham müəllim Həsənağa Turabovun direktor olduğu Milli Dram Teatrında bədii hissə müdiri idi.

Emin müəllim “Əyləş, gör İlham Rəhimli nə deyir”-dedi. Oturdum. İlham Rəhimli çox nəzakətlə, yumşaqlıqla Turabovla “Sən telefonla danışarkən mən onun yanında idim” deyə sözünə başladı:

“Səni acıladı, dəstəyi asandan sonra bildim ki, dəstəyin o başındakı sən olmusan. Mən ona dedim ki, acını düzgün ünvanına yönəltmədin. Ona gərək müsahibə verəydin”.

İlham Rəhimli danışdı ki, Turabovun oğlu faciəli surətdə dünyasını dəyişəndən sonra bir jurnalist ona sual verib ki, oğlunuzun ölüm xəbərini eşidəndə hansı hissləri keçirdiniz? O vaxtdan Həsənağa müəllimin jurnalistlərə antipatiyası var: “İnanıram ki, sən o antipatiyanı alt-üst edəcəksən, sabah saat filanda kabinetində sənə müsahibə verəcək, gələrsən”.

Həsənağa Turabovla görüşdüm, çox səmimi söhbət elədik, dostlaşdıq hətta. Ömrünün axırına qədər də bir daha jurnalistləri acılamadı. O qədər gözəl insan idi ki, onunla söhbət edəndə elə bil doğma adamınla ünsiyyətdə olurdun. Belə bir dostluq üçün İlham Rəhimliyə minnətdaram. Bu öz yerində, amma söhbətimin hədəfi Vaqif İbrahimoğludur.

Vaqif müəllimə zəng eləyib hər hansı bir informasiyanı alanda səsim titrəyirdi, adam mənə o qədər zəhmli təsir bağışlamışdı ki, bir dəfə Vaqif müəllim əvəzinə özümü itirib “İbrahim müəllim”-deyə müraciət eləmişdim. O, da cavabında “Rəhmətlik atam olub”-deyə təbəssümlə məni vəziyyətdən çıxarmışdı.

Turabovla müsahibəm çıxan gün, redaksiyada məni telefona çağırdılar, dəstəyi qulağıma yaxınlaşdıranda Vaqif İbrahimoğlunun səsini tanıdım.

“Qızım, sənə bu müsahibəyə görə təşəkkür etmək istədim, çox sağ ol, belə də davam et, nə də lazım olsa mən hazır, hər zaman müraciət edə bilərsən. Sənin yaxşı qələmin var, qədrini bil”-dedi. Cavab vermək istədim, həyəcanımdan bir-iki kəlməni güclə deyə bildim: “Mənim üçün sizin zəng edib rəy deməyiniz böyük qiymətdir, çox sağ olun”-dedim.

Əməkdaşlığımız ondan başlandı, illərlə davam etdi, ta son gününə qədər. Bu əməkdaşlıq deyildi, ondan daha çox uzaqlara getmişdi münasibətlər. Həyatdan aldığım hər zərbədə onun yanına məsləhətə gedərdim. Bilirdim ki, istənilən vəziyyətdə adamın əlindən tutmağa, yol göstərməyə, ümid verməyə iqtidarı çatır. O qədər uçurumun qarşısından qaytarıb məni, yenidən yaşamağa stimul verib ki... Bu gün, hər an həyatımda belə Böyük Dosta ehtiyac duyuram. Çox güclü insan idi, mənən güclü. Onu heç nə sarsıda, iradəsini qıra bilməzdi. Xərçəng kimi ağır bəlaya düçar olduğunu biləndə belə adam zarafat edir, deyir-gülür, ətrafındakılarda həyat eşqi aşılayırdı. Ölümə məhkum olduğunu bilə-bilə yaşamaq eşqi yaradırdı ətrafındakılarda.

Onkologiyada yatırdı, kimya qəbul edirdi, vəziyyəti ağır idi. Zəng eləyirdim “gəlmə, pisəm” deyirdi. Bir gün telefonum zəng çaldı, ekranda Vaqif İbrahimoğlu yazıldığını görüb dəli kimi qışqırmaq istədim.

- Can, Vaqif müəllim, eşidirəm

- Gəl, gecikmə, diktofonunu da götür. Başqa heç nə gətirmə, nə gətirsən, başına çırpacam.

Belə zarafatları da vardı. Hərdən zəngimə “Zəhrimar”-deyə cavab verərdi, amma o zəhrimar kəlməsindən bal tökülərdi.

Getdim uzun söhbət elədik, daha doğrusu diktofonu qoşdum doyunca danışdı, gələcək planlarından, həyatdan, elədiklərindən, eləmək istədiklərindən. Bu onunla son müsahibə oldu, Kulis.az-da verdim, may ayı idi. Bir-neçə gün sonra ustad dünyasını dəyişdi.

O gündən daha bir il keçir. “Yuğ”un uşaqları mənim üçün doğma bacı, qardaş qədər əzizdir, onlar da bir-biriləri üçün. Bu Vaqif İbrahimoğlunun qoyduğu özüldür-sevgi, anlaşma, qayğı, ünsiyyət-İNSANLIQ.

Bu gün onun yetirmələri ölkənin bütün teatrlarında Vaqif İbrahimoğlu məktəbini davam etdirirlər. Sağlığında bu özülü qoyub, onları müxtəlif teatrlara səpələyəndə belə də demişdi: “10 il sonra bəhrəsi bilinəcək”. Allah rəhmət eləsin. Yetirmələrinə uğur olsun!

# 3980 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #