Kulis.az Mehdi Dostəlizadənin “Gündəlik” adlı yazısını təqdim edir.
Yaşadığım ölkəni maraqsız hesab edirəm. Həyatıma maraq qatan tək şey maraqsızlığın içindəki maraqlı detallardır.
Sizə 19 illik həyatımın hər gün təkrarlanan hadisələrindən bəhs etmək istəyirəm. Bu hadisələri hər birimiz yaşamışıq, yaşayırıq, hələ uzun müddət də yaşayacağıq.
Səhər yuxudan xlor, kislota, göyərti, süpürgə satan küçə ticarətçilərinin səsi ilə oyanıram. Əl-üzümü yumağa qalxanda sular kəsilir. Buna öyrəşdiyim üçün hər axşam butulkalara su doldurub saxlayıram.
Səhər yeməyinə vaxtım olmur, işimin gücümün dalınca gedirəm. Hansı iş dalınca getdiyimi yazmayacağam. Çünki müxtəlif vaxtlarda fərqli işlərlə məşğul olmuşam. Rahat ümumiləşdirmə aparmaq üçün bu xırdalıqlara varmıram.
Avtobus gözləyirəm. Dayanacaqda bir xeyli adam yığışıb. Avtobus həmişəki kimi gecikir. 20 dəqiqədən sonra gələn avtobusa minə bilmirəm, qadınlar növbəni pozaraq məni itələyirlər. Növbəti avtobusu gözləyirəm. Yenə həmin hadisə baş verir. İki-üç marşrutu belə ötürəndən sonra nəhayət ki, arzuma çatıram. Amma artıq gecdir, işimə-gücümə gecikirəm.
Sürücü qışqırır:
- Ay xanım, kartı vur! Ay qaqaş, arxadan minmə! Orta boşdur, keçin ortaya!
Sərnişinlərdən bəziləri qeyzlənir, sürücünü təhqir edirlər. Dava düşür. Sürücü dillənir:
- Xoşun gəlmir, taksi ilə get!
O biri tərəfdən səs gəlir:
- Kartof daşımırsan ee!
Artıq bütün əsəblərim pozulub. Gedəcəyim yerə yaxınlaşırıq. Sürücü dayanacaqda saxlamır.
- Niyə saxlamadın, ağsaqqal?
- Soruşdum düşən var? Cavab verərdin də.
- Dəxli yoxdur! Dayanacaqda saxlamalısan!
Növbəti dayanacaqda düşürəm. Piyada keçidinə tərəf gedirəm. Bir qoca arvad zebra olmayan yerdən keçir. Sürətlə gələn taksi əyləci sıxır, maşının təkərləri asfalta sürtünüb əcaib səs çıxarır. Arvad sürücünün üstünə acıqlanır:
- Eşşək! Yavaş sür də!
- Eşşək sənin boyda olar. — taksi sürücüsünün cavabı gecikmir.
Yolu keçirəm. Parkın içində bir cavan oğlan mənə yaxınlaşır:
- Salam, qaqaş. Dilənçi deyiləm, vallah, iki dəqiqə vaxtın var?
- Allah haqqı tələsirəm!
Üzünü turşudub mızıldanır. Arxamca çağırır:
- Qaqaş, heç olmasa siqaretin var?
- Yoxdur.
Binanın qabağında yoldaşlarım qarşıma çıxır. Siqaret çəkirlər. Mən də birini yandırıb qoyuram damağıma.
(Lap əvvəldə qeyd etdiyim kimi, bu yerin xırdalıqlarına çox da varmayacağam. Bura şərti yerdir, məktəb, universitet, ofis ola bilər)
İşlərim bitir. Telefonuma tanımadığım nömrədən zəng gəlir. Əlim-ayağım əsməyə başlayır. Özümü güclə toplayıb zəngi açıram:
- Ala, hardasan? Konturum yoxdur, qardaşımdan zəng eləmişəm.
- Zalım oğlu, ödüm ağzıma gəldi. Filan yerdəyəm.
- Hə, gəl çayxanaya, oturmuşuq.
Çayxanaya girirəm. Dostlarım nərd oynayır. Yanlarına keçirəm, öpüşüb-görüşürük. Nərd oynaya bilmədiyimə görə başımı telefona soxuram. Çaynik çayniki çəkir, neçə saat keçir. Siyasətdən, dindən, məişətdən, hər şeydən danışırıq. Çayxana bağlanır.
Saat 00:00 olduğuna görə avtobuslar işləmir. Taksi çağırıram. Proqram ödəyəcəyim məbləğin 1.60 AZN olduğunu göstərir. Çox keçmir ki, sifariş verdiyim taksi gəlir. İki universitet bitirdiyindən, işsizlikdən, hər şeyin Amerikanın oyunu olduğundan danışır. Dediyi hər şeyə “hmm” reaksiyası verirəm.
Evə çatıram. Gözümdən yuxu tökülür. Yerimə girirəm. Telefonda bütün sosial şəbəkələri qurdalayıram, səhərə yaxın yatıram.
Növbəti mərhələni bilmək üçün yazını başdan oxuyun.
Gördüyünüz kimi, gündəlik həyatda müxtəlif rollarla, fiqurlarla, tiplərlə qarşılaşıram. Əgər sürücünün əlindən sürücü, xalanın əlindən xala, avarananın əlindən avara rolunu alsaq, ortada heç bir insan qalmır. Ölkəmdə həyat belə maraqsız, belə insansızdır. Amma bu maraqsızlığın içində maraqlı detallar var.