“Pəncşir aslanı”nın bənzəri - Xalid Kazımlının hekayəsi

“Pəncşir aslanı”nın bənzəri - Xalid Kazımlının hekayəsi
23 dekabr 2013
# 13:00

İri lay şüşələrin o tərəfində avqust idi, havada bişirici bürkü qaynayırdı. Şüşələrin bu tərəfində may havası vardı, sərin idi, beynəlxalq aeroportun nəhəng kondisionerləri soyuq hava kütləsini üfürür, bayırla içərinin arasında azı on beş dərəcəlik hərarət fərqi yaradırdı.

Şüşələrin o tərəfində qoca İstanbuldu-gur işıqlı, çoxsəsli, bol maşınlı, qələbəlik, haray-həşirli meqapolis. Şüşələrin bu tərəfi isə gerçəkdən də beynəlxalq məkan idi, içində istanbullular da vardı, amma burada hər rəngdə, hər boyda, hər görünüşdə, hər ağılda adamlar vardı: qıvrım saçlı, qaradərili, ala-bəzək geyimli afrikalılar, ağ libaslı, qaraşın dərili ərəblər, qıyıq gözlü, bəstəboy asiyalılar, hündürboy, bəyaz, çil sifətli, əmin-arxayın avropalılar. Başdan ayağa qara geyinib göy bürünmüş qadınlarla yanaşı, əsasən maykada və şortikdə gəzən avropalı qadınlar da çox idi. Onların bir qismi ölkənin dəniz sahillərinə istirahətə gedir, bir qismi isə istirahətdən öz ölkələrinə qayıdırdılar. Tətilə gedənləri və gələnləri də dərilərinin rənginə görə ayırmaq olurdu.

Biz də qaralmış, dincəlmiş haldaydıq. Xüsusilə oğlum kösöv kimi qaralmışdı, yəmənli cocuqlarla dəyişik düşərdi. Gündüz İstanbulu gəzib-yorulub, boğazda balıq-çörək yeyib, ayran içib, hava limanına gəlmişdik və oturub gecə saat 3-də havaya qalxacaq təyyarəmizi gözləyirdik. Yoxlama-keçid məntəqəsində oğluma güzəşt etmiş, əlindəki plastik qabda olan suyu içəri keçirməyə icazə vermişdilər, amma biz o suyu tez bitirmiş, aeroportun bahalı dükanlarından 5 qat artıq qiymətə yeni su almışdıq və yavaş-yavaş içirdik.

Ata-bala oturub biletimizin qeydiyyatdan keçiriləcəyi məntəqənin yaxınlığındakı skamyada mənim noutbukumda əlləşirdik. “Vay-fay” interneti olmadığına görə, əvvəlcə ədəbiyyat saytlarından endirdiyim elektron kitablardan birini oxumaq istədim, amma həvəsim tez öldü, oyun oynaması üçün noutbuku oğluma verdim. Ancaq o da bir qədər oynadıqdan sonra tualetə getmək istədiyini dedi və qalxdı. Mən on yaşlı uşağı minlərlə adamın diyircəkli çamadanlarını sürüyə-sürüyə o tərəfə-bu tərəfə yürüdükləri aeroportda tək buraxmaq istəmədim. Üstəlik, tualet olduğumuz yerdən çox uzaqdaydı. Amma o, üzünü bozardaraq “uşaq deyiləm, özüm gedərəm, bax, dalımca gəlmə ha” dedi, şığıyıb getdi. Onun arada bu cür kişilənməyi vardı və hər fürsətdə sübut etmək istəyirdi ki, qələbəlikdə də baş çıxara bilər.

Mən oturacağa söykənib iri saata baxdım, 4 saatın necə keçəcəyini düşündüm. Fikirləşdim ki, dünyanın əksər aeroportlarında “vay-fay” zonası olsa da, bu boyda aeroportda internetə giriş imkanı yoxdur, olsaydı, dünyada nə baş verdiyini, ən azı bugünkü futbol matçının necə nəticələndiyini öyrənə bilərdim.

Axşamüstü vapurla “Eminönü”dən Kadıköyə getmiş, “Fənərbaxça” və “Zalsburq” komandaları arasında başlayacaq futbol matçından öncə xorla şarkı oxuyan, atılıb-düşən, ora-bura gəzişən sarı-lacivərd formalı insanlara qarışmışdıq. Səyyar satıcılardan oğluma 8 lirəyə “Fənər” şərfi almaq istəsəm də, onun tərs damarı tutmuşdu və qəti şəkildə imtina etmişdi. Biz bir az dolaşıb şəkillər çəkəndən sonra geriyə, sahilə qayıtmışdıq. Qayıdanbaş düz iskelenin yaxınlığında bir Bremen musiqiçisi də görmüş, səki üzərində oturub onu dinləmişdik. Musiqiçi cavan oğlan idi, səsgücləndirmə cihazıyıyla, gitarasıyla, ayağını dəmirdən düzəldilmiş avadanlığa dirəyərək ağzını mikrofona tutmuşdu və heç kəsə fikir vermədən çalıb-oxuyurdu. Dayanıb onu dinləyənlər də vardı. Gəlib-gedənlər onun ağzı açıq futlyarına quruşlar, əsasən dəmir bir lirəliklər atırdılar. Kağız pullar verənlər də vardı. Biz də futlyara quruşlar atdıq. Musiqiçi gözəl bir səslə Kazım Koyunçunun bir şarkısını oxudu. Mahnı bitəndə onu alqışladılar.

Tamaşaçılardan biri onun “Cərrahpaşa” şarkısını oxumasını istədi. Musiqiçi məhzun-məhzun baxaraq bu şarkını bilmədiyini dedi. Sifariş verən adam həmin şarkının sözlərini onun yadına salmaq istədi: “Vay səni, Cərrahpaşa, içməm, suyundan, içməm, bir dahakı sənəyə, yolçu da gəlib keçməm”. Xeyri olmadı. Biz geri qayıtmaq üçün bərəyə minəndə oğlum dedi: “Bir dahakı sənəyə bir də gələrik?” “Gələrik” dedim.

Oturub gəlib-gedənə tamaşa etməkdən başqa bir iş yox idi. Yaxınlıqda Düşənbəyə yola düşəcək təyyarənin sərnişinləri vur-həşir hazırlaşırdılar. Skotç cırıltısından qulaq tutulurdu. Onlar İstanbulun ucuz topdansatış ticarət mərkəzlərindən aldıqları pal-paltar dolu çantalara ustaca bir hərəkətlə skotç dolayırdılar. Çantalar çox idi, gənc və orta yaşlı taciklər bir qrupa daxil adamlar idilər, bir-birinə kömək edirdilər. Sifətlərindən tələbəyə oxşayan, hansısa məktəbdən məzun olub buraxıldıqları bəlli olan gənclər də gəzişir, başqa ölkələrdən olan yoldaşları görüşüb-öpüşüb ayrılırdılar. Arada onlardan biri mənə yaxınlaşdı və tacik dilində nəsə dedi. “Düşənbə” sözündən anladım ki, o, mənim də Düşənbəyə gedib-getmədiyimi soruşur. Onun anlayacağı dildə, İstanbul şivəsində Bakıya getdiyimi dedim. Gənc üzr istəyib ayrıldı və oğlumu bayaqdan bəri getdiyi yerdən qayıtmadığından patoloji əndişə duyaraq hövlnak ayağa qalxdım, əl çantalarımızı və notbuku da yiyəsiz buraxaraq tualet tərəfə getdim. Təxminən 50 metr getmişdim, bir də gördüm, yaşıl tişort geymiş qarabala təşər addımlarla, tablolardakı elanları oxuya-oxuya gəlir. O, gəlib çatdı, yenə də dalınca gəlməyimə görə mısmırıq elədi: “Niyə gəldin?”.

Qayıdıb yerimizdə oturduq. Oğlum yatmaq istəyirdi, amma özünə rahat bir yer tapa bilmirdi. Mən ətrafa baxırdım. Birdən gözüm Düşənbə təyyarəsinin qeydiyyatını gözləyən bir nəfərə sataşdı və adam mənə tanış gəldi. O, ətrafdakı taciklərə nisbətən daha bəyaz çöhrəyə, uzun saqqala malik cavan bir adam idi, yaşı 28-33 arasında olardı. Saqqallı gəncin geyimi də başqalarından fərqlənirdi. Onun başında ağ araqçın, əynində isə ağ rəngli əfqan geyimi vardı, köynəyinin üstündən qara jilet geymişdi, ayaqqabısı da qara rəngdəydi, şalvara oxşayan geyiminin balağı gödək idi. Adamın sərt və qətiyyətli baxışları vardı, özünə əmin olan biriydi. Onun hərəkətlərində bir kübarlıq vardı, sanki şahzadəydi.

Üzünü ilk dəfə gördüyüm bu şəxsin sifət cizgiləri və obrazı mənə çox tanış gəldiyindən fikirləşirdim ki, bu adamı harada görmüşəm. Beynimdən keçirdiyim variantlarda yollarımızın nə vaxtsa kəsişdiyinə dair epizodlar yox idi. Bir ara fikrimə gəldi ki, mən onu ədəbi personajlardan birinə bənzədirdim, məsələn, Orxan Pamukun “Qar” romanındakı Lacivərdə. Ancaq bu fikirdən də daşındım, qəti əmin oldum ki, bu adamın konkret və real bir oxşarı var və mən bunu ona bənzədirəm.

Oğlum böyrümü dürtmələdi və yavaşca qulağıma dedi: “Ata, o balaca qıza bax”.

Onun baxışlarıyla göstərdiyi qızın dörd yaşı güclə olardı və ağ libaslı adamın yanındaydı. Qızcığaz başından ayağına qədər uzanan tünd qırmızı libasdaydı, başı da örtülüydü. Özü qolsuz tişortda, şortikdə olan oğlumun diqqətini qızın bu cür bürünməsi çəkmişdi. Qız öz aləmindəydi, hərdən atasından 5-6 metr aralanır, fırlanır, yenidən qayıdır, bir yerdə durmurdu, amma bütün bunları çox sakit bir tövrdə edirdi.

Əgər qəfildən eynilə həmin qız kimi başdan ayağa tünd qırmızı libasda, yaşıl hicabda olan və təxminən otuz yaşlarında olan bir qadın ona yaxınlaşmasaydı, yəqin ki, biz uşağın yeknəsəq hərəkətlərini müşahidə etməyəcəkdik. Qadının “Lacivərd”ə və qıza yaxınlaşması bir bizim yox, ətrafdakı adamların da diqqəti onlara cəmləşdirməsinə səbəb oldu. Hicablı qadın qıza yaxınlaşaraq əyildi, “yavruum” deyə onu bağrına basdı, o üzündən, bu üzündə doymaz-doymaz öpdü, qoxuladı, sinəsinə sıxdı, bir də öpdü, özündən azca araladı, son dəfə görürmüş kimi baxdı, kövrəldi, bir də özünə sıxdı, bir də öpdü. Duyğusal bir mənzərəydi.

Bu zaman “Lacivərd” üzündə heç bir emosiya olmadan, tövrünü dəyişmədən və qadına bir söz demədən, mane olmadan, soyuq-soyuq ona baxırdı. Qız da atasına çəkmişdi, anasının o qədər nəvazişinə, öpüşlərinə, kövrəlməsinə baxmayaraq, sakitcə baxır, eyni zamanda qadına heç bir müqavimət göstərmirdi. Qadın sanki böyük bir kuklanı əzizləyirdi.

Qadının “Lacivərd”ə, onun da qadına heç bir söz deməməsi ondan xəbər verirdi ki, aralarında ciddi bir konflikt var. Hiss olunurdu ki, qadın öz yavrusunu hansısa bilinməz səbəblərdən əldən verib və o, bir-iki saatdan sonra atasıyla uzaq bir ölkəyə gedəcək. “Lacivərd”in geyim-kecimindən, davranışından isə belə anlaşılırdı ki, o, İstanbulda, ümumiyyətlə, Türkiyədə yaşamır, qadının üç metr o tərəfdən bizə çatan kəsik-kəsik sözlərindən isə onun istanbullu, tür olduğu bəlliydi. “Lacivərd” İstanbulda qalmır, bu isə Düşənbəyə getmir. Beləcə, balaca qız ya anasyıla qalmalıdır, ya atasıyla getməlidir.

Bu mənzərədən gözləri yayındırmaq mümkün deyildi. Bununla belə, mən gözümü bu dağılmış, bəlkə də müvəqqəti ayrılmalı olan ailəyə zilləyib durmağı düzgün hesab etmədim, arada başqa istiqamətlərə göz gəzdirdim, dönüb sol böyrümə qısılmış oğlumdan heç bir mənası olmayan, “görəsən, “Fənər” “Zalsburq”la necə oynadı” və “su istəyirsənmi” kimi sözlər soruşdum. Mən bir də o tərəfə baxanda qızcığaz artıq qadının qucağındaydı. O, üzünü yavrsunun üzünə söykəyib durmuşdu və bu dəfə göz yaşlarını gizlətmədən ağlayırdı. Uşağı və “Lacivərd”in sifətində yenə də heç bir ifadə yox idi. Birdən qadın qızı növbəti dəfə çoxlu öpdükdən sonra yerə qoydu və heç kəsə heç nə demədən sürətlə uzaqlaşdı. Qızcığaz anasının arxasında baxmadı da, dönüb öz oyununu davam etdirməyə başladı. “Lacivərd” isə əyilib öz çantalarını sahmanladı, üst-üstə qoydu. Bu əsnada alverçi taciklərdən biri yaxınlaşıb ondan nəsə soruşdu, “Lacivərd” ona tacik dilində nəsə dedi, sözləri eşitsəm də, təbii ki, başa düşmədim, ancaq onun cümləsində elə bir söz oldu ki, o sözdən sonra onun haralı olduğunu və bayaqdan onu kimə oxşatdığımı tapdım.

“Lacivərd” ondan söz soruşan alverçi tacikə “Pəncşir” demişdi.

Pəncşir. “Pəncşir aslanı”. Əhməd şah Məsud. Əfqanıstanın milliyyətcə tacik olan məhrum səhra komandiri, müdafiə naziri. Bayaqdan şərti olaraq “Lacivərd” adlandırdığım şəxs məşhur mücahid Əhməd şah Məsudun eynisiydi – saçı, saqqalı, üz quruluşu, baxışı. İnsan insana bu qədər bənzərmiş. Əlbəttə, mənim nəzərimdə bu bənzərlik bir yaponun digər yapona, yaxud bir nigeriyalının digərinə bənzəməsindən artıq deyildi. Güman ki, bu gəncin pəncşirli Əhməd şaha bənzəməsi onların eyni etnik qrupa mənsub olmasından, eyni mahalda yaşamalarından irəli gəlirdi. Kim bilir. bəlkə də onlar yaxın qohum idilər, bu, həmişəlik sirr olaraq qalacaq. Yəqin ki, skamyada yanaşı əyləşmiş olsaq və hər hansı bir ünsiyyətimiz olsa, mən bunu aydınlaşdırmağa çalışardım, amma nə vaxt, nə məkan müsaid deyildi. Heç həvəs də yox idi.

Əhməd şahın nakam taleyindən xəbərim vardı. Pəncşir aslanı talibançılar tərəfindən xaincəsinə təşkil edilmiş sui-qəsdin qurbanı olmuş və bədbəxt xalqını, ən azı Pəncşiri başsız qoyub getmişdi. Bu adam ona görə yadımda qalmışdı ki, Qarabağ müharibəsi zamanı o, ölkəmizə kömək edəcəyinə, mücahid göndərəcəyinə söz vermiş və sözünü tutmuşdu. 2001-ci ildə iki mərakeşli jurnalist-kamikadzenin bombalı hücumundan yaralı çıxan Məsud Düşənbədə vəfat etmişdi. Ona oxşayan həmyerlisinin bir azdan yola düşəcəyi Düşənbədə. Pəncşirdə isə əsasən taciklər yaşayır. Onlardan biri də bu ağ libaslı, Əhməd şahı xatırladan oğlan idi.

Artıq Düşənbə reysinin qeydiyyatı başlanmışdı. Yolçular növbəyə durmuşdular. Yavaş-yavaş irəliləyirdilər. Hicablı qadın pərişan və çılğın halda yenidən qayıtdı. O, yenə pəncşirli “Məsud”a və qızına yaxınlaşdı, əyildi, qızı götürüb “yavruum, kızııım” deyə-deyə bağrına basdı. O, az qala bu körpə qızı özünə hopdurmaq istəyirdi. Bu dəfə o, hıçqırır, hətta səsini boğa-boğa hönkürürdü. Qız yenə sakit idi. Bir müddət qadına sakit-sakit baxan “Məsud” axırda, deyəsən, duruma əl qoymaq qərarına gəldi. O, asta səslə qadına nəsə dedi, qadın ona heç nə deməsə də, bir az sakitləşdi, gözünün yaşını sildi, qızını bir daha öpüşlərə qərq elədi, nəhayət, ondan əl çəkdi və uşağı yerə qoydu, bir az da baxdı, dönüb için-için ağlaya-ağlaya uzaqlaşdı. “Məsud” sakit şəkildə çantalarını bir əlinə aldı və o biri əliylə eyni sakitlikdə ora-bura baxan qızının əlindən tutub növbədə irəlilədi, çantaları yerə qoydu, döş cibindən pasportunu çıxarıb qeydiyyat masasına yaxınlaşdı. Bir-iki dəqiqədən sonra ata-bala əl-ələ tutuşmuş halda uzaqlaşıb gözdən itdilər.

Mən elə bilirdim ki, sol böyrümə qısılıb oturan oğlum ən azı mürgüləyir. Dönüb ona baxanda gördüm ki, o da gözümüzün önündə yaşanan olaya, filmə baxanlar kimi baxır. O soruşdu: “Ata, o xala o qızı niyə elə çox öpürdü”. Dedim: “Uzağa yola salır, ona görə”. Yenə soruşdu: “Bəs niyə ağlayırdı?” Cavab verdim: “Balasıdır axı, darıxacaq, ona görə”. “Bəs qız niyə ağlamırdı?” “O uşaqdır, qanmır”. “Onlar bir həftədən sonra qayıdacaqlar?”. “Hə, ya onlar qayıdacaqlar, ya da anası onların yanına gedəcək”. “Yəni yenə bir yerdə olacaqlar?”. “Hə”.

Oğlum susdu. Onun bu cür epizodların məhz xoşbəxt sonluqla bitməsini arzu, hətta tələb edən bir şakəri vardı, baxdığı filmlərin sonunda da adətən əsərin qəhrəmanı barədə “əslində, o ölmədi, yaşayır, eləmi” deyə soruşar, “hə” cavabı alana qədər sualını təkrar edər. Onun bu cür suallarının hamısına cavabım yalnız “hə”dir.

O, bu cavaba qane oldu, bir az fikirləşdi, sonra nəyisə yadına saldı, gülümsədi: “Biz bura gələndə anam da məni çoxlu öpdü və ağladı”. “Bax, görürsən, bütün analar balalarından ötrü darıxırlar, onlar uzağa gedəndə ağlayırlar”. O, əlavə etdi: “Mən də ağlamışdım... bəs nə vaxt gedəcəyik?” “Sən yat, az qalıb”. Az sonra o yuxuladı.

Şüşələrin o tərəfində avqust idi, bürküydü, bu tərəfində isə çox sərin, hətta soyuq idi. Hər rəngdə, boyda, biçimdə olan insanlar o tərəfə-bu tərəfə gedirdilər. Hərə öz dərd-sərini, problemini, qayğısını və çamadanını daşıyırdı...

# 2657 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #