Kulis.az Qafqaz İslam Ordusunun əsgəri, repressiya qurbanı Şövqi Kapançının nəvəsi Mətin Kapançı ilə Ülvi Bahadırın müsahibəsini təqdim edir.
- Babanız Azərbaycana necə gəlib?
- 1918-ci ildə Qafqaz İslam Ordusu indiki Azərbaycan ərazisinə gələndə onların arasında babam da olub. Atamın dediklərini deyirəm sizə. Babam yüzbaşı olub. Qardaşının əvəzinə Qafqaz İslam Ordusuna qoşulub və Türkiyədən Azərbaycana gəlib. Onlarda belə bir qayda olub: bu qardaş getmirsə, o biri qardaş onun əvəzinə əsgərliyə gedirmiş. Atam da bilməyib ki, babam Qafqaz İslam Ordusu Bakını tərk edəndən sonra niyə, necə qalıb Bakıda. Qafqaz İslam Ordusu Azərbaycanı tərk edəndən sonra bir xeyli müddət Azərbaycan SSRİ-də dövlət qulluqçusu olub. Mərdəkan kəndindəki təzə məscidin yerində kolxoz idarəsi olub. Babam oranın mühasibi olub, üstəlik, Qala-Maştağa dairəsinin milis idarəsində də işləyib. Atama deyibmiş ki, müharibə başlasa, məni aparacaqlar.
Bilmirəm, onun ikili vətəndaşlığı olub ya yox. Türkiyə də İkinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olub. 1941-ci ildə SSRİ İkinci Dünya müharibəsinə qoşulandan sonra sürgün ediblər.
- Babanız nə vaxt ailə qurub?
- Böyük əmimin təvəllüdü 1925-ci ildir. Babamın ailə qurmağı da təsadüf edər 1923-1924-cü illərə.
- Əslən Türkiyənin harasından olub?
- İzmirdən.
- İzmirə getmisiniz?
- Yox. Gedən olmayıb bizlərdən. O vaxt Mərdəkandan Elman bir tədbir təşkil etmişdi. Məktəbimizə türk müəllimləri gəlmişdilər, atamla da görüşmüşdülər. 1998-ci il idi. Türkiyənin Azərbaycandakı səfiri də gəlmişdi. Səfir də ki Altay Karamanoğlu idi. Altay Karamanoğlu atama vizit kart vermişdi ki, gələrsən səfirliyə. Atamı götürüb getdim səfirliyə. Onda Axundov bağının yaxınlığında yerləşirdi Türkiyə səfirliyi. Bizi səfirliyin bir işçisi qəbul etdi, babamla bağlı bizdə nə məlumat varsa, yazıb götürdülər.
- Babanızın adı, soyadı nə olub?
- Şövqi Kapançı. Bizim indi soyadımız Kapançızadədir, ola bilsin, babamgildə “zadə” olmayıb. Atamın da adı Şəfidir.
- Babanızın neçə övladı olub?
- Azərbaycanda 5. Türkiyədə nə olub-nə olmayıb, onu bilmirəm.
- Şövqi bəy Azərbaycana gələnə kimi ailəli olub?
- Onu bilmirəm.
- Azərbaycanda evləndiyi xanım mərdəkanlı idi?
- Bəli. Gülzar xanım... Bilmirəm, necə tanış olublar. Babam 1918-ci ildən 1941-ci ilə kimi dövlət işində işləyib. Qocalar lap yaxşı bilirdilər. Deyirdilər ki, babanı görmüşük.
Şövqi Kapançı
- Əvvəllər jurnalistlər sizdən babanız barədə müsahibə götürüblərmi?
- “Zaman” qəzetinə getmişdik. Orda yazdılar-pozdular. Babamın məndə bir şəkli var. Müşfiqin ki yandan şəkli var, elə balaca şəkildir. İtdi. Əmim gətirmişdi onu da. Atam o şəklə baxıb demişdi ki, şəkildəki atama oxşamır. Amma adam həbs ediləndən sonra görünüşü dəyişə bilir axı.
- Babanızın hara sürgün olunduğunu bilirsiniz?
- Yox. Türkiyəyə casusluqda, pantürkizmdə ittiham olunub. 1956-cı ildə bəraət alıb. Stalinin ölümündən sonra çox adama bəraət verilib. Heç bilmirik ki, o sürgündə vəfat edib, yoxsa sürgündən qayıtdıqdan sonra Türkiyəyə gedib.
- Babanızın Türkiyə həyatı ilə bağlı siz nəsə eşitmişdiniz?
- Ora ilə yazışırmış. Məktub yazırmış. Orda əmiləri olub. Atasının adı Məmmədəli olub. Axır vaxtacan xof var idi. Atam özü belə mənə çox şey danışa bilməyib. O vaxt Mansur rəhmətlik dedi ki, Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gələnlərin məlumatları olsa-olsa arxivdə ola bilər .
- Babanızdan başqa Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn, Mərdəkanda məskunlaşan türk olub?
- Sadəddingilin atası. Amma o kişi repressiya qurbanı olmayıb. Mənlə işləyən bir bülbüləli var idi, aeroportda işləyirdi. Onun da atası Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn türk olub. O kişi də axır vaxtlara kimi yaşayırdı. Oğlanın adı yadımdadı: Həsənov Adil. Adilgil neçə qardaş idilərsə, hamısı rəhmətə gedib. Sadəddingilin soyadı isə indi Əliyevdir, əvvəllər bilmirəm, nə olub.
- Babanız Qafqaz İslam Ordusu gedəndən sonra Bakıda hər hansı bir tapşırıq əsasında qalıb?
- Bir maştağalı dostum var idi. Bir dəfə məktəbdə oxuyanda gəldi ki, bizdə bir sənəd var, sizin soyaddan olan biri verib babama. Köhnə sənəddir, tökülüb gedir. Qala-Maştağa dairəsi milisindən hansısa səbəbə görə bu dostumun babasına mənim babam sənəd verib. Babamın adı, soyadı yazılmışdı. Qırmızı mürəkkəblə də qol çəkmişdi. Babamın çəkdiyi qolda Ayla ulduz var idi. Türk bayrağı. O sənədi götürüb gəldim evə. Atam başladı ağlamağa. Sonra mən o sənədi itirdim. Həmin sənədi mənə verən Quliyev Nazim idi. Nazim indi sağdır. Atam deyirdi ki, pantürkist olsa, qoymazdılar baban milisdə işləyə. Özü də 1-2 il yox haa... 1918-ci ildən 1941-ci ilə kimi dövlət işində olub. Axırıncı dəfə Mərdəkandakı kolxozun mühasibi işləyib.
- Babanızın təvəllüdü neçənci il olub?
- 1894 ya da 1896. Əmim babam haqda müəyyən şeylər yazırdı. Sonradan, görünür, o da qorxdu. Hələ Sovet dağılmamışdı axı. İndinin özündə belə hər şeyi ehtiyatla deyən adamlar var.
- “Zaman” qəzeti sizə babanız haqqında nəsə məlumat verə bildimi sonralar?
- O vaxtlar mobil telefon yox idi. Səhv etmirəmsə, evə zəng vurub dedilər ki, nəsə tapa bilmədik. Səfirlik də eyni şeyi demişdi. Turqut Özala oxşayan türk jurnalist var idi, yanında da bir azərbaycanlı qadın. Onlar da gəlib şəkil çəkib getmişdilər. İzmirə gedib araşdırmaq lazımdır. Mənim qızım feysbukda “Kapançızadə” yazıb axtarış etdi, bilirsən, İzmirdə nə qədər Kapançızadə var? Bolqarıstanda da var bu soyadda insanlar.
Murad Dadaşov o vaxt ANS TV-də veriliş aparırdı. Məni də o verilişə rejissor Ariflə Müşfiq apardı. Bir kişi gəlmişdi gəlini və nəvəsi ilə. Sən demə, türk imiş. Qoca kişi. Bilmədim, Biləcəridə ya Binəqədidə qalırdı. Qulağı güclə eşidirdi. Türkiyədən gəlmə idi. Ağıl edib onun ünvanını götürmədim. Hüseynbala əmim deyirdi ki, nənəni nənəngilin ailəsini sürgün etməsinlər deyə babanla evləndiriblər.