Kulis.az “Aşkarsızlıq şəraitində”, “Özgə ömür”, Şahid qız”, “Zirzəmi” filmlərindəki obrazları ilə tanınan, 1995-ci ildə Yeni il gecəsi özünü Xəzər dənizinə ataraq intihar eləyən mərhum aktyor Çingiz Şərifovun qardaşı Vadim Şərifov və dostu İlham İsmayılovla Ülvi Bahadırın müsahibəsini təqdim edir.
- Çingiz bəy haqqında müfəssəl məlumat yoxdur. Ona görə də istəyərdim ki, lap əvvəldən başlayaq. Çingiz bəy necə bir ailədə doğulmuşdu?
V.Ş: Atam Yüngüz Sənaye Nazirliyində şöbə müdiri, anam da Mərkəzi univermaqda işləyib. Bacım Azərbaycan Dillər Universitetini bitirib. Beş dil bilir. Hazırda Fransada yaşayır.
Çingiz Şərifov "Aşkarsızlıq şəraitində" filmində
- Ananız rusdur. Tanışlıqları necə olub?
V.Ş: Universitetdə tanış olublar. Bir yerdə oxuyublar.
- Hansınız böyüksünüz?
V.Ş: Ən böyüyümüz Çingiz idi. Aramızda dörd yaş fərq var. Ən kiçiyimiz də bacımızdır.
- Xarakteri necə idi?
V.Ş: Çalışan, təşkil eləyən, kollektiv yığan. Beyni ideyalarla dolu idi. Ssenarilər yazırdı. Ancaq təklik də onun üçün vacib idi.
- İlham bəy, necə dostlaşdınız?
İ. İ: O vaxt universitetdə şöbələrin də adı SSRİ-yə uyğun idi: Dialektik materializm və təbiətşünaslığın fəlsəfi məsələləri. Mənim ixtisasım fizika idi, onunku tarix. O vaxt bilavasitə fəlsəfə ixtisası üzrə təhsil yox idi. Bizim şöbədə üç fizik, iki riyaziyyatçı var idi. Çingiz tarixçi idi. Bizim dostlaşmağımızın təməlində bir narazılıq var idi. Çingiz yumşaq olduğu qədər də sərt adam idi. Əvvəlcə onu, sonra məni Moskvaya təcrübəyə göndərdilər. Sonra Çingiz orda aspiranturaya qəbul olundu. Məndə alınmadı, qayıtdım Bakıya. Çatışmayan imtahanları verib Moskvaya qayıtdım. Həmin vaxtlarda bizim bütün günümüz bir yerdə keçirdi. O, Moskva teatrının repertuarını əzbər bilirdi. Həftədə bir dəfə teatr günü var idi. Müxtəlif teatrlara əvvəlcədən bilet alırdı. Mən onunla Moskvada dörd dəfə olmuşam.
- Özünə qapalı idi?
İ. İ: Deməzdim. Özünə qapalı adam kollektivlə uyuşmazdı. Kollektivin ürəyi ola bilməzdi. Kənardan baxanda melanxolik görünür. Ancaq elə deyildi. Bizim 15 illik dostluğumuz var idi. O, təkcə səninlə yox, ailənlə də yaxınlıq qururdu. Biz o vaxt şöbədə iş yoldaşı yox, ailə idik. Bayramlarda, ad günlərində ailəlikcə görüşürdük. Mən indi də o şöbədə işləyirəm. Onlara da deyirəm ki, biz indi ancaq həmkarıq. Nə ailəlikcə görüşürük, nə bir-birimizin övladlarını tanıyırıq. Ovaxtkı görüşlərimizin əksərinin təklifi Çingizdən gəlirdi.
- Həmin vaxtlardan yadınızda nələr qalıb?
İ. İ: Çingiz bağda spartakiada təşkil eləyirdi. İdman növləri təklif eləyirdi. Heç kim də etiraz eləmirdi. Futbol, qaçış və s. Özü yaxşı qapıçı idi. Tennisi də pis oynamırdı. Şahmatda da yaxşı idi.
O vaxtlar monopoliya adlı oyun çıxmışdı. O oyun sayəsində biz 5-6 saat vaxt keçirirdik. Əslində, o uşaq oyunudur. Ancaq o oyun lakmuskağızı kimi adamların içini açıb göstərirdi. Məsələn, Rəhman Bədəlovun oyun tərzini bilirdik. Heç vaxt oyunu axıracan oyanaya bilmirdi. Təkcə dostların arasında yox, institutda da belə tədbirlər təşkil eləyirdi. Əl içi boyda institut idi.
- Vadim bəy, qardaş kimi necə idi?
V.Ş: Qızıl insan idi. Onun ölümündən sonra hər şey bir-birinə qarışdı. Həyat bəsitləşdi. Bir oğlu Nyu Yorkda yaşayır – Rövşən. Çingiz 19 yaşında evlənmişdi.
- Çingiz bəy vəfat eləyəndə valideynləri sağ idi?
İ. İ: Atası vəfat eləmişdi. Heç 40-ı çıxmamışdı. Anası isə Çingizdən sonra rəhmətə getdi.
- Atasının vəfatı təsir eləyə bilərdi ona?
İ. İ: Şübhəsiz. Qızı həmin vaxt Polşada yaşayırdı. Atası da ora getmişdi. Tutması tutmuşdu. Elə orada da keçinmişdi. Meyitini gətirmişdilər. Qızı da gəlmişdi.
- Atasına çox bağlı idi?
İ. İ: Atası ilə həm də dost idi. Çingiz Moskvada olanda atası tərəfindən hər şeylə təmin olunmuşdu. Atasının vəfatı onun psixikasına çox təsir eləmişdi. Bizim münasibətlərimiz Bakıda da davam eləyirdi. Zəngləşib görüşürdük. Çox pessimistləşmişdi. Həyatdan küsmüşdü. Özünə xas olmayan şeylərdən danışırdı.
V.Ş: İçkiyə aludəlik yaranmışdı.
- Əvvəldən içirdi, yoxsa sonradan meyillənmişdi?
V.Ş: Çox az. Ancaq atasının vəfatından sonra mütəmadi içirdi.
- Aktyor kimi necə kəşf olundu?
İ. İ: “Aşkarsızlıq şəraitində” filminin rejissoru Fərhad Yusifov onu görmüşdü. Münasibətləri də var idi. Bir ideya yarandı onda. O da baş rolda çəkdi Çingizi. Sonra “Özgə ömür” filmində Kalyaqinin oğlu rolunda idi. Biz də ona zarafatca “Çigiz Aleksandroviç” deyirdik. Harada deyib-gülmək var idisə, Çingiz də orada idi. Sərt zarafatlardan da incimirdik.
- İlk baş rolundan sonra rekasiyalar necə oldu?
İ. İ: Rəhman Bədəlov o vaxt etika-estetika şöbəsində işləyirdi. O da bu sahənin adamı idi. Yazılar yazırdı. İndinin özündə də 86 yaşı olmağına baxmayaraq fəaliyyət göstərir. “Nizami“ kinoteatının kiçik zalı var idi. Onun filminə ilk dəfə elə orada baxmışdıq. Çox parlaq premyera oldu. Kənar şəxslərin danışıqlarını görməmişəm. Amma xanımların çox xoşuna gəlirdi. Təxminən, Vadim boyunda idi. Təbii ki, qızdan-qıza da fərqlər var idi. Onun mənim xanımıma və digər dostlarının xanımlarına münasibəti başqa idi, qalan qızlara münasibəti başqa.
- Oğlu nə vaxt gedib ölkədən?
.
İ. İ: Çoxdan. Universiteti orda bitirib. Oranın vətəndaşıdır. O vaxtlar orada prokuror da işləyib. Sonradan çıxdı. Dedi ki, şəxsi həyat üçün belə daha yaxşıdır.
- Çingiz bəy vəfat eləyəndə neçə yaşı var idi?
İ. İ: Çingiz vəfat eləyəndə o, artıq Nyu Yorkda idi. Üçüncü kursda oxuyurdu.
- Orda qalmağının səbəbi atasının vəfatı idi?
İ. İ: Əlbəttə. O, atasını yanına aparmaq istəyirdi. Çingizin ora gedib iş tapması mümkün deyildi. Gərək oğlu baxaydı.
- Ata kimi necə idi?
V.Ş: Oğlu üçün hər şey. Onu şahmat məktəbinə aparırdı. Moskvada qalanda Rövşən gəldi bizə. Hamı bizim evdə toplaşdı. Rövşən cavan oğlan idi. Orda da Çingiz üçümüzün arasında olimpiada təşkil elədi. Fikirləşdim ki, atadır da, oğluna qarşı sərt olmayacaq. Ancaq yox, bizə necə, ona da elə. Sərtliyi də var idi, yumşaqlığı da.
- Mühafizkar adam idi?
İ. İ: Yox. Oğluna sərbəstlik verməkdən çəkinmirdi. Bəlkə, elə ona görə Rövşən sərbəst qərar qəbul etməyə öyrəşmişdi. Ənənəvi Azərbaycan kişilərindən deyildi. Zəhmi var idi, ancaq nəyəsə məcbur eləmirdi. Rövşən heç nəyi ondan qorxaraq eləmirdi. Axşam saat 10-da bizim evin qapısının zəngi çalanda uşaqlar deyirdilər ki, Çingiz əmi gəldi. Bilirdilər ki, o saatda ancaq Çingiz gələ bilər. Uşaqlarım pişik istəyirdi. Mən də qoymurdum. Günlərin bir günü evimizə gəldi, qucağında pişik. Pişiyi buraxdı evə.
Hissiyyatı çox güclü idi. Qılığına girmək istəyəndə o dəqiqə duyuq düşürdü. Hamıya qucaq açan adam deyildi.
Bəzən zarafatlarında həddi keçirdi. Çox vaxt heç özü də hiss eləmirdi. Dostlar alışmışdılar deyə, incimirdilər.
O, həyatımda ən böyük itkidir. Hətta atamı, anamı itirəndən sonra da mənə elə gəlirdi ki, ən böyük itkim Çingizdir. Çünki valideynlərim artıq yaşlaşmışdı. Onun vəfatından sonra həyat tamam dəyişdi.
- Vəfat xəbərini necə aldınız?
İ. İ: O, yeni il gecəsi özünü Xəzər dənizinə ataraq intihar etmişdi. Həmin vaxt yoldaşım ağır əməliyyat keçirtmişdi. Təsəvvür eləyin ki, o, əməliyyata gedəndə mənə etibar eləmədiyi sözləri Çingizə demişdi. Küsmədim, ancaq təəccübləndim. Əməliyyatdan qorxurmuş, sən demə. Qorxusunu da mənimlə yox, Çingizlə bölüşmüşdü.
Yoldaşımı təzəcə çıxarmışdıq xəstəxanadan. İstədik ki, yeni ili ailəvi qeyd eləyək. Zəng gəldi. Dostumuz Alikin xanımı Sveta idi. Çingiz gecə onlarda idi. Alik artıq morqa getmişdi. Sveta ilə salamlaşdıq. Dedi ki, bilirsən, Çingiz ölüb. Nə ağlıma gəlsin? Soruşdum ki, hansı Çingiz? Dedi ki, bizim Çingiz. Dayana bilmədim, hönkür-hönkür ağladım. Bu xəbəri yoldaşıma deyəndən sonra evdə hamı ağlamağa başladı.
- Bəs sizə xəbəri kim dedi?
V.Ş: Anam. Səhər saat yeddi idi. Sonra biz xəstəxanaya getdik.
İ. İ: Mən də getdim, amma girə bilmədim.
- Buraxmadılar?
İ. İ: Yox. Alik oturmuşdu orda. Dedi ki, bu otaqdadır. Girə bilmədim.
V.Ş: Gözlərini bağlaya bilmədim.
- İntihar eləməsi təsdiqləndi? Şübhələnmədiniz?
İ. İ: Orda çayçı var idi. O danışmışdı.
- Hadisədən bir neçə saat və ya gün əvvəl sezmişdiniz?
İ. İ: İndi nəsə demək çətindir. Ayrı-ayrı sözlər, cümlələr var idi. Elə rəsmlər var ki, yaxından baxanda başa düşmək olmur, uzaqlaşdıqca hər şey aydınlaşır. Böyük rəsmi görə bilirsən. Axırıncı dəfə kollektiv olaraq bizim evdə yığışmışdıq. Stolun üstündə içkilər-filan var idi. Hamının əhvalı yaxşı idi. Qayda belə idi ki, məclislər ya Çingiz aparırdı, ya da mən. Elə də olurdu ki, mən sözü alıb Çingizə verirdim. Hamı da buna alışmışdı. Həmin gecə də kefimiz yaxşı idi deyə, qoymurduq ki, sözünü desin. Sonra hamını sakitləşdirdim. O, söz alıb dedi ki, əgər siz bilsəydiniz ki, mən sizi necə sevirəm...
- Həmin gündən neçə gün əvvəl idi?
İ. İ: Təxminən, üç gün. Onu axırıncı səfə Alik görüb. Onlara şahmat oynamağa getmişdi.
- Siz də hiss etməmişdiniz?
V.Ş: Qətiyyən. Heç nə hiss eləməmişdim. Çox gözlənilməz oldu. Atası öləndən sonra onda çox ciddi dəyişiklər hiss olunurdu. Ancaq sırf buna görə oldu desəm, düzgün olmaz.
- Şahidlər nələr danışmışdılar?
V.Ş: Mən görməmişəm onları.
- Bəs hadisənin üstünə getmədiniz?
İ. İ: Hadisə o qədər gözlənilməz idi ki, o yükün altında gedib kimlərisə sorğu-sual edə bilməzdik. Ehtimallarla başqalarının üstünə getmək fikrində deyiləm.
- Vəfatı həyatınızda nələri dəyişdi?
İ. İ: Bizdən fərqli olaraq Çingiz özü ilə gündəlik gəzdirirdi. Günbəgün nə olurdusa, hamısını qeyd eləyirdi. Bizim gündəliyimiz yoxdur. Hadisədən 10 gün əvvəl belə bir söhbətimiz olsaydı, bəlkə də, nələrinsə qarşısını almaq olardı.
- O gündəliyi ömrünün axırınacan tutdu? Axırı necə oldu gündəliyin? İndi evdədi?
V.Ş: Xeyr.
- Şeirlər, məqalələr yazırdı.
İ. İ: Qəbrinin üstündəki yazı öz xəti ilə köçürülüb ora. Məzarı Bülbülədədir.
- Sənət adamları arasında dostluq elədiyi var idi?
İ. İ: O aləmə təzə-təzə daxil olmuşdu. Bir dəfə Leyla Şıxlınskaya gəlmişdi. Ancaq bilmədim Çingiz dəvət eləmişdi, yoxsa özü gəlmişdi. Fərhad Bədəlbəyli ilə eyni binanın eyni mərtəbəsində yaşayırdılar.
V.Ş: Əmim Azad Şərifov bir müddət “Azərkino”nun sədri idi.
- Hansı oxşar və fərqli cəhətləriniz var idi?
V.Ş: Belə deyim də, o yaxşı oğlan idi, mən pis oğlan.
- Qısqanc adam idi?
İ.İ: Hər kişi qədər. Onun hansısa sözə görə bir qadınla dalaşdığını görməmişəm .
- Davakar deyildi?
İ. İ: Yox. Hətta qapıçı dayananda da çox qabağa çıxmırdı ki, birdən kiməsə xətər yetirər.
- Vəfatından sonra sənət adamlarının arasından evinizə baş çəkən oldu?
V.Ş: Yox, olmadı.
- Ən çox hansı anlarınızda yadınızda düşür?
İ. İ: Bəzən şəkillərə baxıram, onu xatırlayıram. Daha çox yuxuda görürəm. Elə olub ki, yuxumu Vadimə danışmışam, deyib ki, eynisini mən də görmüşəm.
- Vəfatından sonra xatırlanmadı.
İ. İ: Öz aramızda onu həmişə xatırlamışıq. Ancaq sənət adamlarının arasında onu xatırlayan, yada salanlar olmayıb.
Foto: İlkin Nəbiyev