Yasamalda kirayə qalan azərbaycanlı cavan oğlanın dərdi - Nihat Pir

Nihat Pir

Nihat Pir

16 aprel 2026
# 12:00

Kulis.az Nihat Pirin "Rus dili, ingilis dili və İçərişəhər haqqında" adlı yazısını təqdim edir.



Ötən günlərin birində İçərişəhərdəki xudmani kofeşoplardan birində idim. Nəsə bu kofe söhbətləri yaddır bizə, deyim, biləsən. Yəni biz kofe yudumlayacaq adamlar deyilik. Bizimki çaydır, lap belə dərin məqamda samovar çayı. Küyə getdik, sözün açığı. Son beş-on ilin söhbətidir, axının mənbəyi isə Türkiyə və türk serialları.

Yeridir deyim, səhər yeməkləri də bu qəbildəndir. İsrafçılıq. Masada barmaq basmağa yer olmur. Sən o masaya, o setə baxanda nə düşünürsən, özün bilərsən, amma mənim ürəyim bulanır. Mən buna son dərəcə mənasız və məzmunsuz bir hərəkət kimi baxıram. Kəsəsi, xiyarı əncir mürəbbəsinə batırıb yeməkdir bu səhər yeməkləri. Bunu keçirəm. Ola bilsin, bir də nə zamansa qayıtdıq.

Elə kofeşopda yerimi rahatlamışdım ki, gülərüz, yarlı-yaraşıqlı cavan bir oğlan yaxınlaşdı. Ofisiantdır bu cavan oğlan. Gülümsədik qarşılıqlı. Bu cavan oğlan bir qəfil rus dilində nəsə soruşdu. İndidən oxucu bilsin ki, mənim ana dilindən başqa qırıldaya biləcəyim belə ikinci bir dil yoxdur. Yəni mən bu məmləkətdən kənara çıxdımsa, elə bil ki başım yoxdur. Başımı qoyuram sizlərin yanına, çıxıb gedirəm. Hava limanında yaşıl formalı, ağbəniz sərhəd əməkdaşı soruşanda ki, ay cavan oğlan, bəs sənin başın hanı? Ona cavabım əlimdə tutduğum balaca ağ kağızdadır: dil bilmirəm mən, başa nə lüzum?

Bunun xəcalət tərəfi mənim boynuma olduğu üçün, lütfən, diqqətli oxucuların məsələni özlərinə dərd eləmələrini rəva bilmirəm. Bir az türk dilində azdan-çoxdan, – oxuduqlarımızdan, baxdıqlarımızdan, – nəyimizsə varsa, var. O da ki bizim üçün xarici dil sayılmaz. Biz də saymırıq.

Cavan oğlan ona mat-məəttəl baxdığımı görüb keçdi ingilis dilinə. Nə deyim, necə deyim, ümumiyyətlə, bu yarlı-yaraşıqlı cavan oğlanla necə davranım, bilmədim.

Dedim, ay qardaş, vallah, mən azərbaycanlıyam. Rus dili niyə, ingilis dili niyə... Bunu eşidən cavan yarlı-yaraşıqlı oğlan gülümsəyib nə sifariş edəcəyimi soruşdu. Ana dilində! Təxminən belə:

– Buyurun, nə sifariş edəcəksiniz?

Niyyət kofe yudumlamaq idi deyə, məncə, sifarişimiz də hər kəsə agahdır.

İlin-günün bu vaxtında belə bir əhvalatı dil-dil ötməyimin, əlbət, bir səbəbi var: paytaxt Bakının göbəyi və ürəyi İçərişəhərdə Azərbaycan dili niyə üçüncü variantdır?

Ötən illərin birində rejissor Vaqif Mustafayevin yubiley mərasimində də oxşar məqamdan yazmışdım. Elə burada, Kulisdə. Yazmışdım ki, azərbaycanlı bir rejissorun Azərbaycanda keçirilən yubiley tədbiri niyə Azərbaycan dilində yox, rus dilindədir?

Çox hörmətli rejissorumuz, – Vaqif müəllimin, doğrudan doğruya, böyük rejissor olduğunu deməsəm, olmaz, – bu sualıma qarşı günün birində məni ağ yuyub qara sərsə də, atalar misalı çatdı dadımıza: düz düzdə qalmaz, düz elə düz də qalar. Mənim sualım qərəzsiz və haqlı idi.

Bu yazıda və bu mövzuda da qoyduğum sualın, tamamilə, haqlı olduğunu düşünürəm. Odur ki məsələni özümün sosial media hesabımda yazdım. Əvvəl səbəbi orada aradım, dedim, olar ki, bir az geri qalarıq, bir az dar düşünərik, bilmərik, qanmarıq nələrisə. Bəlkə, yeddi minə yaxın başıma yığdığım adamlar işıq tərəfi göstərsin mənə.

Göstərdilər. Özü də necə: nə vaxt bitəcək bu rus dili söhbətləri dedilər. Özün dil bilmirsən, camaatın günahı nədir dedilər. Rus dilində danışmaq səni niyə belə narahat edir dedilər.

Yəni məmləkətin bu yarlı-yaraşıqlı adamları, elmli-kültürlü yoldaşları, başa düşmürlər ki, məsələ dili bilib-bilməməkdə, onu qanıb-qanmamaqda, filan söhbəti çürüdüb-çürütməməkdə deyil. Məsələnin təkcə adı var: ana dilinə qarşı hörmətsizlik.

Əlbət, İçərişəhər paytaxt Bakının ən çox turist ziyarəti gerçəkləşən ərazisidir. Nə gözəl. Ölkə mənim, şəhər mənim, tarix mənim və onun təbliğatı da mənim. Amma rusundan, ingilisindən, ərəbindən, lap elə türkiyəlisindən öncəsi mənəm. Mən varam. Böyük hərflərlə: MƏN. Bəs mən kiməm: Bakının Yasamal rayonunda kirayə qalan azərbaycanlı cavan oğlan.

Mən rusa, ingilisə, ərəbə, lap elə türkiyəliyə göstərilən dəyəri, hörməti, sayğını, birinci növbədə, özümə və öz dilimə görmək istəyirəm, belə bunu tələb edirəm. Və qətiyyən də haqsız deyiləm.

Olar ki, ilk başdan söhbət nəsə çox cılız gələr, deyərsən, qardaş, sənin işin-gücün yoxdur? Dünya o yanda dağılır, sən deyirsən, ofisiant niyə mənimlə rusca danışır?

İnan, sənə haqq verməmiş deyiləm, amma biləsən ki, bu söhbət cılız olduğu və göründüyü qədər həm də ölkə boyda, Azərbaycan dili boyda və Azərbaycan tarixi boyda iri, böyük və zorba söhbətdir.

Mən gedib kənd Əhmədlidə hansısa manatlıq çayxanada oturaram və orada qətiyyən dil qısnamasına və dil hörmətsizliyinə rast gəlmərəm. Çünki orada hamı və hamı azərbaycanlıdır. Ol səbəb, mənə bir çaynik çay, bir armudu stəkan və gülöyşə narı misal qəndqabını gətirən bığlı, yekəqarın dayının da şübhəsi olmaz ki, mən azərbaycanlıyam. Ona görə də elə içəri girər-girməz "bajoğlu, çay içəcəksənmi?" sualını çəkinmədən verər.

Eyni hal və qəziyyə İçərişəhərdə də olmalıdır: hər nə qədər özümüzdən və öz adamlarımızdan çox rusuna, ingilisinə, ərəbinə, türkiyəliyə xidmət etsə də. Çünki bu ölkədə rusundan, ingilisindən, ərəbindən və türkiyəlisindən əvvəl mən varam. Böyük hərflərlə: MƏN.

Bəs mən kiməm: Bakının Yasamal rayonunda kirayə qalan azərbaycanlı cavan oğlan.


# 164 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə saxlanılan məşhurların test nəticələri açıqlandı

Türkiyədə saxlanılan məşhurların test nəticələri açıqlandı

13:30 16 aprel 2026
“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası”  kitabının təqdimatı keçirildi

“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirildi

13:00 16 aprel 2026
Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

12:20 16 aprel 2026
Şekspirin Londondakı yeganə evi tapıldı

Şekspirin Londondakı yeganə evi tapıldı

12:05 16 aprel 2026
“Teleradio”ya yeni rəhbər təyin edildi

“Teleradio”ya yeni rəhbər təyin edildi

11:55 16 aprel 2026
“Mən, Lalə, bir də Şerlok Holms 2”  filminin ikinci mövsümü təqdim olundu

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olundu

11:40 16 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər