“Akinak” filminin premyerası keçirildi

 “Akinak”  filminin premyerası keçirildi
16 aprel 2026
# 10:15

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “Narimanfilm” MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.

Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.

Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.

Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyət alqışlarla səhnəyə dəvət olunub.

Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu il təqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayiş etdirilib.

Ekran əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov AZƏRTAC-a açıqlamasında filmin qədim tariximizə ekskursiya olduğunu deyib: "Filmdəki hadisələr təqribən eramızdan əvvəl VIII-VII əsrlərə aiddir. Əlbəttə tarixi bilmək, keçmişimizə arxalanıb irəliyə getmək daha məqsədəuyğundur. Filmdəki Ata Arbak obrazı qədim dildə idarəçi, rəhbər deməkdir, Qoytasar bizim qədim türk mədəniyyətinə, türk tarixinə aid bir personajdır. Ekran işindəki qəhrəmanlar daha çox mifik personajlardır. Yəni film sırf tarixi deyil, macəra və nağıl filmidir. Daha çox gənclər və yeniyetmələr üçün nəzərdə tutulub. Çox istərdik ki, ilk növbədə məhz gənc nəsil və yeniyetmələrimiz filmi izləsin, dəyərləndirsin və ondan bəhrələnsinlər".

Ekran işinin çoxkoloritli olduğunu qeyd edən bəstəkar-musiqişünas Məryəm Əlibəyli isə deyib: "Mənim öhdəmə düşən məsuliyyət Azərbaycanın tarixi, qədimliyi ilə bağlı özəllikləri film üçün bəstələdiyim musiqilərə yansıtmaq idi. Azərbaycan kino ənənələri musiqisindən kənara çıxmamaq şərti ilə musiqilər yaratdım. Burada bir çox qədim alətlərdən istifadə olunub. Yallı janrında da musiqi bəstələnib. Musiqiləri filmin süjet xəttinə uyğun yazaraq onun gözəlliyinə bir az da ahəng qatmağa çalışmışam. Ümid edirəm ki, hər kəs ekran işindən məmnun olacaq və Azərbaycan filminin möhtəşəmliyini görəcək".

# 1286 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər