"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
8 dekabr 2024
# 12:22

Kulis.az "Huma quşu" Təhsilə Yardım Fondunun xeyriyyə gecəsi haqda Ülvi Bahadırın reportajını təqdim edir.

"Bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma"
Belə yazırdı Humay...

2021-ci ildə Kolumbiyada gözlərini işıqlı dünyaya əbədi yuman Humay Quliyeva...

Yadıma gəlir, uşaq vaxtı kimsə vəfat eləyəndə böyüklər deyərdi ki, baax, o buludu görürsən, ordadı, bizə baxır hərdən...

Böyüdükcə azaldı göyə inamımız.

Yerləşdik, hamılaşdıq...

Hər şey adi, təbiət hadisəsinə çevrildi.

Ancaq qərib-qəribə günlərdə səmaya baxanda ən gözəl buludu seçirəm, gülümsəyirəm, əl sallayıram...

***

"Heç bir ağrı əbədi deyil..."

Anamdan öyrənmişdim bunu... Uzun yola çıxanda pıçıldamışdı qulaqlarıma.

Rəsmlərə baxıram, qulaq yaddaşımdan dodaqlarıma süzülür bu sözlər....

"Heç bir ağrı əbədi deyil".

Ətrafa baxıram, insanların hərəsinin gözü bir rəsmdə...

Yox... Bəlkə, belə: rəsmlərə baxıram, hərəsinin gözü bir insanda...

***

Hələ seyrəkdir adamlar...

Rəsm sayı qədər... Hərə öz rəsminin qabağında...

Beynəlxalq Muğam Mərkəzinin girişi...
Nə təsadüf ki, dostlardan birinin muğamla bağlı statusunu oxuyuram...
Sən demə, muğam olmasa imiş, biz indi eee harada yaşayırmışıq.

Ancaq muğam əl-qolumuzu "kəsib", bizi geri salıb.

Uzun bir yazı yazıram rəyə, bir az fikirləşəndən sonra silirəm. Əvvəl olsa idi, vay-vay. Bütün günümü həsr eləyərdim. O yazardı, mən yazardım, o yazardı, mən yazardım. İndi, sadəcə, şair demiş, sağalmışam iflicdən, belə statusları görəndə başımı bulayıram.

***

Adamlar yavaş-yavaş çoxalmağa başlayır.

Üst geyimimi qarderoba verib yenidən rəsmlərə baxmağa başlayıram.
Ara-sıra tanıdığım adamları uzaqdan-uzağa salamlayıram.

Qəribədir, bəzi adamları ancaq tədbirdən-tədbirə görmüşəm. Başqa heç yerdə.

Əminəm ki, onları görən başqaları da mənim vəziyyətimdədir.

Bəzi adamlar üçün bu, sanki işdir.
Bir-iki tədbirdə görürsən, deyirsən, yəqin zövqüncədir, ona görə gəlib. Sonra görürsən ki, yox ee, adamda tədbirdə iştirak vərdişi yaranıb. Qeyri-ixtiyari baş verir. Sadəcə, gəlir, yarım saat dayanır, ora-bura baxır, bir-iki nəfərlə ayaqüstü çənə çalır, çıxıb gedir o biri tədbirə. Vay o gündən ki, tədbir olmaya, o gün elə bil köksündən ürəyini dartiçıb çıxarırlar, bütün günü qurcuxur ee.

***

Xeyirxah adamlar mənə həmişə qəribə görünüb.

Belə vaxtda, zamanda niyə yaxşılıq eləyəsən ki?

Yox... Bu, bir fitrətdir. Əzəldən var olan...
Bəzi adamlar da belədir. Başqa cür ola bilmirlər.

Xeyirxahlıq fitrətdən gələndə yaz yağışı kimi yağır ömürlərə...

***

Elan olunur:

"Rəsmlər satışdadır. Gələn gəlir xeyriyyə fonduna bağışlanacaq".

Ətrafda tanış simalar artmağa başlayır.
Yavaş-yavaş konsert proqramının olacağı salona qalxırıq.

Görkəmli cazmen Salman Qəmbərov və "Bakustik" caz qrupunun konserti...
Salona daxil oluram. Bir yer tapıb əyləşirəm.

Uzun müddət heyranlıqla qulaq asdığım Salman Qəmbərovu ilk dəfə canlı dinləyəcəm.

***

Huma Quşu Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova səhnəyə çıxır.
Fond və Humay Quliyeva haqqında danışır:

"Sən ki Huma quşusan, şərəfli iş gör, əlbət".

Fondun devizi...

Şeyx Nizaminin "Sirlər xəzinəsi"ndən bir inci...

Kövrəlir Şəhla xanım...

Bu qədər insan onun - Humayın işığına yığışıb.

Onun arzularının - ən parlaq ulduzun altında arzu tuturuq:

"Bütün uşaqlar Günəşə gülümsəsin daima".

***

Salman Qəmbərov çıxış edir. Belə bir tədbirdə iştirakın xoşbəxtliyindən danışır.

İlhamə Qasımovanı səhnəyə dəvət edir.
O, proqrama "Göygöl" mahnısı ilə başlayır.

Sonra isə hamımızın sevimli nəğməsi - "Getmə, getmə" ilə davam edir:

Gözlərin aldı məni,
Kəməndə saldı məni,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Amandır qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

***

Səhnəyə Opera və Balet Teatrının solisti Rövşən Qəhrəmanov çıxır.

Ölkədə necə gözəl səsli müğənnilər. Təəssüf ki, arxa plandadırlar. Belə gözəl səsləri dinləyə bilmirik.

Salman Qəmbərov yenidən "Bakustic"lə birgə ifa eləyir.

***

Xeyriyyə axşamı yavaş-yavaş yekunlaşır.
Aşağı düşüb, qarderobdan paltarımı götürüb, yenidən rəsmlərə göz gəzdirib bayıra çıxıram.

Səmaya baxıram.

Ən gözəl buludu seçib gülümsəyirəm...
Əl sallayıram...

"Bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma".

# 1751 dəfə oxunub

Müəllifin son yazıları

# # #