Kulis.az Ulucay Akifin "Park" nəşriyyatı haqqında yazısını təqdim edir.
Srağagün gözəl bir hadisə baş verdi: “Park” nəşriyyatı təqdim olundu.
Bu nəşriyyatın digər nəşriyyatlarımızdan fərqi odur ki, onu müasir Azərbaycan yazıçılarının özləri yaradıb. Təsisçisi şair Şəhriyar Del Gerani, direktoru yazıçı Vüqar Van, baş redaktoru da yazıçı Nadir Yalçındır.
Nəşriyyatın çap etdiyi kitabların ilk seriyası da təqdim olundu. Beş kitab, dörd müəllif... Salam Sarvan, Seymur Baycan, Mirmehdi Ağaoğlu və Vüqar Vanın kitabları.
Bu dörd müəllifdən ikisinə (Salam Sarvan və Seymur Baycan) yuxarı məbləğdə qonorar da ödənilib.
Nə gözəl!
Digər iki müəllif isə qonorardan imtina ediblər.
Bu da gözəl!
Bu, nəşriyyatla müəlliflərin biri-birilərinə dəstək olmağa hazır olduqlarının bariz göstəricisidir. Yəni, müəlliflər “Park” nəşriyyatı ilə çiyin-çiyinə dayanmağa hazırdı. Nəşriyyat da onlara dəstək olmağa.
Yəqin, digər nəşriyyatlarımız 30 ildən çox keçsə də, məhz bunu bacarmadı. Nəşriyyatlarla yazıçılar dostlaşa bilmədi. Nəşriyyatlar yazıçılara öz fəhləsi kimi baxdı. Kobud da səslənsə, təəssüf ki, belə oldu. Bu məsələlərə indi, bu yazıda çox girmək istəmirəm, dəfələrlə yazmışıq, danışmışıq bu haqda.
Mən “Park” nəşriyyatından danışmaq istəyirəm.
“Park” nəşriyyatı uğursuz da ola bilər, hətta bir neçə aydan sonra fəaliyyətini dayandıra da bilər. Amma bu nəşriyyat elə günü sabah fəaliyyətini dayandırsa da, mənim yaddaşımda qalacaq və onu həmişə uğurlu sayacam.
Çünki burada, bəlkə də, çox adamın görmək istəmədiyi, görməyəcəyi, görsə də, fikir verməyəcəyi çox ciddi bir məqam var: “Azərbaycanda yazıçılar nəşriyyat yaratdı”.
Bəli, müasir ədəbiyyatımızın ciddi imzaları bir nəşriyyat yaratmaq fikrinə gəldilər.
Bütün məsələ buradadır.
Yazıçılar niyə nəşriyyat yaratmaq, kitab çap etmək, kitab satmaq ehtiyacı duymalıdır?
Düşünməli olduğumuz sual budur: yazıçılar niyə nəşriyyat açır?
Axı yazıçının elə bir dərdi olmamalıdır.
Deməli, burada böyük boşluq var.
Deməli, ölkədəki bu boyda nəşriyyatların heç biri yazıçılarla birgə işləyə bilmədi. Ya da istəmədi.
Mən ümid edirəm ki, onlar istədi, cəhd etdi, amma bacarmadılar.
Amma belə olmadığını da bilirəm.
Görməli olanlar da bunu görməlidir.
Ölkə mədəniyyətinə, ədəbiyyatına, sənətinə milyonlarla pul ayrılır. Bəli, ayrılır!
Mən azı 10 adda nazirlik, dövlət qurumu, birlik, ittifaq, institut, agentlik sayaram ki, onların fəaliyyət qayəsi məhz ədəbiyyatımızın, mədəniyyətimizin, KİTABIMIZIN (!) işıq üzünə çıxmağıdır.
Hardadı o nazirliklər, birliklər, ittifaqlar, institutlar, qurumlar?
Ölkənin ən istedadlı, ən potensiallı yazıçıları nəsə yazıb-yaratmalı olduğu vaxtda, niyə qollarını çirmələyib nəşriyyat yaradır, kitab çap edir?
“Bəs siz nə işə baxırsınız?”
Bu sual verilməlidir dövlətin pul ayırdığı o qurumların hamısına.
“Park” nəşriyyatı, bəlkə, bu sual kimlərəsə verilər deyə vacibdir, zəruridir.
Buna görə deyirəm, “Park” nəşriyyatı günü sabah fəalliyyətini dayandırsa da, uğurludur!
Bu işə əmək və könül verən bütün yazıçı dostlarımı təbrik edirəm!