"Yazıçılarımız siyasi cəhətdən tam savadsızdır..." - Yazıçılar İttifaqının III plenumu

"Yazıçılarımız siyasi cəhətdən tam savadsızdır..." - Yazıçılar İttifaqının III plenumu
16 aprel 2025
# 09:00

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində “Kommunist” qəzetinin 1937-ci il 28 mart sayında dərc edilən "Azərbaycan Sovet Yazıçıları İttifaqı plenumunun yekunları" məqaləsini təqdim edir.

Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumu bir neçə gün davam edərək öz işlərini bitirdi.

Plenumdakı məsələlərin nə qədər kəskin və əhəmiyyətli olduğunu 50 nəfərə qədər yazıçının danışmaq üçün yazılması aydın göstərmişdir. Bunlardan 35 nəfəri öz sözünü söyləmişdir.

O cümlədən Süleyman Rüstəm, M. K. Ələkbərli, M.S. Ordubadi, Mkırtıçyan, M.Müşfiq, Sabit Rəhman, Əsəd Axundov, A. H.Rəsulzadə, M.Arif, Ə.Hidayət və sair yoldaşlar çıxışda bulunaraq ayrı-ayrı yazıçıların və ittifaq rəhbərliyinin nöqsanlarını kəskin tənqid atəşinə tutmuşlar.

Plenumda Azərbaycan K(b) PMQ kultur – maarif şöbəsinin müdiri Hökumə Sultanova yoldaş çıxışda bulunaraq, yazıçılar ittifaqının qüsurlarını və onun növbəti siyasi və yaradıcılıq vəzifələrini göstərmişdir.

Plenum üzvlərinin nəzərini ən artıq cəlb edən məsələlərdən biri ayrı-ayrı yazıçıların Əhməd Cavad, Yusif Vəzir, Seyid Hüseyn, A.B.Musaxanlı, Hüseyn Cavid, H.Sanılı, Səlman Mümtaz – yenidən qurulması, öz ədəbi yaradıcılıqlarını sovet məmləkəti, sovet xalqı, əməkçi kütlələri interesinə uyğun etməsi məsələsi idi.

Bu yazıçılardan keçmişdə müsavat partiyasını mədh edən, sovet dövründə də son ilədək sovet hakimiyyətinin gizli düşmənlərinə xidmət edən alçaq Əhməd Cavad ən artıq diqqəti cəlb etmiş və onun əvvəldən bu günədək yaradıcılığı hərtərəfli tənqid edilmişdir.

Əhməd Cavad artıq sovet platformasına keçdiyini isbat etmək üçün “Sədəf” adlı son romanını nişan vermişdir.

Hökumə Sultanova yoldaş bir para çürük liberallar tərəfindən təqdir edilən bu faşizm, müsavatizm və nasionalizmlə dolu kontrrevolusion əsərdən sitatlar gətirərək, Əhməd Cavadın murdar sifətini bütün çılpaqlığı ilə açmışdır.

Plenum 17 il ərzində sovet üsuluna qarşı öz düşmənçilik duyğularını və açıqdan-açığa reaksion əqidələrini dəyişmədiyi üçün Əhməd Cavadı yazıçılar sırasından kənar etmişdir.

Yenidən qurulması məsələsi daima Sovet Yazıçıları İttifaqını və sovet ictimaiyyətini düşündürən sabiq müsavatçı Yusif Vəzir, Seyid Hüseyn və habelə son vaxtadək Azərbaycan sovet həyatından bir şey yazmayıb da, daima obstrakt məsələlər və mövzularla əlləşən Hüseyn Cavid, sovet ədəbiyyatına qolçomaq idealogiyası gətirən H.Sanılı, keçmişi siyasi cəhətdən ləkəli olan, hazırda isə passivlik göstərən A.B.Musaxanlı, keçmişdə tacir olaraq sovet dövründə də bu tacirlik psixologiyasını sovet ədəbiyyatında yeridən Səlman Mümtaz və bütün ruhu, bütün varlığı ilə sovet məmləkətinə, sosializm quruluşuna sadiq olduğunu hələ də qəti sürətdə isbat etməmiş yazıçılara plenum son və qəti xəbərdarlıq edib onları hələlik yazıçılar sırasında saxlamağı qərara almışdır.

Plenum gənc şair M.Müşfiqin düşmən təsirləri altında düşdüyünü qeyd edərək, onu bu zərərli təsirlərdən tamamilə və bütünlüklə xilas etmək, onun siyasi səviyyəsində möhkəm dönüş əmələ gətirmək lüzumunu yazıçılar ittifaqı rəhbərliyinin və şairin özünün qarşısında qəti qoymuşdur.

Plenum ikiüzlü, alçaq, murdar Tağı Şahbazi (Simurq) və B.A.Talıblını yazıçılar sırasından kənar etmişdir.

Bütün bu məsələlərlə əlaqədar olaraq Azərbaycan Sovet Yazıçıları İttifaqı idarə heyətinin fəaliyyətindəki nöqsanlar da meydana çıxmışdır.

Bu nöqsanlardan ən ciddi və əhəmiyyətlisi təşkilat-siyasi işlərinin zəifliyidir. İttifaq öz üzvləri arasında kifayət qədər iş aparmamışdır.

Ara-sıra çağırılan ümumi iclaslar yalnız ayrı-ayrı siyasi hadisələrlə əlaqədar edilmiş, lakin müntəzəm siyasi iş, məsələn: leninizm, partiya tarixi, Stalin Konstitusiyasının dərindən öyrənilməsi, cari məsələlər, habelə zəmanəmizin əsas və elmi məsələlərini əhatə edən iş aparılmamışdır.

Buna görədir ki, bir çox yazıçılarımız siyasi cəhətdən tam savadsız hesab edilə bilər. Bir çox yazıçıların yaradıcılığında əmələ gələn kobud ideoloji səhvlər də bundan doğur.

Yazıçılar arasında internasional tərbiyə işi də lazımi yüksəkliyə qaldırılmamışdır”.

# 1561 dəfə oxunub

Oxşar xəbərlər

Özbəkistanda Azərbaycanın Müstəqillik Günü qeyd olundu

Özbəkistanda Azərbaycanın Müstəqillik Günü qeyd olundu

18:30 28 may 2025
Özbəkistanda  Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub

Özbəkistanda Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub

17:24 28 may 2025
"Zalda yaşananlar utancverici idi..." - Nuran Yaqub

"Zalda yaşananlar utancverici idi..." - Nuran Yaqub

14:30 28 may 2025
Onlar bu Azərbaycanı arzulamışdı - 107 illik yol

Onlar bu Azərbaycanı arzulamışdı - 107 illik yol

13:23 28 may 2025
Yazıçı Mirmehdi Ağaoğlunun imza günü  olacaq

Yazıçı Mirmehdi Ağaoğlunun imza günü olacaq

11:03 28 may 2025
Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

18:36 27 may 2025
#
#
# # #