Radiolarda Təbriz səsi - Ümid Nəccarinin yeni şeirləri

Radiolarda Təbriz səsi - Ümid Nəccarinin yeni şeirləri
15 aprel 2025
# 16:30

Bu gün şair Ümid Nəccarinin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.

Qeyri-səlis poeziya

36 yaşıma...

36 yaşımı açıq-aydın söyləsəm,
hər gün bir loxma çörək üçün
şeirlərimi İsmayıl edirəm, desəm.
Sürgünlüyün qatarına mindiyimi,
bioqrafiyamı güllələyənlərin kim olduğunu qeyd etsəm.

Sən demə,
hər gün kitabların səhifələrində səhər yeməyi yeyirəm,
gecələr TV-lərdə müharibə xəbərlərindən sonra,
bədməstlər misali özümü qusuram,
yediyim inancları,
içdiyim andları küçənin tinində qusuram...

Bu 36-nın döngəsində,
aprelin 15-ci günündə,
Leysan yağmurunun səsinə diksinib,
"gözlərimdən iraq olsun" - deyirəm.

Şərqin bütün şər qüvvələrinin,
diktatorların qürur rəqsinin "off" düyməsini basıram gözlərimdə.

Hər il bugünkü gün şeirlərimin kiçik əllərindən yapışıram,
Hər il bu saatda bir yaş da azalıram...


Hər kəsin şeiri, heç kimin şeiri

Bir adamlıq darıxmaqdır adım
Axşam çökəndə bu şəhərə,
gecəyə yuvarlananda eşq saatım
gicgahıma sıxılanda sürgünlüyün mərmisi,
pasportumla silərəm alın tərimi,
Radiolarda Təbriz nəğməsi,
Üfuqlərin gözləri yaş.
Məndə yoxdur təlaş,
Məndə yoxdur həyəcan.
İliyimə qədər qaranlıqdır hər addım...
Bir adamlıq darıxmaqdır adım!

Xatirə minası

Həyatın savaş meydanında zərərsizləşdirilməmiş minalar kimi gizlidir xatirələr.
Ölümlə olumun arasında bircə hiss boyda.
Yetər ki, vaqonda yanında oturan qadının parfumu tanış gələ,
Yetər ki, taksidə qəfildən bir musiqi,
Bircə baxışın zaviyəsi,
Bir sərsəri yağışın səsi
sıxsın sənə son mərmisini.
Yetər ki, qəfildən dumana düşəsən,
Yetər ki, həyatın savaş meydanında
Xatirə minasına qurban gedəsən.


Kirayə evlər

Bu mövsümü yağışlar,
göyün qarğış qəlpələridir.
deşir kirayə evlərin tavanını...
Hər ləpir bir ayaqqabının yaddaşıdır
unudulur yolların köksündə...
Şamlar kölgəsizcəsinə ölür gecə məzarlığında
Buludlar vətənsizcəsinə
mən sənsiz...
Sənsiz sinə gərir küçələr üstümə.
qolunu sal boynuma, mən burdayam, dostum...
yağışın yuyulan yerində
unudulan yerində...

# 4953 dəfə oxunub

Oxşar xəbərlər

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər