Kulis.az Təvəkkül Boysunarın "Nəriman Qasımoğluya təbrik və təşəkkürlə" adlı yazısını təqdim edir.
Dekabrın 26-sı Nəriman Qasımoğlunun doğum günüydü. Nəriman Qasımoğlu o şəxsdir ki, Azərbaycan dilində ən yaxşı Quran tərcüməsini oxumaq istəsəniz, məhz onun tərcüməsinə müraciət etməli olacaqsınız. Onunla real həyatda bircə dəfə də rastlaşmamışam, amma Qurandakı zaman anlayışı ilə bağlı yazdığı məqaləni bir neçə il öncə oxuduğum vaxt, yazıda nümunə gətirilən ayələr, Quran dili ilə desək, könül dərdlərimə elə şəfalar verdi ki, əvvəllər başqa dillərdə oxuduğum o möhtəşəm kitabı bu dəfə Nəriman Qasımoğlunun tərcüməsində internetdə oxumağa başladım. Və heyrətə gəldim.
Yox, mənə, onsuz da, tam şəkildə aydın idi ki, bu kitab məhz Allahın kitabıdır və keçirdiyim duyğuların əsas səbəbi məhz Allahın xitabına qulaq asmağımdır. Mənə tam şəkildə aydın idi ki, əvvəllər də bir neçə dəfə oxuduğum bəzi ayələrin bu dəfə içimdəki nadanlıq və nankorluğa sanki ox kimi kəskincə batmasının səbəbi məhz adlarından biri "Bədii" olan Allahın bədii ustalığı, ən böyük sənətkar olmağıdır. Bunlar mənə onsuz da aydın idi.
Amma axı mən də gəncliyimin bir neçə ilini tərcüməyə həsr etmişdim və buna görə də açıq-aşkar görə bilirdim ki, bəzi ayələrin o cür sehirli məlhəmə çevrilməsinin səbəbi həm də tərcüməçinin Azərbaycan türkcəsindən o şəkildə ustaca istifadə etməsidir. Təsəvvür edin, Məhəmməd, yəni Məhəmməd peyğəmbər, yəni bir gün Nur dağındakı Hira mağarasından aşağı düşüb Allahdan vəhy aldığını deyən və ilk başlarda həyat yoldaşı Xədicədən savayı heç kəsin inanmadığı, hətta ən yaxın qohumlarının da dəli kimi baxdığı; Taifdə uşaqların məsxərəyə qoyduğu, deyə-gülə arxasınca qaçdığı, daşa basdığı Məhəmməd, bəli o Məhəmmədə Allahın Quranda ara-sıra səslənərək söylədiyi "onların dediyinə səbr et" ayəsini bəzi başqa dillərdəki tərcüməçilər elə bu cür sadə şəkildə çevirdikləri halda, Nəriman Qasımoğlunun ifasında bu ayə o qədər xəlqi və doğma səslənirdi ki, az qala Allahın öz peyğəmbərinə məhz bu dildə müraciət etdiyini düşünmək istəyirdim:
“Nə deyirlər, desinlər, bas səbrini!”
Bu cür nümunələrin sayı çoxdur, lakin onların hamısını yazsam, yazının həcmi çox böyük olar.
Nəriman Qasımoğlunun 92-93-cü illərdə etdiyi bu Quran tərcüməsiylə o vaxt internetdə tanış olduqdan sonra öz təşəkkür və təəccübümü feysbuk vasitəsiylə tərcüməçinin özünə də çatdırmağı qərara aldım və gözləmədiyim bir sürprizlə qarşılaşdım.
İndi həmin mesajlara yenidən baxmaq üçün “Messencer”i açıram və görürəm ki, Nəriman müəllimin, 30 il öncə nəşr edilmiş o kitabın son nüsxələrindən birini mənə hədiyyə etməyindən və “Kitabı qoyacam Yazıçılar Poliklinikasına, saat 14-00-dan sonra gəlib götürə bilərsiniz” yazmağından düz beş il ötür. 15 Noyabr, 2017-ci il, saat 10:10. Hər şey feysbukun yaddaşında necə də dəqiqliklə qalıb.
Nəriman müəllimi təbrik edirik və arzulayırıq ki, həyatındakı xoşbəxt günlərin sayı o qədər çox olsun ki, feysbukdan fərqli olaraq onların tarixini asanlıqla yadda saxlamaq mümkün olmasın. Bu təbrikin yanında təşəkkürlərimizi də qəbul etməsini xahiş edirik və istəyirik bilsin ki, 93-cü ildəki tərcüməni təkrar nəşrlə çap etdirərək böyük bir xeyirxahlığa yol vermiş olar. (Yeni tərcüməsi dəqiqlik baxımından akademik araşdırmalar üçün xeyli uğurlu olsa da)
Sonda onu da demək vacibdir ki, yazıda əsas vurğuladığım məqam Nəriman müəllimi tanımağıma səbəb olan Quran tərcüməsi olsa da, o, eyni zamanda dəyərli alim, ziyalı və xüsusən də, rus poeziyasını gözəl tərcümələri ilə ana dilimizə təqdim edən, özü də gözəl şeirlər müəllifi olan bir şairdir. Bu səbəbdən, yazını da Nəriman müəllimin qələmindən çıxan nəzm nümunələri ilə bitirmək istəyindəyəm. Məsələn, anasının xatirəsinə yazdığı bu şeirdə Nəriman Qasımoğlu öz fərqli və ilk baxışdan duyulması asan olmayan üslubuyla ana itkisinin kədərini oxucuya hiss etdirə bilir, qələminin gücüylə mələkləri süfrə başına sehirli bir şəkildə cəm etməyi bacarır, yaxud qapının kilidinə salınan açar səsinin oxucuya da çatmasına nail olur:
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır -
dodağın alnımda hərarətölçən.
“Sənə anan qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi.
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayağım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
Bu addım səsləri mənə bəllidi,
işdənmi qayıdıb gəlirdin yenə?
Doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
Qoyduğun nə varsa qalıbdı bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın üstə,
sən özün süfrə aç bu axşam çağı.
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidi -
göylər bu məclisin tamaşasında.
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə -
tutmuşam əlindən, gözlərim dolur.
Çıxırsan qapıdan, əlim yellənir -
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
Bu isə Anna Axmatovanın Nəriman Qasımoğlu qələmiylə Azərbaycan türkcəsinə çevrilmiş gözəl bir şeiri:
Sən də elə bildin öz aləmində
məni unutmağın gələr karına –
Düşərəm naəlac bir qəm əlindən
ağlaya-ağlaya ayaqlarına.
Ya da üz tutaram falçı yanına
dualanmış suyla qılsın çarəmi.
Sonra yaylığımı nəhs ünvanına
yollaram çatdırsın sənə ətrimi.
Lənətə gələsən. Bir ahu-zara
uyaraq zirvədən enməyəcəyəm.
Mələklər bağına, ikonalara
and olsun deyirəm sönməyəcəyəm.
And olsun o qüdsal odlu anlara,
yanına bir daha dönməyəcəyəm.