Şirin gəlin - Turan Etibaroğlu

Şirin gəlin - Turan Etibaroğlu
28 mart 2025
# 10:00

Kulis.az Turan Etibaroğlunun "Şirin gəlin" yazısını təqdim edir.


Bəzən insan öz doğmalarını adları ilə yox, onlara bəxş edilən sevgi ilə tanıyır. Mən də nənəmi doğma adından çox, “Şirin Gəlin” kimi tanımışam. Gözümü açandan, dil açandan onu hər kəsin bu adla çağırdığını eşitmişəm. Adı Rəisə olsa da, gəlin gəldiyi ilk gündən bu yana, hamı üçün “Şirin Gəlin” olub. Bu ad ona sadəcə bir ləqəb kimi yox, onun varlığının, şəxsiyyətinin, ruhunun aynası kimi yaraşırdı.

O, bu dünyaya qəlbinin hər guşəsində sevgi ilə gəldi, sevgini yaşatdı və elə sevgi içində də getdi. Övladlarına, nəvələrinə, ətrafındakı hər kəsə elə bir şəfqət, elə bir mərhəmət bəxş etdi ki, onu tanıyanlar üçün dünya daha gözəl, daha nurlu oldu. Amma zaman qəddar imiş… Onu da bizdən aldı. İndi isə mən xatirələrdən yapışıram, onun isti baxışlarını, şirin səsini, xeyir-dualarını yadımda saxlayaraq, ruhumu o isti duyğularla ovuduram.

Nənəm həmişə sözünün əvvəlini də, axırını da xeyir-dua ilə bitirərdi. “Allah işini avand eləsin”, “Allah səni pislərdən uzaq eləsin”, “Nənə sənə heyran”... Onun üçün həyat insanlara yaxşılıq etmək, dualarla onları qorumaq idi. O, həyatın çətinliklərini üzündəki mehriban təbəssümlə yola verirdi. Heç vaxt şikayətlənməzdi, heç vaxt küsməzdi. Kimnənsə küssə də, ürəyində narahatlıq qalardı – “görəsən, o indi yaxşıdırmı?”

O, zəhmətkeş idi. Həyatın hər çətinliyini görmüşdü, amma heç vaxt ruhdan düşməmişdi. O, sadəcə bir ana deyildi, hər kəs üçün ana idi. Onun qolları bütün ailəni qucaqlayacaq qədər geniş idi, ürəyi isə dünya boyda idi. O, əsl ana fəlsəfəsi idi – bağışlamağı bacaran, sevməyi bacaran, qorumağı bacaran…

O, yalnız mənim nənəm deyildi. O, bir ailənin dayağı, bir ocağın istiliyi, bir süfrənin bərəkəti, bir evin nəfəsi idi. O, Azərbaycan mətbuatına iki dəyərli jurnalist – Etibar Cəbrayıloğlu və Hüseyn Cəbrayıloğlu kimi insanları böyütmüşdü. Amma onun böyütdüyü, sahib çıxdığı insanlar yalnız öz övladları deyildi. Onun əlindən çörək yeməyən, onun şəfqətini görməyən az adam tapılardı. O, hər kəs üçün ana idi.


O, heç vaxt aciz deyildi. Amma bir insan nə qədər güclü ola bilərsə-olsun, o, həmişə bir damla göz yaşı saxlayır. Həmin göz yaşı isə sevdiklərindən uzaq düşəndə axır. Nənəm də bizdən uzaq düşəndə göz yaşlarını özü ilə apardı. Bəlkə də, bir küncdə oturub, bizi ordan izləyir, yenə dua edir, yenə xeyir-dualar göndərir. Bəlkə də, məni eşidir və mənə yenə “Nənə sənə heyran” pıçıldayır…

İndi onun yoxluğuna alışmağa çalışıram. Amma necə alışım? Necə qəbul edim ki, artıq mənim üçün dua edən bir nənəm yoxdur? Artıq kimsə məni qucaqlayıb, “nənə sənə heyran” deməyəcək. Heç kim öz qayğısını, sevgisini bir damla su kimi mənim ruhuma hopdurmayacaq. İndi o sükut içində düşünürəm ki, bəlkə də, biz dünyada ən çox nəyisə deyil, kimi itirəndə yetim qalırıq… Axı nəvələr baba-nənə itirəndə də yetim qalır.


O mənim üçün həmişə şirinliyin, mülayimliyin, xeyirxahlığın, şəfqətin və əbədiyyətin simvolu olacaq. Onun yoxluğu içimdə sağalmaz bir yara kimi qalsa da, bilirəm ki, ölüm sevgi qədər güclü deyil. Sevgi insanı yaşadan, ruhu yaşadan, xatirələri ölməyə qoymayan bir qüvvədir. Ona görə də Şirin Gəlin ölməyib. O, hər səhər yadıma düşəndə yaşayır. O, hər dua oxuyanda, hər kəsə yaxşılıq edəndə, hər “nənə sənə heyran” sözünü xatırlayanda yaşayır.

Ruhun şad olsun, Şirin Gəlin… Sənə heyranam!

# 1251 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər