Kulis.az Səma Muğannanın "Tanrıya salam!" tamaşası haqqında yazısını təqdim edir.
Yalnız Tanrı məni oyada bilər...
Oskar...
Teatr müqəddəs məbəddir. Hər dəfə bu sehirli aləmə qədəm qoyduğumda bu fikirləri kimsə qulağıma pıçıldayır. Bəlkə də məhz elə Tanrıdır! Sizcə, Tanrı kimdir? Bəlkə siz onu görmürsünüz? O qara paltarlıdırmı, yaxud ağ, yoxsa heç biri? Bunu sizə Oskar danışacaq...
Oskar dünyadakı insanlar üçün yalnız bir uşaqdır. Xərçəng xəstəsi olan 9 yaşlı Oskar. Oskarın yaşı artdıqca böyümür, sanki zaman onunla oyun oynayır. 9 və 10 rəqəmlərinin arasında 1 addım fərq var, amma yalnız insanlar üçün. 9 və 10 arasında şiddətli bir məsafə var. Oskarın 9, yaxud 10 yaşı olması onun xəstəliyinin şəfa tapmasına, yaxud ölümünün hansı saatda, hansı saniyədə olacağını göstərmir..
Oskar fani dünyada tək idi, çünki insanlar tərəfindən anlaşılmırdı, hətta valideynləri belə Tanrının varlığına inanmırdı.. Yalnız uşaqların sevimlisi olan Şaxta baba gerçəklikdə yaşayırdı..
Tanrı Oskar üçün yalnız dost deyil, məhz onun xəstəliklər bürünmüş bədənində şəfa tapacaq ruh idi. Oskar Tanrıya inanırdımı? Bu təkcə inanmaq deyildi, Tanrı bu balaca uşağın ruhunda yaşayan böyük varlıq idi. Bu varlıq onunla hər dəfə danışırdı..
Məhz niyə 14 məktub? Tamaşa boyu məhz ən çox diqqətimi cəlb edən bu məktub oldu. Oskar hər dəfə bir arzusunu yazır, göylərdən yavaş-yavaş məktublar aşağı baxırdı. Sayırdım.. 14-cü məktubda Oskar Tanrıya əllərini açıb, onu qarşılamasını istədi. Bəlkə də Oskarın ən böyük arzusu xəstəlikdən qurtulmaq deyil, Tanrını tanımaq idi..
Roza nənə.. Tanrının ən yaxşı dostu. Bu iki dost Oskarın şəfa tapdığı böyük ev idi. Niyə ev? Çünki bir insanın yalnız insan olması kifayət etmir, bir ev, bir ocaq, bir torpaq belə insanın yaşamaq üçün ən böyük dəstəkçisidir..
Oskar artıq 30 və 40 yaşlarındadır.. Artıq dediyi kimi, o, hər şeyi anlayır və həyatı başa düşəcək yaşdadır. Məhz ömründəki ilk məhəbbətini tapdığı üçün. Peggy Blue.. Peggy ilə yaşadığı bütün sevgi macəraları, əyləncələr, oynadıqları oyunlar.. Peggy kabuslardan qorxurdu.. Bu kabuslardan onu xilas edən Oskar oldu. Onların yaşadığı hər şey yalnız sevgi, hisslər deyildi. Kabus və cəhənnəm arasındakı mübarizli iki parçalanmış ürəyin bütövləşən halı idi.
Oskar hər dəfə Pegginin yanına getdiyində xəstəliyini unudurdu. O, öləcəyini bilirdi, amma elə bil qorxurdu. Niyə? Ölüm insanın cildini qoparan yara, yaxud atəşdə yandıran barıtdır? Ölüm.. Bəlkə də yalnızca susqunluqdur.. Oskar susqunluğunu, dilə gətirə bilmədiyi bütün sözləri Peggy ilə danışırdı. Peggy-nin baxışları o qədər məsum, kövrək idi ki, ona baxdığımda bütün səhnədəki qaranlıq tüstülər yox olurdu, Oskarın ətrafında dolaşan ağ xalatlı ruhların (insanlar) əlindəki şamlar aciz qaldığından əriyirdi. Bu gizli, amma bir o qədər şirin məhəbbəti Roza nənə bilirdi..
Oskarın 70, 80 yaşlarında artıq ölümünə 20, 30 addım qalmışdı... Tanrıya yazdığı 12 məktubdan, yalnız 2-si qalmışdı. Oskar hər gecə Tanrıyla sağollaşıb deyirdi: “Sabaha qədər.. Öpürəm! Oskar..” dediyində ölümünü çağırmırdı, o Tanrının yanına tələsirdi... 14-cü məktubu göy üzündəki ulduzlar asdıqdan sonra Oskar dedi:
Əziz Tanrı! Bu gün mənim yüz on yaşım oldu.Roza nənə kimi. Çox yatıram, lakin özümü yaxşı hiss edirəm. Oskar..
İstər 70, 80, istərsə də 110… Oskar hələ də 9 yaşlı balaca uşaq idi. Onun qəlbinin döyüntüləri atdığı müddətcə Roza nənəsinin balaca oğlu idi.. Tanrının isə ən məsum ağ xalatlı, sehirli şahzadəsi...
Göz yaşlarına hakim ola bilməyən insanlar, zalda gurultulu alqış səsləri, səhnədəki aktyorlar.. Bu gün mən və biz həyatın hər şeyə rəğmən gözəl olduğunu anladıq. Oskar, bunun üçün sənə çox təşəkkür edirəm. Bəzən susub, göz yaşlarımı axıtdığımda torpaq islanır, amma bu göz yaşı yağış damlalarına bənzəmir. Torpağı budaqlarından qopardır, inildədir.. Xərçəng xəstəliyi zəhərli bitki kimi sənin ruhunu ələ keçirsə də, Tanrı sənə sığal çəkdi. Tanrı sənin məktublarını oxudu, səni eşitdi..
Tanrı, sənə təşəkkür edirəm! Səninlə danışmaq üçün ağ xalat geyinməli olduğumu, su kimi təmiz olmağı düşünürdüm, amma sən mənə bütün varlığımla sığına biləcəyimi öyrətdin.. Oskar, Tanrıya salam söylə! Görüşənədək!
İndi isə qələmimin təşəkkür edəcəyi insanlar var. Başda əməkdar artist, ustadım Nicat Kazımov, aktrisa Zemfira Əbdülsəmədova, aktyor Anar Səfiyev və aktrisa Aygün Fətullayeva…
Əziz müəllimim, hər dəfə tamaşalarınızı izlədiyimdə yarım qalan arzularımın gerçəkləşəcəyinə çox inanıram. İnsanı qürurlandıran məhz o alqış səsləridir. İnanıram ki, sizin yaratdığınız bu bənzərsiz həyat hekayələrini bir gün mən də yaradacam!
Roza nənə, Peggy Blue və Oskar.. Sizi tanımaq çox gözəl idi.. Sizinlə yenidən həyatın ağrılı, acılı tərəflərini qapadıb, yalnız Tanrıyla söhbətləşmək isə möhtəşəm idi!