Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen" niyə uğursuz oldu?

Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen" niyə uğursuz oldu?
11 iyun 2026
# 15:00

Kulis.az sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun "Bir tamaşa haqqında düşüncələr" yazısını təqdim edir.

Karmen haqqında yazmaq istəyirəm. Karmen Elektra, yaxud Karmen Mola haqqında yazmaq fikrim yoxdur. Ötən əsrin sonlarında kifayət qədər auditoriya toplamağa nail olmuş “Karmen” rok qrupu da məni qətiyyən maraqlandırmır.

Bizenin “Karmen” operasının dünya şöhrəti gözqamaşdıran olsa da, Şedrinin “Karmen” süitasına, əfsanəvi Maya Plisetskayanın ifasındakı xoreoqrafiya möcüzəsinə heyranlıqla tamaşa etsəm də, bu barədə çoxsaylı yazıların olması məni bu haqda yazmaq təşəbbüsümdən daşındırmışdı.

Hazırda yazmaq həvəsinə düşməyim Akademik Rus Dram Teatrının Tural Mustafayevin quruluşunda ərsəyə gətirdiyi “Karmen. Xosenin əhvalatı” tamaşası ilə bağlıdır.

Ondan başlayım ki, bu teatr öz repertuar tərtibində bir qayda olaraq aktual dramaturgiya nümunələrinə başlıca yer verməklə hər dəfə öz tamaşaçı auditoriyasının gözləntilərini doğrultmağa cəhd edir. Amma teatrın budəfəki tamaşası müəyyən mənada bir qədər fərqlidir.

Mən bu teatrın çox tamaşasına baxmış, onların bəzilərinə resenziya yazmışam. Gördüyüm tamaşalar içərisində sadəlövh yozumları və quruluş qüsurları ilə açıq-aşkar narazı qaldıqlarım da, heyranlıqla dəyərləndirdiklərim də az olmayıb. Amma son dəfə tamaşa etdiyim “Karmen. Xosenin əhvalatı” adlı tamaşa ilə bağlı təəssüratlarımı bölüşmək ehtiyacı hiss etdim.

Prosper Merimenin yetərincə məşhur ədəbi obrazının müxtəlif bədii növlərdə səhnə ifadəsinin mövcudluğuna baxmayaraq, dramaturq İsmayıl İmanın işləməsinin səhnə redaksiyasına quruluş verən Tural Mustafayevin rejissor niyyətini təqdir etməklə yanaşı, onun bədii-estetik sənət məramını anlamağa çalışdım.

Bu başdan onu deyim ki, istər İsmayıl İmanı, istərsə Tural Mustafayevi intellektual təfəkkür, erudisiya, estetik düşüncə sahibi hesab etdiyim üçün onların yaradıcılıq tandeminin maraqlı və dəyərli olacağına ümidim böyük idi.
Artıq günümüzün real faktı kimi mən dramaturgiya qıtlığından zərər çəkən teatr fəaliyyətində rejissorların ya bu səbəbdən, yaxud sənət axtarışları üzündən müxtəlif nəsr əsərlərinə müraciət etməsini, onların səhnə təcəssümünə səy göstərməsini təbii qəbul edirəm və bu sayaq səylərin beynəlxalq teatr təcrübəsində uğurlu nümunələri ilə bağlı bilgilərim var. Bəhs etdiyim işlərin səhnə sənəti sahəsində uzun illik təcrübəsi, fövqəladə istedadı, təsdiqlənmiş yaradıcılıq səriştəsi və zəngin bilik sahibi olan sənətkarlar tərəfindən edildiyi hər kəsə bəllidir. Yəni, məsələ burasındadır ki, nəsr əsərinin səhnə təcəssümü işi bir sıra ciddi çətinliklərlə bağlıdır. Belə ki, bu zaman nəsrin başlıca qüdrəti hesab edilən təsvir xüsusiyyətinin teatrın səhnə təbiətinə uyğunlaşdırmağa cəhd edilməsi prosesində birincinin başlıca xassəsi olan ədəbi strukturu zərər çəkmiş olur. Başqa sözlə desəm, həmin səhnələşdirmə zamanı nəsrin təsvir dili səhnə dilinə çevriləndə teatr estetikasının ilk itkiləri baş verir.

Odur ki, klassikanın, yaxud müasir müəlliflərin ən istedadlı əsərləri belə çox zaman həmin səhnələşdirmə əməliyyatları səbəbindən uğurlu təcəssüm etdirilə bilmir və belə hallarda nə rejissor tapıntılarının, nə səhnəqrafiya ixtiralarının, nə də mövzu aktuallığının səmərəsi olmur. Bu “təhlükə”nin hər hansı nəsr əsərinin təcəssümünə təşəbbüs göstərənlərin hazırladıqları tamaşa üzərində Demoklisin qılıncı kimi həmişə öz xofunu qoruyub saxladığı gümanım səbəbsiz deyildi. Odur ki, Akademik Rus Dram Teatrının P.Merimenin novellası əsasındakı səhnə işi bu səbəbdən məni narahat edirdi.

Şübhə yoxdur ki, istedadlı dramaturq kimi öz yaradıcılıq nümunələri ilə fərdi üslubunu təsdiq etmiş İ.İman nə etdiyinin məsuliyyətini kifayət qədər dəqiq dərk edən usta qələm sahibi olmaqla novellanın səhnə həyatını yaratmaq üçün bütün bacarığını səfərbər edə bilmişdir. Onun yaradıcılıq müttəfiqi olan T.Mustafayev də özlüyündə nə etdiyini, nə üçün etdiyini dürüst müəyyən etməklə tamaşa üçün mühüm olan komponentləri rejissor konsepsiyasının səhnə ifadəsi üçün işlətməyə çalışmışdır.

Belə bir deyim var ki, sənətkarın mətbəxi onun kulinariya yeri yox, estetik ibadət yeridir. Odur ki, sənətkarın təqdim etdiyi bədii yaradıcılıq məhsulu müəyyən estetik qanunlara əsaslanmalıdır. Yəni, sənətkar mövzu aktuallığını əlində bayraq edib, onun yaratdığı bədii məhsulun struktur özəlliyində məntiqli estetik ifadəsinə nail ola bilmirsə, o zaman əhəmiyyətsiz bir iş görmüş olar. Bu halda hər hansı estetik dünyagörüşə əsaslanan konkret sənət qanunlarından, konseptual tətbiqi ustalıqdan bəhs etmək mənasız görünür.

Xoşbəxtlikdən, yuxarıdakı mülahizələrin “Karmen. Xosenin əhvalatı” tamaşasına dəxli yoxdur və bu tamaşa haqqında söhbətləşmək məqamında bəzi suallarla əlbəyaxa oldum. Həmin suallardan birincisi, bəlkə də əsas olanı budur ki, gördüyüm tamaşa nə haqqındadır? Bu o sualdır ki, istənilən rejissoru həmin əsərə müştəri gözü ilə baxmağa sövq edib, onu bədii səhnə təcəssümü məramına yönəldir. Məhz bu sual rejissor üçün gələcək tamaşanın estetik maddiləşmə detonatoru kimi əhəmiyyət kəsb edir, onun bədii yaradıcılıq təxəyyülünü ehtizaza gətirir. Başlanğıc mövqe bəlli oldu, bəs indiki halda quruluşçu rejissor T.Mustafayev bütün səhnə təcəssümü boyu yozum prinsiplərinə müvafiq aktyor oyunu vasitəsilə buna necə nail ola bilib? Hamletsayağı səslənsə də, deməliyəm ki, budur məsələ!

Yeri gəlmişkən, onu da deməliyəm ki, “Karmen. Xosenin əhvalatı” tamaşasının yaradıcı heyəti əsas etibarilə professional sənətçilərdən ibarətdir və bunun özü böyük uğur üçün etibarlı təminatdır. Yəni quruluşçu rəssam Mustafa Mustafayev, bəstəkar Anar Yusufov, xoreoqraf Kamilla Əliyeva, plastika üzrə mütəxəssis Elnur İsmayılzadə rejissorun konseptual səhnə yozumunun bədii-estetik ifadəsinə bacarıqla təsir göstərirlər.

Tamaşanın ərsəyə gəlməsində başlıca yer tutub, onun ideya-bədii yükünü daşıyan aktyor heyəti də əsas etibarilə peşəkarlardan ibarət olmaqla bir küll halında götürsək, rejissorun uğurlu rol bölgüsünün sübutu kimi təqdir edilə bilər.
Teatr sənətinin yaradıcılıq həyatı ilə, xüsusən rejissor sənəti ilə bağlı illər uzunu özünü təsdiqləmiş bir deyim var ki, “sənətçini öz qanunları ilə ittiham etmək lazımdır”. Amma indiki halda mən ittiham etmək yox, gördüyüm tamaşa ilə bağlı düşüncələrimi bildirmək fikrindəyəm. Odur ki, qeyd etdiklərimlə yanaşı, sözümün əvvəlindəki suala qayıtmaqla tamaşanın rejissor təfsirində nə haqda olması məsələsini xatırlatmaq istəyirəm. Ədəbi materialın müəllifi üçün bir qadın taleyinin müxtəlif həyat situasiyalarındakı müəmmalı gərdişi başlıca mövzu kimi diqqət çəkir. Burada irili-xırdalı həyat dolanbaclarında bu qadın üzüntülü özünüqoruma instinkti ilə yaşam mücadiləsi etməkdə qərarlıdır.

Quruluşçu rejissor T.Mustafayev dramaturq İ.İmanla bərabər məşhur novellanın yeni səhnə redaksiyasını təqdim etməklə P.Merimenin ədəbi mətninin şərhçisi olmaq yox, daha geniş fəaliyyət iddiasında çıxış edirlər. Onların bu iddiası maraqlı və əsaslı olsa da, konkret yaradıcılıq prosesində öz ideya-estetik ifadəsini tapmalı idi.

Minimalist formalı səhnəqrafiya təqdimatı rejissor üçün müəyyən məkan həllinə imkan yaratmaqla bərabər, aktyor özünüifadəsi üçün də əlverişli oyun şəraitini təmin edir. Tamaşanın kompozisiya həlli üçün mühüm olan həmin səhnəqrafiya elementləri bütövlükdə bu səhnə əsərinin bədii-estetik atmosferinin yaradılmasına uğurla “işləyir”. Bu, dəyərli şərtdir, amma ərsəyə gələn səhnə işinin dramaturji fraqmentarlığının süjetin ədəbi-bədii bütövlüyünü kəsirdə qoyması hər şeyə, o cümlədən aktyor ifasına, həmçinin tamaşaçı qavrayışına mane olur. Məhz belə məqamlarda səhnə quruluşunun estetik oyun sistemi zədəli təsir bağışlaması ilə yanaşı, ayrı-ayrı səhnə obrazlarının ifa səviyyəsində qüsurları aşkara çıxarır. Belə məqamlarda sənət müntəxəbatının sadə şərti olan rejissorun aktyorlarla işinin faydalı əmsalının tərəzi göstəricisinin əqrəbini aşağı salır.

Səhnədə gördüyümüz tamaşanın konfliktinin ekzistensial mahiyyətini ifadə edən, rejissor fikrinin təcəssümdə xüsusi mövqeyə sahib olan Karmen və Xose obrazları fərdi yaradıcılıq üçün zəngin ədəbi-bədii material olmaqla aktyor məharətinin təqdimatı üçün əlverişlidir. Belə ki istər ədəbi mətnin semantik zənginliyi, istərsə hadisələrin silsiləsində yer alan “təklif edilmiş şərait”lərin aktyor oyununda təqdimatı üçün hər cür imkan var. Amma qəribədir ki, ifaçı aktyorlar fərdi ifalarındakı “solo” hissələrdə yetərincə maraqlı, inandırıcı və təsirli olsalar da, bilavasitə tərəf müqabil oyununda gözlənilən ahəngdarlıq pozulur, ayrı-ayrı epizodlarda, bütövlükdə tamaşada tempo-ritm zəifləyir, əməl xətti öz məna dinamizmini itirir.

O da qəribədir ki, istər Karmen, istərsə də Xose ifaçılarının istedadları, professional aktyor məharətləri təqdir ediləsi olsa da, bu səhnə ustalarının belə, tərəf müqabil olaraq oyunları səmərəli görünmür. Quruluşçu rejissorun diqqətsizliyindən, ya ifaçıların laqeyd yanaşmasından yaranan bu vəziyyət heç şübhəsiz ki, tamaşanın estetik ifadəsinə xələl gətirir.

Tamaşaya baxdıqca elə təəssürat yaranır ki, ifaçı aktyorlar dramaturji materialı, rejissorun ideya-estetik məramını, ifa etdikləri obrazları kifayət qədər dərk etməyib, sadəcə onun bu və ya digər səhnə göstərişlərini funksional icra edirlər.

Professional aktyorlara ən sadə sənət məsələlərini xatırlatmağım qəribə görünsə də, deməliyəm ki, aktyorun rol üzərində işi əlifba kimidir. Yəni ən böyük dramaturji repertuarda, ən məşhur obrazlarda çıxış edən aktyor belə hər yeni səhnə işinə A-dan başlayır və bu, hər dəfə məhz belə davam edir. Kim bilir, bəlkə teatrın həmişəyaşar təbiətinin sirlərindən biri elə budur.

“Karmen. Xosenin əhvalatı” tamaşası ilə bağlı təəssüratlarımda ifaçı aktyorların bir qisminin öz səhnə obrazlarına səthi yanaşması ilə bağlı qənaətim onların həmin təqdimatlarının ifa tərzi ilə bağlıdır. Belə ki, buradakı ikinci plan personajları ilə bərabər, əsas sayılan səhnə obrazlarının ifası belə gözlənilən təəssüratı oyatmır. Məsələn, tamaşanın əsas qəhrəmanı olan Karmeni götürək. Onun ifaçısı Həcər Ağayeva yaradıcılığına bələd olduğum, istedadını yüksək qiymətləndirdiyim bir sənətçidir. Başqa səhnə işlərində olduğu kimi, H.Ağayeva Karmen obrazında da çalışqanlıqla, məsuliyyətlə çalışır, amma nəticə etibarilə böyük ustalıq səviyyəsinə çata bilmir.

Səbəb nədir? Bəlkə burada Karmenin bir obraz olaraq məşhurluğu onun çağdaş estetik ifa prinsiplərinin dərk edilməsini müəyyən çərçivəyə salıb? Yəni onun haqqında olan formal bilgilər hər hansı daha geniş düşüncənin yolunu bağlayıb, illüstrativ qavrayışı bərqərar edib və ifaçı aktrisanı bu sayaq yönəldib?

“Karmen kimdir?” sualı sadə görünsə də, onun birxətli, birmənalı cavabı yoxdur. Bu, isə öz-özlüyündə onu görmək, onu anlamaq, bütün təfərrüatlarda dərk etmək tələbi qoyur. Karmen Esmeralda (“Paris Notrdam kilsəsi”) deyil, o, Maşa (“Canlı meyit”) deyil, o, Zemfira da (“Qaraçılar”) deyil, başqadır, fərqlidir. O, ilk baxışda sadədir, amma bununla belə əsl qadın müəmmasıdır. Bu, “qadın nə istəyir” (Z.Freyd) sualını P.Merime və T.Mustafayevin daha yaxşı bildikləri üçün bizləri oxucu və tamaşaçı kimi dəvət etməklə, krossvord həllinə yox, zövq almaq, təsirlənmək seansına cəlb olunanlar siyahısına salırlar.

Xosenin səhnə təqdimatı bir qədər ayrı cürdür. Teatrın tamaşanı “Karmen. Xosenin əhvalatı” adlandırması əbəs yerə deyil. Buradakı hadisələrin episentrində Karmen olsa da, başlıca məsələlər məhz Xosenin sərgüzəşt xarakterli əhvalatı ilə mənalanır.

Quruluşçu rejissorun təqdimatına görə həmin obrazın iki səhnə ifaçısı var və rol bölgüsünə görə, həvalə edilən həmin səhnə obrazlarında Xose Navarro Fuad Osmanovun, Xose Lisarrabenrov Murad Məmmədovun ifasında təqdim edilir. Hər iki aktyor vizual olaraq maraqlı və təbii oyunları ilə diqqəti cəlb edirlər. Əsərin və rejissorun yozumu ilə fərqli funksiya, eləcə də oyun prinsipləri ilə yüklənən ifaçılar söz yox ki, həm mahiyyətcə, həm də əməl xətti etibarilə tamaşaya fərqli estetik oyun enerjisi gətirməli idilər. Burada rejissor niyyəti ilə dramaturji yük onların çiyinlərində səhnə ifadəliliyi ilə estetik maddiləşmə kəsb edir.

Kifayət qədər sanballı səhnə təcrübəsinə və istedada sahib olan Fuad Osmanov öz səhnə qəhrəmanının xarakter zənginliyini, ikinci plan xüsusiyyətlərini çatdırmaqda çətinlik çəkir. Görünən odur ki, onun Xosesinin bəsit zahiri oyun tərzi bəzi hallarda bu aktyora məxsus fərdi ifa ştampları səbəbindən obrazın əsl mürəkkəbliyi kəsirdə qalır, illüstrativ ifa üslubu kimi təqdim edilir ki, bu da tamaşaya lazım olan bədii bütövlüyü təmin edə bilmir.

Xose obrazının digər ifaçısına gəlincə, demək lazımdır ki, Murad Məmmədov obrazın birxətli əməl xəttini, həyəcanlarını, tərəddüdlərini çatdırmağa səy göstərir və bəzən inandırıcı görünür, amma onun oyununda əməlin məntiq və ardıcıllığı, eləcə də səmimilik, səhnə həqiqəti çatışmır. Açıq-aşkar görünür ki, ayrı-ayrı səhnələrdə bu ifaçının aktyor texnikası, səhnə ifadəliliyi ustalığı tələb olunan səviyyədə deyil. Aktual mövzunun konseptual səhnə həlli, estetik-bədii təqdimatı üçün yetərincə istedadlı yaradıcı heyətin səfərbər edildiyi tamaşanın qeyd etdiyim qüsurlarının meydana gəlməsinin səbəbi görəsən nədir?

Tamaşaya baxdığım zaman qəribə hisslər keçirirdim. Az-çox teatr təcrübəm olduğu üçün bu tamaşanın qaçaraq hazırlanması təəssüratım yarandı. Yəni tərtibat quruluşunda, işıqların qurulmasından, aktyorların sadəlövh oyun tərzindən tutmuş bəzilərinin öz rolunun sözlərini bilməməsində belə özünü büruzə verirdi. Olduqca maraqlı mövzuya, ideyaya, rejissor konsepsiyasına, bir küll halında götürsək, təsirli aktyor ifasına malik olan bir tamaşa nəyə görə tələm-tələsik, “yarımfabrikat” şəklində təhvil verilməlidir? Axı, teatr inşaat sahəsi deyil ki, obyektin vaxtında verilməsi tələbi ilə üzləşsin, o, yaradıcılıq, estetiklik, ruhsallıq sahəsidir.

Mən şübhə etmirəm ki, tamaşa üzərində iş bir neçə həftə yubansa idi, o daha mükəmməl səviyyədə tamaşaçıya təhvil verilə bilərdi. Doğrudur, istənilən tamaşanın bir regenerativ xüsusiyyəti də var ki, o oynandıqca, tamaşaçılarla təmas prosesində “bişir”, təkmilləşir və mən əminəm ki, indiki halda da bu, məhz belə olacaq, “Karmen. Xosenin əhvalatı” tamaşası teatrın repertuarında və seyrçilərin təəssüratlarında layiqli yer tutacaq.


# 89 dəfə oxunub

Oxşar xəbərlər

"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

"Koroğlu"nun növbəti səhnə təntənəsi - “Opera Günləri”nin açılışından qeydlər

12:00 29 may 2026
“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər