Kulis psixiatr Orxan Fərəcli ilə müsahibəni təqdim edir.
- Freyd XX əsr insanını nevroz insanı hesab edirdi. Dəyişən nədir?
- Əslində, Freyd bir az prosesi qabaqlamışdı. Çünki indi insanlar daha nevrotikdir. Ağır psixoloji xəstəliklərin statistikasında böyük artım yoxdur. Lakin nevrozlar, depressiyalar daha çoxdur. Ağır psixi xəstəlik deyəndə biz şizofreniyanı, bipolyar pozuntunu nəzərdə tuturuq. Qısa izah edim ki, bipolyar pozuntu zamanı insanlar çoxlu pul xərcləyir, cinsi enerjisi, özünə güvəni artır. Bir iyirmi gün, bir ay belə olur, sonra təzədən aşağı düşür. Belə, daha depressiv adamlarda olur. Onlarda artma yoxdur.
- Bəs artma hansı xəstələrdə olur?
- Artma var depressiyada, nevrozlarda. Bəlkə də Freydin dövründə bu qədər nevroz yox idi, nəinki indi. Freydin nəzərdə tutduğu nevroz indiki nevrozdan fərqlidir. İndiki beynelxalq təsnifatda tamam başqa cürdür. Məsələn, sosial fobiya var, obssesiv kopmulsiv pozuntu var, panik atak var. Təkcə Azərbaycanda yox, dünyanın hər yerində var bu xəsətliklər.
- Bunun genişlənməsinin səbəbi nədir?
- Konkret cavab vermək olmur buna. Üç səbəbi var: bioloji, psixologi, sosial. Biologi səbəb xoşbəxtlik hormonunun azalmasından yaranır. Ən çox psixoloji və sosial səbəbdən nevroz genişlənir. Ayrılıq, şəxsi münasibətin normal olmaması, ayrı-ayı yaşamaq – bunlar psixoloji səbəbdir. Kapitala daxildir sosial vəziyyətin aşağı olması, işsizlik, borclar və s. Bir də əsas səbəb ünsiyyətin azalmasıdır.
- Azərbaycandakı intiharların sayı çoxdurmu?
- Əslində, çox deyil...
- Statistikalar var...
- Bu statistika nə qədər obyektiv aparılır, bilmirəm.
- Dünya Səhiyyə Təşkilatı hazırlayır statistikanı…
- Mənə elə gəlir, o qədər də çox deyil. Ancaq 9 milyonluq ölkə üçün razıyam, narahat edici həddədir. Yetişkin insanın intiharına nəsə bir don geyindirmək olar, ancaq uşaq, yeniyetmə intiharlarının səbəbini izah etmək çətindir.
- Uşaq deyəndə, hansı yaşı nəzərdə tutursunuz?
- Biz bioloji olaraq belə hesablayırıq: 6 yaşa qədər. Yeniyetmə yaşı 10-16 yaş arasında.
- Bu yaxınlarda 11 yaşlı uşaq intihar edib…
- Bu cür intiharların çoxu təqlid xarakterlidir. Televizorda görürlər, ya da kimdənsə eşidirlər. Məqsədyönlü olmur yəni. Ola bilər, etiraz üçün edilsin. Məsələn, valideyndən bir şey istəyir, dediyini reallaşdıra bilməyəndə bu yola əl tutur. Yəni gör mən sənə necə bir acı yaşadacam. Özü də onu deyim ki, efirdə intihar olaylarını göstərməyi düzgün hesab etmirəm.
- Ümumiyyətlə, sizcə, bu tip xəbərlər mətbuatda verilməlidir?
- Verilməlidir, ancaq qabartmamaq şərti ilə. Kim üçün maraqlı ola bilər ki bu?
- Bəs bu xəbərlərin mətbuatda yayınlanması niyə mühümdür?
- Burda İP məsələsi var, xəbərin çox oxunmasına görə bu tip xəbərlər yayılır. Başqa bir izah verə bilmirəm.
- Sovet vaxtı belə xəbərlərə rəsmi senzura qoyulurdu…
- Ümumiyyətlə, sovetin səhiyyə sisteminə, yanaşması da başqa idi. Onların statistikasına baxsaq, intihar yox idi.
- Doğrudan yox idi?
- Əlbəttə, var idi. Sadəcə göstərmək istəyirdilər ki, hər şey qaydasındadır. Bu tip xəbərlər onların yaratmaq istədiyi xoşbəxt ölkə düşüncəsinə xələl gətirə bilərdi.
- Sizin yanınıza gələn xəstələrə mətbuatdakı xəbərlər nə qədər təsir edir?
- Mənim xəstələr üçün standart, konkret məsləhətlərim var. Bir gecə yuxusu, iki spirtli içki, üç marixuana. Qadın, kişi, yaşlı, cavan, hamısına bunlardan uzaq durmağı məsləhət görmüşəm. İkincisi, deyirəm ki, dərmanların içini oxumayın. Sonra neqativ xəbərləri oxumamağı ciddi-ciddi tapşırıram. Bu yaxınlarda bir film ekranlara çıxıb, adı yadımda deyil. Bipolyar pozuntudan gedir söhbət. Bu filmə bir çox pasiyentlərim baxıb. Baxandan sonra da deyir ki, məndə də bipolyar pozuntu var. Bir xəstəlik eşidən kimi xəstəliklə bağlı olan şeylərlə maraqlanırlar. Məsələn, deyek ki, adi baş ağrısı var. Onu axtrarırlar ki, görək nə məsələdir bu. Əksər hallarda da baş ağrılarını internetde axtaranda beyin şişləri filan gəlib çıxır. Həmin adam özündə də bu xəstəliyin olduğundan şübhələnir. Ya da intihar xəbəri oxuyur, orda səbəbin əsəbdən qaynaqlandığını görür və qorxuya düşür ki, birdən bu məndə də olar.
- Çox vaxtda namus üstündə kimisə öldürənə sanki haqq qazandırırlar. Halbuki cinayət məcəlləsində namus üstündə öldürülməyə görə yüngülləşmə yoxdur. Yaxud da sosial problemə görə özünü öldürməyə haqq qazandırmaq var. Ona qalsa, çox adam sosial problem içində yaşayır. “Borca görə özünü öldürdü”. Sanki borca görə özünü öldürmək normaymış kimi...
- Hə, bu cür hallar çox baş verir. Məsələn, intihar etmiş adam haqqında yazırlar ki, yazıq neyləsin, borca görə özünü öldürüb.
- İntihar edən şəxs borcu olduğuna görə özünü öldürür, yoxsa psixologiyasında problemlər də olur? Yəni intihara sürükləyən başqa səbəblər də var?
- İntihar eləmək asan məsələ deyil. Yüz faiz onun əvvəlcədən psixolji zədəsi olub, nevroz olub. Tutaq ki, borc faktoru son damladır, gətirib çıxarır intihara. Axı insan borc üzündən bir-başa intihar etməz. Məsələn, psixologiyada əqrəb intiharı var: gözlənilmədən, qəfil, heç bir səbəb olmadan insan özünü öldürə bilər. Amma bu çox nadir hallarda baş verir, mində bir. Borca görə özünü öldürmək, ya da başqasını qətlə yetirmək, ikisi də araşdırmalı olan davranışdır, normal deyil.
- Elə gəlin burdan ədəbiyyata aparaq söhbəti. Sizcə, Raskolnikovun davranışı normaldırmı? Ya da müharibədə kimisə öldürmək də psixoloji vəziyyətdən doğur?
- Bütün dinlər də, ədəbiyyat da intihara, kimisə öldürməyə qarşı olub. Yahova şahidləri var məsələn, onlar müharibəyə getmirlər, bunu düzgün hesab etmirlər. Müharibə, yaxud hansısa ağır situasiyalar baş verəndə insanın alt şüurundakı fikirlər üzə çıxır. İnsan özünə nəzarəti itirir.
- Bəs bizdə insanlar nəyə görə intihar edirlər?
- Ən böyük səbəb təbii ki, sosial vəziyyətdir.
- Məsələn, ola bilərmi ki, borca düşmüş adam intihar edir, bunu çıxış yolu kimi görür...
- Qardaşım bank filialında işləyir, deyir ki, Azərbaycanda ən asan alınan pul ölünün yiyəsindən alınan puldur. Dini tərəfdən baxaq söhbətə. Həmin borc verən gəlib baş sağlığı verir, halallıq eləyir, sonra da deyir ki, hal-qəziyyə belədir, borclu olub mənə. Qohum-əqrəba da yığışıb pulu verirlər. İntihar edən özü də bilir ki, bu borcdan qaçmaq mümkün deyil.
- Bəs onda niyə intiharı seçir?
- Fikirləşir ki, artıq resursları tükənib, borcu qaytara bilmir, bu vəziyyətlə bacara bilmir.
- Bir psixiatr öz müsahibəsində deyir ki, intihar edənlər bank işçilərinin ucbatından bu yola əl atırlar. Yəni, adamları o qədər bezdirirlər ki, axırda canını qurtarmaq istəyir
- Ümumiyyətlə, bank işçiləri təlimatlandırılmalıdır. Müştərini necə qarşılamalısan, onunla necə söhbət etməlisən. Əslində bank işçiləri bu etiketləri qorumağa çalışırlar. Qəbul edək ki, problemli adamlar həddindən artıq çoxdur. Banka kredit borcu olan adama bir həftə əvvəl mesajla xəbərdarlıq edilir, ya zəng edilir. Ancaq o, bilir ki, bu pulu ödəyə bilməyəcək. O zaman həmin adamın evinə dörd-beş adam gedir. Əsas da rayon yerlərində heç bir kişi bu cür hərəkəti xoşlamayacaq. Ya söyüş söyəcək onlara, ya da kobud davranacaq. Ona görə də işçiləri təlimatlandırmaq lazımdır. Bilirəm ki, bankların 10-dan 7-si bunu eləyir. Müştərilərin özünü də təlimatlandırmaq lazımdır. Azərbaycanda bir kredit bumu yaşanmışdı.
- İnsanlar bəzən ehtiyacı olmayan şeyləri də almaq üçün kreditə girirlər..
- Çoxdur belə şeylər. Bir-birindən borca alıb krediti tamamlamaq istəyən adamlar olur. Ehtiyac oldu-olmadı kredit götürürlər. Elə bil birdən-birə hamı bir-birinə borclu qaldı.
- Bizim insanlar bəzən xoşbəxt olmaq üçün kredite girirlər. Mutsuzdular və düşünürlər ki, əldə edəcəkləri əşya onları mutlu edəcək. Misal üçün bir telefon, dəbdəbəli bir toy-filan...
- Mən bunu başqa cür izah edərdim. Bu xoşbəxt olmaq üçün yox, kiminləsə müayisə üçün belə olur. Məsələn, kimsə bahalı telefonu başqasında görüb, istəyir özündə də olsun. Bayaq dedik ki, bank işçilərini təlimatlandıraq. Bundan daha çox əhalini təlimatlandırmağa ehtiyac var. Krediti niyə, nə vaxt, hansı ehtiyacdan götürmək lazımdır, bunları öyrətmək lazımdır.
- Sovet vaxtı adamlar az şeylə xoşbəxt yaşaya bilirdilər. O dövrü ideallaşdırmıram, ancaq bu gerçək idi...
- Bayaq nevrozdan danışdıq. Nevrozun artması məhz bu səbəblə yaranır. Seçim çox böyükdür, adamlar qərar verə bilmir. Məsələn, o vaxt çox az sayda geyim çeşidi vardı. İndi isə çoxdur. Təbii ki, seçim etməkdən bu adamın xoşbəxt olmağa vaxtı olmayacaq. Seçimlərin içində qalacaq, başı qarışacaq, xatırlaya bilməyəcək ki, nə vaxt xoşbəxt olub. “Nə xoşbəxt imişəm bir zaman, allah” deyəcək. Bunlar ötəri şeylərdi...
- Bəs sosial media insanlara necə təsir edir?
- Çox adam virtual dünyaya qarşıdır. Ancaq mən elə düşünmürəm. Sən normal istifadə edirsənsə, problem yoxdur. Sosial fobiya deyilən bir şey var. İnsanlar ünsiyyətə, danışmağa utanırlar. O adamları üç yolla yoxlamaq olar: üz-üzə danışmaq, telefonla, ya da yazışaraq. Nəticədə görünür ki, yazışanda rahatdırlar. Yavaş-yavaş yazışmağı telefon danışığına, sonra isə üz-üzə danışığa çevirmək olar. Əlbəttə, bütün hallarda real ünsiyyət daha önəmlidir. Ancaq qəbul etməliyik: bu insanın real ünsiyyəti yoxdur. Qoy heç olmasa bu virtual olsun, ancaq həddi aşmamaq şərti ilə.
- Həddi aşmaq necə olur?
- Həddi aşmaq internetə nə qədər vaxt ayırmaqla ölçülür. Xəstələrə də mən bunu aşılayıram. Bizim o meyarı, sərhəddi müəyyənləşdirməyimiz əsasdır. Sosial media da elədir. Sənin internetdə çox olmağın ailənlə, dostlarınla ünsiyyətinə problem yaradırsa, həyat keyfiyyətinə təsir edirsə bu artıq bağlılıqdır, vərdişdir.
- İndi iş rejimi həddən artıq sərtdir. 9-10 saatlıq iş rejimi, üstəlik də tıxaclar. Bütün bunlar insanlarda nevroz yaratmırmı?
- İş rejimin gərgin, həyat şəraitinin çətin olması birbaşa nevroz yaratmır, sadəcə yaranacaq olan insanlarda ciddi sürətləndirir. Yəni mövcud şərait olmasaydı, insanlarda illər boyu bu xəstəlik üzə çıxmazdı.
- Müşahidələrimə görə xarici ölkələrdə insanlar bizimkilərdən daha az əsəbidir. Azərbaycanda ictimai yerlərdə insanlar özlərini əsəbi aparır.
- Əgər fikir vermisinizsə hamı hər yerdə özünü əsəbi aparmır. Sadəcə güclərini çatdığı yerlərdə əsəbi olur. Qarşısındakını bir balaca özündən zəif gördüsə var gücü ilə əzməyə çalışacaq.
Qan Turalı, Ayxan