Kulis.az Pərvanə Əliqızının "Təəssürat" hekayəsini təqdim edir.
Ananın bətnində böyüdükcə yavaş – yavaş ətrafı hiss etməyə başlayırdı . İki-üç ay bundan öncə özünü heç bəyənmirdi. Gah balığa, gah çömçəquyruğa, gah başı bədənindən böyük bədheybətə bənzəyirdi. Anası ilk dəfə müayinə üçün getmişdi. Həkim yastı bir aləti qarnını üstündə gəzdirərək yandakı ekranda gördüklərini bir – bir anasına xırdalayırdı.
Hamiləliyiniz hələ bir - neçə həftəlikdir, rüşeymin inkişafına baxılarsa, normal inkişaf gedir. Gənc ana bu sözdən sevinmişdi. Amma onun özü, rüşeym sözündən çox da məmnun olmamışdı. “ Bu nə addır belə yoxsa doğulandan sonra da məni belə çağıracaqlar. Bir az əhvalı pozulmuşdu.
Növbəti həftələrdə həkim onun adına döl demişdi. Bu ad da o qədər xoşuna gəlməmişdi. Onda özünə məxsus xarakteri olduğunu göstərmək üçün çabalayıb, şəhadət barmağını yuxar qaldırmışdı. Demək istəyirdi ki,-“ sizin dediyiniz adlar heç biri mənim xoşuma gəlmir. Anam mənə qardaşıma verdiyi kimi gözəl ad verəcək.” Hətta hərəkətləri həkimin gözündən yayınmadı . Bərkdən şaqqanaq çəkib gülən həkim anasına – “Oğlun bizə barmaq silkələyir “-dedi. Doktorun ləzzətlə gülməyi tibb bacısının marağına səbəb oldu.
/Əlindəki işini yerə qoyub, ikisinin baxıb güldüyü ekranın qabağına gəldi. Bir-birinə qoşulub güldülər . İşini yekunlaşdıran həkim xeyli güldük, ürəyimiz açıldı bu oğlana yaxşı bax, o, elə belə uşaq olmayacaq – dedi. İndi “uşaq “sözü diqqətini çəkdi. Hətta onun ürək döyüntüsünü də anasına dinlətdi və baxdığı ekranın yanından xırıltı ilə boz bir kağız çıxardı. Kağızı qoparıb anasına verdi – Al, körpənin şəkli. Bozumtul rəsmi görən ananın iri badamı gözləri elə güldü , sanki qaranlıq otaq lampasız işıqlandı. Üzündəki fərəhi görüb maraqla soruşdu - Kimə oxşayır?
Sevincdən ürək döyüntüləri artan ana, nəfəsini dərib, aramla danışmağa başladı.
Böyük oğlum üz cizgilərindən mənə bənzəyir, xarakterdə atasına.Təmkinli olacağı bəllidir. Şəklə baxıram, körpəm atasına oxşayır. Amma deyəsən mənim kimi çılğın olacaq.
Hər ikisi keçən dəfəki müayinəni xatırlayıb, gülümsündülər. “Körpə”- sözünü eşidəndə sevindi, ona təzə ad verilmişdi.
Bədənüma güzgünün qarşısında durub həvəslə özünü süzdü hamiləliyin ona yaraşdığını, son günlərdə hər kəs deyirdi .
Anasının necə gözəl olduğunu kənardan görürdü. O, bəstəboy, uzunsaçlı, gözəl bədən quruluşlu qadındır. Bir qədər hamiləlik səbəbindən çəki alıb. Gülümsəyən gözlərindən , ağappaq çöhrəsindən, qönçə dodağından xoşbəxtlik yağır.
Onun pozitiv görünüşünün bir hissəsi özünə aid olsa da, bir hissəsi sevdiyi həyat yoldaşına aiddir. Oxuduğu universitetdə hərbçilərlə keçirilən görüşdə qarşılaşmışdılar . Hərbi geyimdə soyuqqanlı adam təsiri bağışlayan gənc zabitlə tanışlıqlarından sonra soyuq görkəmin altında necə həlim, mehriban ürəyi olduğunu duymuşdu və beləcə həyatlarını qovuşdurmuşdular. Xoşbəxt ailələri vardı.
Axşam atası işdən gələndə, səbirsizliklə yol gözləyən ana, qapının ağzındaca şəkli ona göstərib,müayinədə eşitdiklərini təkrarlamağa başladı. Körpəmiz çox gümrahdı. Zarafatla deyilən sözləri ayrı ədayla ərinə söylədi . Həkim deyir ki, - “Hələ bu günə qədər mənə şəhadət barmağını silkələyən olmamışdı. Bu oğlana yaxşı baxın, deyəsən çox ağıllı olacaq.” Sözünü bitirəndə əlavə etdi, bax, canım şəkil eynən sənə bənzəyir. Onu görən ata, anadan çox sevindi deyəsən. - Bəs necə hər ikisi sənə bənzəyə bilməz ki, deyib, həyat yoldaşının gülən gözlərindən öpdü. İndi bütün ailə onun gəlişini səbirsizliklə gözləyirdi.
Yavaş-yavaş ətrafı anlamağa, tezliklə gələcəyi yeri öyrənməyə başlamışdı. Eşitdiyi səsləri, gülüşü, qışqırığı, acıqlı danışığı biri-birindən ayırmağa çalışırdı. Bu belə də asan olmurdu.
Bəzən ona elə gəlirdi ki, insanlar gülümsəyərək danışanda yalnız yaxşı şeylərdən bəhs edirlər. Acıqlı görünürlərsə, deməli pis adamdırlar. Hündürdən danışmaq dava – dalaşdı. Hərdən fikirləri onu yanıldırdı, indi də insanları jestləri ilə tanımaq istəyirdi.
Elə olurdu ki, ananın gözündən yayınan hərəkətləri o görür, anasını xəbərdar etmək istəyirdi. Ən çox istədiyi bir şey vardı:- Qardaşının başına sığal çəkən, ananın əllərinin hərarətini öz saçlarında hiss etmək. Axşam ana qardaşını yataq otağına gətirib, yatızdırmağa çalışırdı.
Otaq çox rahatdı. Qırmızı maşın formasında olan çarpayının üstünə göy rəngli yataq dəsti örtülmüşdü. Pəncərədəki qırmızı pərdənin üzərində hörümçək adam əks olunmuşdu. Gecə lampasının üstündə də eyni şəkil vardı. Divarda müxtəlif ölçülü çərçivələrdə qardaşının, həm valideynləri ilə həm də tək şəkilləri asılmışdı.
Kitab rəfi və yazı masası kimi istifadə olunan dolabda şəkilli nağıl kitabları vardı. Qardaşını yatağa uzandırandan sonra anası kitablardan birini götürüb, oxumağa başladı. Uşaq maraqla dinləyirdi. Dünyanın formasından danşanda kürənin nə olduğunu başa düşmədi.
-Ana kürə nədir?- deyə soruşdu. Dolabın üstündəki qlobusu ona göstərib, bax bu dünyanın kiçik formasıdır. Dünyanın 70 % sudur, - dedi.
Hə, demək qardaşıyla, valideynlərinin yaşadığı məkan onun yaşadığı dünyaya bənzəyirdi. O, da topa bənzər içərisində maye olan aləmdə böyüyürdü. Neçə vaxtdan bəri göbəyindən başlayıb, onu əhatə edən dairəvi divarların lap yuxarısına yapışmış göbək ciyəsinin və burdakı dupduru mayenin rahat hərəkət etməsinə necə yardım etdiyinin fərqinə yenicə vardı. Dünya içərisində ayrıca dünyası vardı . Qardaşı yorulub, yatmaq istəyəndə anası layla çaldı. Məlahətli səsi dinləyib o, da qardaşı ilə birlikdə yuxulamağa başladı.
Nədənsə, özünü anasına daha yaxın hiss edirdi. Qardaşı təkcə layla səsini eşidirdi o isə laylayla birlikdə ananın ahəngdar, həzin ürək döyüntüsünü dinləyirdi . İlk duyduğu musiqiydi ürək ritimləri . O, bu sədalar altında əl qol atıb, tərpənirdi. Çünki hiss edirdi, ananın qəlbi hər kəsdən çox onunçün döyünür.
Böyük oğlunu parkda gəzdirdikdən sonra evə yenicə qayıtmışdılar. Həkimin otağındakı dördbucaqlı qutuya bənzər bir qutu vardı evlərində. Anası həmin qutunu açmışdı, özü kimi gözəl bir qadın danışırdı orada. Dünyadan xəbərlər verirdi.
-Görəsən anamın danışdıqlarını danışacaq? Diqqət kəsildi... Ekranda dağılmış evlər göründü, yaralı insanları daşıyan, həmin həkim kimi ağ xalatlılar vardı ətrafda. Gördüklərinin adına zəlzələ deyirdilər. Sonrakı kadrda yaralı, qan içindəki uşağı qucağına almış ata fəryad edirdi. Balaca köksü daralır, boğulurdu. Üzünü çevirmək istəyəndə diqqətini qardaşı yaşında bir uşaq çəkdi.
O, kəsilmiş plastik butulkada yarıya qədər palçıq və lildən ibarət olan suya gözünü zilləmişdi. Durulmağını gözləyirdi. Ekrandakı görünənləri izah edirdi, Afrika və bir çox cənub dövlətlərində, su qıtlığı dözülməz həddədir, - deyirdi.
Axı anası deyirdi :-dünyanın yarısı sudur? Yox ola bilməzdi! Yəqin bu qadın nəyisə, düzgün danışmır. Yoxsa anası yalan deməz. Yorulmuşdu, ancaq anasının dediklərini yalan çıxaran bu qadına axıra qədər qulaq asmalıydı. Nəyə görə onun sözü anasıyla düz gəlmirdi? – Bilməliydi!
Növbəti səhnə daha acınacaqlıydı. Qupquru, cadarlanmış torpağın üstündə sərələnib, oturmuş uşaqların aclıqdan və toz-torpağın üstündə qalmaqdan qurumuş dəriləri , arıq, cılız sümüklərinə yapışmış və hansısa skeletin üstünə geyindirilmiş yad libasa bənzəyirdi. Əyinləri çılpaq, ayaqları yalın idi.
Onları qoruyan yeganə “geyim “ dəriləri idi. Bir az kənarda nisbətən böyük yaşlı uşaqlar, əllərində çirkli, əzik qazanlar yemək növbəsində durmuşdular. Lap körpələr isə nimdaş geyimlərdə, yerdə oturub, çəlimsiz qollarından başqa, övladına heç bir sığınacaq verə bilməyən analarının qucağına qısılmışdılar.
Burdakı anaların gözləri, baxışları, görkəmləri bir – birinin eyniydi. Bütün gözlərdə ümidsizlik və biganəlik carəsizliklə qəribə vəhdət yaratmışdı. Uzaqlara zillənmiş gözləri yaşamadıqları, sadəcə nəfəs aldıqları dünyanın, gözə görünməyən divarlarını dəlib, lap uzaqlarda özlərinə yuva axtarırdı.
Qazanlarına bir çömçə isti yemək tökülən uşaqlar sevincək analarının yanına qaçır, köhnə əski parçasına bükülmüş, quruluqda kəsəkdən seçilməyən çörək qırıntılarını, isladıb, yeməyə çalışırdılar. Danışan qadın Qəzza deyilən yerin dünyanın qaynar, ən çox qan tökülən yeri olduğunu və yaxın zamanlarda da sülh gözlənilmədiyini deyirdi.
Gördükləri onu qorxutmuşdu. Deyəsən aparıcı onunla inadlaşırdı. Qan gölündə boğulan, həyatını itirən insanların sayı ilə yanaşı, ayrıca öldürülmüş azyaşlıların sayını vurğulayırdı. Yəqin son illərdə ən çox uşaqların öldüyü yer buraydı. Aman Allah nə qəribə yer idi, dünya dedikləri ; bir yanı quruyub cadarlanıb, bir yanı işıq saçır. Görəsən yeni dünyaya gələndə halı necə olacaqdı? Qorxudan əl - qol atıb çabalayır, etiraz etmək istəyirdi.
Bətnində qəfil başlayan çırpıntıdan ana narahat olmuşdu. Bir əlini qarnının altına, o birisini isə göbəyinin üstünə sıxıb, divana çökmüşdü.
Ağrı belinə vurur, az qala nəfəsini kəsirdi. Ürək döyüntüləri getdikcə artır, başında, boynunda sıxıntılar əmələ gəlirdi . Vəziyyətin kəskinləşdiyini görüb, əlləri əsə - əsə hamiləliyinə nəzarət edən doktora , sonra isə təcili yardıma zəng vurdu.
Həkim təzyiqin yüksək olmasının , həm ana üçün həm də döl üçün təhlükə ola biləcəyini, təcili xəstəxanaya çatdırılmalı olduqlarını dedi. Belə həyəcanlanıb, anasına təhlükə yaratdığı üçün peşiman oldu. Sakitləşib üzünü qarnının ön divarından, arxaya tərəf çevirdi.
Ayaqlarını qarnına yığaraq, əlini çənəsinə söykəyib, beləcə hərəkətsiz qaldı. Ultura səs müayinəsi zamanı həkim dölün ürək ritminin normallaşdığını, lakin hərəkətsiz olmasından narahat olduğunu bildirdi. Bətində yaranan titrəyişdən körpənin hərəkətə gələ biləcəyi ehtimalı ilə anaya bir neçə dəfə bərkdən öskürməyi xahiş etdi.
Amma o israrlıydı, heç halını pozmadan olduğu vəziyyətdə qaldı. Küşmüşdü.... . Bir neçə gündən sonra vəziyyəti yaxşılaşıb evə qayıtdı. Artıq hamiləliyin 8 ci ayındaydı. Həkimlər indi səhhətinə həmişəkindən çox diqqət yetirmək lazım olduğunu demişdilər.
Parkdaydılar. Tural sarı oturacaqlı, zəncirlə hundur dəmirlərə bağlanmış, yelləncəkdə yellənirdi. Sevinc çığırtıları ətrafı bürüyürdü. Anası qardaşıyla birlikdə gülürdü. O, da bir az özünü rahat hiss edirdi. Axşam atasının gələcəyi saatın yaxınlaşdığını hiss edən qardaşı tez-tez qapıya yaxınlaşırdı. Zəng çalınan kimi hay-küylə qapıya qaçdı.
Atası onu öpüb, xanımının vəziyyətini soruşdu. Görkəmindən təlaşlı olduğu, həyəcanını gizlətmək istədiyi, açıq- aydın hiss olunurdu. Süfrəyə oturanda tərəddüdlə sözə başladı. Həyat yoldaşının həyəcanlanacağını bilirdi. Ona görə də üzünə baxmamağa, qayğılı gözlərini ondan qaçırmağa çalışırdı.
- Səni bu vəziyyətdə tək qoymaq istəməzdim - nəfəsini dərib bir qurtum su içdi və davam etdi. Tapşırıq almışam... Sonuncu torpaqlarımızı da terrorçulardan azad etməliyik. Getməliyəm...
Anası doluxsunmuşdu. Etiraz etmək mənasızdı. Həyat yoldaşının borcuydu, getməliydi.
Nikahlarından əvvəl aralarında belə söhbət keçmişdi. Hərbçinin, Vətəni uğrunda ölümə getməyə hazır olan insanın, həyat yoldaşı olmaq asan iş deyil. Bəlkə də bütün ömrün boyu bu həyəcanla yaşamalı olacaqsan. Hər an əziz bir insanını itirmək qorxusu və buna mətanətlə dözmək, sınmamaq , əyilməmək... Lazım gələrsə, gələcəkdə dünyaya gələcək övladlarımızı tək başına böyütmək məsuliyyəti... Sən buna hazırsanmı?
Təmkinlə və alacağım cavab -“Yox” olsa, belə anlayışla qarşılayacağam deyən baxışlarla qızın üzünə baxdı.
Sevdiyi adamı itirmək qorxusuyla, gözününün qabağında üçrəngli bayrağa bükülmüş şəhid tabutu canlandı. Özünü bir anlıq həmin anaların, gəlinlərin yerinə qoydu. Gözlərini bərk-bərk yumub, kirpiklərini sıxdı. Həyəcandan bədəni titrədi, tükləri biz-biz oldu. Bir neçə saniyədən sonra simasında yenidən günəş doğdu.
Qızın müstəqil qərar verməsi üçün gənc zabit sakitcə dayanıb, onun üz ifadələrini izləyirdi. Anidən üzündə doğan günəşin səbəbi artıq ona aydın idi. Axı hər ikisi eyni xalqın övladıdır. Hər ikisinin damarından eyni qürur axır.
Sevdiyi qız gözlərini açanda bir kəlmə demədən onun əlini əlləri arasına alıb bərkdən sıxdı. Artıq sözə ehtiyac yox idi. O istədiyi cavabı almışdı.
İndi həyat yoldaşının gedəcəyini eşidəndə yenidən həmin günləri xatırladı. Və birdə 44 günlük müharibəni.. İlk övladlarının doğulacağı günü səbirsizliklə gözləyirdilər. Həyat yoldaşının döyüşdə olması onu hamiləliyin son günlərini təkbaşına keçirməyə məcbur etmişdi. Oğlunun doğulması xəbərini cəbhədə almışdı. İndi ikinci övladlarının doğulmasına az qalmış yenə düşmən terroru rahatlıqlarını pozmuşdu . Atanın cəbhəyə getdiyi günü xatırladı.
Ana Turalı özünə sıxıb başını sığallayır, həyacandan titrəyirdi. Ömür-gün yoldaşı hər şeyin fərqindəydi, sadəcə vida dəqiqələrinin uzanmaması üçün soyuqqanlılığını qoruyurdu. Qapıdan çıxanda anasına – Övladlarımdan muğayat ol deyib, oğlunu öpdü. İndi o, da atasını qucaqlamaq istəyərdi, lakin –“Övladlarım” sözüylə təskinlik tapmaqdan başqa çarəsi yox idi. Hiss etdiklərini, atasına göstərə bilmədiyinə görə qəzəblənirdi. Çırpınıb, bir anda azad olmaq, atasına sevgisini göstərmək istəyirdi.
Ana bətnində qopan təlatümdən narahat olsa da , ağrı, sancı hiss etdikcə dişini - dişinə sıxıb dözürdü. Necə olur – olsun həyat yoldaşı onun əzab çəkdiyini bilməməliydi. Onu ailəsi ilə vətəni arasında seçim qarşısında qoya bilməzdi. Qapıdan çıxanda – “Bu dəfə terrorçulara 44 gün nədir, heç 44 saat da nəfəs çəkməyə imkan verməyəcəyik “- deyib getdi.
Bayaqdan zorla müvazinətini saxlayan ana, durduğu yerdəcə diz üstə çöküb, valideynlərinə zəng etdi. Xəstəxanada həkimlər yarımçıq doğuşun ola biləcəyindən ehtiyat edib, anaya ciddi yataq rejimi tövsiyyə etmişdilər.
Beləcə narahat günləri başlamışdı. Bir yandan həyat yoldaşının nigarançılığı, bir yandan bətnindəki körpəni itirə biləcəyi qorxusu, bir yandan da böyük oğlunun atasından ayrı qala bilməməsi.. Qardaşı hər axşam qapıya qaçır, atasının gəlmədiyini görüb boynunu büküb, küskün gözlərini anasının üzünə zilləyirdi. Ananın keçirdiyi həyəcanı hər kəsdən çox o, hiss edirdi. Ürək döyüntülərində ən kiçik dəyişikliyi hiss edir, gah tamam hərəkətsiz qalır, gah da narahat – narahat “öz kiçik dünyasının “divarlarını döyəcləyirdi.
Günləri səksəkəli keçirdi. Bəzən atasından günlərlə xəbər ala bilmirdilər. Bəzən də qısa müddətli telefon danışıqlarında – “Erməni terrorçuları xəbərdarlıqlarımıza qulaq asıb geri çəkilsələr, bizim qan tökmək niyyətimiz yoxdu. “- deyirdi.
Yenə də həmən dördbucaqlı qutuya baxırdı. Aparıcnın sevinc dolu səsi eşidildi -“ Antiterror döyüşləri 24 saatdan da qısa bir müddətdə başa çatdırıldı. İşğal altında olan sonuncu torpaqlarımız da azad olundu! “Ardınca əlavə etdi – “Təəssüf ki, yaralanan, ağır vəziyyətdə olan döyüşçülərimiz və şəhidlərimiz də var....” Qəfil eşitdiyi sözlərdən sonra neçə gündən bəri ərindən xəbər ala bilməyən gəlin , huşunu itirib yerə yıxıldı.Qardaşı – “Ana qorxuram”,- deyib ağlamağa başladı.
Əməliyyat otağında cərrah assistentləri tələsdirirdi: -Cəld olun nəyin bahasına olursa, olsun, ananı da, körpəni də xilas etməliyik.
Ana huşunu itirib yıxılanda:- atasını onlardan ayrı salan, doğmalarına belə qorxuları yaşadan, bir dəri bir sümük qalmış, ac uşaqlara uşaqlığını unutduran dünyaya gəlmək istəmədiyini qətiləşdirdi. Ən çox da anasının, həyatını əlindən almaq bahasına doğulmağı heç istəmirdi.
8 ayda onunla arasında körpu olan, qida verən bağı əlləriylə bərk - bərk yapışıb elə çırpındı ki, göbək ciyəsi bir neçə dəfə boynuna dolanıb, aldığı oksigenin və qanın qarşısını kəsdi.
Beyin damarları gərilir, boğulduqca daha çox cabalayırdı. Ana bayqın vəziyyətdə olmasaydı, balasının gündəlik tərpənişlərinə bənzəməyən halını dərhal anlayardı. İndi isə ana – bala hərəsi bir-birindən xəbərsiz can çəkişirdilər.
Ginekoloq cərrahı tələsdirirdi;- qanaxmanı bir neçə dəqiqəyə dayandıra bilməsək, ananı itirə bilərik! Uşaq həkimi, körpənin ürək döyüntülərinin getdikcə zəiflədiyini deyirdi.
Hər kəs əlindən gələni edirdi. Nəhayət, onu ananın bətnindən ayırdılar. Pediatr rəngi bozarıb, külə dönmüş körpəni yandakı əməliyyat stoluna uzandırıb, ovuc içindən də kiçik sinəsinə bir barmağını qoyub, ürəyini qapalı masaj etməyə başladı. Həkim körpənin getdikcə, zəifləyib, yox olmaq həddinə çatmış ürək döyüntülərini hiss edib, sonuncu ümiddən bərk - bərk yapışmaq istəyirdi.
Cəhdlər nəticə vermədi. Qədəm qoymağa qorxduğu, bir neçə dəqiqəlik qonağı olduğu dünyada ilk və son eşitdiyi söz –“ Ananı xilas etdik!“ – nidası oldu.