22 noyabr görkəmli kinorejissor, kinooperator, Xalq artisti Rasim Ocaqovun doğum günüdür.
Kulis.az bu münasibətlə Zöhrə Fərəcovanın "Kino sənətinin vurğunu" yazısını təqdim edir.
Özünü bəxti gətirən adam hesab edirdi. Dünyaya gəldiyi zamanı da, məkanı da, sənət və ailə seçimini də özünə Tanrının lütfü sayırdı. Ancaq həyatın sərt üzünü də az görməmişdi. 1933-cü ildə Şəkidə dünyaya göz açan Rasim Ocaqovun uşaqlıq illəri çox ağır, ziddiyyətlərlə dolu dövrə təsadüf edib. Sovet hakimiyyətinin repressiyalarını, İkinci Dünya müharibəsinin gətirdiyi sıxıntıları, itkiləri, kasıblığı görə-görə böyüyüb. 1941-ci ildə Şəkidə orta məktəbin rus şöbəsinə gedib.
"Uzaq sahillərdə"dən başlayan sənət yolu
Uşaqlıqda geoloq olmaq keçib könlündən. Şəkinin dağlarına neft axtarmağa gələn mütəxəssisləri gördükdən sonra bu arzuya düşüb. O vaxtlar foto ilə də maraqlanıb, həvəslə şəkillər çəkib. Bir gün Şəkiyə sənədli film çəkməyə gələn Bakı kinostudiyasının çəkiliş qrupu Rasim Ocaqovun sənət istəyini dəyişib. Onda hələ 9-cu sinifdə oxuyurdu. Ata-anası onun arzusundan xəbər tutanda narazılıq ediblər. Amma onu fikrindən daşındıra bilməyiblər. Rasim Ocaqov 1951-ci ildə orta məktəbi bitirdikdən sonra SSRİ-nin paytaxtına - Moskva şəhərinə yollanıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə daxil olub. 1956-cı ildə institutu bitirib, Bakıya gəlib.
"Azərbaycanfilm" Kinostudiyasında işləməyə başlayıb. 1956-cı ildə "Uzaq sahillərdə" filminin ikinci operatoru olub. Çox keçməyib ki, onu bacarıqlı operator kimi tanıyıblar. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. 1958-ci ildə çəkilən "Onun böyük ürəyi" filmi isə quruluşçu rejissor kimi Rasim Ocaqovun kino sənətində ilk sərbəst işi olub. Həmin filmdə Rəna rolunun ifaçısı olan Sveta Cavadovaya vurulub.
"Onun böyük ürəyi" Sveta Cavadovanın çəkildiyi ilk və sonuncu film olub. Aktrisa ilə evləndikdən sonra Rasim Ocaqov onu sənətdən uzaqlaşdırıb.
"Onun böyük ürəyi" filmindən sonra müxtəlif illərdə lentə aldığı "Əsl dost", "Bizim küçə", "Əmək və qızılgül", "Sən niyə susursan?", "Bir cənub şəhərində", "Abşeron ritmləri", "Ən vacib müsahibə", "Skripkanın sərgüzəşti", "Ömrün iki saatı" ekran əsərlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Onun arzusu kinorejissor olmaq idi. Kinostudiyanın rəhbərliyinə ssenarilər təqdim edirdi. Ancaq razılıq ala bilmirdi. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram rejissorluğu şöbəsinə daxil olub, rejissor kimi ali təhsil alsa da, bir müddət kino çəkmək arzusunu həyata keçirə bilməyib...
Bir gün, nəhayət, rejissor kimi ilk təklifi alıb. Kinostudiyada çəkilən "Qatır Məmməd" filminin rejissoru Hüseyn Seyidzadə ilə rəhbərliyin arasında problem yaranıb. "Azərbaycanfilm"in rəhbəri Rasim Ocaqovu çağırıb. Moskvanın qəbul etmədiyi bu filmi yenidən çəkməyi ona həvalə edib. Rasim Ocaqov razılıq verib. Tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini o, yenidən işləyib, bir sıra rolların ifaçılarını dəyişib. Qatır Məmməd obrazını isə istedadlı aktyor Şahmar Ələkbərova tapşırıb.
Rejissor kimi ilk filmi - "Gəncəbasarlı qisasçı" olub. 1974-cü il mayın 26-da filmə ictimai baxış keçirilib. Ekran əsəri haqqında yüksək fikirlər söylənilib.
İnsanın həyatı, psixologiyası, düşdüyü çətinliklər rejissoru maraqlandıran əsas cəhətlər idi. Bu mənada 1975-ci ildə çəkdiyi ikinci filmi - "Tütək səsi" Rasim Ocaqovun rejissor istəyinə uyğun olub. Bu fikri "Ad günü" barədə də deyə bilərik. Hər iki ekran əsəri böyük maraqla qarşılanıb. "Ad günü" filmi 1978-ci il yanvarın 26-da ilk dəfə ümumittifaq televiziyası ilə nümayiş olunub. Bu, "Azərbaycanfilm"in böyük uğuru sayılıb. "Ad günü" filmi 1978-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında bu ekran əsərinə birinci mükafat, 1980-ci ildə isə Berlində ADR televiziyasının diplomu verilib.
Onun ekran əsərlərinə maraq tükənmir
Bundan sonra çəkdiyi "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm... bağışla", "Qətldən yeddi gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" filmlərində də Rasim Ocaqov çox ciddi, cəmiyyəti düşündürən mövzulara toxunub. Həmin ekran əsərlərində müasirlərinin həyatını, düşüncələrini, üzləşdikləri problemləri əks etdirib.
Rejissor R.Ocaqovun Azərbaycan kino sənətinə xidmətlərindən biri də tanınmayan aktyorların, aktrisaların istedadını üzə çıxarması olub. Bir filminə çəkdiyi bacarıqlı aktyoru sonra da yaddan çıxarmayıb. Digər ekran əsərlərində də onlara böyük, yaxud kiçik rollar verib. Rasim Ocaqovun filmlərində Azərbaycan aktyorları ilə yanaşı, SSRİ-də tanınmış aktyorlar da çəkiliblər. Həmin dövrdə Moskvada baxış zamanı buna xüsusi diqqət yetirilib.
Vurğunu olduğu kino sənəti sahəsində gördüyü işlərin dəyərini, çəkdiyi filmlərin unudulmayacağını bilirdi. Rasim Ocaqov özünü bəxti gətirən insan adlandırmaqda haqlı idi. Onun yaradıcılığı Azərbaycanda kino sənətinin inkişaf dövrünə təsadüf edib. Bir sıra maraqlı filmlər çəkməyə, rejissorluq istedadını göstərməyə fürsəti olub. 1990-cı illər baş verən hadisələr, SSRİ-nin dağılması, müstəqilliyinə nail olan müttəfiq respublikalarda iqtisadi problemlərin yaranması əksər sahələrə ağır təsir göstərib. "Azəbaycanfilm" kinostudiyasının da fəaliyyətində böyük çətinliklər meydana çıxıb. Filmlərin çəkilməməsi Rasim Ocaqova çox ağır təsir göstərib. Büruzə verməməyə çalışsa da, bunu özünə dərd edib.
Kinorejissor, kinooperator, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqov 2006-cı il iyulun 11-də, yetmiş iki yaşında vəfat edib.
Zaman keçir, nəsillər bir-birini əvəz edir, tamaşaçılar dəyişir. Ancaq onun ekran əsərlərinə maraq tükənmir.