Tolstoyun kötücəsi: “Hamı onu dəli hesab edirdi” – Müsahibə

Tolstoyun kötücəsi: “Hamı onu dəli hesab edirdi” – Müsahibə
9 sentyabr 2019
# 15:33

Bu gün böyük rus yazıçısı Lev Tolstoyun anadan olmasının 191 ili tamam olur. Kulis.az bu münasibətlə yazıçının kötücəsi Fekla Tolstoyanın bu günlərdə rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Bir dəfə Yasnaya Polyanada eksursiyaçıdan belə bir ifadə eşitmişdim: Biz burda “sofya andreyevçilərik” (yazıçının həyat yoldaşı), amma onlar Moskvada “tolstoyçulardır”. Bu nə deməkdir?

- Bu, olduqca maraqlı əhvalatdır. Lev Tolstoyla arvadı Sofya Andreyevna arasında konflikt baş verəndə böyük uşaqlar ananın tərəfini saxlayıb, kiçik qızı Aleksandra Lvovna atasının tərəfini tutub. Ən böyükləri Tatyana Lvovna isə hər iki tərəflə münasibətlərini saxlamağa çalışıb. Yəni, ailədə qarşıdurma olub. Mən özümsə ananın tərəfini tutan İlya Lvoviçin nəslindənəm.

- Sizin danışdığınız konflikt nəsə şəxsi bir şey idi?

- Əksinə. Mən Tolstoyun XIX əsrin 80-ci illərində baş verən ruhi dönüşündən danışıram. O zaman o, dünyagörüşünü, həyat tərzini dəyişmişdi və bu, onun ailəsinə ciddi təsir etmişdi. Onda Lev Nikolayeviç şəxsi mülkiyyətindən, o cümlədən əsərləri üzərində müəlliflik hüququndan imtina etmişdi.

- Bəs niyə məhz Yasnaya Polyanada Sofya Andreyevnaya rəğbət göstərirlər?

- Yasnaya Polyana Tolstoyların evidir, onusa Sofiya Andreyevna öz əlləri ilə qurub: tikib, toxuyub, yedirib, yaradıb. O, bizim indiki gördüyümüz dünyanın sahibi idi. Mən kiçik olanda mülkdə Lev Tolstoyun oğlunu, nəvəsini xatırlayan br qoca işçi var idi – 1911-ci il təvəllüdlü Nikolay Pavloviç Puzin. O deyirdi ki, Sofya Andreyevna böyük muzey işçisi idi. İndi bizim reyestr adlandırdıqlarımızı o tərtib etmişdi. O, bütün əşyalara etiket vururdu ki, Lev Nikolayeviçin zamanındakı kimi qalsın, anbarlara mebelləri saxlamaq üçün pul ödəyirdi, çünki bilirdi ki, zamanı gələcək, Tolstoyun muzeyi olacaq. Demək olar ki, 100 il əvvəl 1920-1921-ci illərdə muzey yaradıldı. Sofya Andreyevna isə bunu görmədi, o, 1919-cu ildə vəfat etdi.

- Sizi zamanında üç mürəbbiyəsi olan nənəniz tərbiyə edib. Onun aristokrat tərbiyəsi ilə sovet uşaqlığı necə uyuşurdu? Siz bir ziddiyyət hiss etmirdiniz?

- Mənim aristokrat tərbiyəm olmayıb. Atama “Zati-aliləri” deyəndə gülürdü. Məni məktəbdə “qrafinka” (su qabı) deyə cırnadırdılar. Amma digər tərəfdən biz sovet ideologiyasından kənar yaşayırdıq, onunla mübarizə aparmırdıq, amma qəbul da etmirdik.

- Ailənizə SSRİ-yə qayıtmaq və burada yaşamaq necə idi?

- Babam zabit idi, Kolçakla döyüşmüşdü, Kappelin şəxsi adyutantı idi. Vətəndaş müharibəsindən sonra mühacirətdə idi. Atam Yuqoslaviyada doğulub. Orada 25 il yaşadıqdan sonra, 2-ci Dünya müharibəsi zamanı babam və onun qardaşı, Qızıl Ordunu dəstəkləmək qərarına gəlirlər. Və müharibədən sonra ailələri ilə Rusiyaya qayıdırlar. Onlara hamı deyirmiş ki, qayıdan kimi sizi Sibirə göndərəcəklər. Amma Stalin onları Tolstoyun nəvələri kimi əfv etdi. Mən babamı görməmişəm, amma atam həmişə sevinirdi ki, öz vətənində yaşayır.

- Bir neçə il əvvəl siz Lev Tolstoyun 90 cildliyini rəqəmsallaşdırmaq kimi bir layihəyə girişmişdiniz. Layihənin adı “Bütün Tolstoy bir klikdə” idi. Bu işi bitirdiniz?

- İndi bütün mətnlər “Tolstoy.ru” saytına yerləşdirilib. İnanmazsınız, bir aya 10 minlərlə yükləmə və baxış var! Biz iqtisadiyyat və linqvistika fakültəsindən olan dostlarımızla bir axtarış sistemi yaratdıq. Bu sistemlə müxtəlif parametrlərlə axtarış apara bilərsiniz; romanlardan, gündəliklərdən, fəlsəfə, din və ya pedaqogika haqda məqalələrdən...

- Daha nələr düşünmüsünüz?

- İdeyalarımız çoxdur. Yasnaya Polyanada YUNESKO tərəfindən qorunan kitabxananı Moskva muzeyindəki əlyazmalarla birləşdirmək istəyirik. Bununla bilmək olacaq ki, məsələn, “Hərb və sülh”ü yazanda Tolstoy nə oxuyurmuş. Ya da qaralamalarla, əl yazmalarını tutuşdurmaq olacaq ki, yazıçının necə işlədiyini görəsiniz. Tolstoyun yazdıqları ilə Tolstoya yazılanları birləşdirmək də istəyirik ki, bunu dialoq kimi oxuya biləsiniz.

- Tolstoy bütün qaralamaları saxlamışdı?

- O, kasıb adam deyildi axı, ona XIX əsrin əksər yazıçıları kimi kağıza qənaət etmək lazım gəlmirdi. Bundan başqa Tolstoy kağız üzərində düşünürdü. Qaralamalardan bilinir ki, o, lazımi variantı necə axtarıb. Məsələn, Karenina və Oblonski əvvəlcə başqa familiyada təqdim olunub.

- Kareninanın familiyası nə idi ki?

- O, Tatyana Sergeyevna Stavroviç idi. Vronski müxtəlif variantlarda müxtəlif cür adlandırılıb - Udaşev, Balaşov, Levin-Neradov...

- Necə düşünürsünüz, “intellegent” anlayışı Tolstoyun zamanındakından bəri dəyişibmi?

- Bu, bütün zamanların ən çox dəyişən anlayışıdır. Məncə, biz onu daha çox sovet zamanında istifadə edirdik. Tolstoysa intellegent deyildi, o, aristokrat idi. Məsələn, mən soruşum: sizin üçün intellegent nədir?

- Mənim çox dəqiq bir təyinim var: intellegent adam - statusundan asılı olmayaraq insanlarla danışanda səsinin tonunu dəyişmir.

- Tolstoy da belə olub. Bu elə aristokratlığın vacib əlaməti idi. Mənim ləyaqətim imkan verir ki, hər kəsə eyni cür hörmət edim. Bu, əsl aristokrat tərbiyədir. Tolstoy nəinki başqaları ilə eyni cür danışırdı, həm də hamı kimi geyinirdi. Bütün zahiri fərqlər ona yad idi. Görün, Tolstoy zamanı necə qabaqlamışdı. İndi hamı eyni geyimdə gəzir, düzdü bahalısı və ucuzu var, amma kostyumu deputat da, mühafizəçi də, milyonçu da, tələbə də geyinir. Tolstoy XIX əsrdə kəndli geyimi geyinirdi. Hamı elə bilirdi ki, o, dəli olub.

- Doğurdan belə hesab edirdilər?

- Əlbəttə.

- Yəni kəndlilər də belə düşünürdü?

- Tolstoy kəndlilərlə çox söhbət edirdi. Deyirdi, onlar həqiqi, həyati müdrikdirlər, kəndlilərsə Lev Nikolayeviçə hörmət edirdilər.

# 4735 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #