Kulis.az "Günün filmi" layihəsindən görkəmli polyak rejissor Anjey Julavskinin "Possession" filmi haqqında materialı təqdim edir.
Anjey Julavskinin “Possession” filmi adi bir hekayədən, ər-arvad arasındakı ayrılıqdan başlayır. Amma bu bizim hər gün eşitdiyimiz ayrılıqlara bənzəmir. Burada sevgi də, qısqanclıq da, ağrı da insan bədəninin və zehninin ən gizli qatlarından çıxır və idarəolunmaz təbiətin özü kimi çılğınlaşır. Filmi izləyən hər kəs bir müddət sonra başa düşür ki, bu hekayə münasibətlərin bitməsindən daha böyükdür: insanın içində illərlə gizlətdiyi, üstünə xalça çəkdiyi, “mənə aid deyil” deyib unutmağa çalışdığı hisslərin partlayışıdır.
“Possession” müharibədən sonra dağılan Berlinin fonunda baş verir, amma ekranın arxasında dağılan əsl şəhər Berlin deyil, insandır. Divarlar, küçələr, tunellər, hər yerdə dolaşan soyuq külək… Bütün bunlar Julavskinin xarici mühit vasitəsilə daxili fırtınanı göstərmək cəhdidir. Bu filmdə məkan səssiz iştirakçı kimi davranır: heç nə demir, amma hər şeyi danışır. Berlinin bu bozluğunda Mark və Annanın bir-birindən uzaqlaşması həm psixoloji, həm də fiziki parçalanmaya çevrilir.

***
İzabel Adcani ən təsirli aktyor oyunlarından birini nümayiş etdirir. Metro səhnəsi filmdə ən vacib səhnələrdəndir. Həmin səhnədəki qışqırıq qadının illərlə boğduğu bütün hisslərin, doğumun, ölümün, günahın, qorxunun, istəklərin, təslimiyyətin bir anda bədənindən axıb getməsidir. Sanki Anna danışmağa qadir deyil; o, artıq yalnız təbiətin və instinktin dilində danışır.
Bəzən öz həyatımızda da belə anlar yaşayırıq. İllərlə susub içimizdə saxladığımız emosiyalar bir gün ən gözləmədiyimiz yerdə partlayışa çevrilir. Julavski bu partlayışı tamaşaçıya çılpaq, hətta qəddar şəkildə göstərir.

***
Sem Neillin canlandırdığı Mark obrazı həyat yoldaşını itirməyin astanasındadır, amma onun itirdiyi təkcə sevdiyi qadın deyil. O, özünü də itirir. Film boyunca Mark getdikcə daha da nevrotik olur,mexanikiləşir, sanki həyat ona aid olan hər şeyi əlindən alır və o da bütün vasitələrlə özünü qorumağa çalışır.
Amma qorumağa çalışdığı şey çoxdan dəyişib. Anna artıq o Anna deyil, ev artıq o ev deyil, münasibət də əvvəlki münasibət deyil. Bəzən insan nə qədər çırpınsa da, heç nəyi geri qaytara bilmir, çünki o şeylər artıq mövcud deyil. “Possession” bu acı həqiqəti tam çılpaqlığı ilə göstərir.

***
Filmin ən qorxulu tərəfi Annanın gizlətdiyi qəribə varlıq bir çox kino tənqidçisi tərəfindən “sevginin təcəssümü” kimi yozulur. Amma bu, romantik sevgi deyil. Bu sevgi insanı içindən yeyən, sahib olmaq istəyən, dağıdan, özünə başqa forma axtaran və böyüdükcə insanı udan sevgidir. Bəzən insanlar münasibəti bitirmək əvəzinə, hisslərini boğaraq öz içlərində yeni, çirkin, heç kimin tanımadığı bir bədheybətə çevrilirlər. Julavskinin bədheybəti də məhz belədir. Böyüyən və insanı yavaş-yavaş udan qarabasma.

***
Film soruşur: “Əgər bütün narahatlıqlarını ruhuna "yığsan", bir gün o hansı formaya çevriləcək?”
“Possession” o qədər sirli bir filmdir ki, onu izah etməyə çalışan hər kəs tezliklə bir şeyi başa düşür: bu film izah olunmaq üçün çəkilməyib. O, hiss edilmək üçündür. Hiss etdikcə insanı yorur, silkələyir, amma buraxmır.
Film münasibətlərdəki “görünməyən zorakılığın” ən radikal metaforalarından biridir. Burada nə polis çağırırsan, nə təcili yardım, çünki bu zorakılıq nə əldən gəlir, nə dildən. O, insan davranışında gizlənir: susqunluqda, uzaqlaşmada, qəfil dəyişmələrdə, izah olunmayan hirsdə. Julavski bunu kino dilində, bədii və fiziki səviyyədə çatdırır.

***
“Possession”i izləyəndə insan anlayır ki, film yalnız iki insan arasında baş vermir. Bu filmdə “biz” də varıq. Bizim parçalanmalarımız, çıxılmazlıqlarımız, hiss etməkdən qorxduğumuz duyğular. Bəzən münasibət bitəndə bunun səbəbi qarşı tərəfin xəyanəti, yalanı və ya soyuqluğu olmur, səbəb bəzən daxilimizdəki o qaranlıq varlıqdır. Biz onu böyüdürük, bəsləyirik, ona meydan veririk və bir gün o, bizdən daha canlı, daha güclü bir varlığa çevrilir.
“Possession” insanın özündə gizlətdiyi bütün təhlükələri üzə çıxaran bir film kimi zaman keçdikcə daha da aktuallaşır. Çünki insan dəyişmir; onun içindəki uçurum hər zaman sabit qalır.