Biz əfəndi olaq!

Biz əfəndi olaq!
24 noyabr 2025
# 17:02

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Bu şəkli Hadrut işğaldan azad olunandan sonra bir erməni evində çəkmişəm. Samirə Əfəndinin Astanada keçirilən musiqi yarışmasında erməni müğənniyə 12 bal verməsi xəbərini eşidəndə bu fotonu xatırladım.

Yaz ayları idi. Qarabağ silsiləsinin ətəklərinə bahar gəlmişdi. Dostlarla birlikdə bir-iki evə daxil olduq. Otaqlara ümumi nəzər yetirirdim. Divara bərkidilmiş asılqanın arxasında bir şəkil gördüm. Müslüm Maqomayevin gənclik şəkli idi.

O hadisədən sonra erməniəsilli müğənni Şarl Aznavurun ifasını heyrətlə dinlədiyim üçün özümə bəraət qazandırdım. Fikirləşdim, əgər Ermənistan separatizminin qurbanı olan bir erməni ürəyində Maqomayevə sevgini qoruyub saxlaya bilibsə, qonşusunun, qohumunun danlağından qorxmayıb evinin divarına onun, balaca da olsa şəklini vurubsa, deməli, musiqinin, istedadın, nəhəngliyin sərhədi, dini, milləti, irqi yoxdur.

Samirə Əfəndi məktəb keçmiş müğənnidir, nəzəriyyə bilir, not bilir. Özü də hərbçi ailəsində doğulub. Deyilənə görə, atası da Qarabağ müharibəsi qazisidir. Əgər bu addımı işğal dövründə atsaydı, dilə gətirməsəm də, hardasa, ürəyim dərinliklərində erməni müğənnisinə xal verdiyi üçün onu qınayardım. Amma sizə deyim ki, onda da haqlı olmazdım. Çünki incəsənət və vicdan o zaman vəhdətdə olur ki, gözünü yumub qulağına gələn səsə, müəllifindən asılı olmayaraq qiymət verməyi bacarasan. Müəllifini bilmədiyin heykəli, rəsm əsərini, bəstəni, layiqdirsə, təqdir edə biləsən.

Bir halda ki, artıq Azərbaycan bu mübarizədən haqlı və qalib qismində ayrılıb, Samirə Əfəndini bu addımına görə təhqir etmək yaxşı deyil. Bu addım Azərbaycanın simasını və xarakterini formalaşdıran kiçik addımlardan biri kimi qiymətləndirilməlidir.

Bəli, o, erməni müğənnisini qucaqlamaya da bilərdi... Amma nə etməli?! Axı Samirə Əfəndi də azərbayanlıdır, özümüzünküdür...

Desəniz ki, bunu bir şəhid anasına, ya şəhid övladına izah etməyə cürətin çatar? Çatmaz. Həmin məqamda susmağı da bacarmalısan.

Bəzi ictimai simalar da yerli-yersiz danışırlar. Halbuki onlar günlər əvvəl Bakıda Qız qalasının qarşısında şəkil çəkdirən erməni eskpertlərindən ibarət nümayəndə heyəti barədə narazılıqlarını bu və ya digər şəkildə bildirməmişdilər.

Bir az əfəndi olaq…

# 3364 dəfə oxunub

Oxşar xəbərlər

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər